AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu


MƏRHUM ŞAHZADƏ SULTAN HEYDƏRMİRZƏNİN



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə32/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   28   29   30   31   32   33   34   35   ...   96

MƏRHUM ŞAHZADƏ SULTAN HEYDƏRMİRZƏNİN 

ŞƏHİD OLMASININ ZİKRİ, İSMAYIL MİRZƏNİN ŞAHLIĞI 

VƏ ONUN BAŞINA GƏLƏN ƏHVALATLARIN ZİKRİ 

 

Əvvəlki səhifələrdə yazdığımız kimi, cənnətməkan şaha üz 



verən  müsibət  gecəsi  (yəni  şah  Təhmasibin  vəfatı  gecəsi  -  Ş.F.) 

səltənətə  müddəi  (iddiaçı  -  Ş.F.)  və  vəliəhd  olan  Sultan  Heydər 

Mirzə ya çox möhtərəm atasının işarəsi, ya da anasının məsləhəti ilə 

dövlətxana  qapısının  yanında  dayanmışdı  və  oranı  öz  məqsədinə 

yetmək  üçün  ən  yaxın  məsafə  güman  edirdi.  Amma  o,  iqbalının 

olmaması  və  bəxtinin  qaralığından  öz  istəyindən  uzaq  və  həyat 

nemətindən məhrum oldu. Əqli naqis və qısa qadınların məsləhətinə 

əməl  edən  şahzadə  öz  yaxın  adamlarını  eşikdə  saxlayaraq,  özü 

dövlətxananın (sarayın  - Ş.F.)  içərisində gözləməyə başladı. Başqa 

tərəfdən  də,  təsadüfdən  humayun  dövlətxananın  keşiyini  [o  gecə] 

İsmayıl  Mirzəyə  yaxın  adamlar  çəkirdilər  və  şahzadənin  bundan 

xəbəri yox idi. Məlumdur ki, onlar dövlətxana qapılarını qapayaraq, 

onun  tərəfdarlarından  bir  nəfəri  belə  daxilə  buraxmadılar.  [Sultan 

Heydər  Mirzə  isə]  yaxınları  olmadan  orada  gözləyib  özünü  o 

adamların məhbusuna çevirdi. 

Başqa yandan da  ruzigarın ağıllı qadınlardan olan Pərixan 

xanım ona zidd və İsmayıl Mirzəyə yaxın adam idi. Lakin, o, həmin 

gecə  özünün  Sultan  Heydər  Mirzə  tərəfindən  məhbus  vəziyyətdə 

olduğunu gördü və şahzadə onun mütiliyinə və yağlı dilinə aldandı. 

Məsələ belədir ki, həmin hadisə [Şah Təhmasibin vəfatı  - Ş.F]  baş 

verən gecə [Pərixan xanım] özünün bəxt hərəmsarayında şahzadənin 

əlində əsir olduğunu bilərək, mülayimlik və tabe olmaqdan başqa bir 

çarə  tapmadı,  acizanə  surətdə  ərz  etdi:  "Qadınların  əqli  dayazdır. 

Əgər  əqlimin  nöqsanı  və  düşüncəsizliyim  üzündən  bir  qüsurum 

olubsa,  ümidvaram  ki,  təqsirimi  əfv  edəsən  və  məni  bağışlayasan. 

Bundan  sonra  tabe  olaraq  sənə  xidmət  edəcəyəm  və  bu  biçarə 

[bacın]  tərəfindən  sənin  fikrinə  qarşı  bir  tük  ucu  boyda  da  ixtilaf 

görməyəcəksən". 

O, dərhal qardaşının ayağını öpərək Mirzənin anasına belə 

dedi:  "Sən  özün  şahid  ol:  Şahlıq  ayaqöpdüsündə  və  şahzadənin 

cülusunda heç kəsin məndən üstünlüyü olmayacaqdır". 

Şahzadə  bərk  sadəlövh  olduğundan  bu  yaltaqlığa  inanıb, 

bacısına  lütfkarlıq  etdi  və  mehribanlıq  göstərdi.  Ona  dedi  ki,  əgər 

sən mənimlə məhəbbət məqamındasansa, qardaşın Sullan Süleymanı 



342 

 

və  dayın  Şamxal  Sultanı  mənimlə  yaxın  etsən,  xatirin  mənim 



yanımda atamın vaxtı olduğundan daha da əziz olacıqdır. 

Ülyahəzrət  xanım  bu  sözü  eşidib,  sözlərinin  təsdiqi  kimi, 

şahzadəyə  and  içməyi  təklif  etdi,  o,  da  boynundan  asdığı  Quranı 

(moshəf)  əlinə  (guya  ki,  Qurandır  -  Ş.F)  götürüb,  and içdi.  Xanım 

rüsxət aldı və mənzilinə gedərək, qardaşını və dayısını onun yanına 

gətirdi.  Şahzadə  onun  sözünə  inanıb  getməsinə  izn  verdi.  O  da 

hərəmxananın  bağçasından  At  meydanına  gedən  yolu  açaraq 

dövlətxanadan çıxdı və sarayın açarını dayısı Şamxal Sultana verdi. 

Şamxal  Sultan  şahzadənin  düşmənlərindən  olan  üç  yüz  nəfər 

çərkəslə  hərəmxananı  ələ  keçirdi  və  nəticədə,  həmin  müxaliflər 

hərəmxana  bağçasına  daxil  olaraq,  aşağıda  yazacağımız  kimi, 

şahzadəni şəhid etdilər. Ülyacənab xanımın sadəlövh qardaşına elə 

xəyanət  etməsinə  baxmayaraq,  nəhayət  nəticə  etibarilə  öz 

xəbisliyinin giriftarı oldu və ömürlə dövlətdən heç nə təmənna edə 

bilmədi ki, bunun şərhi öz vaxtında veriləcəkdir. 

Xülasə,  nəvvab  mirzə  (şahzadə  Sultan  Heydər  -  Ş.F)  o 

günün  ertəsi  başına  şahlıq  tacı  qoyaraq,  cənnətməkan  şahın  xüsusi 

şəmşirini  belinə  bağladı,  o  həzrətin  mübarək  vəsiyyətnaməsini 

göstərib  iddia  etdi  ki,  həmin  vəsiyyətnamə  başdan-ayağa  qədər  o 

həzrətin  əli  ilə  yazılmışdır  və  şah  onu  (Heydər  Mirzəni  -  Ş.F) 

özünün  vəliəhdi  və  qayimməqamı  etmiş,  bütün  şahzadə,  əmir,  sufi 

və  bu  xanəndanın  havadarlarına  (tərəfdarlarına  -  Ş.F.)  ona  itaət 

etmələri  barədə

 

fərman  vermişdir.  Şahzadə  həmin  vəsiyyətnaməni 



çalmasının  bir  küncünə  qoyub  Cehelsütun  sarayına  qalxdı.  Onun 

əleyhdarları  deyirdilər  ki,  həmin  vəsiyyətnamə  padşahın  mübarək 

xətti  ilə  yazılmamışdır,  əksinə  şahın  xəttinə  oxşar  xətti  olan  bir 

hərəmxana xanımı tərəfindən o həzrətin ölümündən sonra  yazılmış 

və  şahın  barmağından  çıxarılmış  üzüklə  möhürlənmişdi.  Düzünü 

Allah  bilir.  Xülasə,  nəvvab  şahzadə  yüzbaşılara,  qorçilərə, 

eşikağasılara  və  bütün  dövlətxana  qapısını  qoruyan  keşikçi  və 

xidmətçilərə  xeyli  ənam  və  bol  vədlər  verdi.  O,  bir  neçə  dəfə  əmr 

etdi  ki,  dövlətxana  qapısını  açıb,  özünün  eşikdə  toplanmış 

mülazimlərini  içəri  gətirsinlər.  Dövlətxanada  olanlar  isə  onunla 

səhərdən  axşama  qədər  ədəblə  davranıb  dövlətxana  qapısının 

açılması  barədə  münasib  üzrxahlıq  edərək,  baş  vermiş  bədbəxtlik 

(Şah  Təhmasibin  vəfatı  -  Ş.F.)  münasibətilə  ona  təsəlli  verirdilər. 

Kirman  hakimi  Qulu  bəy  Əfşarın  öz  qohumu  olan,  hərəmxana 

yüzbaşısı  Vəli  bəydən  eşitdiyi  bir  hadisədə  bildirilmişdir:  Nəvvab 


343 

 

mirzə (şahzadə Heydər Mirzə - Ş.F.)  məni (Vəli bəyi - Ş.F) yanına 



çağıraraq,  Kirman  hakimliyini  və  qorçibaşılıq  mənsəbini  vəd  etdi, 

sarayı  mühafizə  edən  qorçilərin  yanına  göndərdi  ki,  qapını  açıb, 

onun mülazimlərini içəri gətirim. Mən bir qədər gedib geri qayıtdım 

və açıq-aydın ona dedim ki, qorçilər həyasızlıq edirlər və deyirlər ki

padşah ölmüş, qızılbaş tayfaları iki dəstəyə ayrılmış, o, dəstələrin isə 

hərəsi  bir  yerdə  toplanmışlar.  Biz  isə,  hər  iki  dəstəni  tərk  edərək, 

mübarək  dövlətxananı,  hərəmxananı  və  padşahın  namusunu 

qoruyuruq  ki,  hər  iki  dəstənin  əmirləri  və  dövlət  başçıları  sazişə 

gəlib bir iş törətməsinlər, əyan və ağsaqqalların məsləhəti ilə tərəflər 

vəziyyəti  dəyişməsinlər.  Vəlinemətin  hüququnun  qorunmasından 

başqa bir vəzifəmiz olmayan biz dövlətxah adamlar fitnə-fəsadın və 

əliuzunluğun  önünu  almaqla  dövlətxanaya  bir  nəfərin  belə 

gəlməsinə imkan verməyəcəyik. 

Şahzadə onların onunla məkr və hiyləgərliklə danışdıqlarını 

anladı, qılınca ol ataraq dedi: "Mən artıq özümün qətl olunacağıma 

inandım." 

Pərdə arxasından bu vəziyyəti müşahidə edən anası fəryad 

qoparıb,  onun  bu  hərəkətinə  mane  oldu.  Şahzadə  pərt  halda 

hərəmxanaya  getdi. O,  günün sonunadək əhvalı pərişan  vəziyyətdə 

gah  biruna  (hərəmxananın  çölü  -  Ş.F.)  gəlir,  gah  da  əndəruna 

(hərəmxananın daxili - Ş.F.) qayıdırdı. Ona məlum oldu ki, o, həmin 

adamların  məhbusudur  və  öz  yaxınlarının  buraya  gəlmək  imkanı 

yoxdur. 

Amma  əmirlər  və  dövlət  başçıları  sübhə  yaxın  həmin 

məşum  hadisədən  xəbərdar  oldular.  Əmiraslan  xan  Əfşar  [dərhal] 

Sultan  Əhməd  Mirzə  ilə  Hüseynqulu  Xüləfanın  mənzilinə  getdi. 

