YAZIYA POZU YOXDUR
I mətn
Elə bil iki dənə padşah olurmuş, biri günbatanda yaşıyırmış, biri gündoğanda. Bılların uşağı olmurmuş. Nəysə, birinin bir oğlu olur, birinin bir qızı olur. Allah-taaladan hökm olur, bılları axırda bir-birinə yazır Allah-taala. Hə, bıllar da özü də düşmən oluplar bir-biriynən. Biri deer ki, dunyada həylə şey ola bilməz. Hə, deer mən qızımı itirejem dünyadan, verejem, getsin çıxsın bir tərəfə. Qızı yekəlmişimiş da, on bir, on iki, on üç yaşı olanda, bı qızın verir bir dənə Zümrüd quşuna. Zümrüd quşu bını vırır caynağına, götürür, aparır elə bil dünyanın o başında bir dəryanın qırağında bir qaya varıymış. Aparır bı qayanın səkisində bir kahı var, bı kahıda bı qızı saxlıyır. Bını bırda saxlıyır, saxlıyır, saxlıyır, ta bı yekəlir, yekə qız olur da. Bı oğlan da orda yekəlir. Bının nə qədir atası deer ki, bala, səni əvləndirim. Deyir, yox, mən baş götürüp getməliyəm. Harda qismətim olsa, orda əvlənərəm, əvlənmərəm, öz işimdi. Bı oğlan da durur bir ilmi, iki ilmi, gəzə-gəzə düz gedir çıxır orıya. O qız harda yaşıyır, harda olursa, orıya. Dəryanın qırağında otumuşumuş. Görür ki, dəryanın qırağında böyüh bir, qəlbi qaya var, bı qayanın səkisində bir dənə qız gəzir. Deyir ki, ay bajı, sən kimsən, nəçisən, nətəərsən? Deyir ki, bəs hal-nağıl belə-belə. Mənim atamnan, elə bil bir padşah düşman olullar. Mənim də Allah-taala yazımı onun oğluna yazıb. Atam da qoymur ki, məni verələr ona. Məni gətirip bırda saxlatdırır. Deyir, hə, elə mən də sənin günündəyəm. Nəysə, deyir ki, nətəər eliyax ki, məni orıya çıxardasan? Deyir, mənim qanadım var, quşam? Mən səni nətəər götürüm çıxardım? Deyir, bəs nətəər eliyax? Bı qız oğlanı örgədir ki, get bir mal kəs, tulux soyurmuşdar irəli, qatığı onun içinə yığırmışdar. Malı kəs, soy dərisin, üfür, qoy irilənsin, ağzını da bağla. Gəti qoy bırya, dənizin qırağına. Anam gələndə deəjəm mən onu, onu çıxart mənnən oynasın. Özun da gir onun içinə.
Həə, Zümrüt quşu gəlir ki, bı qız elə bekefdi, ele bekef. Deer, ay mənim qızım, niyə belə bekefsən? Deer ki, bax belə, sən çıxıf gedirsən, mən də təh qalıram bı qayanın üsdündə, bir adamnan danışmıram. Deer, bəs neyliyağ, nətəər eliyağ? Bu oğlan da malı kəsip, tuluğ eliyib. Girip tuluğun içinə ağzın bağlıyıb, orda yerdədi. Deer, bax onu çıxart, gətir bırya. Onnan mən günümü keçirim, sən harya gedirsən, get. Zümrüt quşu da ayrı quş olur dayna. Vırır çaynağına, çıxardır. Qoyur bının yanına. Bıllar bırda (bağışda dayna) ikisi də bir yaşıyıllar. Bının da iki uşağı olur. Həə, iki uşağı olur. Olanda paşşah Zümrüt quşuna deer ki, get mənim qızımı gətir. Zümrüt quşu gəlir deer ki, ay qızım, onda balaceydın, mən səni qanadımın üsdünə aldım apardım, mən indi səni nətəər alım? Deer, nənə, mən bıde, girəjəm bı tuluğun içinə, məni vır çaynağına, apar. Vırır caynağına, Zümrüt quşu gətirir, padşahın meydançasında yerə qoyanda, tuluğun ağzı açılır, uşax da, gəlin də, oğlan da çıxır. Deer, Zümrüt quşu heysinnən ceynağıynan vırır, özü-özün öldürür. Hə, odu ki, deyiflər yazıya pozu, tağdıra tədbir yoxdur. Bax böyün bırda yazıla ki, mənim başıma bir oğat gələjəy, onu pozmağ yoxdu. İlahi yazıf da.
