AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr IV kitab



Yüklə 5,93 Mb.
səhifə22/31
tarix07.01.2017
ölçüsü5,93 Mb.
#4721
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

19. ƏDALƏTSİZ ŞAH
İki kasıf dost olur. Onnar fəhləlih eliyir da, dolanıllar. Bir dənə komada oturullar. Bir gün eşidillər ki, carçı çağırır ki, bəs sabah quş uçurdacıyıx. Quş kimin çiyninə qonsa, onu şah seçəciyih. Dostun biri o birisinə qayıdıf deyir ki, birdən səni padşah seçsələr, sən nətər padşah olarsan? Qayıdıf deyir ki, mən o qədər ədalətdi şah olaram ki, yer üzündə hər yeri ədalət bürüyər. O birisi də ona deyir ki, bəs sən nətər şah olarsan? Qayıdıf deyir ki, mən də elə şah olaram qan su yerinə axar. Ədalətsiz bir şah olaram. Nəysə, iki dost belə danışıf deyir ki, əşi, kimdi e bizi şah seçən, kasıf, fəhlə babalarıx.

Nəysə, bir gün səhəri bı quşu uçurdullar. Quş gəlif qonur oğlanın birinin çiyninə. Hansı ki, deyir e, mən zalım padşah olacam, qan su yerinə axsın. Gəlif baxıllar ki, quş qonuf cavan bir oğlanın çiyninə. Deyillər, yox, yəqin quş düzgün qonmuyuf. Aparıf təzdən bir də uçurdullar. Quş yenə gəlif qonur oğlanın çiyninə. Məcbur oluf aparıf oğlanı şah seçillər. Bir gün belə, beş gün belə. Oğlan şah seçilənnən bir gün sora camahata o qəddər zülüm eliyir ki, qan su yerinə axır. Ta camahat bu zülümdən boğaza yığılır. Bir gün ağsakqallar yığışır, deyillər ki, gedək bının bir dosdu varıdı axı, bir yerdə işdiyirdilər. Gedəh dosduna deyəh, gəlsin bının yanına, bəlkə sözünə baxar.

Nəysə, gəlif bına deyillər. Oğlan da duruf gəlir. Oturur elçi daşının üstündə. Şah, sarayınnan baxıf görür ki, bunun fəhlə işdədiyi dostu oturuf elçi daşının üstündə. Adam göndərir, bını gətizdirir. Gəlir bınnan görüşür. Oğlan deyir ki, niyə belə zülümkar şahsan? Camahat yazıxdı, onnara niyə zülüm eliyirsən. Şah oğlana deyir ki, yadındadı oturmuşdux, sən dedin, əgər şah seçilsəm, mən ədalətdi şah olacam. Mən də dedim, zülümkar şah olacam. O quş gəldi mənim çiynimə qondu. Elə bı xalqa ədalətli şah lazım olsaydı, quş gəlif sənin çiyninə qonardı. Bı xalqa zülümkar şah lazımdı ki, quş da gəlif mənim çiynimə qonuf. Elə ona görə mən zülümkaram da. Bu xalqa belə şah lazımıymış. Dosdu bına ta heş nə demir, kor-peşman qayıdır, çıxır gəlir.
20. AĞILSIZ ADAM
Padşah vəzirə əmr eliyir ki, mənə ağılsız adam lazımdı. Vəzir düşür kəntbəkənd gəzir, soruşur, ən ağılsız adam kimdi, deyillər, filankəs, filankəs. Gəlir ki, bir yerdə böyük bir yığıncaxdı. Bir qırmızı isdoldu, biri oturuf çox ağayana. Bir də qara isdoldu, bir kişi büzüşüf duruf orda. Camahat hamısı sıraynan gəlir qırmızı isdolda oturanın əlinnən öpür, keçir o qara isdolda oturanın üzünə tüpürür. Vəzir deyir ki, bu nə bayramdı, nə mərasimdi? Deyillər ki, bu qara isdolda oturan kəndin kəndxudasıydı, çıxarıflar, indi qırmızı isdolda oturanı bu kəndə kəndxuda seçirik.

Deyir:


– Yaxşı, niyə o çıxanın hamı bir-bir üzünə tüpürür?

Deyir ki, bizim kəndin adətidi da. Vəzifədən çıxannan sora hamı onun üzünə tüpürməlidi. Deyir ki, o adam görmür kü, işdən çıxanın üzünə bu cür tüpürüllər? Deyir ki, niyə görmür, o da bizim kəndin sakinidi də. Deyir:

– Bəs o vəzifəni niyə qəbul eliyir?

