ədəbİyyat:
1. Salih Zeki Meriç. İrfan no: 30-May-2009. İctimai fikir jurnalı.
2. Kamandar Şərifli. Mətnşünaslığın əsasları, Bakı, 2002.
3.Kamandar Şərifli.Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı. Bakı, 1996.
4.Möhsün Nağısoylu. Nəsrəddin Tusi əsərlərinin nadir əlyazmaları haqqında. Orta əsr əlyazmalar və Azərbaycan mədəniyyəti tarixi problemləri. VIII Respublika elmi-nəzəri konfransının materialları, Bakı, 2002.
Rəna İskəndərlİ
(Əlyazmalar İnstitutu)
Şəmsəddİn Samİ və onun elmİ, bədİİ İrsİ haqqında
Türk milliyətçiliyin önəmli təmsilçilərindən, tənzimat dövrü roman və hekayə yazıçılarının parlaq nümayəndəsi olan arnavud əsilli Şəmsəddin Saminin həyat və yaradıcılığı Türkiyədə geniş təqdiq edilsə də, Azərbaycan elmi-ictimaiyyəti və oxucu kütləsi üçün bir o qədər də tanış deyildir. Cəmi əlli dörd il ömür sürən Sami Fraşerinin həyatı olduqca çətin və keşməkeşli olmasına baxmayaraq, o, ömrünü bütövlükdə türk xalqının tərəqqi və mədəniyyətinin inkişafına həsr etmişdir. Yazıçının həyat tərzi və yaşam prinsipləri onun yaradıcılığına bilavasitə təsir edərək, mükəmməl elmi əsərlərinin, o cümlədən öz dövründə aktuallığı ilə seçilən bədii əsərlərin meydana çıxmasına səbəb olmuşdur.
Şəmsəddin Sami 1850-ci ildə bugünkü Yunanıstan ərazisində yerləşən Yanya şəhərinin Fraşer qəsəbəsində dünyaya gəlmişdir. Atası Xalid bəy ilə babası Durmuş bəy Beratdan Fraşerə köçüb yerləşmiş Timar bəylərin nəslindən, anası Əminə xanım Fateh Sultan Mehmed və İkinci Bayəzid dövründən gələn İmrahor İlyas bəyin soyundandır. Şəmsəddin Sami Xalid bəyin beş oğlundan üçüncüsü idi. 1859-cu ildə atası Xalid bəy, 1861-ci ildə anası Əminə xanım rəhmətə getdikdən sonra, böyük qardaşı Əbdül bəy qardaşlarına himayədarlıq etmişdir. 1861-ci ildə Şəmsəddin bəy digər qardaşları ilə Yanyaya köçmüşdür. Burada Şəmsəddin Fraşeri o dövr üçün müasir tələblərə cavab verən Zosemia Rum liseyinə daxil olaraq, səkkizillik məktəbi yeddi ilə bitirmişdir (1868 ). Orada qədim və müasir yunan, fransız, italyan, ərəb, fars, türk dillərinə, o cümlədən coğrafiya, tarix, riyaziyyat kimi elmlərə yiyələnmişdir.
1871-ci ildə İstanbula gələn Şəmsəddin Sami Mətbuat Qələmində məmur olaraq işə başladı. Eyni zamanda “Taaşşuki-Talat və Fitnat” romanını yazdı. Türkiyənin ilk roman əsəri hesab edilən bu kitab böyük əks-sədaya səbəb oldu. Daha sonra yazıçı “Sirac” və “Hadika” qəzetlərində işlədi. Qəzetdə Osmanlılar lehinə məqalələr dərc olunduğu üçün hökümət tərəfindən həmin mətbəə bağlandı. 1874-cü ildə fransız dilindən “İxtiyar onbası” adlı pyesi tərcümə etmişdir. Daha sonra arnavud xalqının problemlərini əks etdirən “Besa yaxud ahde vefa” adlı dram əsərini yazmışdır. Həmin əsərlər İstanbuldakı Gedikpaşa teatrında səhnələşdirildi.
1874-cü ildə Trablusqərb vilayət qəzetinə təcrübəli bir müxbir tələb olunarkən, Şəmsəddin Sami mətbuat müdiriyyəti tərəfindən oraya göndərildi. Ərəbcə-türkcə nəşr olunan bu qəzetdə yazıçı bir ilə qədər baş redaktor vəzifəsində işlədi. 1875-ci ildə İstanbula qayıdaraq, öz peşəsini davam etdirdi.
1876-cı ildə gündəlik nəşr olunan “Sabah” qəzetinin əsasını qoydu və bir ilə yaxın həmin qəzetə rəhbərlik etdi. Qısa bir zamanda bu qəzet şöhrət qazanaraq, çoxsaylı tirajla dərc olunmağa başlandı.
