AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala


Tale Aşıq Taleyin dostusan, Tale yazandan incimə. Allahındı qismət, qədər, Yazıb-pozandan incimə. Aşıq Mədət



Yüklə 1,53 Mb.
səhifə7/13
tarix31.01.2017
ölçüsü1,53 Mb.
#7102
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Tale

Aşıq Taleyin dostusan,

Tale yazandan incimə.

Allahındı qismət, qədər,

Yazıb-pozandan incimə.

Aşıq Mədət

Yaradana sən bağlısan,

Tale, səndən incimərəm.

Mən ki qabağında qulam,

Tale, səndən incimərəm (78).

Aşıq Mədət deyir ki, onu sazla sirdaş edən, sənətkar edən cah-ca­la­lı olan dağların, rəngarəng yaşıl diyarın təbiəti olmuşdur. Aşıq Mədət klassik aşıq poeziyasının ən yaxşı ənənələrini müasir döv­rümüzün tələb və əhvali-ru­hiy­yə­si ilə çox məha­rət­lə birləş­dirən bir sənətkardır. Onun yara­dıcı­lığında aşıq poe­zi­yasının bir sıra ən gözəl ənə­nə­ləri yaşayır və inkişaf edir. Aşıq Dalğından fərqli ola­raq Aşıq Mədət yalnız bir təxəllüslə yazıb-yaratmışdır. Onun yalnız bir neçə qoş­ma­sı «Qırmızı bayraq» və «Zaqatala» qəzetində çıxıb. Aşıq Mədət yaradıcı aşıq ki­mi təkcə aşıq şeirləri yaratmaqla kifayətlən­məmişdir. Onun musiqi duyu­mu­ da çox güclüdür, sazın səs dünyasını asanlıqla qavrayır. Aşığın özünün yarat­mış­ ol­du­ğu bir neçə saz havası vardır. Onun havacat­larından «Ballı», «Narıncı», «Za­qa­tala» Zaqata­lanın el şənliklərində aşıq­lar tərəfindən ifa edilməkdədir. Prof. S.Pa­şa­yev aşıqları Azərbay­can xalqının ən qədim ifaçıları adlandırır, xalqın ar­zu və ideyası ilə yaşadığı qənaətinə gəlmişdir (99, 24).

Ustadın mindən çox şeir örnəyi, el şənlik­lə­rində, məclislərdə bədahətən söz de­mək qabiliy­yəti, ayrı-ayrı aşıq­lar­la deyişmək, onları məqa­mında bağ­la­­maq ba­carığı, yüksək əxlaqi dəyər­lərə malik olma­sı el arasında şöhrətini daha da artırmışdır. Folklor­şü­nas alim Mah­mud Allahmanlı aşıqda ədəb-ərkan və impro­vi­za­torluq bacar­ı­ğı­nın ol­ma­sını onun sənət­kar­lıq qüd­rəti ilə bağlamış­dır. Digər tərəfdən müəllif məsələni bir­ba­şa sənətkardakı keyfiy­yət və yara­dıcılıq xüsu­siyyəti hesab etmişdir (6, 31). Aşıq Mə­də­tin ifaçılıq xüsusiyyət­lərinə gələrkən onu qeyd etmək olar ki, ustad döv­rü­nün bir çox aşıqlarından fərqli olaraq məclisləri tək apar­ma­ğa­ önəm ver­miş­dir. Aşıq Mə­dət tək məclis aparmasının əsas səbəbini tarixən aşı­ğın­ və sazın da Allah kimi tək olması ilə əlaqələndirmişdir. «Saz mənim haqq-təala ilə ün­siy­yət yaratmaq­da ən pak,­ ən ülvi bir silah­daşımdır. Mən sazı ifa etdikdə içim­də­ rahatlıq tapıram» (78).

Onun yaradıcılığında müraciət olunan baş­lıca mövzu­lar, mə­həbbətin tərən­nü­­­mü, vətənpər­vər­lik, təbiət gözəllik­lərinin təsviri, dini-ürfani və nəhayət, zəma­nə­­­dən şikayətdir. Mədətin yara­dıcılı­ğını məz­mu­nuna görə iki qismə ayırmaq olar:

1. Gənc yaşlarında yazıb-yaratdığı nikbin əhvali-ruhiyyəli şeirləri;

2. Qocalıq çağlarında yaratdığı bədbin əhvali-ruhiyyəli, zə­manədən şikayət xarakterli şeirləri.

Bu xüsusiyyəti biz M.P.Vaqifin poeziyasında da izləyirik. Şair «Gör­mə­dim»,­­ «Ey­lər» və s. rədifli şeirlərini məhz qocalı­ğında qələmə almışdır.

Şeirlərindən də görünür ki, Aşıq Mədət ömrü­nün böyük hissəsini əziyyətlə, ağ­rı-acı ilə keçirmiş­dir.

«Düşdü» rədifli qoşmasına diqqət edək:

Bəxtim gətirmədi, söndü çırağım,

Qalmadı sevgiyə daha marağım,

Ahı-naləm ilə səsim,sorağım,

Obadan, obaya, ellərə düşdü (78).

Gənclik dövründə yazdığı şeirlərinə nəzərən qocalıq çağında yaratdığı inci­lə­rin hər birində dərd-nisgil, yaşanmış günlərin acı və şirin xatirələri boy verir. «Tökül­məkdədir» rədifli qoşmasında aşıq belə deyir:

Vədəsiz ağardı saqqalım,saçım,

Qar kimi ələnib tökülməkdədir.

Ömrümün qalası daşdan olsa da,

Getdikcə köhnəlib sökülməkdədir (78).

Bu qoşmanın möhürbəndində isə ustad insan­ları dərd çəkib ahu-zar edən­lə­rə gülməməyi məs­ləhət görür.

Mədətin dərdi var hesaba gəlməz,

Dərd bilən çəkdiyim əzaba gülməz,

Qocalan təzədən cavana dönməz,

Baxın əlif qəddim bükülməkdədir (78).

Amma bütün bunlara baxmayaraq, sənətkar taleyin­dən giley­lənmir. Əksinə, tanrısına hər zaman şü­kür edir.