Deyir:


– Nə bilək, qəbul eliyir da.

Vəzir də öz-özünə fikirrəşir ki, ən ağılsız adam bu olar da. Qolunnan yapışır gətirir padşahın hüzuruna. Deyir ki, padşah sağ olsun, tapmışam bir ağılsız adam.

Deyir:

– Nə cür sübut eliyə bilərsən ki, ağılsız adamdı.



Vəzyəti olduğu kimi danışır. Deyir, getdim ki, hamı bunun əlinnən öpür, keçir o birinin üzünə tüpürür. Soruşdum bu nədi, dedilər bizdə adətdi də. Vəzifəyə gələni belə təbrik eliyillər, əlinnən öpüllər, çıxanın da üzünə tüpürüllər. İndi bu o qədər ağılsız adamdır ki, fikirrəşmir, beş ildən sora bunu da çıxardajaxlar.
21. ÇÖRƏYƏ EHTİRAM
I mətn

Bir kasıf kişi olur. Görür ki, day yaşıya bilmir da, kasıfçılıxdan ölür. Peyğəmbər zamanasında bir gün gedif peyğəmbərə yalvarıf ki, ay peyğəmbər, elə elə ki, heç olmasa əlim bir çörəyə çatsın da, ölürüh axı. Peyğəmbər deyir ki, qoy gedim Allahnan kəlmələşim, saa gəlif deyəcəm. Peyğəmbər qurban olduğum Allahnan kəlmələşir. Allah deyir, mən ona çörəh verdim, getsin dolansın. Kişi gəlif deyir ki, ya peyğəmbər, saa qurban olum, nə xəbər gətirdin? Deyir ki, dedim, qurban olduğum dedi ki, mən ona çörəh verdim, getsin dolansın. Sora kişi hansı işin dalınca gedirsə, görür ki, əli gətirir. Əli pula çatdı, çörəyə çatdı. Ruzusu bol oldu da. Ruzu da olduxca baxır görür ki, evdə evin qadını, uşağı heş bu çörəyə fikir vermillər, əhəmiyyət vermillər. Kişi gəlif içəri girəndə baxıf görür ki, çörəyin qədrini bilən yoxdu. Deyir ki, ay allah, mən neyniyim ki, bunnar çörəyin qədrini bilsin? Duruf çıxıf yola. Peyğəmbər gələndə deyir ki, ya peyğəmbər, get bizim allahımıza denən ki, mən onnan bı qədər çörəh istəmədim. Bir az versin, qədrini bilsinnər çörəyin (istəmir də çörəh ayax altına düşsün). Peyğəmbər genə deyir, dayan gedim Allah-taalaynan kəlmələşim, sora deyərəm. Qayıdıf gələndə kişi deyir ki, Allah nə dedi? Peyğəmbər deyir ki, Allah deyir, getsin yuxa-çörəh bişirsin, versin uşaxları yesin, onda çörəyi azalajax. Kişi duruf gəlif qadınına deyir ki, ay arvad, daha bınnan sora yuxa çörəh bişir, qalın çörəh bişirmə. Qadın başdıyır yuxa çörəh bişirməyə. Yuxa çörəh də quru olur axı birəz. Tökülür yerə, birəz ora, birəz bıra. Kişi hər uşağı üçün arvadına bir önnüh tikdirir. Çörəh yeyəndə önnüyü tutur uşaxların qabağına, deyir ki, tökülən tökülsün önnüyün üstünə. Uşaxlar həylə də eliyir. Kişi bir il, iki il baxıf görür ki, daha da varrandı, çörəyi aşıf daşır. Kişi deyir ki, ay Allah, peyğəmbərdə də yalan olar, axı maa dedi yuxa bişir çörəyin azalajax. Ama azalmadı axı. Genə gedir yolda oturur. Peyğəmbər gələndə deyir ki, sizdə də yalan olur, ya peyğəmbər, sənə qurban olum? Deyir, dayan, gedim Allah-taalanın yanına, gələndə saa deyəjəm. Ama peyğəmbərə agahdı axı nə var, nə yox. Peyğəmbər gedif heç bı dəfə Allah-taalaynan kəlmələşmir. Qayıdıf gələndə kişiyə deyir ki, ay kişi, getdim sənin dediyini Allah-taalaya çatdırdım. Allah dedi ki, o kişi çörəyə həylə qiymət verir. Mən dedim yuxa çörəh bişir, çörəh quru olur axı. Tökülsün, gələn-gedən ayaxlasın da onu, onda sənin çörəyin azalajax. Sən onnan belə çörəyin qədrini bildin. Ona görə də get, oğul, bı çörəh sənindi. Sənin bir də çörəyin kəsilmiyəjəh.