II mətn
Bir gün Şah Abbas vəziri Allahverdi xanı da götürür çıxır səyahətə. Dərviş libaslı olullar. Gedir, bı şəhər mənim, o şəhər sənin. Gedip bir kəndə çıxıllar. Kənddə birəz nə bilim, mərsiyə-zad deyillər, pul yığıllar. Sora gecə buları qonağ eliyən olmur. Qalıllar ikisi də çöldə. Naxırçı gəlir. Gedir naxırdan çörəyi yığmağa. Çörəyi yığanda görür, ə, burda iki kişi oturuf. Deyir:
– A kişi, bırda niyə oturmusunuz?
Deyir:
– Vallah, neyniyəh, qonağ eliyən yoxdu.
Deyir:
– Ə, gəl bura. Gəlin gedəciyih bizə. Amba tay, evimiz çoustandı41. Düzdü, qapıda artırması var, orda yerıızı salajam. Çörəyi də, bu naxır çörəyinnən yeyehsınız.
Deyir:
-
Əşi, nə olur olsun, evin olsun.
Gedillər, bılar, baxır görür ki, çox imkansız adamdı bı. Day nə bilir? Deyillər ki, dəvrişdi da ikisi də. Görüllər ki, ayə, bının doordan bir arvadı var, hamilədi, uje yetdihdi. Amba o qəddər də uşağı var, həddən artığ. Dört-beş.... Nəyisə. Allah verənnən yeyillər. Bu çavusdanın artıması varımış. Bırda bılara yer salır. Özdəri çavusdanda yatır, mərəyin içində. Gecənin bir yarısı arvat başdıyır vayhameyi42 yerə qoymağa. Bu arvat doğannan sora vəzir görür ki, bir kişi peyda oldu, gejənin bir yarsı. Bı kişi arvat yatan yerə girəndə yapışır qolunnan:
-
Ə, hara gedirsən, görmürsən orda, arvad doğup? Sən hara gedirsən ora?
Deyir:
– Ə, sənin gördüyünə baxma, məni heş kəs görmür.
Nəyisə. Gedir.
Deyir:
– Hara gedirsən?
Deyir:
– Gedirəm onun yazısın yazam. Onun yazısın yazmağa gedirəm mən.
Gedir. Çıxır.
Deyir:
-
Ay qardaş, nə yazdın? Maa de da, başına dönüm.
Deyir:
– Beyjə Şah Abbasın bir qızı olufdu, o qızı bu oğlana yazdım.
Deyir:
– Ə, naxırçının oğluna?
Deyir:
– Hə.
– Ə, nə danışırsan?
Deyir:
–Vallah ( söyləyici gülür – top.).
Səhər durur. Şah Abbasa deyir ki, şah sağ olsun, beyjə sənin bir qızın oluf, bu naxırçının da bir oğlu oldu. Sənin o qızını bu naxırçının oğluna yazıp. Belə bir hadisə oldu. Deyir:
– Hə, o yazan belə, oyan, bayan. O kimdi? Onu mən pozaram.
Deyir:
– Yox, şah sağ olsun, heç ora-bura əl-ayağ atma, Allah yazdığı yazını poza bilməzsən.
Deyir:
– Yox, pozajam.
Deyir:
– Nə deyirəm?
Naxırçını çağırıf deyir:
– Naxırçı.
Deyir:
– Hə.
Deyir:
– Qardaş, başaa dönüm, görürəm sənin on-on uşağın var da, mən züryət üzünə həsrətəm. Beyjə olan oğluu ver maa. Uşağı qoyax tərəzinin bir gözünə, qızılnan barabər. Ver onu maa, mən aparım. Mənim də zuriyətim olsun.
Deyir:
– Ay dərviş qardaş, mən ona hes-zad dəəmmərəm, çünki mənim şərikim var. Anasıynan danışıb saa dəə bilərəm.
Anasıynan danışır. Deyir:
– Əşi, ver də. Noolajax? Birinci, Allaha da xoş gedər, ikinci də yəqin züryəti yoxdu. Bizim də o qədər qarnı açığ, başı açıx uşağımız var, bax gör, saxlıya bilmirih. Uşağı gətirir, qızılnan barabər qoyur. Uşağı götürür, gedir. Gedillər indi başqa kəndə. Gedir bir sıldırım qayanın başında dayanır. Deyir ki, vəzir, indi bax. Uşağın əyağınnan tutuf tulluyur ağzı aşağı tərəf. Deyir:
– İndi yazsın görüm, yaza bilir?
