AŞIQ VALEH VƏ USTADI AŞIQ SƏMƏD
Aşıq Valehin əcdadları – atası Məhəmməd, babası Aşıq Allahverdi, Allahverdinin atası Şair Məhəmməd, Məhəmmədin atası Aşıq Gülüm, Gülümün atası Aşıq Cünun, Cünunun atası Şair Nəbatı. Aşıq Valehin törəmələri, oğlu Allahverdi, nəvələri Ələkbər, Alı, Mehdi, nəticələri Aşıq Abbasqulu, Dünyamalı, Hüsü, Xanlar, bir də Zərniyar, kötücələri Aşıq Xaspolad, Nağaraçı Yelmar, tarzan Əzizxan, Allahverdi. Aşıq Valehin yaradıcılığından ancaq adamların yaddaşlarında qalan qoşmaları və əhvalatları gəlib bizə çatıb. Onun yaradıcılığının külliyatı 1905-ci ildə erməni-müsəlman davasında ermənilər tərəfindən yandırılıb. Həmin vaxt Abdal-Gülablı kəndləri qəfil hücuma məruz qalıb, hər nə var qarət olunub, evlər yandırılıb.
Valehin əsl adı Səfidir. Səfi dörd il kənddə mollaxanada təhsil alıb, təhsilini davam etdirmək üçün Gəncəyə gedib, üç il də orda təhsil alıb. Məktəbdə mollalara anlayışlı suallar verdiyi üçün mollalar onun artıq oxumasını qadağan ediblər. Təhsildən yarımçıq qovulan Səfi, fikir xəstəliyinə tutulub. Atası ona təsəlli verərkən, Səfi bir neçə bayatı deyib:
Əziziyəm, bu dərdə,
Çara nədir bu dərdə?
Gəldi eşqin əsəri
Tapdı məni bu dərdə41.
Əziziyəm, saz gərək,
Canda, selda saz gərək.
Ömrümlə bərabər
Oldu mənə saz gərək.
Oğlundan bu sözləri eşidən Məhəmməd oğlunu bağrına basır, üzündən öpür və şükür-səna edir ki, babam şair Məhəmmədin irsi Səfidə biruzə verdi. Səhəri Məhəmməd Səfini özü ilə Abdal kəndinə – sənəti ilə hər yerdə məşhur olan ustad Səmədin yanına aparır və Səfinin şəyirdliyə qəbul etməsini ondan xahiş edir. Deyilənə görə Səməd hər yetəni şagird qəbul etməzimiş. Odur ki, Səməd Səfidən xəbər alır ki, nəyə görə sən aşıq olmaq istəyirsən? Valeh cavabında deyir ki, həyatı anlamaq, yaxşını pisdən seçmək, dərdlilərin dərdinə şərik olmaq, acizlərin köməyinə çatmaq, zalımların zülmünə qarşı çıxmaq üçün. Bu sözləri eşidəndə Səməd deyir:
– Səfi, sən bu cavabın ilə məni valeh etdin. Səni şagird yox, bir evlad kimi qəbul edirəm. Sənə həm sənət dərsi, həm də savad dərsi verəcəm. Ərəb-fars dillərini sənə tamam öyrədəcəm. Sənsə mənim iki şərtimi yerinə yetirməlisən: birinci mən sənə icazə verincəyə qədər mənim yanımda qalmalısan, ikinci valeh sözün özünə ləqəb götürərsən və onu yaşatmağa layiq olasan.
Həmin gündən Səfi Səmədin itaətində qalır. Bir neçə il qalandan sonra bir gün Valeh deyir, ay usta, mənə nə vaxt icazə verəssən, mümkündürsə mənə onun vaxtını de. Səməd deyir, Valeh, nə vaxt əlimin dalı ilə ağzına vursam, o gün sən icazəli olassan.
Bu söhbətdən xeyli vaxt keçir. Bir gün Səməd Gülablı kəndində yas yerində vaxtilə sevib ala bilmədiyi istəklisini görür. Həmin günün axşamçağı Abdalda, yəni Səmədin öz kəndlərində münasibləri ilə söhbətdə söz arasında belə bir bayatı deyir.
Əziziyəm, ya süzmə,
Ya qatıqdı, ya süzmə.
Səmədi yaradan Allah
Gülablıdan yas üzmə.
Gülablı Valehin kəndi olduğu üçün Valeh deyir:
Əziziyəm, yasəmən,
Ətirlidir yasəmən.
Abdalda yas olsun,
Gündə gəlim yasa mən.
Valehin ustadına cavabı Səmədə toxunur, əlinin dalı ilə Valehin ağzına bir sillə vurur. Valeh şükür-səna edir ki, ustam icazə verdi, indən belə aşıqlıq edə bilərəm. Səməd deyir, Valeh, mən şərti tamam unutmuşam. Sən məni çaşdırdın, indi öz ixtiyarındasan, ancaq sənətlə əlaqədar sənə deyəsi bir neçə sözüm qalıb. Getsən də, ara-sıra mənimlə görüşməyi unutma.
Valeh şad-şəlayın evlərinə gedir. Valehin kamil sənətkar olmağın Səməd bir neçə yerdə demişdi. Ona görə onun üzünü görməmiş adını eşidənlər çoxudu. Valeh evlərinə gedən günün səhərisi sazını götürüb atasının dostu olan Bağman kəndinə gedir. Təsadüfən həmin kənddə oğlan-qız toyu olur. Axşam Valeh əlində saz toy damına daxil olur. Toyun aşıqları Aşıq Fərrux və Aşıq Fərman Valehə lağ edirlər. Valeh onlara sərt cavab verir. İş elə gətirir ki, Valeh Fərrux və Fərmanla deyişəsi olur. Bu vəziyyəti Valehin atasının dostu Mürsələ çatdırırlar. Mürsəl o yerdə gəlir ki, artıq iş-işdən keçib, Aşıq Fərruxla Valeh deyişirlər. Mürsəl işin necə qutarmasını gözləyir. Bir az keçir, Valeh Aşıq Fərruxu kiridir. Aşıq Fərman ayağa qalxır deyişməni davam edir. Fərman neçə deyişmələrdə üstün gəlib tanınmış bir sənətkardır. Az qalırdı Valehi çaşdıra. Deyişmənin qızğın yerində toy damında iki nəfərin davası düşür, ara qarışır. Valeh fürsəti fota verməyib həyətdə bağlı atın birini minir, özünü Gülablıya çatdırır. Üzünü Abdal kəndinə çevirib “ay usta Səməd”, – deyə çağırır. Səməd səsi tanıyır, hay verir. Valeh deyir: çi, çi, çi. Səməd deyir, hardasan? Valeh deyir, Bağmanda. Səməd deyir, qəəa, qəəa, qəəa. Valeh tez atı tərpədib geri qayıdır. O yerdə gedir ki, ara sakitləşib. Toy bəyi deyir, aşıqlar gəlsin deyişməni dəvam etsinlər. Valehin gedib-gəlməsindən heç kimin xəbəri olmayır.
Bəli, deyişmə təzədən başlayır. Bir az keçməmiş əlində tavar saz usta mərəkəyə daxil olur. Bütün toy adamları Səmədin ayağına qalxırlar. Deyişmə dayanır, Aşıq Fərman və Aşıq Fərrux Səmədə səcdə edib əlindən öpürlər. Səməd deyir, Aşıq Fərman, yaraşarmı neçə ilin sənətkarı bir uşaq ilə deyişə? Fərman deyir, usta Səməd, bu uşaq aşıqlar üçün bəladır. Aşıq Fərruxu kiridib, məni də kiritmiş kimidir. Səməd deyir, Aşıq Fərman, bu Aşıq Valehdi, bunun bürcünə baxmışam, buna məğlubiyyət yazılmayıb. Sonra Səməd üzünü Valehə tutub deyir, Valeh, bu aşıqlara üstün gəlsən nə edəcəydin? Valeh deyir, usta, bunları sənə sovqat gətirəcəydim. Səməd deyir, mənə qulaq as, hansı yerdə hansı sənətkarla deyişsən, aranızda nə qədər ziddiyyət olsa, ayrılanda mehriban ayrıl. Bir də ömrün boyu mərəkədə özün devran, yəni pul yığma, qoy adamları tanıyan bir nəfər sənə devran yığsın. Deyirlər, ömür boyu Aşıq Valeh özü devran yığmayıb.
-
AŞIQ FEHRUZ İLƏ AŞIQ VALEHİN DEYİŞMƏSİ
Türkiyə soltanlığında Fehruz adlı məşhur ustad bir saz aşığı olur. Bir gün qonaqlıq məclisində Fehruzun çalıb-çağırması soltanın çox xoşuna gəlir. Soltan deyir, Aşıq Fehruz, bu günkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan? Fehruz fürsəti fota verməyərək deyir, soltan sağ olsun, yetmiş kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün soltan deyir, Aşıq Fehruz, əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb qalib gəlib bağladığın ustadların sazını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə yetmiş kəndin ağalığını verərəm. Bu məqsədlə Aşıq Fehruz Azərbaycanın bir neçə mahalında üstünlük ələ edəndən sonra Şuşa qalasına gəlir. Mehdiqulu xanın dövrü olur. Xanlıqdan əhvalatı Valehə çatdırırlar. O vaxtı Aşıq Valehin səksəndən yuxarı yaşı olur. Zərniyar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan, indiyənə qədər qazandığın adı batıra bilərsən. Valeh deyir, məndən qorxmayın. Nə qədər qoca olsam da, bir Fehruzluq biliyim qalar. Valeh sazı götürüb Şuşaya gedir.
Xanın tapşırığı ilə şəhər sakinləri Aşıq Valehi yaxşı qarşılayırlar. Aşıq Fehruz bekaflayır. Valeh xəbər alır, Fehruz, nə üçün kefsizsən? Fehruz deyir, qəriblik mənə əl verdi. Valeh deyir, qəriblik sənə əl verdisə, mərəkəni İstanbula salaq. Bu minvalla belə şərtləşirlər ki, Aşıq Fehruz Aşıq Valehə üstün gəlsə, qələbə ilə vətəninə gedəcək. Əgər Aşıq Valeh Aşıq Fehruza üstün gəlsə, Fehruzun öz sazını və mahallardan aldığı sazları alıb Aşıq Fehruzu karvanı soyulmuş tacir kimi yola salacaq. Bu şərtləri Mehdiqulu xan təsdiq edəndən sonra açıq meydanda deyişmə başlayır.
Aşıq Fehruz:
Hər mahalın bir bazarı, bəzirganı qanan gərək,
Bərə güdüb yol kəsməyə pəhlavanı cavan gərək.
Ərlər kimi zərbə çala, hər zərbəyə tab gətirə,
Qorxmaya, çəkinməyə, qopsa hər cür tufan gərək.
Aşıq Valeh:
Hünərdən kəm olanlar heç açmaya meydan gərək,
Ağıldan sərsərlərə tez verəsən dərman gərək.
Gələcəyi başa düşən əvvəlcədən əsib-coşmaz,
İşarədən söz qanmağa insan oğlu insan gərək.
Aşıq Fehruz:
Sizin yerlər səfalıdır, aranında yay olmasa,
Boz səhralar çiçək açmaz, köpüklənmiş çay olmasa.
Mərd igitlər ad qazanmaz bərabəri, tay olmasa,
Uzaq səhra mənzilinə iş bacaran sərvan gərək.
Aşıq Valeh:
Hər mahalın bir adəti, hər insanın bir adı var,
Hər bitkinin bir turşusu, hər nemətin bir dadı var,
Hər nadanın bir oxşarı, hər igidin bir zatı var,
Azmış pələng bərəsində acıqlanmış aslan gərək.
Aşıq Fehruz:
Aşıq Fehruz söz veribdir bu mahaldan bac almağa,
Aşıqları ağlar qoyub, şairlərdən tac almağa.
Sənəti ilə ad qazanıb, məşhur olub uclamağa
Qarabağın mərkəzində qursun bu gün divan gərək.
Aşıq Valeh:
Bu mahal bac verməyib, yaranandan bac alıbdır,
Sənətkarı pəhlavantək zərbə çalıb, tac alıbdır.
Güman etmə kardan düşüb, Aşıq Valeh qocalıbdır,
Buludlara uclamağa qanad çalsın tərlan gərək.
Söz tamama yetdi. Aldı Fehruz dübarə:
Qarabağ elinin səfası xoşdur,
Qəriblər güldürən yar bu yerdədir.
Sahibi sərxoşdur, bağbanı qoca,
Yadlara satılan nar bu yerdədir.
Aşıq Valeh:
Hünər diyarıdır Qarabağ eli,
Sərsəri mehmana dar bu yerdədir.
Sahibi sərkardır, bağbanı mahir,
Qeyrət bu yerdədir, ar bu yerdədir.
Aşıq Fehruz:
Sahilsiz ümmana susuz göl deyən,
İşarə altında mətləb bil deyən,
Yad bağbana göz eyləyib gəl deyən,
Ətirli, şəkərli bar bu yerdədir.
Aşıq Valeh:
Hoqqabaza cəzasını bildirən,
Dərdin böhran edib qəmdən güldürən,
Yolun azanları nakam öldürən,
Boran bu yerdədir, qar bu yerdədir.
Aşıq Fehruz:
Aşıq Fehruz bir ölkənin nəridir,
Güman diyarıdır, pənah dəridir.
Mahal gəzir, sənətinin əridir,
Qanadı qırılmış sar bu yerdədir.
Aşıq Valeh:
Aşıq Valeh düşüncədə dar olmaz,
Qocalmaqla tülək tərlan sar olmaz.
Həyasızda ismət olmaz, ar olmaz
Hünər bu yerdədir, kar bu yerdədir.
Söz tamama yetdi. Aldı Fehruz dübarə:
Könül nuş eylədi eşqin camını,
Təzə bir aləmdə gəzərəm, kişi.
Bağ salaram budaqları bar verər,
Yarpağın güllərlə bəzərəm, kişi.
Aşıq Valeh:
Mahir bir qəvvazam eşqin bəhrinə,
Qol atıb hər yana üzərəm, oğlan.
Yüz min tufan qopub, təlatüm olsa,
Dalğalar qoynunda süzərəm, oğlan.
Aşıq Fehruz:
Görünməz ləpirim, bilinməz yolum,
Dayanmaz ayağım, yorulmaz qolum,
Dəyişməz əhvalım, pozulmaz halım,
Pünhanlar qoynunda təzərəm, kişi.
Aşıq Valeh:
Day çatarmı köhlən yoran səməndə,
Boz sərçələr kəklik olmaz çəməndə.
Bixəbərsən, sərin keçib kəməndə,
Nə axtarıb, nə də gəzərəm, oğlan.
Aşıq Fehruz:
Aşıq Fehruz hər meydanda baş qalar,
Dərinə addasa, sərin çaş qalar.
Qəlbin ağlar, gözlərində yaş qalar,
Əlini hər yandan üzərəm, kişi.
Aşıq Valeh:
Nabələdsən, keçid yolun pünhandı,
Şeirbazlar əhli-uruh insandı.
Aşıq Valeh guppul görmüş zindandı,
Bir çəkic zərbinə dözərəm, oğlan.
Söz tamama yetdi. Aşıq Fehruz hər nə qədər fikirləşdi, yeni söz tapa bilmədi. Aldı Valeh görək nə dedi:
Aşıq Fehruz, vətənindən kənarda
Neçə ustad meydanına düşmüsən?
Neçə hesab vacehini anlayıb,
Neçə xilqət fərmanına düşmüsən?
Əziziyəm, keçə nə,
Əvəz ola keçənə.
Hansı loğman yan deyir
Ömür-şanı keçənə?
Aşıq Fehruz:
Aşıq Valeh, vətənimdən kənarda,
On bir ustad meydanına düşmüşəm.
Doqquz hesab vacehini anlayıb,
On beş xilqət fərmanına düşmüşəm.
Əziziyəm düşə nə,
Axtara nə, düşə nə.
Maldan qurban nə gərək
Eşq oduna düşənə.
Aşıq Valeh:
Hansı mahal bərəsində dolaşdın,
Hara keçid tapdın, hara yol açdın?
Neçə ümman dalğasında qol açdın,
Neçə həyat dövranına düşmüsən?
Əziziyəm, qaradır,
Süddən ağdır, qaradır.
O nədi ki, oxdan düz,
Kömürdən də qaradır?
Aşıq Fehruz:
Göyçə mahalında bir az dolaşdım,
Divanidən təcnisə yol açdım.
Altı ümman dalğasında qol açdım,
İki həyat dövranına düşmüşəm.
Əziziyəm daldadı,
Hünər yeri daldadı.
Dəli könül, mərd dayan,
Ağır meydan daldadı.
Aşıq Valeh:
Aşıq Valeh nələr desin halına,
Nabələdsən gizli xilqət yoluna.
Aldanmısan eşqin şərbət balına,
İndi tilsim böhranına düşmüsən.
Əziziyəm dərindi,
Dayaz deyil, dərindi.
On səkkizi üçə böl,
Bağbanısan, dər indi.
Aşıq Fehruz:
Aşıq Fehruz qəribdir bu mahalda,
Dost görmüyə barı məni bu halda.
Arzularım nakam qaldı xəyalda,
Qaf dağının boranına düşmüşəm.
Əziziyəm, el gərək,
Dolanmağa el gərək.
Qürbət eldə xar oldum,
Oldu mənə el gərək.
Söz tamama yetdi. Aldı Aşıq Valeh görək nə deyir:
Aşıq Fehruz, kamalına bada ver,
Üç altının diyarından söhbət aç.
Cahar şeşin mənasını yozgilən,
Həfti-pəncin bazarından söhbət aç.
Fehruz sözləri mənalaya bilmədi. Aldı Valeh dübarə:
Otuz altı hansı bağman bağıdı?
Yetmiş iki hansı bina tağıdı?
Eşqin bağı hansı məhsul yağıdı?
On dörd aləm güzarından söhbət aç.
Aşıq Valeh yol açmadı dərinə,
Hansı hesab toplamısan sərinə.
Qol bağla gəl kamil ustad dərinə42
On beş alim baharından söhbət aç.
Söz tamama yetdi. Aşıq Valeh dedi, Aşıq Fehruz, sazına, sənətinə toxunmuram bu şərtnən, sənə bir neçə söz deyəcəyəm, onu İstanbul paşasına çatdırasan. Fehruz dedi, and olsun ustadlar kalamına, hər nə desən birbəbir soltana çatdıraram.
Aldı Valeh:
Fehruz, söylə İstanbulun paşasına,
Qarabağın çox dəyərli adı var.
Dostlar üçün səfalıdır hər yanı,
Düşmən üçün min tufanı, badı var.
Bir yanı Gəncədir, bir yanı Şirvan,
Bir yanı Arazdır, bir yanı Muğan,
Dağları kəklikdir, düzləri ceyran,
Gözəl ləzzəti var, şəkər dadı var.
Bu torpağa kim əl atsa, xar olar,
Geniş dünya gözlərinə dar olar,
Günü qara, işi ahu-zar olar,
Bu ellərin köməyi var, dadı var.
Ərdəbilli Aşıq Mahmud zay oldu,
Məsum Əfəndinin yaşı çay oldu,
Zəngilanlı Süleymana tay oldu,
Bu mahalda şairlər evladı var.
Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi,
On il qabaq Molla Pənah sağ idi,
Valeh kimi aşiqlər ustadı var.
Söz tamama yetdi. Fehruz mahallardan yığıdığı sazları Aşıq Valehə təqdim etdi.
-
AŞIQ MAHMUDLA AŞIQ VALEHİN DEYİŞMƏSİ
Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında Şahsevən kəndində bir toy məclisinə çıxır. Toy zəmanəsinin ən hörmətli adamı Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli Aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür. Deyir, a bala, Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazların gizlədirlər. Siz də saz götürüb Mahmud üstə gəlmisiniz. Calal deyir, usta, bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik. Mahmud dedi, demək siz şagirdsiniz. Mənim sizinlə deyişməyə haqqım yoxdur. Bu Soltan da mənim şagirdimdir. Soltan ilə deyişəcəksiniz. Əgər Soltanı kiridə bilsəniz, verəcəyəm onu özünüz ilə aparın. Soltan sizə üstün gəlsə, sizi aparıb Ərdəbildə yeddi il işlədəcəyəm. Calal deyir, sevdanı yarımçıq etməzlər. Şərtimiz belə olsun. Əgər biz aciz qalsaq, birimiz zamın qalaq, birimiz ustadımıza xəbərə gedək. Ustadımız da gəlsin, hara getsək beş gedək. Mahmud dedi, cavan oğlan, ustadınız kimdir? Calal deyir, Qarabağın məşhur saz və söz ustadı Aşıq Valehdir.
Belə razılaşırlar. Bir az keçmir ki, Aşıq Calal ilə Əhməd aciz qalırlar. Əhməd zamın qalır, Calal isə Valehə xəbərə gəlir. Heç nədən xəbəri olmayan Valeh görür Calal gəlir, amma çox bekafdır. Calal ustada salam verir, həzin-həzin gözlərinnən yaş axıdır. Valeh hər nə qədər edirsə, Calalın ağlamağının səbəbini öyrənə bilmir. Naəlac qalıb sazını alır sinəsinə. Deyir, Calal, sənə nə desəm, mənə cavab ver. İndi görək Valeh nə deyir, Calal nə cavab verir:
Aşıq Valeh:
Ağlamağın məni etdi divanə,
Söylə görüm Calal, nə halətdi bu?
Göz yaşın qəlbimə ox kimi dəydi,
Söylə görüm Calal, nə halətdi bu?
Aşıq Calal:
Kamil ustad, yaman dərdə düşmüşük,
Könüllər ağladan xəyalətdir bu.
Qəfil qəza bizi saldı toruna,
Şənliyi puç edən zəlalətdir bu.
Aşıq Valeh:
Kim salıbdı sizi söylə bu dərdə?
Hansı fikir qəmlə toqquşur sərdə?
Gəl qurma arada söhbətə pərdə,
Hansı görüş, hansı ziyarətdir bu?
Aşıq Calal:
Talehim salıbdı məni bu dərdə,
Əhmədin fikri toqquşur sərdə.
Aşıq Mahmudunan durmuşuq vərdə,
Cəhənnəm atəşli qiyamətdir bu.
Aşıq Valeh:
Dolğun xiyalımı etdin dərbədər,
Qəmli duruşunda var yeni xəbər.
Aşıq Valeh olub hər elmə əzbər,
Hansı sözlə deyim kifayətdir bu.
Aşıq Calal:
Aşıq Soltan aldı Əhmədin sazın,
Zimistan eylədi Calalın yazın.
Əsirgəmə bizdən kömək avazın,
Sənət mənbəyinə şikayətdir bu.
Aşıq Valeh dedi, Calal, indi əməlli-başlı danış görüm əhvalat necə olub. Calal olduğu kimi Aşıq Valehə nəql etdi. Ərdəbilli Aşıq Mahmud adı gələndə Valeh xəyala daldı. Aldı görək nə dedi:
Coşqun eşqim, gəl mənimlə həmdəm ol,
Qayğa qalaq, bir sirdaşım dardadı.
Qəvvazlıq et sirri xilqət bəhrinə,
Candan əziz bir yoldaşım dardadı.
Zərniyar deyir, a Valeh, Mahmud necə Mahmuddur ki, sən öz eşqini haraya çağırırsan? Aldı Valeh görək nə dedi:
Aşıq Mahmud bir ustaddır dağ kimi,
Aşıq Soltan hər meyvəli bağ kimi,
Aşıq Əhməd bil saralıb yağ kimi,
Yol gözləyir bir qardaşım, dardadır.
Aşıq Valeh sənətində yanılmaz,
Zər olmasa, zərgar adı anılmaz.
Odda qızarmasa, polad yonulmaz,
Can ayrılıb candan, başım dardadır.
Söz tamama yetdi. Gecəni yatdılar, səhəri yola düşdülər. Gethaget, axşam toran çalanda Şahsevən kəndinə çatdılar. Aşıq Valeh əlində saz toy damının qapısında dayandı. Aşıq Mahmud ilə Aşıq Soltan sinələrində saz mərəkədə var-gəl edirdilər. Mahmudun gözü Valehə sataşdı. Söz arasında belə bir boyatı dedi:
Əziziyəm, başa bax,
Ayaqda dur, başa bax.
Kəməndimə keçməyə
Gələn təzə başa bax.
Aşıq Valeh dedi, salam verib cavab gözlərlər. Dayan.
Aşıq Valeh:
Əziziyəm, qaralar,
Dağ başını qar alar.
Elə şiyyə çəkərəm,
Görən gözün qaralar.
Aşıq Soltan:
Əziziyəm, çaylara,
Sel qarışar çaylara.
Sızqa bulaq neyləyər,
Köpüklənmiş çaylara?
Aşıq Calal:
Əziziyəm, tay olmaz,
Zimistanda yay olmaz.
Yüz min məşəl yandırsan,
Bir günəşə tay olmaz.
Söz tamama yetir. Aşıq Mahmud deyir, aşıq, hərəkətin məni şübhəyə saldı. İsmini de görüm. Aldı Valeh görək nə deyir:
İsmimi söyləsəm, sərsəm edəssən,
Başına gələni bil yavaş-yavaş.
Dinməyə taqətin qalmaz cəsətdə,
Quruyar ağzında dil yavaş-yavaş.
Düşmüsən cənginə bir natiq sərin,
Məhəbbət bəhrili, kəlamı dərin.
Ərdəbilə çatar qəmli xəbərin,
Yasını saxlayar el yavaş-yavaş.
Dərdlərin müşküldür, dərmanın baha,
Şadlığına güman yoxdur bil daha.
Qucaqla möhnəti, can denən aha,
Çeşminin yaşını sil yavaş-yavaş.
Qəbrini qazarlar bir qərib yana,
Nə bacı ağlayar, nə də ki ana.
Bil Aşıq Valehdir girən meydana,
Qol bağla minnətə, gəl yavaş-yavaş.
Söz tamama yetdi. Kəsilmiş şərt ilə razılaşdıqdan sonra Aşıq Valehnən Aşıq Mahmud girdilər deyiş meydanına. Aldı Mahmud görək nə deyir:
Aşıq, mənlə meydan açma, həyatını dar edərəm,
Divanidən, təcnisdən neçə qatar var edərəm.
Bir ustadam, hünərimdən hey danışır məni görən
Şənliyini qovlayaram, xoş gününü zar edərəm.
Aşıq Valeh:
Aşıq Mahmud, ömrün bitib, bu gün səni xar edərəm,
Bulud kimi qaynayaram, bahar fəsli qar edərəm.
Çaylar kimi sellənərəm, dərya kimi göllənərəm,
Başın şişər, ağlın itər, qulağını kar edərəm.
Aşıq Mahmud:
Neçə deyiş meydanında məşhur ustad ağlatmışam,
Hüzurumda diz çökdürüb qollarını bağlatmışam,
Sənətinə qələm çəkib, sinəsini dağlatmışam,
Bil səni də o hesabla el içində car edərəm.
Aşıq Valeh:
Dizlərin titrəyər əsil hünər meydanında,
Dil ürəyin qana dönər şuru əza fərmanında,
Natiqlər məclisində, əhli-ariflər yanında,
Sənin kimi kəmsavatla deyişməyə ar edərəm.
Aşıq Mahmud:
Çarxı dəvvar gərdişindən Mahmuda da badə çatıb,
Neçə yerdə karə gəlib, neçə yerdə dada çatıb.
Qırxlar piri dərsin verib, məşhur olub ada çatıb,
Cəhənnəm tək zəban açıb cəsətini nar edərəm.
Aşıq Valeh:
Aşıq Valeh xilqət sirrin toplayıbdır tam sərinə,
Naşı qəvvaz üzə bilməz, batar gedər hey dərinə.
Susuz gəzən gürzə kimi sancılaram peysərinə,
Doqquz simli tavar sazı sinəm üsdə mar edərəm.
Söz tamama yetdi, aldı Mahmud dübarə:
Naşı sərban öyünməsin bu yolda,
Səhra mənzilində nər hünər eylər.
Hansı dəyirmanın suyu çox olsa,
Daşı fırlatmaqda pər hünər eylər.
Aşıq Valeh:
Lovğa danışıqda nadan saz olar,
Döyüş meydanında ər hünər eylər.
Bir bədən ki qəfil keçsə kəməndə,
Səlamət qurtarsa, sər hünər eylər.
Aşıq Mahmud:
Gün ağır keçməklə həftə ay olmaz,
Sızqa bulaq coşsa, daşqın çay olmaz,
Ala qarğa qızılquşa tay olmaz,
Pələng davasında şir hünər eylər.
Aşıq Valeh:
Quş yanılmaz ovda gecə qarısa,
Kötül43 ipək verməz yüz də sarısa.
Ziyarat et harda ocaq varısa,
Kamalı azlara pir hünər eylər.
Aşıq Mahmud:
Aşıq Mahmud coşar meydan açanda,
Day titrəyər köhlən mənzil qaçanda.
Üstü ağır olub damlar uçanda
Zamın44 kara gələr, tir hünər eylər.
Aşıq Valeh:
Nadan çaşar danəndələr yanında,
Hər könül soltandı öz gümanında.
Ağlı dərin ustadlar meydanında
Aşıq Valeh coşar, hər hünər eylər.
Söz tamama yetir. Aşıq Mahmud son gücünü toplayıb alır dübarə:
Aşıq Valeh, mənlə girmə meydana,
Bağını-baxçanı duman eylərəm.
Bulud olub qarışaram havaya,
Baharlı gününü boran eylərəm!
Aşıq Valeh:
Mahmud, səni qəza tora salıbdı,
Əhvalını bu gün yaman eylərəm.
Pozular növrağın, dəyişər halın,
Calallı yurdunu viran eylərəm!
Aşıq Mahmud:
Hərdən bənzəyərəm eşqi-həvəsə,
Hərdən bənzəyərəm tilsim qəfəsə,
Hərdən bənzəyərəm isti nəfəsə,
Hərdən küləklənib tufan eylərəm!
Aşıq Valeh:
Qatarı üzülməz bir güzaram mən,
Ariflər mülkündən bir diyaram mən,
Tər nərgiz bitirən bir baharam mən,
Boranlı dağları aran eylərəm!
Aşıq Mahmud:
Aşıq Mahmud səni salacaq tora,
Vuracaq qəlbinə sağalmaz yara,
Qul edib divanda çəkəcək dara,
Tutulacaq nitqin, güman eylərəm!
Aşıq Valeh:
Aşıq Valeh məşhur olub cahanda,
Mərd dayanıb neçə belə divanda.
Ağlın itər, sözün qalar dəhanda,
Səni öz başına vuran eylərəm!
Söz tamama yetir. Mahmud durur, çaş-baş qalır. Alır Valeh görək nə deyir:
Aşıq Mahmud, qafiyəni dəyişdim,
İndi sənə əhli-kəbirdən deyim.
İnsidən, cinsidən, mahi-zöhrüdən,
Dəhridən, xaneyi-qəbirdən deyim.
Aşıq Mahmud:
Aşıq Valeh, kalamını anladım,
Mən də sənə ərşü-zəmindən deyim.
Aləmi-fanidən, həşri-cafadan,
Haləti-eşqinin qəmindən deyim.
Aşıq Valeh:
İstərəm Ərsədə məclis quram,
Sədayi-suridən bir az dəm vuram,
Pəncin mənasından cavablar soram,
Sirri-qeybətdən, səbrdən deyim.
Aşıq Mahmud:
Gəl güzar izini salma dərinə,
Toxmaq dəyər nabələdin sərinə.
Bəndəlik et ərənlərin pirinə,
Cahar-həştinin cəmindən deyim.
Aşıq Valeh:
Valehəm, dərsimi vurmuşam başa,
Qırxlar məclisində dolmuşam yaşa.
Ərənlər piri ilə durmuşam qoşa,
Sahibi-Həmzədən, Bəbirdən deyim.
Aşıq Mahmud:
Aşıq Mahmud, hesab düşdü bu dağa,
Kök tərpəndi, zədə dəydi budağa.
Bənna gərək daş düzəldə bu tağa,
Bəndi-əza sərin dəmindən deyim.
Söz tamama yetdi, aldı Valeh dübarə:
Bu dəhri fanidə guşi-kar olan,
Həyat boyu dövran sürən kim oldu?
On səkkiz min xilqət sirrin bəyan et,
Beytullah binasın hörən kim oldu?
Aşıq Mahmud cavab verdə bilmədi. Aldı Valeh dübarə:
Neçə cismi yaranıbdır atasız,
Süd əmməyib, yaşa dolub anasız?
Neçə səyyah yaşayıbdır binasız?
Bu suala cavab verən kim oldu?
Hansı ekizlərdir məşhur adı var,
Biri xəbər verən, biri hökmüdar?
İkisinə nəsib oldu bir məzar,
Bu sözləri sual verən kim oldu?
Hansı əza ibadətdə zay olub?
İki kəlmə iki min bir say olub?
Aşıq Valeh gör kimlərə tay olub,
Təhiyyə ümmanın görən kim oldu?
Söz tamama yetdi. Aşıq Valeh mərəkəni aldı ələ, camaətin xahişi ilə Aşıq Mahmudun günahından keçdi, sazına və sənətinə toxunmadı.
-
Dostları ilə paylaş: |