II mətn

Bir dənə padşah varıymış. Padşaha səs, sorax gəlir ki, bu mahalda hamı acınnan ölür da. Bütün camahat ac qalır. Elə adam var ki, bir uşağı var, ama çörəh tapbır ki, yedizdirsin. Ama bir gəlin var. O qadının səkgiz-dokquz uşağı var. Onnarın uşaxları həmişə çörəh tapıllar yeyillər. Padşaha bu maraxlı gəlir ki, o qadın neyniyir ki, onun uşaxları aj qalmır. Padşah vəzirin, vəkilin də götürüf gedir mahalı gəzir. Görür ki, uşaxlar hamısı aj-susuzdu. Görür bir dənə uşax var. Anası uşağı çağırır, çörəyin arasına nəsə qoyur, verir uşağa. Uşax çörəyi yeyir, tökə-tökə, ayaxlıya-ayaxlıya gedir.

Gedif çıxır səkkiz uşağı olan qadının evini tapır, gəlir ora. Görür ki, qadın süfrə açıf. Uşaxların hamısını otuzduruf, hərəsinin də əlinə çörəh verif. Çörəh də quru çörəhdi da. O vaxtı yaxşı çörəyi kim tapırmış ki, quru çörəymiş da. Quru çörəh verir bınnarın əlinə. Uşaxlar yeyillər, ama yerə tökülmür da. Padşah yaxınnaşıf bınnara. Görür ki, uşaxların hərəsinin boynunda bir torba var. Qadın tikif də. Padşah deyir ki, niyə tihmisiniz bu torbanı? Anaları deyir ki, padşah sağ olsun, bu torbanı tihmişəm ki, uşaxlar yedihcə qırıxları tökülsün bu torbanın içinə. Əyağ altına tökülməsin, ayaxlamasın da. Uşaxlar da yedihcən tökülür torbanın içinə. Torbanın içindəkiləri təzdən qaba tökürəm. Uşaxlar onu təzdən yeyillər da. Yerə çörəh düşmür.

Padşah deyir ki, həə, gəlin qayıdax. Vəzir deyir ki, ay padşah, nə annaşdırdın, bu uşaxları nəynən dolandırır bu qadın? Padşah deyir:

– Bu qadına Allah verir. Ona görə ki, bu qadın çörəyin qədrini bilir.
22. OTUZİLLİYƏ VERİLƏN VAR-DÖVLƏT
Bala, genə də bir kasıf kişi olur. Həmən kişi kasıflıxdan ölürmüş. Deyir ki, gedirəm Allah-taalanın yanına, onnan birəz var-döölət istiyəm, mən də yaşıyam. Kişi gedir peyğəmbərin yolunda durur. Deyir ki, ya peyğəmbər, mənim allahıma denən ki, yazığam. Maa birəz var versin, döölət versin mən də yaxşı dolanım. Peyğəmbər gedir Allah-taalanın yanına. Qayıdanda deyir ki, Allah dedi ki, get o kişiyə denən ki, iyirmi, otuz illiyə saa bu qədər var verdim, get dolan. İyirmi-otuz ildən sora o varı sənnən elə alajam, sənin bu günün o günaa şükür olsun. Peyğəmbər gəlir kişiyə deyir ki, Allah-taala maa belə dedi. Saa iyirmi, otuz illiyə var-döölət verir. Ama deyir ki, otuz ildən sora onu pis vəzyətə salajam, varı-dööləti əlinnən alajam.

Kişi fikirrəşir deyir ki, əşi, hələlik gedim otuz il dolanım, sorası da Allah kərimdi, pənah Allaha. Durur gedir. Günü-günnən bının varı, dööləti artır. Bının uşaxları da böyüyür. Yaxşı imarat-zad tihdirir. Bir gün kişinin oğlu deyir ki, ata, get padşahın qızını al maa. Kişi deyir ki, ay bala, səni and verirəm Allaha, padşah hara, biz hara. Ama kişi Allahın ona dediyi sözləri demiyif onnara, yanı evdəkilərə. Bircə özü bilir. Bı kişi nə qədər oğluna deyir ki, ay oğul, alma o qızı, sora peşman olarsan. Deyir ki, yox, alacam. Almasam, özümü öldürəcəm. Kişinin əlacı kəsilir, duruf gedir padşahın yanına elçiliyə. Padşah da baxıf görür ki, bu padşaha layıq bir adamdı da, hər şeyi var. Padşah qızını kişinin oğluna verir. Oğlu götürür gəlir qızı evlərinə.

Allah-taalanın dediyi vaxtın tamam olmasına bir il qalanda kişi günü-günnən geri gedir, düşür yorğan-döşəyə. Pis günə düşmənlərindən qorxur da. Gəlin gəlir qaynatasına deyir ki, ay ata, saa noluf, günü-günnən əriyirsən? Axı saa noluf? Hər şeyin var. Varın, döölətin, nə bilim nəyin, oğlun, qızın, nəvə-nəticən. Niyə bu günə düşmüsən? Kişi gəlinə deyir ki, ay gəlin, mən biləni sən bilsən, sən də belə olarsan. Gəlin deyir ki, nə var ki? Padşah qızıdı da, savatdı adamdı, əl çəkmir. Mənə deməlisən görüm sənin dərdin nədi? Kişi deyir ki, bala, öz oğluma, qızıma, arvadıma açmamışam, saa açıram. Qızım, bı varı-dööləti Allah-taala maa vaxtnan verif. İndi bı il başa çatan kimi Allah-taala bı varı bizdən alacax, bizi elə bir günə qoyacax ki, əvvəlki gününnən də pis olacax. Biz heç, o günə, yanı kasıfçılığa örgəşmişih, dözəciyih. Mənim dərdim sənsən, qızım. Axı sən padşah qızısan, qızım, dözmərsən o günə. Ona görə də mən belə günə düşmüşəm.

Deyir:


– Ba, mən də deyirəm ki, nəə görə belədi?

Gəlin qaynatanı durğuzuf geyindirir. Tutuf qolunan götürür gedir. Deyir ki, gəl gedəh, mən peyğəmbərə deyim, getsin Allah-taalaya, bir söz deyəcəm, sözümə cavab gətirsin. Qaynatasınnan gedir peyğəmbərin yolunda oturur. Peyğəmbər gələndə kişi deyir ki, ya peyğəmbər, saa qurban olum, bı mənim gəlinimdi. Sənnən bir xayişə gəlif. Deyir ki, qızım, nə xayişdi?

Deyir:

– Ya peyğəmbər, saa qurban olum, get bizim allahımıza denən ki, o kişinin gəlini deyir ki, ey mənim allahım, bizim varımızı da al, döölətimizi də al, nəyimizi alırsan al, təki bizim canımızı sağ elə, bir də bizim mehribançılığımızı əlimizdən alma. Qalan hər şeyimizi al. Qurban olduğum da deyir ki, yaxşı, gedif deyərəm.



Peyğəmbər gedif Allah-taalaynan kəlmələşəndə deyir, sənin bəndən öza agahdı da. Allah-taala deyir ki, get o bəndiyə denən ki, o varı-dööləti oğulbaoğul verdim saa. Peyğəmbər durur gəlir. Deyir ki, Allah-taala deyir ki, varı-dööləti verdim onnara.

Kişi ikinci dəfə bir də gedir peyğəmbərin yolunu kəsir. Deyir, ya peyğəmbər, sizdə yalan olmaz axı. Allah varı, dööləti vaxtnan vermişdi. İndi noldu, onun hamısın birdəfəlih verdi maa? Nədi, nədi gəlin bir söz deməhnən belə olur? Peyğəmbər gedir Allah-taalanın yanına, qayıdıf gələndə kişiyə deyir ki, a kişi, bilirsən Allah o varı-dööləti sizə niyə verif? Sənin canı sağ eləmiyənnən sora, mehribançılıx olmıyannan sora, var olar? O, savatdı padşah qızıdı, deyir ki, bizim canımızı sağ elə, bir də mehribançılıxımızı əlimizdən alma. Can sağ olanda, mehribançılığ olanda var öz-özünə gələjəh.