Guya rəvayətə görə, uşağı göydə tutullar, qoyullar ora, bir yerə. Ta heş-zad olmur. Allah-taala tərəfinnən bir ceyran gündə gəlir bu uşağı əmizdirir, gedir. Bir gün bir ovçu gedirmiş, görür, ə, ceyran sərilip nəysə. İsdiyir vura. Deyir, ə, sən öləsən, balası var, əmizdirir. Bını vırmağ olmaz. Birəz yaxınnaşır, ceyran qaçır, görür yerdə nəysə qaldı. Tez gedir, görür ki, ə, bı, bir oğlan uşağıdı. Deyir, mənimkin Allah yetirib, züriyyətimiz yox, bir şeyimiz yox. Götürüb tez qaçır, gəlir əvə. Ovçu deyir ki, arvad, belə bir şeydi, Allah yetirib maa. Sən də qoynunnan onu sal, lap olsun doğma oğlumuz. Allah yetirib. Nəysə, bu uşağı elə böyüdüllər, keyfin isdiyən. Qulluğ eliyillər. Bı yekəlir, uje om beş-on altı yaşına çatır. Yenə bir günnərisi indi bı səfər Şah Abbas dərviş libasında yox, öz libasında bütün məmləkəti gəzir, bıra da gəlir. Buranın da kətxudasına deyillər ki, şah ordan gəlip, gələcəh sizin kəndə, o kətdən də çıxıp gedəjəh. Kətxuda da burda çay, çörəh, yaxşı yeməh hazırrıyır, ağsakqalı, qarasakqalı yığır. Bu şaha layiq bir adam tapbır ki, şahın qabağına çay aparsın, çörəy aparsın də. Hamı gedə bilməz. Hamı deer, ovçunun oğlunnan başqa heş kəs onu apara bilməz. Ovçunun oğlu apara bilər. Deyillər, gəlsin. Ovçunu çağırıllar. Deyir, nə deerəm, gəlsin də. Dəə bilər ki, vermirəm? Nəysə, şah gəlir, vəzir Allahverdi xannan düşür, sifdə məhrəba çiynində, afdafa əlində, içəri girən kimi vəzir Allahverdi xan gülür. Deyir:
– Vəzir, nəə gülürsən? Mən şaham, məni görmüsən? Neçə ildi yanımda işdiyirsən. Bırda da bizdən başqa bir kəs yoxdu. Pisəmsə də, Allah yaradıp, yaxşıyamsa da. Niyə gülürsən? De də.
Deyir:
– Şah sağ olsun, bilirsən nə var?
Deyir:
– Nədi?
Deyir:
– Vaxdilə sənin qızaa yazılan oğlandı bı. Ona gülləm ki, sən tulladın haa qayadan.
Deyir:
– Həylə şey ola bilməz.
Deyir:
– Bıy. Çağır soruş.
Nəyisə. Çörəh-zad yeənnən sora, şah deyir ki, bu oğlanın sahibi kimdi? Deyir ki, ovçunun oğludu. Deyir:
– Ovçunu çağırın gəlsin.
Ovçu gəlir. Deyir:
– Ovçu, sənnən bir söz xəbər alacam. Düzün dedin, saa ənam da verif, çıxıf gedəcəm, nağdısın mən billəm. Səf dedin, boynunu vurdurajam.
Deyir:
– Əşi, mən kiməm ki, şahın qarşısında səf danışam?
Deyir:
– Sən maa deynən görüm, bu oğlanı hardan tapbısan? Kimdi? Deyir, öz oğlun dəyil, mən bilirəm.
Deyir:
– Şah sağ olsun, yalanın nə sözü var? Filan yerdə bir qaya varıdı. Orda gördüm bir ceyran əmizdirir. Ordan tapıf gətimişəm.
Deyir:
– Hə, vəzir, düz deyirmişsən. Bıdı deyir, ovçu.
Deyir:
– Ha.
Deyir:
– O oğlanı verehsən maa, göndərəcəm İsfahana, bir kağız var, aparıf vəkilə verəjəh, çünki mənim ürəyim bircə bına qızır.
Tay nə dəə bilər bı? Deyir:
– Nə deyirəm.