1877-ci ildə Rodos valisi Sava Paşanın möhürdarı kimi onunla bərabər Rodosa ezam edildi. 1877-78-ci illər Rusiya-Osmanlı müharibəsinin sonunda Yunanıstandakı torpaqlar paylaşma təhlükəsinə məruz qalarkən, arnavud xalqının narazılığına səbəb olmuşdu. Sami bəy xalqın etiraz səsini dəstəkləyərək, 1878-ci ildə arnavudlular haqqında “Vaqit” qəzetində böyük bir məqalə ilə çıxış etmişdir. Ümumiyyətlə, bu xalqın mədəniyyətinin yaşanması uğrunda misilsiz rolu olan Osmanlı yazıçısı, maarifpərvər Şəmsəddin Fraşeri latın və yunan hərflərindən istifadə edərək, öncə bu xalqın əlifbasını (1879) daha sonra isə qrammatikasını tərtib etmişdir.(1886)
1887-78-ci illərdə Şəmsəddin Sami Abidin Paşanın rəhbərliyi altında yaranmış ”Sevkiyyati-əskəriyyə” birliyinə bir neçə ay baş katiblik etmişdir. Həmin illər ərzində “Sərfü nəhvi - arabi” adlı qrammatik əsərini yazmışdır.
1880-cı ildə Əbdül Həmidin dəvəti ilə saraya çağrılaraq “Teftişi-askeri”adlı təşkilata katiblik vəzifəsinə təyin edildi. Ölümünə qədər tutduğu bu vəzifə onun maddi rahatlığına səbəb olaraq əsərləri üzərində işləməyə imkan yaratdı. O, Viktor Hüqonun “Səfillər”, Daniel Defonun “Robenson Kruzo” romanlarını türk dilinə tərcümə etmişdir.
1882-83-cü illərdə müəllif fransızca-türkcə olan “Qamusi fransavi” adlı kitabı hazırlayır. 1885-ci ildə bu əsərin türkcə-fransızca variantı yazılır. Dilçilik sahəsinə həsr olunan bu leksikoqrafik əsər böyük marağa səbəb olur. Hətta müəllif II Əbdül Həmid tərəfindən iftixar ordeni ilə təltif olunur.
1889-1897-ci illlərdə altı cilddə yazılan “Qamusul-A′lam” ensiklopediyası Şəmsəddin bəyi Türkiyənin məşhur müəlliflərindən biri etdi. Burada onu da qeyd etmək vacibdir ki, “Qamusul -A′lam” əsəri ilk türk ensiklopediyası sayılır.
“Qamusul-A′lam” əsərinin tamamlanma ərəfəsində, yəni 1896-97-ci illər arası, bir il müddətində Şəmsəddin Sami tərəfindən daha bir möhtəşəm lüğət yazıldı. “Qamusi arabi” adlanan ərəbcə-türkcə olan bu sözlük hal-hazırda da müasir dilçilik sahəsində istifadə edilən ən mötəbər mənbələrdən biridir.
1899-cu ildə (o dövr üçün) yeni görüşlər əsasında türkcə olan “Qamusi-türki” adlı lüğəti yazmağa başladı. Ümumiyyətlə, türk dili üzərində islahatlara can atan Şəmsəddin bəy bu dilin xarici söz və qaydalardan azad olmasına çalışırdı. O, “Osmanlı türkcəsi” termininə qarşı çıxaraq “türkcə danışan qövmün adı türkdür” söyləmişdir. Əsrlər boyu ərəb və fars sözlərinin bu dildə işlənməsinə baxmayaraq, təqdiqatçının fikrincə bu sözlər türk dilinə tam uyğunlaşmamışdır. Doğu türkcəsi söz baxımından Batı türkcəsindən daha zəngin olduğunu vurğulayan tədqiqatçı, ərəb və fars sözlərinin yerinə həmin Doğu türkcəsində olan sözlərdən istifadə etməyi təklif edirdi.
Ömrünün son illərində təqdiqatçı bir çox problemlərlə üzləşdi. Bir tərəfdən xəstəliklərlə mübarizə, digər tərəfdən isə “Teftişi Askeri Komisiyonunun” ciddi prinsipləri (Şəmsəddin Saminin hər bir addımı izlənərək onun azad fəaliyyəti üçün qadağalar qoyulurdu) onun həyatını dözülməz edirdi. Çətinliklərə baxmayaraq, o, yaradıcılığına xitam vermədən böyük səylə çalışırdı. 1902-ci ildə “Kutadqu bilik”, “Orxun abidələri”, “ət-Tuhfətuz-Zəkiyyə”, “Ləhçei Türkiyyei Memaliki Mısır” kimi əsərlər hazırlamışdır. “Ortaçağ Kıpçaqcası” əsərini bitirmədən müəllif 18 iyun 1904-cü ildə vəfat etdi və Erengöydəki Səhraye-cedid məzarlığında dəfn edildi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Sami bəyin “Qamusi-Türki”, “Qamusi-fransavi”, “Qamusi-Alam” kimi lüğətləri saxlanılaraq tədqiqatçılar tərəfindən geniş istifadə edilir. Bu kitablarla yanaşı, axtarışlar nəticəsində yazıçının “Besa yaxud ahde vefa”, “Kave” adlı faciələrinin Azərbaycan dilinə tərcümə olunmuş əlyazma nümunələri aşkar edilib.