Ərəs  xan  Rumlunun  övladlarının  mənzilində  olan  Sultan 

Məhəmməd  Mirzə  də  oraya  gəldi.  İsmayıl  Mirzənin  tərəfdarları 

toplaşdılar.  Şeyxavənd,  ustaclı,  gürcü  camaatı,  həmçinin  başçıları 

Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy Kəmunə, Əlixan 

bəy  Gürcü  və  Allahqulu  xan  Eycəkoğlu  olan  Sultan  Heydər 

Mirzənin  tərəfdarları  isə  Hüseyn  bəy  Yüzbaşının  mənzilində  cəm 

olub, o vaxt onun evində olan Sultan Mustafa Mirzəylə birləşdilər. 

Bəhram  Mirzənin  oğlu  Sultan  İbrahim  Mirzə  də  oraya  gəldi  və 

həmin  yerdə  böyük  bir  dəstə  toplaşdı.  Heydər  Sultan  Çabuq 

Türkman,  hakim  Qulu  bəy  Əfşar,  Məhəmmədqulu  Zülqədər 

Möhrdar, Mirzə Əli Sultan Qacar və başqalarından ibarət olan əyan 

və  əmirlər  günün  sonuna  qədər  öz  mənzillərində  dayanıb  heç  bir 



344 

 

dəstəyə qoşulmadılar. Xülasə, hər iki dəstə qapı önündə yığışıb, öz 



mətləblərinin  hasilə  yetişəcəyi  saatı  gözləyirdi.  Sultan  Heydərin 

tərəfdarları  elə  az  və  zəif  idilər  ki,  həmin  o  dəstələrdən  buraya  nə 

üçün  yığışdıqlarını  soruşa  bilmirdilər.  Onlar  nəhayət  istədilər  ki, 

birlikdə  dövlətxana  qapısından  içəri  girsinlər,  mirzəni  tapıb,  onu 

taxta  əyləşdirsinlər,  əgər  bu  işə  maneçilik  edən  olsa,  onu  dəf 

etsinlər. 

Onlar  Qəhqəhə  qalasında  məhbus  olan  İsmayıl  Mirzəni 

qoruyan Xəlifə Ənsar Qaradağlı tərəfdən xatircəm idilər və bilirdilər 

ki, Sultan Heydər Mirzənin cülusundan sonra İsmayıl Mirzənin qətli 

xüsusunda  çıxarılacaq  hər  hansı  bir  hökmü  yerinə  yetirəcəkdir. 

Amma,  onların  bəzi  ağıllı  adamları  deyirdilər  ki,  keşikçi  qorçilər 

dövlətxana qapılarını bağladıqlarından ola bilər ki, şahzadəyə qəsd 

etsinlər.  Buna  görə  də,  orada  cəng  baş  verməməsindən  ötrü  gərək 

dövlətxananın qapısına tərəf getməyək, yoxsa onlar zərurət üzündən 

şahzadəni qətl edə bilərlər. 

Hər saatda bir fikrə düşüb tez-tez öz rəylərini dəyişirdilər. 

Nəhayət,  qərara  aldılar:  Keşik  çəkmə  vaxtı  olan  qürub  düşənədək 

gözləyib,  səbir  etsinlər,  "qayda  üzrə  bu  gecə  ustaclı  tayfasının 

keşikçəkmə  növbəsidir  və  biz  də  xidmətimizi  icra  etməyə  gedirik" 

deyib dövlətxanaya getsinlər. 



Onların  arasından  Allahqulu  Sultan  Eycəkoğlu  dedi: 

"Yaraqlanıb  padşah  dövlətxanası  üstünə  getmək  sufigərilik  və 

sədaqətdən uzaq bir işdir, həm də bu işin xeyri  yoxdur. Buna görə 

də, indi bizim  məqsədimiz belə olmalıdır ki, Xüləfanın evinə onun 

adamları  toplaşmazdan  əvvəl  gedərək,  işini  bitirək,  həmin  camaatı 

dağıdaq.  Əgər  onların  darmadağın  edilməsi  xəbəri  yayılarsa, 

dövlətxana  əhli  heç  bir  maneə  görmədən  qapını  açıb  xidmətkarlıq 

məqamında dayanarlar". Hamının fikri belə oldu. Həyatlarının sonu 

yaxınlaşdığından, onlar bilik və  müşahidənin üzünə qürur və qəflət 

pərdəsi çəkib öz aləmlərinə qapılmışdılar. Ağıllı, təcrübəli, ehtiyatlı 

adam  olan  Hüseynqulu  Xüləfa,  Sultan  Heydər  tərəfdarlarının  onun 

üzərinə hücum edəcəkləri barədə düşünüb vaxtı udmaq barədə nəsə 

bir  tədbir  düşünürdü.  Əvvəlcə  Budaq  Rumlunu  və  ağsaqqal, 

bacarıqlı  adam  olan  Şahqulu  Sultan  Beytoğlu  Zülqədəri  Sultan 

Mahmud  Mirzə  və  Sultan  Mustafa  Mirzənin  və  tərəfdarlarının 

yanına  yolladılar  ki,  sülh  meydanına  ayaq  basıb,  şərin  və  fitnə-

fəsadın  ucu  olunmasına  çalışsınlar.  Ona  dedilər:  "Xülasə,  elə 

etməliyik ki, ikitirəlikdən əl çəkib bir-birimizlə ittifaqa girək. Gərək 



345 

 

hər  şeydən  əvvəl,  matəm  libası  geyinərək  cənnətməkan  şahın 



təziyəsinə  başlayaraq,  onun  mübarək  cəsədini  kəfənləyək.  Bundan 

sonra ağsaqqallar bir yerə toplaşsınlar, hər iki dəstə ilə din və dövlət 

işləri barədə danışmağa başlasınlar. Din və dövlət işlərini daha yaxşı 

aparmağa qadir olan bu iki şahzadədən hansı padşahlığa layiq olarsa 

onu da padşah edərik". 

Bu tədbirin faydasız olacağını bilmələrinə baxmayaraq, bir 

qədər  vaxtı  yubatmaq  niyyəti  ilə  onları  göndərdilər.  Onlar  gələrək 

niyyətlərini ərz etdilər və bu tərəfin ağır cavablarını eşitdilər. 

Vaxt  bir  müddət  belə  qiylü  qal  ilə  keçdi.  Bu  tədbirdən 

sonra  Hüsenqulu  Xüləfa  yeni  bir  fikrə  də  qapılıb,  Qəzvinin  bir 

fərsəxliyinə bir adam da  göndərdi, ona dedi ki, yürüşlə şəhərə  geri 

qayıdıb  yalandan  İsmayıl  Mirzənin  buraya  gəlməsi  müjdəsini 

çatdırsın. O adam da, günortaya yaxın özünün qan-tərə batmış atını 

şəhərə  çatdıraraq  xəbər  verdi  ki,  budur  İsmayıl  Mirzə  artıq  gəlib 

çatmışdır.  Bu  xəbər  də  yayıldı  ki,  cənnətməkan  şah  on  iki  gün 

bundan  əvvəl  gizlincə  bir  nəfəri  şahzadənin  yanına  yollayıb  onu 

təcili  olaraq  [Qəzvinə]  gətirməyi  tapşırıbmış,  elə  buna  görə  də 

İsmayıl  Mirzə  tələsik  halda  belə  sürətlə  şəhərə  gəlmişdir.  Onun 

tərəfdarı  olan  əhali  və  sadə  camaat  həyəcana  gələrək  Xüləfanın 

evinə  doğru  üz  tutdular.  Oraya  çoxlu  adam  toplaşdı.  Sultan 

Heydərin  tərəfdarları  bu  xəbəri  eşidib  olduqca  pərişan  oldular. 

Beləliklə, məsələ günün axırına qədər uzadıldı. 

Bu  zaman  həmin  xəbərin  yalan  olduğu,  onun  Xüləfa 

tərəfindən uydurulduğu  və böyük təsirə  malik olduğu  məlum oldu. 

Günün  sonunda  Sultan  Heydərin  tərəfdarları  onun  dövlət  qura 

biləcəyinə ümidlərini itirib, bərk məyus oldular. Öz evlərində oturub 

gözləyən  Məhəmmədqulu  Xəlifə  Möhrdar,  Heydər  Sultan  Çabuq 

Türkman və başqa əmirlər Xüləfanın evinə gəldilər. Hüseyn bəy və 

onun adamları günün sonunda dövlətxanaya gedərək keşik çəkməyi 

qərara  aldılar  və Sultan Mustafa  Mirzənin qoşunu (rikab) ilə atlara 

süvar  olub  dövlətxanaya  üz  tutdular.  Onlar  atlanarkən  izdihamın 

çoxluğundan qorxuya düşən Sultan İbrahim Mirzə onlara əks çıxıb 

özünü  yaxında  olan  evinə  çatdırdı.  Həmçinin  Allahqulu  Sultan 

Eycəkoğlu  öz  evinə  qayıdaraq  onlara  qoşulmadı.  Hüseyn  bəy 

əvvəlcə,  getməyi  qərara  aldığı  xiyaban  yoluna  rəvan  olub 

[Məhəmmədqulu]  Xəlifə  Möhrdarın  və  Qulu  bəy  Əfşarın  evlərinə 

çatanda onların  camaatı artıq səngər qurmuşdular Damlardan xeyli 

ox  və  tüfəng  atəşləri  yağdırıb  onlara  yol  vermədilər.  Hüseyn  bəy 



346 

 

vuruşa  girməyi  məsləhət  bilməyib  o  yoldan  geri  qayıdaraq 



"xəzaneyi-amerə"  evlərinin  arxasındakı  başqa  yola  çıxdı.  Xəzinə 

əzəbləri  (qoruyucuları  -  Ş.F.)  xəzinəyə  hücum  edə  biləcəkləri 

qorxusundan  onların  qarşısına  çıxdılar.  Məsələnin  başlanğıcında 

çoxlu  ox-tüfəng  atdılar.  Hüseyn  bəy  qışqırdı:  "Biz  heç  kimlə 

döyüşmək  istəmirik,  keşik  çəkməyə  gedirik,  bunun  sizə  nə  dəxli 

var?" 


Əzəblər  atışmadan  əl  çəkdilər.  Hüseyn  bəy  və  yoldaşları 

dövlətxanaya  çatarkən  qapını  bağlı  gördülər,  nə  qədər  döydülərsə 

də,  açılmadı.  Onlara  xəbər  çatdı  ki,  Xüləfa  və  onun  adamları 

xiyaban yolu ilə gələrək, artıq hərəmxananın bağçasına birləşən "At 

meydan"ına  daxil  olmuşlar.  Sultan  Heydərin  tərəfdarları  onların  o 

yoldan  hərəmxana  bağçasına  gecə  biləcəklərindən  və  şahzadəyə 

qəsd edəcəklərindən qorxuya düşdülər. 

[Buna  görə  də,]  dövlətxananın  qapısını  sındırıb  içəri 

tökülüşdülər.  Hərəmxanada  olan  və  qapıları  bağlayan  mirzəni 

tutmaq  üçün  nə  qədər  çalışdılarsa  da  onun  olduğu  yerə  yol  tapa 

bilmədilər.  [Sonra] Süfrəxana  yolu ilə daxil olub, qarşılarına çıxan 

hər qapını sındıraraq "Şah Heydər" deyə-deyə içəri doluşdular. 

O biri yandan da, "At meydanına gələn Xüləfa və adamları, 

o  cümlədən  Şamxal  Sultan  hərəmxana  bağçasının  qapısını  açıb, 

əksəri süvari olan adamlarla oraya girdilər  və şahzadəni axtarmağa 

başladılar. Sultan Heydər Mirzə müxaliflərin hücum etdiklərini bilib 

hərəmxanadan çölə çıxdı, qapıları bağlı və qapıda dayananları özünə 

müxalif  gördü.  Biruna  çıxmaq  üçün  yol  tapa  bilməyib  təzədən 

əndəruna  qayıtdı  və  anasının  yanında  oturdu.  Ümid  etdi  kı, 

qızılbaşlar  hərəmlərə  hörmət  edib  əndəruna  girməzlər  və  gərək, 

adamları ona köməyə gəlib çatanadək hərəmxanada gözləsin. Amma 

bilmədi  ki,  bir  dəstə  süvari  sadiq  adamlardan  ötrü  olduqca  müqbil 

(xoşbəxt,  əldəyməz  -  Ş.F.)  yer  olan  hərəmxana  bağçasına  girərək 

ədab-ərkanı  gözləməyəcəklər.  Həmin  adamlar  ayaqlarını  ədəb 

dairəsindən kənara çıxarıb hərəmxanaya, övrətlərin  arasına girdilər 

və  onu  tələb  etdilər.  Şahzadənin  başqa  əlacı  qalmamışdı.  Anası, 

kənizləri  və  qadınlarla  birlikdə  qadın  paltarına  bürünərək  evdən 

çıxdı  və  başqa  evə  doğru  üz  tutdu.  Belə  deyirlər  ki,  hərəm 

eşikağasılarından  Əli  bəy  Şamlı  onu  tanıyıb  "Sizin  axtardığınız 

adam budur" deyərək işarə etdi. Sultan Süleyman Mirzənin qulamı 

Cəmşid  bəy  Çərkəs  və  Vəlixan  bəy  Yüzbaşı  Rumlu  onun  üstünə 

atılıb eşiyə gətirdilər. Xüləfa  və Şamxal Sultan dərhal onun qətlini 



347 

 

məsləhət  bilib,  hər  ikisi  Allahdan  bixəbər  halda,  balta,  qılınc  və 



xəncərlə  onun  üstünə  düşərək,  səltənət  bağının  iqbal  gülşənində 

böyüyüb boya-başa yetişən, səba küləyinin belə yanından keçməsinə 

macalı olmayan o sərvi öldürdülər, fələyin çənbərinə belə əyilməyən 

o  fərxəndəə  başı  bədəndən  ayırdılar.  Şahzadənin  dayısı  Əlixan  bəy 

Gürcü,  Zal  bəy  Gürcü  və  şahzadənin  fədailərindən  olan  böyük  bir 

dəstə  "Şah  Heydər"  deyə-deyə  və  nərə  çəkə-çəkə  hərəmxananın 

qapısına yaxınlaşan  vaxt qəsrin damından onların üstünə tökülüşüb 

fəryad  edərək  dedilər:  "Budur  sizin  padşahınızın  başı!"  Vəziyyəti 

belə görən o adamların hücum atəşi  yas suyu ilə söndürüldü, əlləri 

işdən, işləri əldən çıxdı. Dövlətin üzü artıq o dönmüşlərin üzündən 

dönmüşdü. 

O tayfadan (Sultan Heydərçilərdən - Ş.F.) dövlət [məqamı] 

üz  döndərdiyi  üçün,  onların  əlində  kamkar  və  cavanbəxt  şahzadə 

Sultan Mustafa Mirzə kimi hakimiyyət başına gəlmək şərəfinə layiq 

olan  iyirmi  yaşlı  bir  cavanın  olmasına  baxmayraq,  onu  Sultan 

Heydərçilərin əvəzinə padşah etmək imkanı olmadı. 

Vəziyyəti  belə  gördükdə,  onların  bəsirət  gözü  qaraldı, 

şəhərdə  qalıb,  özlərinə  başqa  yol  tapmaq  qüdrətləri  olmadı. 

Camaatın himayəsi ilə dövlətxana qapısından çıxıb çölə üz tutdular 

ki, tələm-tələsik atüstü toplaşıb niyyətlərinə əməl etsinlər. 

Fələk  bu  kamyab  şahzadənin  (Sultan  Mustafanın  -  Ş.F.) 

səltənət və padşahlığına müvafiq olmadığından onun tərəfdarlarının 

istədikləri  iş  heç  bir  nəticə  vermədi,  istəkləri  baş  tutmadı. 

Dövlətxanadan  çıxıb,  ordunun  dörddə  bir  hissəsi  (çəhar  dang)  və 

sair adı-sanı bəlli olmayan  adamlarla öz evlərinə qayıtdılar. Sultan 

Mustafanın və Hüseyn bəyin yanında elə bir adam qalmadı və onlar 

əlacsız qalıb fərara üz tutdular. 

Sübh  açıldıqda,  onların  yanında  qalanların  da  hər  biri 

xaincəsinə qorxuya düşdülər, ustaclı tayfasından olanlar Vəraminə-

Sultan Heydər Mirzənin tərəfdarları olan Piri bəy Qoçlunun yanına, 

on  min  evdən  ibarət  olan  bayat  tayfası  isə  Kəzaz  və  Kərəhruda, 

habelə  Sultan  Mustafa  Mirzənin  mülazimliyində  olduqları  başqa 

ətraf yerlərə getdilər. 

Sultan Mustafa Mirzə onların  yanına  getməyə cəhd etdisə 

də,  həmin  adamların  arasına  təfriqə  və  dağınıqlıq  düşdü.  İki-üç 

mənzil  şahzadə  qoşununda  gedən  Hüseyn  bəy  bayat  tayfasından 

qorxub,  Luristanın  yarısının  hakimi  və  onunla  dostluğu  olan 

Məhəmmədi  Türkənin  yanına  getmək  istədi.  Qardaşlarını 



348 

 

şahzadənin  yanında  qoyub,  özü  libasını  dəyişərək  aradan  çıxdı, 



paltarlarını  bir  çobana  verərək,  özü  çoban  paltarında  pay-piyada 

özünü  Luristana  çatdırmaq  üçün  yol  getməyə  başladı.  Varlı, 

pakizəxislət  və  qürurlu  adam  olduğundan  piyada  yol  getməyin  və 

aclığın  cəfasına  dözməyib  abad  bir  yerə  meyl  etdi.  Səhranişin 

adamlar  onun  hərəkətlərindən  və  məğrur  görünüşündən  şübhələnib 

başa  düşdülər  ki,  o,  həmin  mərəkədən  qaçanlardandır.  Hacı  Veys 

bəy  Bayatın  adamlarından  Xacə  Fərrux  adlı  bir  şəxs  onu  tanıyıb 

tutdu  və  öz  nəzarəti  altında  saxladı.  [Sonradan]  İsmayıl  Mirzə 

Qəzvinə daxil olan gün onu da Qəzvinə gətirdilər. 

Sultan  Mustafa  Mirzənin  əhvalatı  isə  belə  oldu.  Şahzadə 

bayat  tayfası  içərisinə  gəldiyi  vaxt,  Hacı  Veys  Sultan  Bayat  onun 

gəlişindən  xəbər  tutdu  və  dərhal  həbs  etdi,  ona  bir  o  qədər  də 

ehtiram göstərmədi. Zahiri əlamət kimi ədəb əməl etdisə də, əslində 

bir dəstə adamı onun üstündə gözətçi qoydu. O, dərhal Qəzvinə bir 

nəfər  yollayaraq  Xüləfaya  və  İsmayıl  Mirzə  tərəfdarlarına 

şahzadənin  tutulub  saxlanma  xəbərini  çatdıraraq  bildirdi  ki, 

humayun  padşahlıq  qoşunu  Qəhqəhə  qalasından  hərəkət  edərək 

səltənət  paytaxtına  gəlib  çatan  vaxta  kimi,  şahzadəni  ali  saraya 

gətirəcəyəm. İsmayıl Mirzənin şahlığı vaxtı onun, Hüseyn bəyin və 

Sultan  Heydər  tərəfdarlarının  tarixçələri  barədə  bəyan  qələmi  ilə 

gələcəkdə məlumat veriləcəkdir. 

Xülasə,  Xüləfa  və  İsmayıl  Mirzənin  tərəfdarları  Sultan 

Heydər Mirzənin qətlindən və onunla əlbir olanların dağılmasından 

sonra, o gecə dövlətxanada bir dəstə adamı keşikdə qoyub evlərinə 

qayıtdılar. 

Həmin gecə hər bir tayfadan ibarət olan çoxlu adam atlanıb 

Qəhqəhə  qalasına  tərəf  yollandı.  O  mərəkədən  sağ-salamat  çıxan 

ustaclı tayfasının da bəzi üzvləri İsmayıl Mirzənin yanına getdilər. 

O  günün  ertəsi  bütün  əmir  və  şahzadələr  hümayun 

dövlətxanaya  yığışdılar.  Sultan  İbrahim  Mirzə  onların  yığışdıqları 

vaxt  dövlətxanaya  gəlmədiyinə  baxmayaraq  [sonradan]  özünü 

İsmayıl Mirzə tərəfdarı adlandırıb dövlətxanaya daxil oldu. Omirlər 

qəbul olunmuş qayda üzrə ona təzim etdilər. Yığışdıqları vaxt onlara 

xilaf  olub  evinə  gedən  Allahqulu  Sultan  Eycəkoğlu  da  İsmayıl 

Mirzənin  tərəfdarı  sifətiylə  Pir  Məhəmməd  xanın  oğlu  Əlixan  bəy 

və  bir  neçə  ustaclı  əmirzadələri  ilə  birlikdə  dövlətxanaya  gələrək, 

əmirlər  cərgəsində  əyləşdi,  lakin  pərt  idi.  Sultan  Heydər 

tərəfdarlarından  Zal  bəy  Gürcü,  Həmzə  Sultan  Talış  və  başqaları, 



349 

 

bəziləri  yaralı,  bəziləri  isə  Hüseyn  bəyə  xilaf  olduqlarından  oraya 



gəlməmişdilər.  Adam  yollayıb,  onları  evlərindən  götürüb 

dövlətxanaya  gətirdilər  və  intiqam  qılıncı  ilə  o  biri  dünyaya  rəvan 

etdilər. Şahın yaxınlarından  və Sultan Heydər tərəfdarlarından olan 

sədrüş-şəriyye  (şəri  sədr  -  Ş.F.)  Gilaninin  oğlu  Həkim  Əbu  Nəsr 

xasseyi-şərəfə  həkimləri  silkinə  və  sultan  Heydərçilər  zümrəsinə 

daxil idi. Cənnətməkan şahın vəfatından sonra mirzənin yaxın adamı 

kimi  dövlətxanada  qalmışdı.  Yuxarıda  zikr  edilən  hadisələr  baş 

verdiyi vaxt o, bir yol tapıb çıxa bilməmiş və dövlətxanada otaqların 

birindəki  sobanın  içində  gizlənmişdi  Bəzi  inad  əhlinin  təhriki  ilə 

hovzxanə  (hamam-Ş.F)  qorçiləri  onu  şaha  xəyanətdə  və  şahın 

istifadə etdiyi nurəyə mirzənin əmri ilə zəhər qatmaqda və beləliklə 

şahı öldürməkdə ittiham edib eşiyə çıxardılar və tikə-tikə doğradılar. 

Mirzənin  ləbsi  Sədrəddin xan  Şeyxavəndi  də  tutub  həbs  etdilər  ki, 

barəsində padşahın nə hökmü olarsa onu icra etsinlər. Əsas hökm və 

fərmanlar  isə  nəvvab  Pərixan  xanımın  idi.  Əmirlərin  içində  belə 

böyük bir işi başlayan  Hüseynqulu Xüləfanın isə qüruru yerə-göyə 

sığışmırdı.  Heç  bir  əmir  və  şahzadə  onun  fərmanından  kənara 

çıxmırdı. 

Nəvvab  xanımın  (Pərixanım  -  Ş.F.)  fərmanı  ilə  əmirlər 

zümrəsindən  olan  Heydər  Sultan  Çabuq  Türkmanın  əmirlərini 

İsmayıl  Mirzəni  gətirmək  üçün  Qəhqəhə  qalasına  göndərdilər. 

Üləma  və  şeyxlər  yığışıb  cənnətməkan  şah  və  Sultan  Heydər 

Mirzənin  nəşlərini  qüsl  etdirdilər,  cənnətməkan  şahın  cəsədini  bir 

tabuta  qoyub,  Allah  rəhmətinə  (Heyyi-layəmut)  tapşırdılar, 

dövlətxanadakı  Şirvani  evinə  gətirdilər,  Sultan  Heydər  Mirzənin 

cəsədini isə İmamzadə Hüseyn - ona və pak əcdadlarına salam olsun 

- astanəsinə aparıb dəfn etdilər. 

Ümumiyyətlə,  bu  qəziyyənin  baş  verdiyi  ayın  on  beşi 

çeşənbə  günündən  başlayıb  sonrakı  cümə  gününə  qədər  keçən  on 

gün  ərzində  Qəzvin  darüssəltənəsində  fitnə  və  bəla  atəşi  elə 

alovlanmaqda idi ki, həm aşinanı, həm də biganəni yandırırdı. Əhali 

arasında "Ruze-əkbər" - böyük günün yetişdiyi xəbəri yayıldığından, 

qara kütlə və başqa başıpozuq adamlar ayrı-ayrı məhəllələrdə üsyan 

və fitnə-fəsad törədirdilər.  Hər kimin kimlə ədavəti  vardısa onunla 

öz  haqq-hesabını  çəkir,  öldürürdü.  Heç  kimin  qüdrəti  yox  idi  ki, 

azğın  qızılbaşların  və  başıpozuq  adamların  qorxusundan  evdən 

başını  çöb  çıxara  bilsin.  Hər  kəs  bacardığı  qədər  ətrafına  yaraqlı 

adam  yığıb  özünü  qoruyurdu.  Səfər  ayının  iyirmi  dördü  (23  may) 



350 

 

olan cümə günü carçılar car çəkib əhaliyə bildirdilər ki, Sultan Əli 



Mirzə  Qacarın  başçılığı  ilə  bütün  küçəbəndlər  (səngərlər  -  Ş.F) 

aradan  götürülməli  və  bundan  sonra  kiməsə  qəsd  edən  adamlar 

cəzalandırılmalıdır.  Qoy  dükanlarını  açıb  alış-verişlə  məşğul 

olsunlar.  Xalqı,  bütün  şahzadə  və  əmirlən  came  məscidinə  dəvət 

etdilər və orada şahlıq xütbəsini İsmayıl Mirzənin adına oxudular. 

Xətib  əvvəlcə  cənnətməkan  şahın  təziyəsi  barədə  mərsiyə 

oxudu.  O,  "Qəm-qüssəlidir  şəhr  bu  gün,  şəhriyar  ham?"  ("Şəhrist 

por  ze  möhnət-o  qəm,  şəhriyar  ku?")  misrasını  dedikdə  fəryad  və 

fəğan  göyə  ucaldı.  İsmayıl  Mirzə  gəlib-çatana  qədər  bütün  əmirlər 

hər  gün  Hüseynqulu  Xüləfanın  evinin  qapısı  önündə  toplanıb  ona 

mülazimlik  edir,  onunla  birlikdə  nəvvab  Pərixan  xanımın  evinə 

gəlib,  idarəçilikdə  zəruri  olan  işləri  ərz  edirdilər.  Heç  kimin  cürəti 

yox  idi  ki,  xanımın  fərmanından  kənara  çıxa  bilsin.  O  vaxtlarda 

Gilanın  Səmam,  Əşkur  və  Simgərində  olan  Solağ  Hüseyn  və 

Ərdoğdu  Xəlifə  Qəzvin  darülsəltənəsinə  gəldilər.  Təkəli  tayfasının 

fəsad  əhli  olan  adamları  təkəli  və  ustaclı  tayfaları  arasında  keçmiş 

vaxtlardan  bəri  [mövcud]  olan  ədavəti  təzələməyə  cəhd  etdilər. 

Çünki,  ustaclılar  cənnətməkan  şahın  hakimiyyəti  zamanı  təkəllirə 

qarşı  çıxıb  Herat  hakimi  Məhəmməd  xan  Şərəfəddinoğlunun  oğlu 

Qara xanı orada xidmət etmək səadətindən məhrum etdiklərinə görə, 

fürsəti  qənimət  bilib  onlardan  intiqam  almaq  fikrinə  düşdülər.  O 

vaxt  ustaclılardan  Allahqulu  Sultan  Eycəkoğlu  və  çoxlu  əmirzadə 

Qəzvində  olduqları  üçün  onları  öldürmək  istədilər  və  bu  barədə 

Hüsenyqulu Xüləfa ilə məsləhətləşdilər. 

Hüsenyqulu  Xüləfa  eşitmişdi  ki,  ustaclılar  dövlətxana 

üzərinə  gedərkən  Allahqulu  Sultan  belə  demişdi:  "Məsləhətdir  ki, 

əvvəlcə Hüseynqulu Xüləfanın üstünə gedək". O, bir söhbət zamanı 

[Hüseynqulu  Xüləfaya]  eşitdirmişdi  ki,  əgər  Sultan  Heydərçilər 

sənin rəyinə əməl etsəydilər istəkləri baş  tutardı. Buna görə də, o, 

həmin  adamlara  maneəçilik  etmədi.  Təkəlilər  [buna  görə  də] 

atlandılar  və  Allahqulu  Sultanın  evinə  tərəf  üz  tutdular.  O,  isə 

bundan  xəbərdar  olub,  qapılarını  bağlayaraq  müdafiə  ilə  məşğul 

oldu.  Onun  mülazimlərinin  çoxu  köməkdən  əl  çəkib  öz  haylarına 

qaldılar.  Yalnız  ona  sadiq  olan  qırx  nəfər  adam  səbat  ilə  döyüşə 

girdi. Sayı min beş yüz nəfərə yaxın olan təkəli tayfası qapı-bacadan 

tökülüşüb  ustaclılara  qılınc  çalmağa  başladı.  Allahqulu  Sultanı  bir 

neçə  oğlu  və  qohumuyla,  Pirə  Məhəmməd  xanın  oğlu  Əlixan  bəyi 

bir neçə çavuşlu qəbiləsinin üzvü və qohumlarıyla, həmçinin iyirmi 



351 

 

dörd  nəfər  sair  ustaclını  qətl,  evlərini  qarət  etdilər  Hətta  qadın  və 



uşaqlarını belə lüt-üryan etdilər. Həmçinin başıpozuqlar və əhalinin 

aşağı  təbəqəsindən  olanlar  təkəli  adı  altında  Sultan  Heydər 

tərəfdarlarının  ev-eşiklərini  qarət  və  tarac  etməyə  başladılar.  Heç 

kim  də  onların  bu  hərəkətlərinə  mane  ola  bilmədi.  Hüseyn  bəyin, 

Sədrəddin  xanın,  Həmzə  Sultanın  və  sair  Sultan  Heydər 

tərəfdarlarının evlərindən o qədər pul, mal və əşya ələ keçirdilər ki, 

onların  məbləği  hətta  xəyal  xəzinəsinə  belə  sığmayır.  Beləliklə, 

ustaclıların  qadın  oğul-uşaqlarının  çoxu  qətl  və  xar  oldular.  Reydə 

olan  Əmir  xan  Mosullu  Türkman  Hüseynqulu  xan  Xəbuşlu  ilə 

birlikdə Piri bəy Qoçlunu və onunla birgə Vəramində olan ustaclıları 

qırmaq  üçün  ona  (Piri  bəy  Qoçluya  -  Ş.F.)  hücum  etdi,  evini 

mühasirəyə  aldı.  Qoşununun  əksər  hissəsi  dağılmışdı,  yalnız  adlı-

sanlı adamları qalıb, ox-yaya əl atdılar, ox qabında ox qalana qədər 

döyüşdülər.  On  min  nəfərə  yaxın  olan  türkman  və  xobuşlu  tayfası 

gərgin  döyüşərək  Piri  bəyi  bütün  adamları  ilə  qətl  etdilər,  var-

dövlətlərini ələ keçirdilər. Bütün bu üsyan və qovğalara səbəb o idi 

ki on-on beş gün Qəhqəhə qalasından bir xəbər eşidilmirdi  və buna 

görə  də  əmirlər  və  əhali  belə  gümana  düşmüşdülər  ki,  məbadə 

Sultan  Heydər  tərəfdarları  Xəlifə  Ənsar  Qaradağlının  köməyi  ilə 

İsmayıl  Mirzəyə  bir  xəsarət  yetirmiş  olalar.  Buna  görə  də  onlar 

aləmi  sahibsiz  təsəvvür  edib,  qarışıqlıq  salmağa  başladılar.  Belə 

vəziyyət  İsmayıl  Mirzə  və  onun  qaladan  çıxması  xəbəri  eşidilənə 

qədər  davam  etdi.  Nəvvab  xanım  hökm  etdi  ki,  təkəli  əmirləri 

padşahın istiqbalına yollanıb şəhərdən çıxsınlar. 

Təkəlilər  yola  düşdülər.  Üsyan  və  qovğa  dərhal  yatdı. 

Onlar  gedəndən  sonra  eşikağası  mənsəbində  olan  nəvvab  Sultan 

İbrahim  Mirzə  səltənət  və  şahlıq  əmlakına  baxan  (nazire-əsbab) 

Mirzə  Süleymanla  birlikdə  padşahlıq  çətirini,  nağara  və  ev-eşik 

vəsaitini götürüb onu qarşılamağa getdi. Onlar Zəncan çəmənliyində 

İsmayıl Mirzənin mülazimi olmaq şərəfinə çatdılar. 

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin