16. Sözün müqəddəsliyi: «Qurani-Kərim»//«Leyli və Məcnun» dastanının əsas mətni:
İnsan doğulur,
boya-başa çatır,
təlim-təhsil alır,
özünü dərk edir,
sevib-sevilir,
eşqi cəmiyyətdə inkar edilir,
şərlə qarşılaşır,
mübarizə aparır,
acı-ağrı çəkir,
gerçək aləmin naz-nemətdən əlini üzür,
vüsala yetir,
dünyasını dəyişir,
haqqa qovuşur!..
«Hikmət və mövizə (nəsihət) haqqında» başlıqlı bölmədə Nizaminin ictimai-fəlsəfi görüşləri özünə yer tapır. Şair Allah və peyğəmbərə müraciətdə irəli sürdüyü fikirlərini daha gerçək dəlillərlə əsaslandırır, müasirlərini düşündürən bir çox sorğulara özünəməxsus şəkildə cavab tapır. İlk növbədə insanın fəaliyyətini günəşin çıxıb-batmasıyla müqayisə edən sənətkar səxavətli olmağı ən gözəl keyfiyyətlərdən biri sayır. O, səxavəti elə buluda bənzədir ki, yağışı həmişə təmannasız yağdırmağa qadirdir. Günəş hər gün öz nurunu mənfəət güdmədən dünyaya payladığı kimi insanlar da getdikləri yol uzunu səxavət göstərib kisə-kisə qızıl səpməlidirlər. Nizami «ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşiş vaxtı»ndan bəhs açır. Bu elə bir çağdır ki, imkanlılar verdikləri borcu halal etməlidirlər. Hər kəsdən soruşulmalıdır ki, zəmanənin yoxsulluğundan yaxasını necə qurtarsın. Allah şirin sözləri yer üzünə səpməklə varlıqları, təbiəti, gözəl şeyləri qənaət, mənfəət güdmədən yaratmışdır, buna uyğun bəşər övladı da Ümumi Bəxşiş günündə varını-yoxunu əsirgəmədən elə etməlidir ki, hamının üzü gülsün. Şair sanki «Kitabi-Dədə Qorqud»un son boyunda oğuzların qədim «pay bölgüsü»nə işarə edir: «Üç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı. Qaçan Qazan evin yağmalatsa, halalınıñ əlin alur, dışra çıqardı, ondan yağma edərdi».
Sadələşdirilmiş mətn: «Uc ox vә Boz ox tayfaları bir yerә toplaşanda Qazan adәt üzrә evini talan elәtdirәr, şey-şüyünü bölüşdürәrdi. Amma bu dәfә Qazanın şeylәri talan edildikdә Daş Oğuz orada deyildi. Talanda ancaq İç Oğuz iştirak etdi.Qazan oz şeylәrini talan elәtdirәrkən arvadının әlindən tutub kәnara çıxar, ondan sonra ev-eşiyini oğuz әһlinin ixtiyarına verәrdi». Azərbaycan türklərinə aid ilkin adətlərdən biri eposda «evini yağmalatmaq» şəklində işlənir. İkinci boyda Qazanın yurduna düşmənin qəfil basqınını ifadə edəndə bu sözün həmin anlamı verdiyi şübhəsizdir. Lakin sonuncu boyda tamam başqa məna yükünü daşıyır. Burada məhz Nizaminin işlətdiyi şəkildə «ümumi bar zamanı»ndan, yaxud «ümumi bəxşiş vaxtı»ndan danışılır. Ona görə də «yağmalatmaq» deyəndə «var-dövlət yaymaq», «bar əldə etmək», «paylaşdırmaq» və «bölüşdümək» fikrinin irəli sürüldüyü nəzərə alınmalıdır.
Dünya ikiüzlü yaranıb, yaxşının - pisin, gecənin – gündüzün, xeyirin - şərin də öz yeri olub. Hər kəs əməlinə görə qazanca sahib durub. Başqasına çatanı mənimsəmək mümkün deyil. Şair deyir ki:
Mən bütün bədənə qida verirəm,
Ciyərin payı isə onun özünə çatacaqdır.23
Nizaminin irəli sürdüyü prinsipə «Dədə Qorqud»un son boyunda düzgün əməl edilmədiyi – Dış Oğuzun payı da İç Oğuza verildiyi üçün tarazlıq pozulur və bir tayfa içərisində düşmənçilik toxumu səpilir, qardaş qardaşa əl qaldırır, qan tökülür. Çünki Ümumi Bəxşiş günündə ayrı-seçkilik toxumu səpənlər – qılbaşlar və onların fitvasına uyanlar – qazanlar, aruzlar bilməli idilər ki, «Hər zərrə toz olsa belə dünya pərdəsində bir işə yarayır». Yeddi hasar – yeddi göy əyləncə xətrinə yüksəlməmiş, göyün pərdəsi altındakı yeddi qübbə boş yerə yaranmamışdır. Ötüb-getməkdə olan həyat müqəddiməni xatırlatsa da, şəhvət, yeyib-içmək üçün deyil və yer üzündə heç nə oyuncaq kimi doğulmamışdır. Nizami nəsihət edir ki, varlıqların funksiyalarını dəyişik salmaq olmaz. Pay bölgüsündə tərəfkeşlik etmək yaramaz. Eləcə də insanları hərislik və fəaliyyətsizlikdən uzaqlaşdırmaq lazımdır:
Yeyib-yatmaqdan çəkinə bilsən yaxşıdır,
Çünki bunlar öküz və eşşəklərdə də vardır24.
Nizaminin axtarışlarının həddi-hüdudu yoxdur. O, sirləri öyrənmək məqsədini qarşısına qoyanda dar çərçivəyə qapanıb qalmır, hərtərəfli biliyinin, təcrübəsinin və qeyri-adi istedadının, yüksək qabiliyyətinin hesabına dünyanı qlobal şəkildə götürür, varlıqların yaranması, fəaliyyəti, inkişafı, dəyişməsini əsil alim-araşdırıcı kimi şərh edir. «Diqqətlə baxaq, sirri axtaraq, işin tel ucunu – mənşəyini tapaq» – deyən şair yaxşı anlayır ki, yeri də, göyü də dərk etmək, birər-birər bunu da, onu da öyrənmək üçün maddi və mənəvi şeylərin təbiətinin hansı mayadan yoğrulduğunu bilməlidir. Mövcudatın vahid başlanğıca malikliyini, eyni nöqtədən idarəsini yaxşı anlayan Nizaminin bəzi qənaətləri müasir alimlərin, o cümlədən K.Yunqun nəzəri müddəaları ilə üst-üstə düşür. İsveçrəli alim insan şüurunun kənar qüvvədən (şərti olaraq «libido» alandırır) asılılığını elmi eksperimentlərlə sübuta yetirir.
Azərbaycan xalqının müdrik bir atalar sözündə deyilir: «Hər şeyin bir yaradıcısı var». Nizaminin və K.Yunqun qənaətlərində də dünyanın hamıya daimi görünən elementləri dərkedilməz enerjinin yardımı ilə meydana gəlib fəaliyyət göstərir.
Dünyada kim elə bir ayna görmüşdür ki,
Əvvəldən ona (cila) vurulmamış olsun?!25
– sorğusunu açıqlayanda ağlın qəbul etmədiklərinin, daha doğrusu, müasirlərinin başa düşmədiklərinin şərhinə çalışır. Şairin məsləhətinə əsasən düşünən kəs təhqiq məqsədilə nəyə baxırsa, birinci necə yarandığını aydınlaşdırmağa çalışmalıdır. Əslində ilkin şeylərin mənşəyini görmək gözün, anlamaq ağlın imkanı xaricindədir. Düşünülməlidir ki, axı, varlıqlar öz özünə necə yarana bilər? Yuxarıdakı atalar sözündə deyildiyi kimi, bütün yaranışlarda başqasının yardımı gərəkdir. Qarşıya gözəl naxış çıxanda ilk olaraq onu vuran şəxs ağla gətirilir.
Nizami ilkin təsəvvürlərdən bəhs açanda fikirlərini mifoloqdan çox filosof tək təqdim edir: anlaşılması imkan xaricində olan şeylərin mövcudluğu o deməkdir ki, hər şey Yaradıcının əlindədir. Ona aid meydanda at çapmağın isə heç bir mənası yoxdur.
Bütün ağıllılar, vurğunlar aciz qalıblar ki,
Bu dünya necə meydana gəlmişdir?!
Əgər bir kəs dünyanın necə yarandığını bilsə,
Mümkündür ki, o da elə bir işi görməyi bacarsın,
Madam ki, dünyanı yaratmaq bizə mümkün deyil,
Onun necəliyi də təsəvvürümüz xaricindədir.26
Dünyada hər şey nəzm-intizamla düzəldilmişdir. Ən adi varlıqlarda da gizli xəzinə vardır. Şair o xəzinələrin açarının şüşədən deyil, poladdan qayrılmasını, yəni dərin bilik qazanılmaqla dərkini əsas şərt sayır. Çünki elmlərə yiyələnməyənlər xəzinəyə çatıb şərbət istəyirlər, zəhər tapırlar. Mifik görüşləri saf-çürük edən Nizami xalq inanclarından götürdüyü «İlan həmişə xəzinə üstə yatır» qənaətinə tamam başqa don geyindirir. Musanın və Harunun zəngin gövhər xəzinələrinin qiymətini onda görür ki, birincisi insanlara fayda, ikincisi ziyan verir, ölümə səbəb olur. İlan zəhəri də eyni ilə həyata son qoymaqla yanaşı, sağlamlığa, ömrün uzanmasına imkan yaradır. Maraqlıdır ki, gerçək anlamda da hər şey bir nöqtədən hərəkətə başlayıb o yerdə də ömrünü bitirib başqası ilə əvəzlənir. Nizaminin gəldiyi nəticəyə görə, «Pərgar dairəni tamamladıqda ilk addımını atdığı nöqtəyə qayıdar».
Nə vaxta qədər ehtiyacım olan hər tikəni
Şaha, çobana həvalə edəcəksən?27
Şərqdə formalaşan kitabların (əlyazmalar: divan ədəbiyyatı və epik poemalar nəzərdə tutulur) özünəməxsus ənənəsi, quruluşu, rəsmi girişi, başlanğıcı, ardıcıllığı, sonu, ümumi prinsipləri və fərqli xüsusiyyətləri vardır. Bəzi cəhətlər uzun yol boyu sınaqlardan keçən tarixi təcrübədən, bəziləri də İslam ədəbi prosesindən hazır şəkildə alınmışdır. Bədii mətnin Şərqə məxsus spesifik strukturu müəyyən mərhələdə dünya ədəbiyyatında aparıcı rola malik olmuş, hətta Avropa mədəniyyətinin «İlahi komediya», «Dekameron», «Qeptameron», «Şərq-qərb divanı» kimi əsərlərin özülünü təşkil etmişdir.
Dostları ilə paylaş: |