Həə, bu götürür vəkilə bir kağız yazır ki, vəkil, bu oğlan ora çatan kimi bının boynun vırdırıb tökürsən quyuya, üsdün də basdırırsan. Bir dəyqə imkan vermirsən. Kağızı verir. Kağızı bükür, papağı varmış, papağın bırasına qoyur, çıxır gedir. Gethaget, gethaget, bıra İsfahan, ora İsfahan, gedif çatır. Gecə gedir çatır. Çatır, ə, mən harda qalım? Hamı yatıb, ora-bura. Görür, ə, bir yerdə güllü, bülbüllü, gəşəy bir bağ var. Deyir, sən öl, girim elə bu kolun altında yatım. Səhər durup gedərəm də, taparam vəkili. Bu girir, burda yatır. Bu da olur həmən qızın bağı ki, bı qızı o oğlana yazmışdılar. Bu qız durur, tezdənnən çıxır səyahətə, təmiz hava alsın, gəzsin. Bağı gəzir, gəzə-gəzə görür kü, kolun dibində bir qaraltı var. Gəlir belə baxır, görür kü, bu, bir oğlandı. Qız birinci səfər baxan kimi bına vırılır. Görür, ə, bı bir oğlandı ki, Allah-taala bını tək yaradıb. Burasına hərrənir, orasına hərrənir. Baxır, görür papağında bir kağız var. Kağızı xəlvət götürür. Gədə yatıf, xəbəri yoxdu. Oxuyur, görür kü, dədəsi yazıp ki, bu oğlanın çatan kimi boynun vırdırın. Bu bilirmiş da, atasının peçatın-zadın, hamısını bilirmiş. Keçir içəri. Götürür yazır ki, vəkil, bı oğlan ora çatan kimi qızımı verib ona, yeddi gün, yeddi gecə toy eliyəjəhsən, bir dəyqan əskih olsa, boynuu vırdırajam. Onnan sora oğlan da qıznan gedir qızın evinə, qızın otağında qalıllar. Səhər bir də gətirir qatdıyır qoyur dədəsinin əvdəki peçatınnan vurur qız, gətirir, qoyur oğlanın qabağına. Oğlan durur tezdənnən bura vəkil, ora vəkil, gedir, sarayı tapır. Deyir:
– Şah Abbasdan kağız gətimişəm.
Kağızı alır. Görür yazıb ki, vəkil, bu oğlan ora çatan kimi mənim o balaca qızımı verip yeddi gün, yeddi gecə toy eliyirsən, bir dəyqə əskih olmamalıdı. Həə, tez əmr verir. Toy hazırrığı olur. Yeddi gün toy vırdırır, qızı verir bına. Bu da qalır bırda. Deyir:
– Bırda da qalmalısan, paççah deyif. Heş yerə gedə bilməzsən.
Qalır qızın imarətində. Bunnar o qədər bırda qalıllar ki, bir oğlannarı olur. Uşağ olur üş yaşında, qolunnan tutub yeritməli. Şah da bir neçə ilin müddətinə getmişimiş də. Xəbər gəlir ki, carçı gəlir ki, uje şah qayıdır. Hamı çıxır bının pişvazına. Bı da deyir ki, çıxax da dədəmin qabağına. Çıxır. Uşağın bir əlinnən gədə tutur, bir əlinnən də qız. Uşax da yeriyə-yeriyə gedir. Vəzir o yannan gəlirmiş, bıları görən kimi gənə gülür. Deyir:
– A vəzir, indi nəyə gülürsən?
Deyir:
– Şah sağ olsun, düz yeddi ildi, on ildi sənnən döyüşürəm ki, bı yazıya pozu yoxdu. Sən gündə bir hokqa çıxardırsan. Deyir, o gələn sənin qızındı, o sənin nəvəndi, o da həmən göndərdiyin oğlandı, alıf qızı.
– Ə, sən nə danışırsan? Vəkili gör neyniyəjəm?
Deyir:
– Neyniyehsən, ta orasını özün bilərsən.
Gəlir görür, qız bınındı. Görüşüllər. Belə əlüjü bı oğlannan da görüşür, uşağnan da. Heç evə getməmiş qırmızı geyinip çıxır taxda. Vəkil gəlsin bıra.
– Ə, vəkil, sən nə ixdiyarnan mənim qızımı götürüb vermisən gədənin birinə, mən nə bilim kimə, nəyə?
Deyir:
– Şah sağ olsun, sən yazmısan əmir, mən də eləmişəm.
Deyir:
– Nə yazmışam, ə?
Deyir:
– Yazmısan.
Deyir:
– Kağızı saxlamısan?
Deyir:
– Bəli. Kağızı mən ata bilərəm?
Kağızı gətirir. Şah baxır görür kü, hə, düzdü, elə xətd də bının xətdinə oxşuyur, ama peçat bınındı. Özü də yazılıf ki, yeddi gün, yeddi gecə toy elə. Deyir:
– Soruş, bircə dəyqə kəm eləmişəmsə, boynumu vurdur.
Onnan sora deyir, hə. Vəzir düz deyirmiş. Yazıya pozu yoxdu.
III mətn
Guya ki, şahın qızının talehi yazılmamışımış. Qalmışımış. Deyiflər, bu gecə gələcəhlər şahın qızına taleh yazmağa. Qızı aparıb qoyullar bir küşdə, tölədə. Gəlillər, sifdə heyvannardan başdıyıllar. Həə, bu qurbannıxdı, bu ehsana gedəcəh, bu mundar olacax, munu çakqal yeyəcəh, bu da böyüyəcəh. Birdən qayıdır, ə, şahın qızı da qalıb burda. Deyir, ə, muna yaxşı taleh yaz. Sən Allah, üzr isdiyirəm, da soruşursuz, mən deyirəm. Qırx gün də buna pozğunnux yaz. Bunu qulağıynan eşidir. Vaxd gəlir, bunun talehi açılır, gedir. Yaxşı üş dənə də uşağı olur. Dediyi vaxd çatır də. Qız axı munu bilirmiş. Bildiyinə görə durur özünün başının kalağayısını açır, özünü asır. Aparıllar bunu kəfn-dəfn eliyillər guya ki. Gecə qavır munu sıxır atır çölə ki, sən ölməli deyildin, niyə ölmüsən güya ki. Qalır. Səhər gəlmir də evə, gedir. Qırx gün bu, deyilən yola düşür, qırx günnən sora gəlir çıxır evə. Deyir, Allahın yazdığını poza bilmərəm.
ŞAH ABBASLA KASIB
Belə eşitmişəm Şah Abbası. Elə bil kasıp bir kişi varıymış. Heş bir şeyi yoxuymuş. Bir-iki toyuğu varımış. Toyuğu satır verir yemiş-qarpız cəvirdəyinə. Qışın günü aparır, əkir. Camahat toxum əkən vaxdı bının yemiş-qarpızı hasara çatır. Kişi durur yühlüyür, üzdən irağ, əl ulağına, aparır. Şah Abbas da vəzir Allahverdi xannan dərviş-libas oluf gəzirmişdər. Həə. Deyir, Şah Abbas bınnan qavax gələndə deer, a kişi, yükün nədi? Bı dimmir. Bir də deer, a kişi, yükün nədi? Bı dimmir. Bir də deer, a kişi, yükün nədi, niyə dimmirsən? Deyir, sən gör nətəər biqanacağ adamsan ki, yük ulağın belindədi, maa deersən, a kişi, yükün nədi? (Söyləyici gülür – top.). Hə, deer, bəs bı nədi? Dedi ki, aparıram Şah Abbasın mənzilinə, bəlkə maa bir az dolanışıxdan, puldan-zaddan verə, dolanam. Deyir, nolar, get. Gedir. Gedir oturur məkanında. Görür ki, qışqırıllar, ay yemiş-qarpız alan, hay. Deyir, onu gedin bırya gətirın. Deyir, a kişi, satdığın nədi? Deyir, yemiş-qarpız. Deyir, a kişi, bu vaxdı yemiş-qarpız olmur, bəs belə şey olar? Deyir ki, Vallah, şah sağ olsun, əhdiyim qışın günü əmələ gəlif dayna. Kasıb adamam, heş zadım yoxdu. Deyir, bəs bını nəyə gətimisən? Deyir, elə gətmişəm ki, maa bir az puldan-paradan verəsən, dolanam. Hə... Gətirir bının yemiş-qarpızın alır, bına bir az pul verir, ta bının elə bir şeyi yoxumuş ki, civinə-zadına qoya. Pulu qoyur, üzdən irağ, eşşəyin alığına. Buna him eliyir ki, get, gəlif bir savetdığın43 hak-hesavın, gəlir pulunu alarsan. Bı gedənnən sora vəzir Allahverdi xan deer ki, şah, o pulu ona verdın, yaxşı elədın. Bı camahatın gəlirin niyə verdın? Deyir ki, mən vermədim, Allah verdi. Deyir, sən öl, gedijəm o pulu onnan alam. Duruf daldan tərpənir vəzir, geyinif-keçinif. Deyir, a kişi, hey! Deer, hey! Deyir, yavaş get, o pulu sənnən alejem. Deyir, a kişi, mən onsuz da lütəm, kasıbam, alajexsan, alajexsan, mən nə deyim. Nəysə, çatır, deer, yox, kişi, sənnən bir-iki söz soruşajem. Əyər dedın, o pulu sənnən almejem, deməsən, alejem. Deyir, a kişi, dünyada gedijəh çoxdu, gələjəh? Deyir, gedijəh çoxdu. Deyir, niyə? Gedijeh gedip, gələjəh də onun dalınca gedir. Həə, bir də deer ki, dünyada kadın çoxdu, kişi? Deyir, kadın çoxdu. Deer, niyə? Kişi çox olar. Deer, yox, kadın kadındı, elə kişi də var, o, kadınnan betər kadındı. Bını da deyir. Həə. Bir də deyir ki, a kişi, Allahın yerin bilirsən? Deyir, hə. Deyir, harda? Deyir, ode, o yalın dalındadı. Kişi deyir e. Deyir ki, indi onun yanına gedə bilərsən? Deyir, ay vəzir, sən özün şah vəziri, gör bı abırnan, bı livasnan Allahın yanına getməh olar? Deer, bəs neyliyəh? Deer, sən livasını soyun ver, mən geyim, gedim görüm Allah nə qayırır. Livasın soyunur verir bına. Gözün oğurruyur, eşşəyin alığınnan pulu da çıxardıp qoyur bırıya (qoynunu göstərir – top.), üzəngini basır, atı minir. Deer, di sür gör Allah nə qayrır. Deer, Allah qaltax44 qayrır. Səni qaltaxdan aşırdır, məni mindirir. Get Şah Abbasa denən gərəh bı atla livası da ordan maa vereydi.
Bax Şah Abbasdan bunu bilirəm. Bir də həmməşə o deyirmiş ki, məni elə yerə aparın ki, orda mənnən böyüh adam olmasın. Böyüh, yanı uşax, körpə uşax yanına aparma məni.
HAZIRCAVAB BƏHLUL
İki paşşah vardı. Bunnarın sarayınnan, imarətinnən kənarda bir elçi daşı vardı, böyüh elçi daşı vardı. Həmin elçi daşına gəlif çıxan adam paşşahın qızın isdiyərdi. Bir gün paşşah çıxdı aynabəndə, seyvana. Küləfirəngi deyirdilər. Paşşah gördü bu elçi daşının üsdündə bir nəfər adam əyləşif, onun paltarı, əbası-zadı bizim devlətdə yoxdu, şəhərdə yoxdu. Deməli, bizim məmləkətin adamına da birəz oxşamır. Vəzirin çağırır. Vəzir, vəzir! Gəldi. Dedi, şah sağ olsun, mənim üçün buyrux? Dedi, get gör o daşın üsdündə oturan elçi kimdi? Bizim məmləkətin adamına oxşamadı əbasınnan. Vəzir gəldi, elçi daşının üsdünə çatanda salam verdi. Elçi daşının üsdündə oturan adama salam verdi, elçi dimmədi. Cibinnən bir qələm çıxartdı. Belə bir dayirə çəhdi, qövis. Dimmədi. Vəzir getdi şaha salam-kəlam eliyənnən sora, dedi, Vallah, paşşah sağ olsun, o bizim döölətin, hökumətin adamı döyül. Salam verdim, başa düşmədi. Daşın üsdündə belə bir dayirə çəhdi. Dedi, mənasın bildin? Dedi, yox. Dedi, Bağdadi-Xəlifənin qardaşı Bəhlul Danəndədən soruşax, o bilər. Dedi, gedin, hardadısa tapın, onu mana gətirin.
Nəysə, uzun sözün qısası, getdi Bəhlul Danəndəni tafdı, olan əhvalatı ona danışdı. Dedi, filan paşşah səni çaarır. Bullar gəlməhdə olsun. Deer, yolda Bəhlul Danəndə deer ki, gəl bazar səmtinnən gedax. Bazar səmtinnən gələndə Bəhlul Danəndə bir balaca xoruz, balaca beçə deyillər əbasının altına vurdu, bir dənə pıçax götürdü, iki dənə də qoz cibinə saldı. Gəldi, paşşaha salam-kalam elədi. Paşşah dedi ki, Bəhlul Danəndə, get gör o adam nə deer, o elçi. Vəzirim bilmədi. Gəldi salam-kalam eliyəndə, o elçi cavab vermədi, o dayrəni gösdərdi. Axı, Bəhlul Danəndə pıçax götürmüşdü. O dayrəni iki yerə böldü. Elçi civinnən bir avış darı çıxardı, atdı daşın üsdünə. Bəhlul Danəndə əbasında bir çolpa – xoruz götürmüşdü. Beş dayqada xoruz onnarı dənnədi. O sahat elçi civinnən bir böyüh soğan çıxartdı, qoydu arıya. Bəhlul axı bazardan gələndə qoz almışdı, qozdarı da qoydu soğanın yanına. Elçi durdu getdi öz məmləkətinə tərəf. Bəhlul da durdu gəldi paşşahın yanına. Salam-kalamnan soora paşşah dedi, Bəhlul, onun mənasın bildinmi, onu yola sala bildinmi? Dedi, bəli, bildim, paşşah sağ olsun. Dedi, o, nəə gəlmişdi? Dedi, onu o məmləkətin paşşahı göndərmişdi ki, mana tabe olsun, mən güjdü devlətəm. Mən də bazardan gələndə civimə bir pıçax aldım qoydum, iki qoz aldım qoydum, bir də bir xoruz aldım. O, dayrəni görsədəndə pıçağı çıxartdım, dayrəni iki yerə böldüm, dedim ki, dünya bir paşşahın ola bilməz. Belə şey olmuyuf tarixdə. İki yerə böldüm – biri sizin, biri bizim. O elçi o dəəğə əsəbləşdi ki, bizim saysız ordumuz, qoşunumuz var, yəni alajayıx. Bir avış darı çıxartdı daşın üsdə atdı. Mən də bir çolpa vurmuşdum qoltuğuma – əbamın altına. Onu çıxartdım atdım. Beş dayğada dənnətdim ki, sizin yüzünüzə bizim birimiz bəsdi. Özünüzü yığışdırın. O, o sahat bir soğan çıxartdı atdı ki, ajılıx saldın. Mən də, üzr isdiirəm, çıxartdım iki qoz atdım ki, ajılıx düşür mənim q..darıma kimi... Ajılığı sən salmısan, mən salmamışam. Elçi hirsdəndi, çıxdı getdi.
ALLAH AĞLIMIZA DƏYMƏSİN
Biri varıymış, hə bir kişi varıymış. Bı kişi dünyada heç yetimə, yesirə, qonağa heş bir hörmət eləməmişimiş, ya bir çörəh verməmişimiş. Bıın da bircə oğlu varımış. Bı gedir, deməli, bir halal süd əmmiş kişinin qızın elçiliyir, alır bı oğluna. Elə bilginən şıx kimi olur ha, bax bı zənən. Elə bir gəlin olur ki, ayrı cür. Nəysə, aradan bir ay, üç ay keçəndə bı gəlin görür ki, bı kişi toydakı kişi döyül, kişi ölür. O dünyeynən əlləşir. İrəli vaxdı gəlinə gərdəh qururdular. Bir günnəri durur gərdəyi siyirir, deyir, fılankəs əmi, hey. Deyir, mən gedejem. Niyə sən bı abıra düşüfsan? Gərəh maa deyəsən. Deyir, məəm ayrı dərdim var, odum var. Deyir, yox, gərəh deyəsən. Çox sözdən sora deyir, qızım, bəs Allahdan gizdin olmuyan iş sənnən niyə gizdin olsun? Allah-taaladan sada gəlif ki, sənin varyatını alajam. Deyir, a kişi, elə bınnan ötrü? Deyir, hə. Deyir, bı hasat bir məsələdi, bını sən niyə ozünə dərd eləmisan? Bı gəlin də elə bir dərrəkəli, ağıllı bir gəlinimiş. Gözdüyür, peyğəmbər gəlif toya gedirmiş o vaxd. Yüyürür, gedir peyqəmbərin əlinə-ayağına döşənif ziyarət eliyir. Deyir, ay qızım, nə mətləbin var, maa de. Niyə əlimə-ayağıma döşənirsən? Bəs nə mətləbin varsa, maa de. Deyir, ya peyqəmbər, canım saa qurban olsun. Mən ha belə bir kişinin bir oğlu var, onun yoldaşıyam, çox da variyətdi olub. Nəysə, Allahdan sada gəlif ki, onun varyətin alajam. Get Allah-taalıya denən ki, bizim varyətimizi alsa da, ağlımızı almasın. Gedir peyqəmbər, deyir. Deyir, ya peyqəmbər. Deyir, hey. Deyir, get o zənənə denən kin, afərin onun ağlına-kamalına. Mən qavaxcan adamın ağlın alıram, sora variyətin alıram. O varı bağışdadım ona, yesin də, yedirtsin də. Dolansın. Onnan sora kişi gəlir, başdıyır yol çəhdirir, körpü tihdirir, nə bilim. İndi helə o hər cürə adamlar var, hər cürə. Hər cürə nağıl da var.
HARIN QARININ QIZILLARI
I mətn
Həə, Bəhlul Danəndə də həmməşə qarğunu minif şəhərdə gəzirmiş. Hə, bının qardaşı varımış – Bağdadi-Xəlifə. Deyir ki, ə, qardaş, sən də bir yurt yeəəsi ol, bir yerin olsun, bir yurdun olsun, bi şeyin olsun. Deyir ki, mənim o qədir variyətim var ki. Ə, qardaş, sən də birəz taxıl əh, deyir. Gedir, bir az toxum alır gətirir, aparır göyxramnıx qəliyə45 səpir. Deyir, ə, qardaş, bı milləti özuna güldümə, orda taxıl olmaz. Deyir, Allah versə, o daşın üzündə də olar. Deyir, ə, qardaş, yazıxsan, düzdərdə qalmısan. Deyir, yox. Deyir, quşun dilin bilirmiş o Bəhlul. Gedir bir beş, on, irmi qoja mal, gamış, nə bilim, kəl alır, aparır bir dərədə qırır, oturur orda, yanında. Gəl ki, quşhaquş quzannar46 gəlir. Qışqırtıdan qulax tutulur. Bı da oturuf tamaşa eliyir. Deyir, bax ki, quşğunnardan biri deer ki, qoja baba gəlmədi, qoja baba gəlmədi. Aradan bir xeyləh keçəndə görür ki, göynən birin gətirillər, qanadı-zadı qırıx gətirillər salıllar leşin içinə. Yeyir, deyillər, qoja baba, heş belə bollux görmüsən? Deyir, yox, bala, heş belə bollux görməmişəm, ama irəli vaxdı Harın Qarın olufdu. Onun yeddi küp qızılı odu, flan yerdədi. Bının yerin bilir. Gedir kankan tapır, bı yeddi küp qızılın yeddisin də qazır, gətirir, tökür meydana. Padşahlara deyir, gəlin hərənız birin götürün. Deyillər, yox, biz sənnən bacara bilmərih. Bəhlul da həylə olur.
II mətn
Bəhlul Dananda beleymiş. Bəhlul Danandaya qardaşı deyirmiş ki, ay Bəhlul, gələndə məclisimə yaxşı geyin gəl. Gələndə bi dəs köhnə paltar geyirmiş, gedirmiş, orda qapının ağzında otururmuş Bəhlul Dananda. Qardaşı deyif, niyə bizi biyavır eliyirsən? Deyir, niyə, noluf? Axırı bir gün bu məjbur eliyir, bir dəs təzə paltar geyir, gəlir qardaşının yanına. Bunu çəkillər məclisin başına. Donunnan tutur deyir, ye, donum, ye. Ye, donum ayyamıdı, ye.
Gedir nə qədər arıx, axsax mal alır, gətirir, kəsir, tökür bir düzə. Bir düzə tökür. Qarğa-quzğun yığılır, gəlir, yeyir. Gördülər ki, bir quzğun zoran gətirir quzğunnarı, bir lüt quzğunu. Gətirəndə deyir ki, bu nəyindi? Deyir, atamdı. Quzğunnarın böyüyünün atasıdı. Quzğunnar deyir, atamdı. Quzğuna deyiflər, bava, heç belə bollux görmüsən? Deyif, o vaxdı Harın Qarının dövründə indi nə vaxd, neçənci ilimişsə, onda belə bir bollux gördüm. Onda yedilər, odey ha, küplərnən qızılı filan yerdə yatır. Ordan gedir həmin qızılları Bəhlul Dananda çıxardır gətirir tökür, qardaşına deyir, nə qədər yığırsan, qohum-öylədinə verirsən ver. Bax Bəhlul Dananda budu.
Dostları ilə paylaş: |