“Kave” adlı əsərin tərcümə nüsxəsinə gəlincə, əsər adi ümumi şagird dəftərində yazılıb. Azəri şivəsində “Gavə” adlanan bu əlyazmanın həcmi 47 vərəqdir. Əsər qara mürəkkəblə səliqəsiz nəstəliq elementli nəsx xətti ilə köçürülüb. Mətnin 1a vərəqində azərbaycan və rus dillərində faciənin adı, beş hissədən ibarət olması, əsərin müəllifi və mütərciminin adı, 1b vərəqində isə faciədə iştirak edən qəhrəmanların adları qeyd olunub. Cildi qara parlaq kartondur. Katibi, köçürülmə tarixi göstərilməsə də, I cildin iç tərəfində 1911-1912-ci il şagirdləri üçün çap olunan təqvimə əsasən, əlyazmanın həmin illər ərzində köçürüldüyü bəlli olur. Tərcümə Azərbaycanın tanınmış ədibi XX əsr Azərbaycan ədəbiyyatında görkəmli yer tutan klassiklərdən biri olan Süleyman bəy Axundova mənsubdur. Süleyman Sani təxəllüsü ilə tanınan ədib 1875-ci ildə oktyabr ayının 21-də Şuşa şəhərində anadan olmuşdur. Süleyman Axundov dünyaya gəldikdən iki ay sonra atası vəfat etmişdir. Axundov uşaqlığının çox hissəsini Ağdam şəhərinin Seyidli kəndində keçirmişdir. Anasının ağır maddi və mənəvi vəziyyətini nəzərə alan gələcək yazıçının əmisi oğlu Tağı və dayısı Səfərli bəy Vəlibəyov kiçik Süleymanın təlim- tərbiyəsini öz öhdələrinə götürmüşlər.
Qeyd etmək lazımdır ki, Səfərli bəy Vəlibəyov Azərbaycanın görkəmli maarifpərvərlərindən idi. O, Zaqavqaziya Qori müəllimlər seminariyasında çalışırdı. S.Axundov dayısının təşəbbüsü ilə 1885-ci ildə həmin qimnaziyaya daxil olur. 1894-cü ildə Süleyman Axundov Qori seminariyasını bitirərək ömrünün sonunadək pedaqoji fəaliyyət göstərmişdir. Hələ gənc ikən yazıçı N.Nərimanov, S.M.Qənizadə, H.Mahmudbəyov kimi mütərəqqi fikirli ziyalılarla əlaqə saxlamış, onlarla bərabər həvəskar aktyor kimi tamaşalarda iştirak etmişdir.
Süleyman Sani Azərbaycan dilinin inkişafında da iz qoymuşdur. 20-ci illərdə F.Ağazadə, M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, A.Talıbzadə, Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk əlifbası” dərsliyini tərtib etmişdir. 1922-ci ildə Süleyman Sani Azərbaycan ədib və şairlər İttifaqının ilk sədri seçilmişdir. Ədəbi fəaliyyətinə görə ona Əmək qəhrəmanı adı verilmişdir.
Yazıçı 1939-cu il mart ayının 29-da Bakıda vəfat etmiş və fəxri xiyabanda dəfn edilmişdir. Qeyd etmək vacibdir ki, haqqında danışdığımız əsərdən başqayazıçının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda onun öz qələminə mənsub əsərləri də saxlanılır. Onlardan “Doğruçular klubu”, “Fuad”, “Fatma və Arşak”, “Molla Nəsrəddin Bakıda”, “Tamahkar” əsərlərini qeyd etmək olar. “Tamahkar” komediyasının 2 nüsxəsindən biri avtoqrafdır.
Yuxarıda adını çəkdiyimiz “Gavə” əsəri Süleyman Sani tərəfindən 1906-cı ildə tərcümə edilib. Tərcümə edildikdən sonra, əsər Azərbaycan səhnəsində, o cümlədən digər ölkələrdə dəfələrlə oynanılıb və böyük rəğbət qazanıb. Faciənin baş qəhrəmanını, sadə Gavə adlı dəmirçinın obrazını ifa edən aktyorlardan biri unudulmaz korifey H.Ərəblinski olmuşdur. Əsərin əsas ideya və məzmunu xalqın böyük qüvvə olmasını və birləşərək zülmkarlara qarşı müqavimət göstərmək iqtidarında olduğunu bildirməkdir.
“Besa yaxud ahde vefa” adlı əsərin tərcüməçisi və tərcümə nüsxəsi üzərində tədqiqatlar hal-hazırda davam etməkdədir.
Bu əsərlər tənzimat dövrü türk ədəbiyyatının nümunələri sayılsa da, XX əsrin əvvəlləri Azərbaycanda baş verən siyasi,mədəni,ictimai hadisələrlə ayaqlaşaraq, dövrün tələblərinə uyğun olduğu üçün geniş təbliğ olunurdu.
Dostları ilə paylaş: |