Aşıq şeirinin bütün janrlarında qələmini sınayan Mədətin ya­radı­cı­lı­ğın­da ustad­namələr xü­su­si yer tutur. Ustadnamə və nəsi­hət­namə adla­nan bu qə­bil şeir­lər aşığın poeziyasının zirvəsi sayıla bilər. Ustad­na­mə­lərdə insanın mə­nəvi gözəl­­liyi, əx­laqi keyfiy­yət­ləri, cəmiyyət içərisində davranış qaydaları, xal­qın məişətinə, adət-ənənəsinə uyğun şəkildə tərən­nüm olunur. Aşıq Mədət us­tad­­­namələ­rində gös­tərir ki, pis yoldaşa sirr vermə, özgəyə quyu qazma, özünə rəva bilmədiyini başqasına ar­zu­larına, özündən böyüklərə hörmət qoy, atadan qalan ya­­digarı əziz saxla, gözə işıq gətirən çörəyi korlama, ona xor baxma və s. İstər möv­­zu, istərsə də bədii ideya baxımından müxtəlif olmaqla Aşıq Mədətin ustad­na­­mələrini bir neçə qrupa ayırmaq olar:


  1. Övladlarına həsr olunan ibrətamiz nəsihətlər;

  2. Dövrün haqsızlıqlarına münasibət;

  3. Gözəllərə nəsihət;

  4. Öz acılarının ümumi şəkildə verilməsi.

«Yaxşı­dır» ustadnaməsində yaxşını pisdən seçməyi, olduğun kimi görün­mə­yi və ya görün­dü­yün kimi olmağı, həyatda «ləli» «inci»ni arayıb tapmağı tövsiyyə edir:

Mən haqdan dərsimi aldım onunda,

Gəzmək istəmirəm şeytan donunda,

Əgər sərrafamsa, mis mədənində,

Axtarıb gövhəri seçsəm, yaxşıdır (78).

Ustadnamələrin ən gözəl xüsusiyyətlərindən biri insanda əx­laqi keyfiy­yət­lər, nə­cib sifətlər axtar­maq və bu keyfiyyətləri baş­qalarına nümunə göstər­mək, baş­qa­larını da bu yola sövq etmək­dir. Buna görə də Aşıq Mədətin ustad­na­mə­lə­ri­nin ço­xunda mərd-namərd, xeyir-şər, doğru-yalan, yaxşı-pis, dost-düş­mən kimi bir-bi­rinə əks olan sifətlər qarşılaş­dı­rılır. Aşıq us­tad­na­mə­lə­rin­də klas­sik ənə­nə­lərə sadiq qalır, insan­ları pis əməllərdən çə­kin­dir­mək üçün o dün­ya­nı xatırladır. Əbədi olmayan bu dünya­da mənalı ya­şa­ma­ğı, gəncliyin ardınca düş­gün qoca­lığın gəl­di­yi­ni, şux qamə­tinin əyiləcəyini poetik dilin rəngə­rəngliyi ilə ifadə edə bilir:

Sənətkarlar girər cürbəcür dona,

Əbədi deyildir ömür insana,

Tükənər gəncliyi, yetişər sona,

Mədət qəddin əyib gedər, nə olsun? (78).

«Dəyişdi» ustadnaməsində isə yaşadığı döv­rün, insanların xa­rak­ter­ləri­nin, yaşam tərzinin dəyiş­mə-sini, insan həyatının dia­lektikasını poetik bir löv­­hə ilə əks et­dirir:

Ey ariflər, baxın möcüzələrə,

Zaman ölü ilə sağlar dəyişdi.

Şeytan əməlinə uyan çox oldu,

Tarix gülən ilə ağlar dəyişdi.
Mədətəm, dərdimə şərikdir sazım,

Haqdan kəsilməsin ömrüm, avazım,

Al-yaşıla bürünəndə Qafqazım,

Sirli-sözlü qarlı dağlar dəyişdi (78).

Aşıq Mədət həmişə xalqın içərisində olan sənətkardır. O, xal­qın yaşayış tərzini, onun düş­­düyü vəziyyəti əks etdirməyə çalışır:

Ağlar Aşıq Mədət, gülləri solsa,

Üzü gülməz, bağı viranə olsa,

Ağacların qurdu içindən olsa,

O bağdan xalqıma bir də bağ olmaz (78).

Aşığın yazdığı ustadnamələrin əksəriyyəti övlad­la­rı­nın sima­sında bü­tün və­tən övladlarına olan nəsi­hətlərdir:

Əziz oğul, məndən sənə nəsihət,

Kamil təbib axtar, dərdi parçalar.

Ağıllı sərkərdə ordu itirməz,

Ağılsız sərkərdə ordu parçalar (78).

Əvvəldən axıradək oğlunun simasında xalqın övladlarına yax­şını pisdən seç­mə­yi, xeyri şərdən ayırmağı məsləhət görür. On­ları cəsarətli, mübariz və biri-birilərinə arxa dayaq ol­ma­ğa səsləyir.

Mədətə dərs verər bu geniş cahan,

Kamil ustad olur sınaqdan çıxan.

Həyat təcrübədir, bir də imtahan,

Quzular cəm olsa, qurdu parçalar (78).

«Oğul» adlı gəraylı şəklində yazılan ustad­na­məsində oğlunu iki şəxsin söh­bə­tinə qarışmamağı, ona pislik, namərdlik edəni Allaha tapşırmağı və özü is­tə­mə­yən işi başqasına rəva görməməyi məs­lə­hət bilir. Nəhayət, ustadnamələrin di­gər­ qrupunu aşığın öz hissləri, öz həyatı ilə bağlı məsələlər təşkil edir ki, bu məsə­lə­lər həm də xalq ilə bağlıdır. «Sən özün ağla» ustadnaməsində sənət­karın bü­tün­lük­lə kədərli ürəklərin qeydinə qalmağı səsləyən çağırışı eşidilir:

Quruyub lal olan çaylar çağlamaz,

Loğmanı gətirsən, yaran bağlamaz,

Dar günündə heç kim sənə ağlamaz,

Özün öz gününə, sən özün ağla (78).