23. ŞAH ABBAS VƏ ÜÇ OĞRU
Şah Abbas qapı-qapı gəzir. Görür ki, xəzinənin yanında üş nəfər adam var. Gejənin yarısı, üç nəfər adam xəzinənin yanında. Şah da şahdı axı, balaja adam deyil. Bilir ki, bular xəzinəni yarmağa gəlif. Oğru diliynən bulara deyir ki, kimsiz? Olar da oğru diliynən deyir... (Oğru dili də var, aşıq dili də. Məsələn, toya gedəndə öz yoldaşımnan mən nə danışsam heş kim məni başa düşməz). Hələ xəzinəyə yaxınnaşmıyıflar, aralıdadılar. Şah deyir ki, əlinizdən nə iş gəlir? Şah da adicə fəhlə paltarındadı ey, seçilmir bulardan. Buların libası hələ şahınkınnan yaxşıdı. Biri deyir ki, biz oğruyux, gedəjeyih oğurruğa. İt hürsə, biləjəm ki, o it nə deyir. Şah deyir ki, sən öl, sənin işin yaxşıdı. O birsinə deyir ki, ə, sənin əlinnən nə gəlir?

Deyir:


– Mənim əlimnən o gəlir ki, nətər çətin qıfıl olsa, ona əl buladımsa açmalıyam.

Deyir:


– Sən öl, səninki lap yaxşıdı.

O birsinə deyir ki, bəs sənin əlinnən nə gəlir? Deyir:

– Zülmət gejədə bir adamı görsəm, otuz il onnan sora onu tanıyajam.

Onnardan biri çevrilir deyir ki, bəs sənin əlinnən nə gəlir? Deyir:

– Mənim əlimnən o gəlir ki, ölüm ayağı oldu, can baratı oldu, gördüm ki, ölüm gəlif duruf, tənəzzül gəlif duruf, əlimi bığıma çəkəjəm o tənəzzüldən azad olajayıx.

Bular deyir:

– Sən öl, lap yaxşı.

Gedif xəzinəni yarıllar. Hərəsi bir kilo, yarım kilo qızıl götürür, paylaşıllar. Şah da öz payını götürür gedir öz evinə. Buların üçünü də tanıyır. Səhər qasidə deyir ki, getginən onnarı çağır. Qasid gedir çağırır, üçü də gəlir. Şah deyir, bu gejə şahın xəzinəsini yarmısız, sizi dar ağacınnan asdırajm. Dar ağaşdarın qurdurur, camahat yığılır, el yığılır. O adət çoxdandı ey. Axırıncı variantda deyillər nə deyirsən, asıllar səni. Biri deyir:

– Vallah, səyf eləmişəm, uşaxlarım var, ayləm var, yazığın gəlsin.

O birisi deyir ki, işdi olufdu, qələt eləmişik, amanın günüdü bizi öldürmə. Qızılını da veririk. Növbə adam tanıyana gəlir. Adam tanıyan deyir:

– Şah, biz xəzinəni dörd adam yarmışıx. Ya dar ağacın dörd elə, o adam da gəlsin asılsın, ya da əlini bığına çək.

Heylə olur üçün də buraxır. Deyir, sizə yaxşı yol, gedin.



Söyləyici nağılı atasından eşidib. Atası toy bəyi olub,

məclisdə, evdə yeri gələndə belə nağıllar söyləyirdi.
24. DİLİMİ YAXŞI DANIŞMAĞA ÖYRƏDİRƏM
Şah oğlu Şah Abbas dedinsə, gərək deyəsən cənnətməkan. O sözü deməyən adamın nə Şah Abbasdan xəbəri var, nə də afsanaya düşməz. Onun bir misalı var. Deməli, Şah oğlu Şah Abbas cənnətməkan öz dəsdəsiynən çıxıf mahalı gəzəndə görür ki, bir balaca uşağ eşşəyin boynun qucaxlıyıf üzünnən öpür. Başına dönüm, qəşəhdi, başına dönüm, nejə gözəldi. Öpür, öpür. Bular da gedir ki, uşağ eşşəyin boynun qujaxlıyıf burnunnan, üzünnən öpür. Deyir, qəşəh bala, haramdı ey, onu niyə öpürsən, boşda getsin. Deyir, ay baba, dilimi yaxşı danışmağa örgədirəm. Şah oğlu Şah Abbas cənnətməkan əmr eliyir, hərə bir avış qızıl verir uşağa. Uşağın papağı dolur, yer olmur ətəyin tutur.

Xülas ki, bular qızılın verif gedir, uşağ eşşəyin arxasınca gəldiyi yerdə qujağında işıldıyan qızıl. Bir ağsakqal kişi görür ki, uşağın qujağında nəysə işıldıyır. Gəlir deyir ki, qəşəh bala, o nədi? O atdılar kimlər idi? Deyir, baba, bilmirəm kim idi. Amma bir adam dedi ki, Şah Abbas, gör nə ağıllı uşaxdı ey. İndi Şah Abbas hansıydı mən bilmirəm. Maa dedilər eşşəyin üzünnən öpmə. Mən dedim ki, dilimi yaxşı danışmağa örgədirəm. Onnan bu qızılı verdilər mana, özdəri də gülüşə-gülüşə getdilər. Kişi də uşağa deyir ki, bala, eşşəyi ver, onnar qayıdanda görax mana da qızıl verirmi? Kişi eşşəyi alır, uşax gedir sevinə-sevinə.

Bunnar qayıdan başı görüllər ağsakqal kişi eşşəyin o üzünnən, bu üzünnən öpür. Gəlir həmənki qaydada deyir ki, əşi, ağsakqal kişisən, eşşəyin üzünnən niyə öpürsən? Deyir, dilimi yaxşı danışmağa örgədirəm. Deyir, ə, çırpın bu kopoğlunu. Həştad yaşına qədər dili yaxşı danışmıyıf, innən belə örgədir.

Köhnə adamlar Şah Abbasın nağılın danışanda həmişə deyirdilər ki, bax ha, bax ha, bax ha, şah oğlu Şah Abbas deyəndə cənnətməkan deməsəniz onun ruhu sizi tutar.


25. ALLAHDAN GƏLƏN BƏLA
Bir gün bir məmləkətin sahibinə məlum olur ki, xəzinəsində bir maat pul qalmıyıfdı. Vəzirin, vəkilin çağırır. Deyir ki, bu nətər məsələdi? Gedin hazırrıx görün, bu mələsə düzəlməlidi. Bunnar da bunun üsdündə işdəmişlər. Deyillər, qibleyi-aləm, hazırramışıx, biz deyəni elə sən. Deyir, neyniyim? Bunnar deyir ki, biz ölkəmizdə nə qədər varrı sahibkar varsa, hamısın siyahısın tutmuşux. Ona sual verəjəhsən, sualı bilmiyəjəh. Onda əmr ver ki, boynu vurulsun. Biz yüyürüf gələjeyih ki, qurban olum, bu yaxşı adamdı. Sən də denən bəs neyniyim. Biz də deyəjeyih ki, cərmə elə. Sən də ağlına gələn bir məbləği deyərsən, alıf xəzinəni doldurarsan. Bir toyuğu yolullar, qəfəsdə gətirif qoyullar padşahın qarşısına. Deyir, içəri girənə sual ver ki, bu nə balasıdı. Heç kim düz deyəmmijəh. Məsələn, dejəh toyux balasıdı. Axı bu toyuğun balası deyil, toyuxdu.

Nəysə, indi varrı adamları yığıllar sarayın qabağına. Biri girir içəri. Girir, salaməlöyküm. Baş əyir, ehtiram göstərir. Deyir ki, buyur. Padşah deyir ki, sən ölkənin ən ağıllı adamısan. Mənə bir ənam göndəriflər, amma onu tanıyan yoxdu. Onu mana düz desən sənə ənam verif yola salajam, düz deməsən boynu vurdurajam. Deyif, buyur. Deyir, bu nədi? Baxır, baxır, görür ki, toyuxdu. Deyir ki, toyuxdu. Qışqırır ki, ə, toyux belə olar? Görmürsən camış balasıdı. Vurun boynunu. Fərraşdar cumanda vəzir durur yalvarır ki, qurban olum, boynun vurma.



  • Bə neyniyim?

Deyir:

– Cərmə elə.

Deyir:


  • Səkgiz yüz tümən cərmə elədim.

Gedir ödüyür. İndi bu çölə çıxanda soruşullar noldu. Deyir vallah, bir toyuğu yoluf qoyuflar qəfəsə. Dedim toyuxdu, dedi yox, camış balasıdı. O biri deyir, sən öl, mən girəndə deyəjəm camış balasıdı. Girir gənə ədəb qaydasıynan salam verir, ehtiram göstərir. Padşah deyir, bu nə balasıdı? Camış balasıdı deyəndə dəli olur. Deyir, görmürsən doşan balasıdı, nə camış balasıdı? Vurun boynunu. Birincini səkgiz yüz tümən cərmə eləmişdisə, bunu min səkgiz yüz tümən cərmə eliyir. Belə-belə kim girisə boynuna bir cərmə qoyur. Nəhayət, biri gəlir. Gəlir baş əyir, ehtiram göstərir. Deyir ki, qibleyi-aləm, eşidirəm. Deyir ki, sualıma cavab versən ənam alıf gedəjəhsən, verməsən boynu vurdurajam. Deyir, buyur. Deyir, bu nə balasıdı? Deyir, qibleyi-aləm sağ olsun, bu toyux balasıdı bilmirəm, camış balasıdı bilmirəm, doşan balasıdı bilmirəm. Amma bir onu bilirəm ki, bu Allahdan gələn bir bəladı.

İndi qardaş, bizə Allahdan gələn bəladı ki, para-para oluf düşmüşük çöllərə. Hərəmiz bir diyardayıx.



26. SARSAQ ARVAD
Bir kişi gəlif görür ki, bir dəvə gijitkan yeyir, üstündə də qızıl yükü. Bu dəvə də karvannan ayrılıf qalıf bırda. Axı dəvə də gijitkanı yaxşı yeyir.

Nəysə, gətirir kişi dəvəni kəsir, qızılı da gizdiyir. Bını bişirif yeyillər. Padşah da hardansa gələndə deyir ki, görüm bı dəvə harda qaldı? Padşah bir qarını tutur, al dillə göndərir dəvəni kəsən kişinin evinə. Qarı deyir ki, bəs mənim uşağım xəstədi. Həkim uşağa deyif ki, dəvə əti yesin. Deyirəm, bəlkə sizdə olar? Kişinin arvadı deyir, bıy, hə. Kişi dəvə tapbışdı. Dəvənin ətinnən bir əz verir bına. Sora padşah bı kişini yanına çağırır. Deyir ki, mənim dəvəmi sən oğurramısan. Kişi boynuna almır. Deyir ki, mən kiməm padşahın dəvəsini oğurruyam? Onu da deyim ki, hələ kişi evdən çıxanda arvadına deyif ki, ay arvad, mən gedirəm, qapı-bajanı yaxşı gözdüyərsən.

Həə, arvad gözdüyür ki, kişi gəlmədi. Arvad duruf o qapını çərçivədən çıxardır, qapını şəlliyif dalına kişinin dalınca gedir.

Həə, padşah kişiyə deyir ki, arvadın deyir ki, biz dəvəni kəsif yemişih. Kişi deyir ki, padşahi-aləm sağ olsun, o sarsax şeydi. Onun sözünə nəə inanırsan? Mən dəli olmuşam saa yalan deyim. Elə bı dəmdə baxıf görüllər ki, kişinin arvadı qapı dalında şəllənif gəlir bıra. Belə dəəndə padşah deyir ki, sən bıra nəə gəlmisən? Arvad deyir ki, kişini sən çağırmışdın. Kişi maa demişdi qapını gözdüyərsən. Mən də gözdədim gördüm ki, kişi gəlmədi. Qapını da gətirdim görüm nooldu. Belə dəəndə kişi padşaha deyir ki, padşahım, mən saa demirdim ki, arvadım sarsaxdı, onun sözünə inanma. Padşah da baxıf görür ki, arvad qapını çərçivədən çıxarıf alıf dalına. Elə onnan da iş bağlanır. Yanı kişinin dəvəni kəsdiyinin üstü açılmır. Özü də, bala, kişi arvadına qapını gözdə deyəndə həyət-bajanı deyirmiş, bu qapını demirmiş ki. Sarsax dedihləri arvad belindəki qapıynan özü də bilmədən kişini ölümdən qutarır.



LДTİFДLДR
MOLLA NƏSRƏDDİN
1. BACADAN ASILAN QAZAN
Molla Nəsrəddin gedir oturur çayxanda. Görür bir nəfər bikefdi. Deyir:

– Niyə bikefsən?

Deyir:

– Filankəsin qızın isdiyirdim, maa vermədi. Mənnən şərt kəsdi ki, payızın gejəsi gərəh damın üsdündə çılpax qalasan. Mən də qaldım. Sabahısı maa dedi ki, danış görüm nə gördün (Gəlif görür ki, ölmüyüf. Bu da qaçıf o başa-bu başa. Bijəltəh imiş da). Dedim, bir ildız görmüşəm. Dedi:



– Səni isidən o imiş, ona görə ölməmisən.

Qızı vermir. Həmin adamı molla çağıtdırır evinə, qonaxlıx təşkil eliyir. Qazanı asır göydən, ojağı qalıyıf yerdən. Özü də deyif yeyif gəlmə ha. Bir neçə nəfəri yığıf ora. Deyiflər ki, ay molla, biz ajınnan öldüh, noldu? Deyif:

– İndi bişər, bu saat bişər, bu dəyqə bişər.

Deyiflər:

– Ay molla, yerdə ojax yanmaxnan göydə qazan qaynıyar?

Deyir:


  • Qardaş, min kilometrlərnən göydə ulduz çıxmaxnan yerdə adam isinər?


BƏHLUL DANƏNDƏ
2. ŞAH BƏHLULA YEMƏK GÖNDƏRİR
Bəhlulun qardaşı çox qəddar adam oluf. Günnərin bir günü Bəhlul itdərnən xarabalıx bir yerdə oturmuşumuş. Qarğısın minif oralarda gəzirmiş özüçün. Şaha qonax gəlir, buna bağlama gətirillər. Şahın başbilənnəri, vəzir-vəkili nə qədər çalışır baş çıxarmıllar. Deyir:

– Mənim başdan xarab bir qardaşım var, gedin onu çağırın.

Gəlillər Bəhlula deyillər ki, səni şah çağırır. Deyir:

– Mənim şahnan bir işim yoxdu. Əgər şahın mənnən bir işi varsa, gəlsin bura. Gedif buna təzdən yemək-işmək gətirillər. Gəlif görüllər Bəhlul burda itdərnən oynuyur. Bəhlula deyillər ki, şah sənə yemək göndərif, onu ye, gedək.

Deyir:

– Onu aparın verin itdərə.



Deyir:

– Əşi, nə danışırsan ey. Bu şah yeməyidi.

Deyir:

– Yavaş danışın, əgər itdər eşitsə ki, onu şah göndərif onnar da yeməz.



Yəni bu qədər haramxorluq var da.
3. DƏNİZDƏN ÇIXAN ƏL
Bir gün dənizin ortasınnan bir əl çıxıf. Nə qədər eliyillər əl çəkilmir. Gəlif Bəhlulu aparıllar ki, bu sirdən onnarı agah etsin. Bəhlul deyir ki, qardaşım and içsin ki, məni öldürmüyəjəh, onnan sora mən bu sirri açım. Qardaşı and içir ki, öldürmüyəjəm. Gəlir dəryadan çıxan beşbarmağa iki barmağını görsədir, əl çəkilir. Deyir:

  • Bu nə idi?

Deyir ki, o, Allah-taaladan gələn bir xəbərdarlıxdı. Deyir ki, beş nəfər birrəşib bu zülümkar şahı yıxammırsız?

Deyir:


– Sən ona nə dedin?

Deyir:


– Mən ona dedim ki, nəinki beş nəfər, iki nəfərin bir-birinə ehtibarı yoxdu. O da qayıtdı getdi.
4. DƏLİ SÖZÜ
I mətn

Genə də bını Gülsüm nənədən eşitmişəm. Bir bölgənin hökmdarı olur. Gəlir Bəhlulu Danəndəyə deyir ki, Bəhlulu Divanə, mənə elə bir yol örgət ki, yığım saxlıyım. Ölkəmə ajlıx düşəndə, onu satım, ölkəmi dolandırım.

Axı, o, Bəhlula Divanə dedi. Bəhlul ona deyir ki, get soğan al, vır anbara. Gedir nə qədər bölgələrdə soğan var, yığır anbarlara ki, ajdıx düşəndə sataram. Bir başqası da gəlir deyir ki, Bəhlulu Danəndə, mənə elə bir yol göstər ki, gələcəhdə ölkəmə ajdıx düşəndə mən onu satım, ölkəm ajınnan ölməsin. Bəhlulu Danəndə ona deyir ki, get dəmir al, vır anbara. Gedir, nə qədər dəmir var alır, gətirir qoyur ambara. Elə dövr gəlir ki, ölkələrə ajdıx düşür. Soğan alan adam anbarın ağzını açır ki, aparsın satsın, ölkəsini dolandırsın. Görür ki, soğannar hamısı cücərif, xarab oluf, məhf oluf gedif. Ama dəmiri ambara vuran adam gedif açıf dəmiri yavaş-yavaş satıf başdıyır ölkəsini ajdıxdan qutarmağa. Sora hər ikisi Bəhlulu Danəndənin yanına yollanıllar. Biri təşəkkür üçün gedir, biri də qarğış üçün gedir. Dəmir alan adam deyir ki, çox sağ ol, ölkəm ajınnan ölmədi da, sağ-salamat qutardı. Soğan alan adam deyir ki, Allah sənin evii yıxsın. Mənim ölkəm hamısı batdı. Nooldu bəs? Bəhlulu Danəndə deyir ki, nolacax, sən maa dəli dedin, mən də saa dəli söz dedim. Bı da maa ağıllı dedi, mən də ona ağıllı söz dedim. Sora hər ikisi dimməz gedir.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin