Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə62/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
Nizami-folklor

Reyhan DADAŞOVA

AMEA Folklor İnstitutu
KİTABİ-DƏDƏ QORQUD”DA VƏ NİZAMİ GƏNCƏVİDƏ POETONİMLƏR ETNOMƏDƏNİ

KOD KİMİ

Mifoloji adların kodlar kimi bədii mətndə ifadə imkan­larının hərtərəfli tədqiqi bədii nitqin üslub planında maraq do­ğurur. Əgər dildə “insan amilinin” üstünlüyünü nəzərə alsaq, şəxs adları, antroponimlər kulturoloji element-lərdən ən önəm­lisidir.

“...Ad mədəniyyətin impulsudur, çünki insanı işarə kom­pleksinə daxil edir, həm də onun nəticəsidir, çünki onun məna­ları mədəniyyət məkanında genişlənir...”[1,126].

Ad polifunksionaldır və R.Yakobsonun təbiri ilə desək, “nitq hadisəsidir”, onda “adresant məlumat-kontekst (yaxud re­ferent) kod-kontakt-adresat” komponentlərinin konstant ardıcıl­lığı mövcuddur [2, 198]. Bu formul dilçilikdə ün-siyyətin uni­versal modulu kimi qəbul olunmuşdur və “sinxron” və “dia­xron” hissələrə bölünür. Birinciyə “adresant – məlumat – kon­tekst”, ikinciyə “kod-kontakt-adresat” daxildir. Xüsusi adın semantikasında diaxron aspektin möv-cudluğunu M.İ.Steblin-Kamenski də qeyd edir. “Xüsusi adın öz mahiyyəti, onun de­notativlik qabiliyyəti tədricən yaranır”[3,104].

Adlarda kod baxımından ehtiva olunan əlamətlər adla­na­nın mahiyyətini ifadə edir. P.Florenski yazırdı ki, “ad şəxsiy­yətin nüvəsidir, onun vacib formasıdır” [4,63].



Nizami Gəncəvi “Xəmsə”sində və “Kitabi-Dədə Qorqud”­da mif-adlar “orta əsr” mədəni kodunun bütün atributlarını özün­də qoruyub saxlayır, etnomədəni düşüncənin parlaq ifadəsi kimi çıxış edir. Xızır və Nuh peyğəmbərin adları belə mif-adlar­dandır.

Nizami Gəncəvi “Xəmsə”sində mif adlar (mifonimlər) yük­sək semiotikliyə malikdir, çünki orta əsrlərin mədəni fon­dunda üstün olan mifoloji təfəkkürdə hər şey mənaya malikdir. A.Paşa­yev haqlı olaraq yazır: ”Xəmsə”də elə bir şəxs adı tap­maq olmaz ki, onun müəyyən əlavə və poetik mənası olmasın və obraz haq­qında məlumat verməsin. Bu adlarda etimoloji məna ilə obrazın səciyyəsi bir-birinə uyğun gəlir”[5,21]. Biz isə əlavə edə bilərik ki, mifoloji adlar bədii mətndə ikinci mifoloji məna qazanır. Bunu Xızır obrazında da (Xızır Nəbi, Xızır İlyas) gör­mək mümkündür. Xızır adı Nizami Gəncəvi “Xəmsə”sində müx­təlif məcazlar tərkibində (təşbih, təşbihi-kinayət və s.) veri­lir. Rəvayətlərə görə, Xızır Makedoniyalı İsgəndərin müasiri ol­muşdur. Onunla birlikdə dirilik suyunun dalınca Zülmət ölkəsinə gedir.

Bu kontekstdən çıxış edərək, Nizami İsgəndəri Xızırla müqayisə edir, onun bol süfrəsini dirilik suyuna bənzədir: “İs­gəndər xaqanın süfrəsinə yetməsi. Bu Xızırın ayağının dirilik suyuna çatmasıdır”.

Azərbaycan folklorunda çətin məqamlarda qəhrəmanların dadına çatan, onları öz arzularına çatdıran Xızır, Xızır-İlyas “Yeddi gözəl” və “İsgəndərnamə” əsərlərində epizotik surətlər kimi iştirak edir. “Yeddi gözəl” əsərində Mahanı əcinnələr dünyasından xilas edən Xızır olur:

Xilaskaram Xızıram, - dedi, - mən sənin

Gəlmişəm tutmağa əlindən sənin...

Xızrın salamını Mahan eşitdi.

Dirilik suyuna guya ki, getdi.

“İsgəndərnamə” əsərində isə şair Xızırı gah tək, gah da “İlyasla” birlikdə işlədir:

Söylədi o zaman böyük İsgəndər,

Ona rəhbər olsun Xızır peyğəmbər.

Bu yolda İlyasla Xızır yoldaşdı.

Çeşməyə gedərkən dostlar yanaşdı.

Yaxud:

Xızır, İlyas kam aldı həyat suyundan



Ancaq vermədilər özgəyə nişan.

“Xəmsə”nin şərhçiləri Xızır və İlyasın müxtəlif şəxslər olduqlarını göstərirlər. Xızır – dini rəvayətə görə, eramızdan əvvəl IV əsrdə İsgəndərin zamanında yaşamış peyğəmbərdir. Müsəlman aləmində də peyğəmbər kimi tanınan Xızır Azərbaycan folklorunda Xızır Nəbi kimi keçir. Guya o, zülmətə İsgəndərlə bərabər gedir. Lakin o, İsgəndərə qismət olmayan abi-həyatı (dirilik suyunu) ta-pır və həmin sudan içərək ölməzlik qazanır. Xızır yaşıllıq və dirilik simvolu kimi bədii ədəbiyyatda yad edilir. Xızır yeganə peyğəmbərdir ki, ölümsüzdür, hər il yaz gələndə yenidən dirilir. O, guya gözəgörünməz şəkildə yaşıl paltarda yaşayır. Böyük bir sürətlə aləmi gəzib dolaşır, səhrada susuzluqdan ölənlərin, suda boğulanların köməyinə yetişir, şairlərə, alimlərə gözəl ideyalar, fikirlər təlqin edir.

İlyas da dini rəvayətlərə görə, peyğəmbərlərdən biridir. Yəhudilərə bütpərəstlikdən əl çəkməyi təbliğ etmiş, bunun üçün təqib olunaraq qaçıb mağaralarda yaşamış, möcüzələr göstərmiş, sonra isə “qeyb olmuşdur”. Başqa bir rəva-yətə görə, İlyas da Xızır ilə zülmətə getmiş, dirilik suyundan içmişdir. Guya in- di də Xızır quruda, İlyas suda yaşayır. Xıdır//Xızır – yaşıl, yaşıllıq: kömək edən, yardım göstərən, “İlyas” isə ərəbcə həmişəcavan, həmişəyaşıl: Allahın gücü və qüdrəti mənalarındadır. “Dirsə xan oğlu Buğac xan boyu”nda Boz atlı Xızır kimi adı keçir. Boz atlı Xızır Buğacın yarasına üç dəfə sığal çəkib ölümdən qurtarır. ”Oğlan anda yıqıldıqda Boz atlı Xızır oğlana hazır oldu, üç qatla yarasın əliylə sığadı: ”Sana bu yaradan, oğlan, ölüm yoqdur; dağ çiçəgi, anan südiylə sənin yarana məlhəmdir”,-dedi, qayıb oldu.

Bəzi mənbələrdə Xızır, Xızır İlyas eyni adamdır. Görkəmli alim M.Seyidov isə bu sahədə daha geniş və dərin tədqiqatlar aparmışdır. Xızır və İlyas adlarını türk dilli xalqların mifik təfəkkürü ilə əlaqələndirmişdir: ”Xıdır//Xızır həmişə İlyasla birgə xatırlanmışmı? Əlbəttə, yox. Vaxtilə Xıdır//Xızır göy-göyərti, yaşıllıq məbudu, İlyas isə su məbudu olmuşdur. İlyas haqqında bir çox türkdilli xalqlar arasında bəzi əfsanələr vardır. Bu əfsanələr onu müəyyən dərəcədə türkdilli xalqların əski əsatiri təfəkkürləri ilə bağlayır...”[6].

Xızır haqqında daha geniş məlumat verən alim yazır: “İndiyədək elm aləmində belə fikir var ki, Xıdır//Xızır mifoloji obrazı ərəb dünyası ilə bağlıdır... “Xızır türkdilli sözdür; “xız” (xıd) “ır” tərkibindən yaranmışdır”. M.Seyidov sonra Xızır//Xıdır, Qizir, Gizir, Xızı, Xəzər, qız, qızınmaq, qızmaq və s. ad və sözlərin eyni kökdən törəndiyini sübut edir[6].

Nizami Gəncəvi Nuhu ən çox Məhəmməd peyğəmbərlə müqayisə edir. Lakin “Sirlər xəzinəsi” əsərində şair özünü də Nuh peyğəmbərə bənzədir:

Təravətli söz bağım – ruhun əsli kimicə,

Onu danan – qərq olsun Nuhun nəsli kimicə.

“Vicdansızlardan şikayət” adlı 20-ci söhbətində şair onu inkar edənləri məzəmmət edir: Onlar mənim şeirlərimi Nuh peyğəmbəri inkar edən kafirlər kimi inkar edirlər: onların hamısı axırda zəmanə selinin altında məhv olacaqlar, mən isə Nuh kimi sağ qalıb öz əqidəmi dünyaya yayacağam. Doğrudan da, şair öz fikrində yanılmamışdır.

Nuh – dini rəvayətlərə görə yəhudi peyğəmbərlərindən hesab olunur. Ona bəzən ikinci Adəm də deyərlər. Sənəti nəccarlıq imiş, əlli yaşında özünü peyğəmbər elan etmişdir. Dini əfsanələrə görə xalq onun sözünə inanmadığı üçün guya beş yüz yaşında ikən Allahın əmri ilə əhli-əyalını və hər heyvandan bir cüt götürərək özü qayırdığı gəmiyə minmişdir. Nuh gəmiyə mindikdən sonra qırx gün, qırx gecə yağış yağmış, yerdən su fəv­varə vurmuş, bütün yer üzünü su basmışdır.Yerdə qalan in­sanlar və heyvanların hamısı su altında qalmışdır. Nuhun gəmisi Ararat dağı ətəyində quruya çıxıb yerə enəndə, guya yerdəki bütün canlılar məhv olmuşdu. Əfsanəyə görə dünyadakı insanlar yalnız Nuhdan, yəni onun nəslindən törəmişdir. Nuhun xilas etdiyi qohumları içərisindən də onu inkar edənlər tapıldı.



Nuh peyğəmbərin adı “Kitabi-Dədə Qorqud”un müqəddi­mə­­sində çəkilir: ”Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi si­zi, xanım, Allah saqlasın”[D-9]. “Kitab”da Nuhun bu şəkildə xa­tır­lanması bəzi tədqiqatçıların fikrincə, aşağıda rəvayətlərlə bağlıdır.

Nuhun gəmisinə aldığı ən son heyvan eşşək olmuşdur və şeytan da onunla birlikdə buraya daxil olmuşdur. O.Şaiqin fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi əsli sayılır ki, şeytanı özü ilə gəmiyə keçirmişdir. Bahəddin Ögəl bu mətləblə bağlı başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Şam, Yasəf adlı üç oğlu və Vəjilə adlı bir qızı var imiş. Öz adıyla tarixə düşən “Tufan”ın başlayacağını öncədən bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O, bu işi üç qonurgözə tapşırır. Əvəzində isə qızını onlara verəcəyini bildirir. Tufandan sonra qonurgözlülər ondan qız istəyirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar üçü də dönüb qız olur. Nuh öz doğma qızının bunlardan hansı olduğunu müəyyənləşdirə bilmir. Sonradan xasiyyətlərindən onların kim olması məlum olur”[7,221;bax:8].

Göründüyü kimi, etnomədəni düşüncənin kodları adların müəyyən (mif-adlar) semantikasında əksini tapır, bədii-estetik gerçəkliyi formalaşdırır və təşkil edir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin