Gülər Əmirəhmədova
(Əlyazmalar İnstitutu)
Sağəri Qarabağinin şeİrlərİ fraqmentdə
(Paleoqrafik təsvir və tekstoloji müqayisələr)
Zəngin və çoxəsrlik tarixi olan Azərbaycan bədii mədəniyyətinin ideya-estetik nailiyyətlərlə seçilən mərhələlərindən biri XIX əsrdir. Yeni tarixi şəraitin inikası kimi yetişən bu ədəbiyyat klassik irsin həmişəyaşar ənənələri zəminində yaranıb inkişaf etmişdir. (1, 5)
Qədim və orta əsrlərdə olduğu kimi, XIX əsrin birinci yarısında da ədəbiyyatda başlıca yeri poeziya tuturdu. O, üç mühüm ideya-üslubi istiqamətdə davam və inkişaf edirdi: klassik poeziya üslubu, aşıq şeiri tərzi və realist satira.
Bu üç xəttdən ən qüvvətlisi klassik poeziya üslubu idi. Onu təmsil edən şairlər üçün Xaqani, Nizami, Nəsimi, Füzuli və başqa klassiklərin əsərlərinə müraciət və istinad, onlardan öyrənmək, bu və ya başqa ənənələrini davam etdirmək meylləri çox səciyyəvi idi. (4, 5)
XIX əsrin birinci yarısında klassik poeziya ənənələrinə bağlı qalan istedadlı söz sənətkarlarından biri də Molla Zeynalabdin Sağəri Qarabaği (1791–1854) olmuşdur. Şairin biri türkcə, biri farsca olmaqla iki divanı var. Azərbaycan MEA Əlyazmalar İnstitutunda Sağəri Qarabağinin türkcə divanının əldə olan yeganə əlyazma nüsxəsi B–1391 şifri altında, farsca divanının əlyazma nüsxəsi isə B–562 şifri altında saxlanılır.
Şairin həyatı, fəaliyyəti və əsərləri haqqında ilkin bilgilərə, əsərlərindən nümunələrə AMEA Əlyazmalar İnstitutunda saxlanılan, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Azərbaycanda yazıya alınmış təzkirələrdə, həmçinin, cünglərdə, məcmuələrdə rast gəlirik. Eyni zamanda XX əsr Azərbaycan ədəbiyyatının maarifçi-şairi, Sağəri Qarabağinin nəvəsi Xosrov Axundzadənin (Mirzə Xosrov Şaiq) AMEA Əlyazmalar İnstitutunda B-8070/11968 şifri altında saxlanılan arxivində S.Qarabağinin əsərlərindən ibarət olan iki əlyazmanı üzə çıxardıb tədqiqata cəlb etmişik.
Sağəri Qarabağinin şəxsiyyəti və əsərləri haqqında qaynaqlardan toplanan məlumatlar, şairin 2006-cı ildə nəşrə hazırladığımız türkcə divanının ön sözündə sistemli şəkildə öz əksini tapmışdır. (2, 3–17)
Araşdırmalarımız zamanı şairin türkcə qəzəllərindən ibarət olan yeni bir əlyazmanı üzə çıxardıq. Aşkar edilən əlyazma haqqında dolğun təsəvvür yaratmaq məqsədilə əlyazmanın paleoqrafik təsvirini verməyi zəruri sayırıq.
AMEA Əlyazmalar İnstitutunda Фр-327/7592 şifri altında saxlanılan fraqment qırmızı üzlü qovluqda 18 vərəqdən ibarətdir. Qovluğun üzərində latın hərfləri ilə “Sağəri – şerlər (18 vər)” yazılmışdır. Şeirlərin kim tərəfindən və nə zaman köçürüldüyü məlum deyildir. Fraqmentin inventar nömrəsinə əsasən, 1930–1935-ci illərdə Əlyazmalar İnstitutuna daxil edildiyi güman edilir. Şeirlər, bir üzü şəkilli (şəkillər göyümtül və çəhrayı rəngdə olub, hansısa mərasimdə çəkilən naməlum kişilərin şəkilləridir ) 14,5 x 23,7 ölçüsündə olan 14 vərəqə və A4 ölçüsündə sarımtıl vərəqlərə köçürülmüşdür. Mütəxəssislər bu vərəqlərin kağıznın XX əsrin birinci yarısına aid olduğu və nəşriyyatda çapa hazırlanmış kitabın vərəqləri ola biləcəyi fikrindədirlər. Başqa bir məlumata görə bu vərəqlərdən o zaman çay qablaşdırmasında da istifadə edilirmiş. Xətt növü nəstəliqdir. Titul vərəqində sanki rəqs edən üç naməlum kişinin şəklinin altında
كلبه حاجى : اوينا اوينا ، سنده اوينا ...
Kəlbə Hacı: Oyna, oyna, səndə oyna
misrası yazılmışdır. 4, 5, 7, 9, 11-ci vərəqlər titul vərəqi ilə eyni mahiyyətdədir. Digər vərəqlərin bir üzündə isə naməlum bir kişi şəkli və şəklin altında bu misra yazılmışdır:
كلبه حاجى: قوشوم آى اوﭽدى توله ﮔدن ...
Kəlbə Hacı: Quşum ay uçdı tüləgdən
Vərəq 4, 5, 7, 9, 11-də şeirlər qara tuş ilə, digər vərəqlərdəki şeirlər qara karandaş ilə, A4 vərəqlərində olanlar isə göy mürəkkəb ilə yazılmışdır.
Birinci qəzəlin başında və bəzi vərəqlərdəki qəzəllərin sonunda şairin adı – “Zeynalabdin Sağəri” qeyd edilmişdir. Eyni zamanda qəzəllərin məqtə beytində şairin təxəllüsü mötərizə içərisində verilmişdir. Təxəllüsün mötərizədə yazılmasının məqsədi, yəqin ki, təxəllüsü xüsusilə vurğulamaq, diqqət mərkəzinə çatdırmaq olmuşdur. Vərəq 17-dəki qəzəlin M.Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsindən götürüldüyü qeyd edilmişdir.
Üzə çıxardığımız əlyazmadakı şeirləri şairin divanındakı şeirləri ilə qarşılaşdırdığımızda, yeni bir şeir nümunəsinə rast gəlməsək də, bir sıra qrafik və orfoqrafik xüsusiyyətlər nəzərimizi cəlb etdi:
-
Qrafik xüsusiyyətlər
كورديم (gördim) (vər. 1) – كوردوم (gördüm) (51a); باغى (bağı)(vər.2) – باغه (bağə) (51a); ناز ايله (naz ilə) (vər. 5) – نازله (nazilə) (66b); ايدوب (edüb) (vər. 5) – ايدوب (edüb) (66b); بيلمه ديم (bilmədim) (vər.6) – بلمدوم (bilmədüm) (70a); بويله كيم (böylə kim) (vər.10) – بله كيم (belə kim) (86a); اونداندر (ondandur) (vər.10) – آنداندور (andandur) (86a); قاﭘﯽ سين (qapısın) (vər. 11) – قاﭘو سين (qapusın) (87a); آنى (anı) (vər. 15) – اونى (onı) (70a) və. s.
-
Orfoqrafik xüsusiyyətlər
يوقدر (yoqdur) (vər. 1) – يوخدو (yoxdu) (42a, 74a);منه (mənə) (vər. 2) –باكا (bana) (51a, 65b, 70a, 79a, 86a, 88a);باق (baq) (vər.2) –باخ (bax) (51a);يوق (yoq) (vər. 2) – يوخ (yox) (51a, 65b, 70a, 79a);كورﻣﮓ (görməg) (vər.3) – كورمك (görmək) (65b); بنيم (bənim) (vər. 4) – منيم(mənim) (66b, 67a, 86b);قدك (qəddin) (vər.4) –قدون (qəddün) (67b); بن (bən) (vər. 5) – من (mən) (66b) اوقين(oqın) (vər. 5) –اوخين (oxın) (66b); بيك(bin) (vər. 5) –مين (min) (66b, 74a); كبي(gibi) (vər. 7) – كمي (kimi) (74a, 88a, 96a); سنده(səndə) (vər. 7) – سنكا (sana) (74a);قورقورام (qorquram) (vər. 7) – قورخورام(qorxuram) (74b, 86a); دلبريك (dilbərün) (vər. 8) – دلبرون (dilbərün) (79a); اولديك(oldın) (vər. 8) – اولدون(oldun) (79a); ﭽيقارت(çıqart) (vər. 8) – ﭽخار(çıxar) (79a); تاب(tab) (vər. 8) –تاﭗ (tap) (79a); قورقوم(qorqum) (vər. 9) – قورخوم (qorxum) (74a); بن سيز (bənsiz) (vər. 9) –من سيز (mənsiz) (74a);ﭽيقسا (çıqsa) (vər. 10) – ﭽيخسا(çıxsa) (86a); ﭽيقار(çıqar) (vər. 11) – ﭽخار (çıxar) (86b);بني (bəni) (vər. 11) – مني (məni) (87a); ﭽيقسين(çıqsın) (vər. 11) – ﭽخسون(çıxsun) (87a); بيلمك (bilmək) (vər. 12) – بلمن (bilmən) (88a); ﭽوق(çoq) (vər. 12) – ﭽوخ(çox) (88a)
Bundan başqa, şeir nümunələrini incələdiyimiz zaman tekstoloji cəhətdən əhəmiyyətli sayılacaq bir sıra fərqlər: türk sözlərinin türk sözləri ilə əvəz edilməsi; türk sözlərinin ərəb-fars sözləri ilə əvəz edilməsi və ya əksinə; ərəb-fars sözlərinin ərəb-fars sözləri ilə əvəz edilməsi diqqətimizi çəkdi:
يوزينده (yüzində) (vər.1) – رخنده (rüxündə) (42a)
ساقين (saqın) (vər. 2) – كوزل (gözəl) (51a)
اﯾﭽينده (içində) (vər. 2) – دورنده (dövründə) (51a)
ايده كور (idə gör) (vər. 2) – ايلدى (eylədi) (51a)
هر لحظه (hər ləhzə) (vər. 3) – هر دم من (hər dəm mən) (65b)
خوابلر بير (xablər bir) (vər. 4) – خواب يوخدور (xab yoxdur) (67b)
اجب (əcəb) (vər. 4) – منيم (mənim) (67b)
لاكن (lakin) (vər. 4) – ليكن (leykən) (67b)
كوزيم كوكليم (gözim könlim) (vər. 7) – منيم كونلوم (mənim könlüm) (74a)
مهر جانان (mehri-canan) (vər. 8) – مهر تابان (mehri-taban) (79a)
كيم منى (kim məni) (vər. 10) – كيم سنى (kim səni) (86a)
وه نجه (vəh necə) (vər. 12) – من نجه (mən necə) (88a)
قيلم (qılım) (vər. 12) – ايدوم (edüm) (88a)
Əlyazmada birinci vərəqdəki qəzəlin 2-ci, 5-ci beyti, 2-ci vərəqdəki qəzəlin 4-cü beyti, 4-cü vərəqdəki qəzəlin 6-cı, 7-ci, 8-ci, 10-cu beytləri, 7-ci vərəqdəki qəzəlin isə 7-ci beyti düşmüşdür.
Tekstoloji müqayisə zamanı bəzi beytlərdə, misralarda yeni sözlərin əlavə edilməsinin, mənaca oxşar vəya fərqli sözlərin və ifadələrin əvəz edilməsinin şahidi oluruq:
-
Baq giribanıma, ey kafəri-birəhm, saqın (6, vər. 2)
Bax giribanına, ey kafəri-birəhm, gözəl (2, 51a)
-
Həzər qıl urma şanə zülfi-pürçinə sən, ey leyli (6, vər. 4)
Həzər qıl urma şanə zülf zəncirinə, ey aqil (2, 67a)
-
Səri-ku itlərinə hər nə var təqsim qıldım bən (6, vər. 4)
Əcəb təqsim qıldum könlümi, hər şahidə verdüm (2, 67a)
-
Könül mürğini bən ol türreyi-tərrarə tapşırdım (6, vər. 5)
Könül mürğini ol türreyi-tərrarə tapşırdım (2, 66a)
-
Haşa Allah ki dəxi onda məkan etməz idim (6, vər.6)
Beyti-hicranda olub, orda məkan etməz idim. (2, 70a)
-
(Sağəri) mən nə bilüm atəşi-suzandır bu (6, vər.12)
Sağəri anlamadı atəşi-suzandur bu (2, 88a)
-
Ruh idi sanki qoyub cismimi bican getdi (6, vər. 14)
Ruhdı cismimə cismimi qoyub can getdi (2, 96a)
-
Nəzərə gəldi, nəzərdən məhi-Kənan getdi (6, vər.14)
Nəzərimdən o zaman kim məhi-Kənan getdi (2, 96a)
-
Fəsli-gül bitdi xəzan oldı, gülüstan getdi (6, vər. 14)
Vəsl gülzarı xəzan oldı, gülüstan getdi (2, 96a)
-
Suzi-hicranə salub könlümi ol mahliqa (6, vər.14)
Suzi-hicranə salub canımı bir kafərkiş (2, 96a)
Göründüyü kimi, bəzi hallarda sözlərin əlavə edilməsi şeirə yeni məna çaları gətirməsə də, bir çox məqamlarda fərqli sözlərin və ifadələrin qəzəllərdə ciddi məzmun dəyişikliyi yaratdığının şahidi olduq.
Dostları ilə paylaş: |