Ustad sənətkar həm də elin-obanın gözəl­lərinə də öz nəsihə­tini əsirgəmir. O, və­tən gözəl­lərini elmli, təhsilli, yaxşını pisdən seçə bilən dün­yagörüşlü, onları ürək­­­dən sevəni sevməyi bacara bilən gənclər kimi görmək istədiyini açıqlayır:

Düşün, dolan alçaq ilə ucanı,

Kamil öyrən əlifbanı, hecanı,

Seçmə gözəl cavan ilə qocanı,

Səni kim istəsə, sən onu istə (78).

Aşıq Mədətin ustadnamələrinin mövzu, məz­mun və ideya bədii xüsusiy­yət­lə­rin­­dən çox danış­maq olar. Onun 90-dan çox ustadnaməsi dövrü­nün bir çox prob­lem­­lərini qabarıq şəkildə əks etdir­məklə klassik ənənəyə yeni ruh gətirmiş olur.

Mərdlik, mərdanəlik məktəbi keçən Aşıq Mədət şeir­lə­rində in­sanın mənəvi gö­zəlliyi, pak­lığı, əxlaqi keyfiyyət­ləri, cəmiyyət içə­risində davra­nış qaydaları xal­qın məişətinə və adət-ənənəsinə uyğun şəkildə tərənnüm edilir. Xüsusən də, sənət­ka­­­rın us­tad­na­mələrində dövrün, zamanın gərdi­şinə müna­si­bət, əxlaqi dəyər­lər hə­­mi­şə ön plana çəkilir. «Eylər» rə­difli ustadnaməsinə diqqət edək:

Ləli-cəvahirdir atalar sözü,

Haqdır dolandıran gecə-gündüzü,

Yeri gəlsə əgər yaradan özü,

Xanı diyarbaşı, qul eylər-eylər (78).

Sənətkarın ustadnamələrində həyati və real olan bir obraz boy verir. Bu ob­raz, sözün həqiqi məna­sında, Aşıq Mədətin özüdür. Onun ustad­na­mələrində mətnaltı məna, simvol genişliyi, alqış və qarğış, təəssüfkeşlik, gələcəyə ümid, haqq-əda­lətə çağırış motivləri əsaslı yer tutur. Digər baxımdan bu deyi­lənlər onun us­tad­namələrinin spesifik xüsu­siy­yətləri kimi də dəyərləndirilə bilər. Us­tad­­na­mə­lə­rin əksəriy­yətində aşıq öyüd-nəsihəti, sanki öz qəlbinin müra­ciəti ki­mi ətra­fın­dakılara, bütün cəmiy­yətə eşit­dirməyə çalışır. Məsələn:

Mədət, başın üstə gətir çən-duman,

Haray salıb heç eyləmə ay aman.

Gecə-gündüz quşlar oxuyan zaman,

Özünü görməmiş ona sar demə (78).

Aşıq Mədət hər sözü yerində işlətməyi, söz­dən çələng hör­məyi bacaran bir sənət­kardır. Qoy­nunda yaşadığı dağ­larını, el-obasını dərin məhəb­bətlə sevən aşıq sə­nə­tini hər zaman özünə şərəfli bir peşə sanmışdır. «Eldir» rədifli us­tad­­na­mə­sin­də bu barədə deyir:

Nəzər salsan, Mədət, ərşə, asmana,

Səyyah tək ayağın çatar hər yana,

Axıb göz yaşların dönsə ümmana,

Yaşına göz yaşı qatası eldir (78).

Ustad sənətkar el-obasına, bütövlükdə vətə­ninə bağlıdır. Yu­xarıda qeyd etdi­yimiz kimi, Aşıq Mədət yaradıcılığının mövzu dai­rəsi çox genişdir. O, ustad aşıq kimi öz əsərlərində beynəlxalq aləmdə baş verən hadisələrə münasibətini bildirir. İndi Azərbay­can xalqının ümumi dərdi olan Qarabağ problemi onu da düşün­dürür və yaradıcılığında bu mövzuya xüsusi səhifə ayırır. Ustad sənətkarın aşıq şeirinin müxtəlif qoşma, gəraylı, müxəmməs, bağlama, vücudnamə şəkil­lə­rin­də yaratdığı dəyərli əsərlərində bu ümumi dərdin xüsusi yeri var. Siyasi vətən­pər­­vərlik məz­munu kəsb edən «Ağlaram» gəraylısına diqqət edək:


Sarı cəllad, bax cahana,

Sən gülürsən, mən ağlaram.

Qan tökülən bir ümmana,

Sən gülürsən, mən ağlaram (78).

Böyük sarsıntı və qəzəblə yazılmış bu gəray­lı­da Azərbaycan xalqının son 22 ildə yaşadığı fa­ciələr, keçirdiyi ağrılı-acılı günlər əks olunur. Aşıq elinə naxələf çı­xan, yüzlərlə günahsız insanları qanına qəltan edən sovet və daşnak casuslarına «sarı cəl­lad» deyərək nifrətini bildirir. Onu da qeyd edək ki, Aşıq Mədət bu şeiri hələ Sovet hakimiyyəti mövcud olduğu bir dövrdə qələmə almışdır. O zaman bu gəray­lı­nı yazmaq özü böyük cəsarət və hünər tələb edirdi. On iki bənddən ibarət olan bu gəraylıda demək olar ki, haqsız tökülən qanlara, matəm saxlayan bir xalqın – od­lar­ diyarının harayı əks olunur. Bu baxımdan prof. M.Həkimov haqlı olaraq aşığı konkret bir dövrün, bir zamanın oğlu hesab etmişdir. Eyni zamanda o qeyd etmişdir ki, «Aşıq ədəbiyyatı vətən­pərvər, beynəlmiləl və xəlqidir» (49, 242).

Həm 1990-cı ilin 20 yanvar faciəsinə, həm də 1992-ci il 26 fevral Xocalı fa­ci­­əsinə ürəkdən ağla­yan ustad sənətkar, sanki, bu gəraylısında sınıq könülləri, qohum­larını, əzizlərini itirmiş insan­ların, bütünlükdə qara bağlayan xalqın vəziy­yə­tini, bədbin əhval-ruhiyyəsini əks etdir­məyə çalış­mışdır.

Azərbaycanın ümumi problemi olan Qara­bağ düyünü Aşıq Mə­­dətin yara­dı­cılığına hər zaman mübarizlik, düşmənə nif­rət əh­val-ruhiyyəsi ver­məklə bərabər, həm də bir bədbinlik gətirir. Ustad sənətkar doğru söz danışmağa böyük üs­tün­lük verir. Bütün günah­sız axıdılan qan­­ların səbəb­karlarını qorxma­dan, böyük cəsarətlə «sapı özümüzdən olan bal­ta­lar» adlandırır. «Baltalar» qoşmasında yu­xa­rıdakı gəraylısına nisbətən, daha mü­ba­riz ruhla faciənin səbəb­kar­la­rına nifrət yağdırır. Bu şeirdə, sanki, acı sözlər ya­ğı­­şa dönüb satqın­ların başına yağır. Onları söz yağışına tutan sənətkar belə deyir:

Unu ələyəndə çıxan kəpəkdi,

Eybəcər ləkədən qaçan ipəkdi,

Leş dağıdan ac-yalavac köpəkdi,

Sapı özümüzdən olan baltalar.

Sonrakı bəndlərdə aşıq məcazlardan, sözün poetik çalarların­dan istifadə edə­­rək gözəl bir bən­zətmə yaradır:

Qurdlara fürsətdi döyüş davada,

Gözü ov axtarır, yerdə havada,

Günahsız quşları qırdı yuvada,

Sapı özümüzdən olan baltalar (78).

Yaşa­dığımız mühitdə ictimai-siyasi mo­tiv­lər gücləndikcə aşıq­lar quru söz­çülük­dən, nəsihət­çilik­dən uzaqlaşmağa ça­lı­şır, zəmanələrinin konkret tarixi hadi­sə­lə­ri­ni əks etdirən realist ruhlu əsərlər yaz­ma­ğa maraq gös­tərirlər (46, 50).

Bilmədilər, dünya fanidir, fani,

Geydilər əyninə zərli çuxanı,

Dedik, eşitmədi xayi-vahını,

Sapı özümüzdən olan baltalar (78).

Nəhayət, sənətkar düşmən tapdağında qalan torpaq­lara, məhv olan mad­di və mənəvi abidələrə, insanların min bir zəhmətlə tikib, qurduğu evlə­rinin düşmən tərəfindən yağmalanmasına təəssüflənir:

Aşıq Mədət ürəyini boşaltdı,

Dözmədi qələmə, sözə əl atdı.

El tikib quranı düşmənə satdı,

Sapı özümüzdən olan baltalar (78).

Vətənə olan böyük və hədsiz məhəbbət, xain­lərə, yalana, itaətkarlığa qarşı hədsiz nifrət Aşıq Mədət yaradıcılığının, demək olar ki, əsasını təşkil edir. Vətən dərdi, torpaq həsrəti, el sənətkarını daim düşün­dürür. Onun itirilmiş torpaqlara müra­ciətlə yazdığı gəraylısında bu barədə belə deyilir:

Matəm içindədir dağlar,

Kimlərə gör qalıb bağlar,

Kəpəz ağlar, Murov ağlar,

Şuşa, Laçın, Kəlbəcərim (78).

Yeddi bənddən ibarət olan bu gəraylıda əv­vəl­dən axıradək zəmanəsinin dönüklüyündən, o zamanki hakim­lərin diqqətsizli­yin­dən şikayət şerin əsas ideyasını təşkil edir. Onun yaradı­cılığın­da Vətən yolunda, torpaq uğrunda canından keçmiş igid, mərd oğullara da yazdığı qoşma, divanilər, müxəmməslər başlıca rol oy­na­yır. O, ma­təm içində olan başı du­manlı dağları, vətəndən ayrı düşən elləri görüb xə­calət çəkir və qoşmalarının birində «Gözəl Qaraba­ğım təkəm neyləyim» deyir:

Qollarımı qəm belimə bağlayır,

Tale sinəm üstə ocaq qalayır,

Bağça-bağlarımda bayquş ulayır,

Gözəl Qarabağım, təkəm neynəyim (78).

«Haqq aşığının sözündə yalan olmaz»  deyən atalarımız, təbii ki, yanıl­ma­mışlar. Nəhayət, ustad sənətkar ümidini Allahdan üzmür. Böyük və şanlı, xoş­bəxt bir günün gələcəyinə inanır. Prof. M.Həki­mov Aşıq sənətinin poetikası ki­ta­­bın­da qeyd etmişdir ki, «Gələcəyə ümid və onun müx­təlif istək və arzular şəklin­dəki təza­hürü həmişə aşıq yaradıcılığının əsasını təşkil etmişdir» (49, 242-243). Bu baxım­dan Aşıq Mədətin «Var» rədifli divanisinə diqqət edək. O­, burada igid, mərd oğlulların qəhrə­manlığını alqış­la­yır.

Az deyildi Koroğlular bu gün meydana çıxan,

Xainləri pəncələyib, boğazlarından sıxan,

Qələmini süngü kimi düşmən gözünə soxan,

Mədət deyər, ayıq sayıq milyon vətəndaşı var (78).

Beləliklə, sənətkar hər açılan sabaha ümidlə, inamla baxır. Xalqını bu yol­­da inamlı, cəsarətli olmağa səsləyir. Sənətkarın ən böyük, ən ülvi, ən kamil in­san­lıq fəlsəfəsi də məhz bundadır.

Aşıq Mədətin şeirlərinin bir qismini də təbiət mövzusu təşkil edir. O, təbiət möv­zu­sunda yazdığı şeir­lərində yalnız yaşadığı rən­ga­rəng, qızılgüllər diyarını de­yil, bütün Azərbaycan diyarının təbiə­tini əks etdirməyə çalış­mışdır. «Oğluyam» ad­lı qoşma­sında özünü dağlar oğlu adlandırır, ucalıq rəmzi olan dağı özü­nə arxa bilir.

Üzü qibləgaha, meyli Allaha,

Sirri, sözü olan dağlar oğluyam.

Gözəl yaylaqları, billur çeşməli,

Çəmən, çölü olan dağlar oğluyam.
Dağlardı Mədətin arxa, dayağı,

Güllər diyarının bağçası, bağı.

Bürünüb atlasa gəlin sayağı,

Şivə-nazı olan dağlar oğluyam (78).

Elə bir sənətkar yoxdur ki, o, dağlara şeir qoş­­ma­mış olsun. Aşıq Hüseyn Bo­zal­­qanlı, Aşıq Ələsgər və başqaları öz reper­tuarlarında dağları böyük məhəb­bət­lə tərənnüm etmişlər. Aşıq Mədət yaradıcı­lığında dağlara yazılmış 15 şeir mə­lum­­dur. Gah vəfasız sevgilisindən şikayətçi, gah da ümumi dərd­lərini onun­la böl­mə­yə çalışan dağ­lardan ilham alan bir aşıq kimi, bir vətəndaş kimi çıxış edir. Gərəy­­lı­la­rının birində Aşıq Mədət belə deyir:

Yaxşı gündə, yaman gündə,

Yaxşı şeydi, elim, dağlar.

Nələr yazıb, nələr qoyub,

Xəlqimizə əlim, dağlar (78).

Di­gər tərəfdən sənətkar bu qəbil şeirlərində dərdini, nisgilini dağlarla bölür. Dağ­lar bütün el aşıqlarının dar günündə pənahı, ümid yeri olmuş­dur. Bu mənada sənətkar dağları ürəyinin ən yaxın sir­daşı, dərdlərinin çarəsi hesab edir:

İxtiyarım getdi əldən,

Susdu sazım, tarım, dağlar.

Sil yaşımı, aç gözümü,

Sən ol vəfadarım, dağlar (78).

Ömür-gün yoldaşını vaxtsız itirən sənətkar hər dərdini, hər istəyini dağlara de­yir, ondan mədət istəyir. Dağlardan bir simvol kimi istifadə edən Aşıq Mədət onu böyük savaşların əsil şahidi olduğunu bildirir.

Fələk özü qoyub təməl daşını,

Ancaq odur bilən sənin yaşını.

Keçib səndən karvan, şahlar qoşunu,

İzi qalmayıbdır sizdə, ay dağlar (78).

Aşıq Mədət həmvətənlərini Allahın Azər­baycan torpa­ğına bəxş etdiyi mi­sil­­siz gözəl­lik­ləri qorumağa çağırır. Bu yaşıllıqda, bu rəngarəng­likdə gözü olan ya­ğı­­­ların gözünə daim ox olmağa səsləyir. «Vardır» adlı qoşması məhz bu xüsu­siy­yəti əks etdirir. Bu qoşmasında sənətkarın atalar sözlə­rindən bəhrələnməsi, sö­zə sığal verə bilməsi bir şair kimi Aşıq Mədətin söz deyə bilmək qabi­liy­yətindən so­raq verir:


İblis əynindədir Qafqazın donu,

Belə qalmaz, xalqım geyər o donu,

Xain nadanların yetişib sonu,

Yaman günün ömrü deyiblər, azdır (78).

Qeyd etdiyimiz kimi, Aşıq Mədət yaradı­cı­lı­ğında təbiət möv­zusu önəmli yer tutur. O, təbiətə gözəllik verən hər çiçəyini, hər daşını sevir, onlara dərindən hör­mət bəsləyir. «Öz sinəmdədir», «Bə­növ­şə», «Dağlar», «Gül», «Varxiyanım» ad­lı qoş­ma­ları və «Za­qatala» adlı müxəm­məslərində bütünlükdə Zaqatala təbi­ə­ti­nin gözəl­likləri, yaşıl­lıq­ları əks olunur. Ustadın təbiətin əsrarəngiz gö­zəlliklərinə həsr et­diyi şeirlərində həm rayonun ayrı-ayrı kəndlə­rinin təsviri, adlar, həm də tə­bi­ət bir simvol kimi istifadə olunur.

Belə ki, «Gəz, özün danış» qoşmasında bü­tün­­lük­də Zaqa­ta­lanın 30-a yaxın kən­dinin adı çəkilməklə o kəndlərə məxsus xü­susiyyətlər də verilir. Təbiət təs­vi­r­lə­­rini yerli-yerində işlətmiş sə­nətkarın bu şerində toponimlər və bədii təsvir vasi­tə­ləri xüsusi yer tutur:

Arif olan möcüzədir, Qafqazım,

Aranı, yaylağı gəz, özün danış.

Gövhər məkanıdır, mərcandır gözü,

Sərrafdan ləl götür, gəz, özün danış.


Külçə bişirməkdə Car kəndini gör,

Şabalıd ağacı olub inci,dür.

Eşqin səməndini burax, yorğa sür,

Nəzər sal hər yana, gəz, özün danış (78).

On altı bəndlik bu qoşmada Aşıq Mədət ra­yona məxsus bütün ənənəvi xü­su­siy­yətləri göstər­məklə bərabər, hər kəndin camaatının özünəməx­sus ənə­nəvi-psixo­loji cəhət­lərini bədii boyalarla açıq­la­mağa çalışır. Bu şeirdə həm də zəngin və müa­licəvi əhəmiyyəti olan bir sıra bulaqların adını çəkir, yerini işarə edir. Bu da coğ­rafiyaşünaslar üçün mən­bə kimi istifadə etməyə imkan verir.

«Dağlarda» rədifli qoşmasında Aşıq Mədət vətənin təbiətinə gözəllik ve­rən­ bir sıra quşları, heyvanları qəddar­casına qıran ovçulara müraciət edir. On­la­ra­ bu peşədən vaxtında əl çəkməyi məsləhət görür. Bu cəhətdən o, xalq ruhunda ya­zan­ Səməd Vurğun ənənəsinə yaxınlaşmış olur:

Ovçu, insafa gəl, əl çək silahdan,

İncilər var, qaşı qara dağlarda.

Canlını bənzətmə çürük bostana,

Soxulub eləmə ura dağlarda (78).

Bu nümunədə aşıq rayon camaatının məş­ğu­liy­yət tərzindən söz açmış, dialektoloji sözlərdən də istifadə etmişdir. Sonuncu misradakı ura – məhsul yığı­mın­dan sonra yerdə qalan məhsulun camaat tərəfindən elliklə yığılaraq mənim­sənil­məsi nəzərdə tu­tulur. Sonrakı bənddə aşıq qəzəbi­ni belə bildirir:

Çox da fikrini vermə dərinə,

Ağırlıq düşəcək sonra sərinə,

Cüyür, ceyran maralların yerinə,

Gələsən, üz-üzə sara dağlarda (78).

«Öz sinəmdədir», «Durnalarım oy», «Maral» adlı qoşma­la­rında ovçuları mə­­­zəm­­­mət edən Aşıq Mədət həm də zəngin məcazlardan məharətlə isti­fa­də et­miş­dir:

Ovçu, insaf eylə, vurma ceyranı,

Dağlar ağırlıqda söz sinəmdədir.

O ağrı çəkdikcə qovruluram mən,

Elə bil, yarası öz sinəmdədir (78).

Aşıq Mədət ovçuluq peşəsini tutan kəsləri bu yoldan əl çəkmələrini məs­lə­hət görmüş və bunu günah hesab etmişdir.

Aşıq poeziyasına Dirili Qurbani tərəfindən gətirilən bənövşə mövzusu sonralar bir sıra aşıqların yaradıcılığında geniş yayılmış­dır. Əl­bət­tə, Qur­­ba­ni kimi sənətkardan sonra bənövşə haqqında təzə nəsə demək böyük hü­nər istə­yir. Aşıq Mədətin «Bənöv­şə»­sini nəzərdən keçirsək, görərik ki, o məhz belə hü­nər sahibidir:

Deyirəm hikmətdən mən bala-bala,

Cəllad mən deməsin can ala-ala.

Kamal dəryasında əl çala-çala,

Çoxları vay deyib atdı bənövşə (78).

Nümunədən göründüyü kimi, burada bənöv­şəyə həsr olun­muş misralar heç bir sənətkarı xatır­latmır. Bu mənada bu şeir Qurbani ilə başlanan bənövşələr tarixin­də­ öz orijinallığı, bədii təsvir və ifadə vasitələrinin yeni düzümü ilə seçilir.

Aşıq Mədət yaradıcılığında məhəbbət möv­zu­su öz müxtəlif­liyi ilə zən­gin­dir. O, ustad sənət­kar­lar­ın yara­dıcılığına böyük hörmət bəsləmiş, ­öyrənmiş, yara­dı­cılıq axtarışlarından, dövrünün sənət yenilik­lərini öyrən­mək­dən heç vaxt usan­mamışdır. «Tapıl­dı» adlı qoşmasını varxiyanlı Aşıq Məhəm­mədə həsr edilmişdir:

Qəbrin nurla dolsun, Aşıq Məhəmməd,

Bu diyarı axtaranlar tapıldı.

Gözəl sənətkardan ellərə qalan,

Yadigarı axtaranlar tapıldı (78).

Bu qoşmanın yazılmasının müəyyən bir tarixi var. 2000-ci il iyunun 3-də Za­qa­tala rayonunun Mədəniyyət sarayında Aşıq Mə­həmmədin yubi­leyi keçirilir. Bu yubileyin keçirilməsinə Zaqata­lalı foklor­şünas Q.Şabanov, xalq ədəbiyyatını dərindən se­vən Haşım müəllim böyük səy göstərmişlər. Onların el sənətkarlarına olan hör­məti Aşıq Mədətin bu şeiri yazmasına səbəb olmuşdur. «Gül, Varxi­yanım» qoş­ma­sın­­da yurdunun gözəlliklərini açıq­lamaqla yurduna daim bərəkətli, abad olma­sı­nı­ arzulayan sənətkar yenə də varxiyanlı ulu ustadını xatırlayır:

Rizvan bağı kimi oldun laləzar,

Məhəmməd yurduna girməz bayqu-sar.

Aşıq Mədət kimi oğulların var,

Bizimlə fəxr elə, gül, Varxiyanım (78).

Aşıq Mədət Azərbaycan xalqının milli adət-ənənə­lərini özün­də qoruyub sax­la­yan, tarixi kökü­müz­dən xəbər verən «Kitabi-Dədə Qorqud»a böyük məhəb­bət­lə yanaşır. Tarixi Dədə Qorqud­dan gələn qopuz-saz ənənəsini hər zaman ya­şat­ma­ğı, qorumağı önəmli bilir. Mədət şeirlərin birində belə deyir:

Mədətdir sinəsi çeşmə tək dolan,

Xoşbəxtdir Vətəni laləzar olan.

Dədə Qorquddan yadigar qalan,

Xoş avazlı telli saz bizimkidir (78).

Bu ənənənin yalnız Azər­baycan xalqına mənsub ol­du­­ğunu bildirən Aşıq Mədət xalqımızın qəhrəman oğlu kimi yaddaşlarda ədəbi yaşayan, xal­qın əmin-amanlığı, xoş güzəranı uğrunda vuru­şan Koroğluya, Qaçaq Nəbiyə olan məhəbbət və hörmətini də əsir­gə­məmişdir. Yeri gələrsə, yağı düşmən qarşısına çıx­­mağa la­yiq «Nəbi kimi oğlu çoxdur xalqımın»  deyir:

Nəbi olmuş idi dillər əzbəri,

Həcər idi onun yari-dilbəri.

Yeri gəlsə, qırar yağı, ləşkəri,

Nəbi kimi oğlu çoxdur xalqımın (78).

Bəli, bu insanlar xalqı üçün ömür yolunda silinməz iz qoyub getmişlər. O iz­lər o qədər qiy­mət­li, mənalı olmuşdur ki, bu gün də daş kitabələr kimi nəsillərin gö­zü önündə güzgü kimi öz əksini gös­tərir. Aşıq Mədət elini, vətənini, yaşadığı gö­­zəl Zaqatalanı bö­yük mə­həbbətlə sevən, ona ürəkdən bağlanan bir sənətkardır. «Za­qata­la­dır» adlı qoş­ma­sında diyarını nəğməkar bülbülün Vətəni ad­lan­dırır:

Qonaqpərvərlikdə gəzsən hər yanı,

Gülüzar diyarı Zaqatalamdır.

Nəğməkar bülbülün ana vətəni,

Eşqi, bəxtiyarı Zaqatalamdır (78).

Nəhayət, insan məhəbbəti, insan gözəlliyi, insa­nın amalı və mənəvi qüdrəti xalq aşığının ilham mənbəyi olmuş, onu riqqətə gətirmişdir. Buna görə də mə­həb­bət və gözəllik aşığın həmişə müraciət etdiyi mövzu olmuşdur. Prof. Q.Nama­zo­vun­ görə, «aşıq sənəti məhəbbət duyğularından yaran­mışdır» (82,­ 100)­.

Aşıq Mədət yaradıcılığının mövzusu yalnız aşiqanə hisslərin bədii təsviri və tərənnümü ilə məhdudlaşmayıb. İnsan qəlbinin nəhayətsiz istək­ləri, ülvü duy­ğu­ları, hiss və həyəcanlarına da önəm­li yer verilir. Həyat yoldaşının vaxtsız ölümü sənət­­karı kə­dər­ləndirir. Onu bütün yaradıcılığı boyu böyük sevgi və hörmətlə xa­tır­­­layır. Aşıq «Amandı» rədifli qoşmasında əvvəldən axıradək gah peşi­man­çılıq his­si keçirən, gah tənhalıqdan şikayət edən aşığın yalvarışları tam səmimiliyi ilə ve­rilir:

Canımızı nahaq saldıq odlara,

Tay ola bilmədik qəlbi şadlara,

Qıyıb aşiqini vermə yadlara,

Məni tənha qoyub getmə amandı (78).

Şeirdən sənətkarlıq baxımından Mədətin incə duy­ğulara malik şair qabiliy­yət­li söz sahibi olması açıq görünür. Ustadın yazdığı «Hardadır», «Bül­bül» gə­ray­­lıları tənha­lıqdan, ona qarşı olan haq­sız­lıq­dan doğan kədərin göstə­riciləri kimi üzə çıxır. «Bülbül» gəraylısında o təbiəti sevgi dolu nəğmələri ilə bəzəyən, daim istəyinə çatmağa can atan bülbülə müraciət edərək, özünün qəmli vaxtında sus­ma­sını,­ oxuyub aşiqi daha da kədərləndirmə­məsini istəyir:

Dünya Süleyman mülküdür,

Yatan Mədətin bəxtidir,

Şairin yaslı vaxtıdır,

Amandır, oxuma, bülbül (78).

Onun istər «Bülbül», istərsə də «Səni» qoş­ma­sın­dan müdrik bir kədər, bü­tün­ ömrü boyu onunla yol­daş olmuş dərd keçir:

Sərvindən qərq olub məzara endim,

Dünyada Leyli də, Əsli də səndin,

Divanə o Məcnun, Kərəm də məndim,

Yadımdan çıxara bilmirəm səni (78).

Şeirdə Azərbaycan xalqının ən gözəl ənənə­ləri, dastanları­mızdan möh­tə­şəm­ obrazlar görün­mək­də­dir. Şair başqa bir şei­rində kədərinə ümum­bəşəri bo­ya ver­mə­yi bacarır və bu­nun­­­la da şəxsi insan kə­də­rini həzin fəlsəfi kədərə çevirə bilir. Bu şeirdən qal­xan mə­na dinləyiciləri insanlığın, in­san­ların qədrini bilməyə, çətin günündə bir-birinə da­yaq olmağa çağırır:

Hamı müşkül, bəndə ağlar,

Qısılıb kimə bel bağlar,

Harda görsən uca dağlar,

Başı dumanlı, qardadır (78).

Aydın görünür ki, şair çox həssas adam ol­muş, ağrını ötür­mək qüdrətində olma­mışdır. Ona görə də onun poeziyasını qəm-kədər poeziyası ad­lan­dırmaq da­ha­ düzgün olar. Bədii məcazlar­dan məharətlə istifadə olunan bu şeirin hər bən­di­nin son mis­ra­la­rında həmqafiyə sözlər yaradan sənətkar xüsüsi hü­nər gös­tər­miş­dir. «Sardadır», «Qardadır», «Var­da­dır», «İxtiyardadır», «Dardadır», «Yarda­dır»,­ «İn­ti­­zardadır» və s. sözlərdən yerli-yerində istifadə edə bilməsi, maraqlı qa­fi­­­yə sistemi yaratmışdır.

Aşıq Mədət yaradıcılığında məhəbbət möv­zu­­sunda yazılmış gözəlləmələr xü­susi yer tutur. Aşıq Dalğın və Aşıq Mədət digər müa­sirlərindən fərqli olaraq, xə­yali məhəbbətin tərənnümçüsü kimi çıxış edir. Onun şeirlərinin sonunda müəy­yən­ nikbin əhvali-ruhiyyə, gələcəyə olan böyük inam, hədsiz ümid duyulur. Ayrı-ay­rı adlar olsa da, o bütün gözəl­ləmələrində sevgilisini xatırlayır, ona sadiq qala­ca­ğını qeyd edir. «Dilbər», «Gözəl», «Etibarsız qız», «Leyla» və başqa şerləri xü­su­­­si diq­qətə layiqdir. «Dilbər» şeirində ağlamaq­dan gözləri tutulan aşıq onu bu gü­nə salana, vəfasız olanlara qarğış edir. Haqq aşığının qarğışı tez həyata keçər – de­yər atalarımız.

Vəfasız olanın üzü gülməsin,

İtirsin yurdunu yerin bilməsin.

Arzum budur, bayqu yaxın gəlməsin,

Bülbül olub gülə qonana, Dilbər (78).

Sənətkar gözəllərin tərənnümündə aşıq şerinin ənənə­lərindən,bədii təsvir va­si­tə­lə­rindən yerində isti­fadə edir. «Leyla» adlı gözəlləməsində ilk bəndlər­dən tanışlıq xa­ti­rələrini xatırladan Aşıq Mədət sonar­kı bəndlərdə isə onu təbiətə yaraşıq ve­rən qızıl­gül­lə müqayisə edir.

Xəstənin məlhəmi qüzey qarıdır,

Sirli dağlar yarsızların yarıdır.

Təbiətin güllü-gülüzarıdır,

Təravətli bazar-yazındı Leyla (78).

Şeirin mətnindən bir musiqi də duyul­maq­da­dır. Onu da qeyd edim ki, Aşıq Mədət həm də peşə­kar musiqiçidir. Bu baxımdan bu şeirdə də sözlərin axı­cı­lı­ğı­na,­ səs ahənginə dərindən fikir vermişdir.

Mədət, ləbi-bala gəldi,

Bülbül olub gülə gəldi,

Yarın özü dilə gəldi,

Aldı məni sinəsinə (78).

Aşıq Mədət yaradıcılığında qocalığından şika­yət məzmunu kəsb edən şeir­lə­ri də çoxdur. Bu şeirlərində ustad ağrılı-acılı ömür keçirmiş, böyük həyat təc­rü­bə­sinə malik olan müdrik bir insana bənzəyir. Eyni zamanda arxaya dönüb ötən gün­­lərə nəzər salması onu qiymətləndirməsi, bütün müsbət və mənfi tərəfləri ilə hə­ya­­tın ibrətləri, neçə-neçə misralarda və bəndlərdə əks olun­muşdur.

Ustad sənətkarın poeziyasında dini-ürfani məz­mun daşıyan şeirlərin xüsusi də­­yəri var. Bu tip divanilərində, deyişmələrində sənətkarın istedadı, xəlvəti elm­lə­­rə bələd olması, nəhayət, haqqa bağlı olması ayrı-ayrı simvolik obrazların di­lin­­də və nəzmə çək­diyi aydın düşüncələrində əks olunur. Ustad bu tip şeir­lə­ri­nin ço­xunda özünü haqqın carçısı, qulu sanır. Hər vəchlə Allaha qovuş­maq istəyən sənət­kar içindəki dərdini müqəddəslərlə, Allah ilə paylaşmadığı gününü öm­rünün hesaba salınmayan günlərin­dən zənn edir. O, haqqa qovuş­ma­ğın əsl yo­lu­­nu təsəv­­vüfün dörd mər­hə­lə­sindən keçməkdə görür. Prof. Ali Rza təriqəti bir yol ad­lan­dırır və qeyd etmişdir ki, ilk başlanğıcda şəriət bilgilərini yetə­rin­cə öyrən­mə­yən şəxs, təri­qətin yo­lun­da çarpışaraq, həqiqətə gedən yolu tapma­ya­caq­dır. Sonra müəl­lif bu dörd mərhələni keçib Al­laha qovuşmaq üçün, həmin şəxsin dün­ya­nın bü­­tün gözəlliklə­rindən məhrum olub, öz nəfsinə sahib olma­­ğını əsaslı şərtlərdən bi­ri hesab etmişdir (125, 228). Aşıq Mədət də məhz belə sənət­kar­larımızdan ol­muş­dur. O, şeirlərinin birində belə deyir:

Pay aldım mən mövladan,

Düz yolumla gedəcəyəm həyatdan.

Məhşər günü keçmək üçün siratdan,

Öz-özümə körpü qazanmışam mən (78).

Haqq yaratdıqlarını sevər. Doğrunu, həqiqəti qoyub qadağa­lara, halalı qo­yub harama əl atanları da sevər, amma hər kəsi əməlinə görə sınağa çəkib dəyər ve­rər. Aşıq Mədət Allah qarşı­sında üzü ağ, əməli doğrudur. Prof. M.Qasımlı Aşıq sənətində informativ yük və repertuar problemi, məqa­lə­sində qeyd etmişdir ki, hər bir ustad aşıq həm ümumən islamı, həm də sufi-dər­viş mənəvi dünyası ilə bağ­lı bilgi­ləri, dini-ürfani rəmz və işarələri öz repertu­a­rın­da yerləşdirməyi bacar­ma­lıdır (67, 22-24). Aşıq Mədət də məhz belə sənətkarlarımızdandır. O, cismi, ru­hu ilə tam haq­qa­ bağlıdır:

Haqqdan yaranmışam, haqqın quluyam.

Eşqinin nuruna boyanmışam mən.

Şirin, pak yuxumdan busə almağa,

Yarımın səsinə oyanmışam mən (78).

Şair tez-tez qəribə xəyallara dalır. Sevgilisinin haqq dünya­sına qovuşduğu mö­cüzəli bir dünyaya xəyalən qonaq gedir. O, möcüzəli aləmdə həqiqətə gedən yo­lu keçib Allaha qovuşmaq istəyir. Aşıq Mədət insanlığa dəyər verməyi baca­rır.­ İn­sana də­yər verən haqqa tez qovuşur. İnsanın özünü tanı­ması, insanlığın fər­qin­­də olması onu Allaha daha da yaxın edir. Prof. Hasan Kamil Yılmaza görə, Al­la­ha gedən yol insanın içində doğur, könlündə ka­mil­­ləşir və qəlbində haqq ilə qovu­şur (132, 12). «Nə var» rədifli qoşması bu baxımdan diqqətə layiqdir:

Gələndə dünyaya haqdan pay alsam,

Eşqin badəsindən içməyə nə var,

Ərşin-kürşün hər yerini dolansam,

Dəryada gövhəri seçməyə nə var (78).

Və yaxud:

Qəlbində var isə Rəsulun dini,

O kəsə genişdir körpünün eni.

Pak olsan ölüncə qiyamət günü,

Sirat körpüsündən keçməyə nə var (78).

Haqqa qovuşmaq üçün haqqın dörd mərhə­lə­sindən keçən Aşıq Mədət bu yol­­da çəkdiyi əzab­ları özünə ən böyük şərəf bilir. Prof. H.İsmayılova görə bu mər­hə­­ləni ke­çən hər aşıq ucalar-ucası qarşısında zərrəyə döndüyünü və ucalığın bir zər­rəsi olduğunu dərk edir və bütün sirlərin onun qarşısında pünhan­lığını itir­diyini bilir (54, 46).

Aşıq Mədətə aşkar olmayan hadisə, bəlli olmayan sirr yoxdur. Bu xüsu­siy­yət­ləri biz aşığın bir çox deyişmələrində də izləyirik. Burada ustadın sənət­karlııq qüd­­rəti, əqli və kamalı tam şəkildə aş­kar­­lanır.

Aşıq Mədətin qıfılbəndlərinin bir çoxu dini məzmun kəsb edir.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin