Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə38/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   34   35   36   37   38   39   40   41   ...   232
Əkrəm Bağırov

(Əlyazmalar İnstitutu)
AZƏRBAYCAN TÜRKÜ ƏBU TALİB XAN TƏBRİZİ
Azərbaycan təzkirəçilik tarixinin ən maraqlı simalarından biri də əsli Azərbaycan türkü olmuş, lakin Hindistanda doğul­muş və bütün həyatı boyu bu diyarda yaşamış Əbu Talib xan Təb­rizidir. Onun atası Hacı Məhəmməd Bəy-xan bin Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfəhan şəhərindən Hin­dis­tana mühacirət etmiş və h.q. 1165/m. 1751-ci ildə bu diya­rın Ləkhnay şəhərində oğlu Əbu Talib dünyaya gəlmişdir. Hə­min şəhərdə də boya-başa çatmış və demək olar ki, müstəqil mü­ta­liəsi sayəsində biliklərə yiyələnib yüksək savad almış Əbu Talib güclü hafizəyə malik, istedadlı bir şəxs olmuşdur. O, XVIII əsr Hindis­tan ta­rixinə hakim dairələrə yaxın olan ic­timai-siyasi xadim, yazıçı-şair, ədə­biy­yatşünas-təzkirəçi, tarix­çi və səfərnamə müəllifi kimi daxil olmuş­dur.

XX əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özünün məşhur «Danişməndani – Azərbaycan» (1, 358-359), Əziz Döv­lətabadi böyük zəhmətin bəhrəsi olan «Soxənvərani – Azər­baycan» kitablarında, fars dilli təzkirəçilik tarixinin tədqi­qində müstəsna xidmətləri olunmuş Əhməd Gülçin Məani bu gün bütün təzkirə tədqiqatçılarının stolüstü kitabı və daim mü­ra­ciət etdikləri mənbə olan «Tarixe-təzkirehaye-farsi» funda­men­tal əsərində (1, 564-590; 2, 733) və həmçinin pakistanlı alim Doktor Seyyid Əli Rza Nəqəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi «Təzkirenevisiye-farsi dər Hendo Pakestan» adlı doktorluq işində (5, 477-489) əllərində olan tarixi mənbələrə, o cümlədən Əbu Talibin müasiri olmuş və onunla şəxsən görü­şüb təmasda olmuş Əbdül-Lətif Şüştərinin “Töhfətül-Aləm” əsə­rinə, Tomas Vilyam Bill adlı müəllifin h.1265-ci ildə yaz­dığı və h. 1284-cü ildə Ləkhnauda nəşr etdirdiyi «Miftah ət-tə­varix» əsərlərinə istinadən bu müəllifin bioqrafiyası və əsərləri haqqında maraqlı faktlar təqdim edib elmi mülahizələr irəli sü­rürlər.

Əbu Talıb xan Təbrizi haqqında «Azərbaycan təzkirəçilik tarixi» adlanan kitabda (6, 183) V.Musalı adlı tədqiqatçı da mə­lumat verməyə cəhd göstərmiş, lakin təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəm­mədəli Tərbiyətin «Danişmən­da­ni –Azərbaycan» əsərində verilən mə­lu­matların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primi­tiv və səhv təkrarından irəli gedə bilməmişdir. Bütün bun­lar­la yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q. 1220-ci il əvə­zinə h.q. 1221-ci il) burada da təkrar olunmuşdur. Məlumat üçün bildiririk ki, Əbu Talib xan Təbrizinin ölümü ilə bağlı «Miftah ət-təvarix» əsərində onun oğlu Mirzə Yusif Bağırın sifarişi ilə yazılmış iki maddeyi-tarix də qeyd olunmuşdur (5, 480; 8, 464). Fars dilli klassik poeziyanın parlaq sima­la­rından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi yetdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olun­muşdur. Bütün bünlar Azərbaycan ədəbi təzkirələrinin de­mək olar ki, əksəriyyətinin fars dilində yazıldığından və bu səbəbdən bu dili bilmə­yən bir çox tədqiqatçılar üçün qaranlıq qal­dığından, onların bu mənbə­lərə yaxın dura bilməyib ələ ke­çirə bildikləri azərbaycandilli tədqiqat­lara tənqidi yanaşmadan bu mənbələri təkrar etməklərindən irəli gəlir.

Hindistan və Pakistan ərazisində yazılmış fars dilli təzkirə­lərin pa­kis­tanlı tədqiqatçısı Doktor Seyyid Əli Rza Nəqəvinin bizə qürur bəxş etməklə Azərbaycan türkü adlandırdığı Əbu Talib xan Təbrizi fars dilin­də yazılmış, əlyazma şəklində dün­ya kitab xəzinələrində mühafizə olunan və bəzilərinin hətta bir sıra Avropa dillərinə belə tərcümə və çap olunmuş əsərlər müəllifidir. Əbu Talib xan həm də təzkirə müəllifi ol­duğundan bu əsərlər içərisində onun «Xülasətül-əfkar» adlı əsəri bi­zim üçün daha maraqlı və daha önəmlidir. 25 illik zəhmətin məh­sulu olmuş bu əsər h.q. 1206-1207-ci illərdə (Bu haqda əsərin sonunda mü­əl­lifin özü tərəfidən yazılmış maddeyi-tarix də var­dır) müəllif 40 yaşında ikən yazılmış və 492 şair haqqında məlumatları və əsərlərindən nümunələri əhatə edir. Müəllifin əsəri tamamladıqdan sonra da orada ixtisarlar və əlavələr etdi­yindən bu rəqəm bəzi mənbələrdə kiçik fərq­lərlə 493 və bəzən 494 də göstərilir. Əsər fars dilli şeir və təzkirəçilik haq­qında müəllifin mülahizələrini açıqlayan bir müqəddimədən, əlifba sırası ilə verilmiş qədim, orta və son dövr şairlərindən ibarət olan, 309 müəllifi əhatə edən 28 hədiqə-bölmədən və həmçi­nin 160 şairin yalnız adı və bir neçə beyti təqdim olunmuş bir zeyldən və nəhayət, müəllifin özü də daxil olmaqla 23 müasir şairi təqdim eldən xatimədən ibarətdir. Əhməd Gülçin Məani­nin fikrincə şeir nümunələrinin əksəriyyətinin məsnəvi olduğu bu əsərdə bəzi müəlliflərin nəsrlə yazılmış əsərlərindən də örnəklər verilmişdir. Doktor Nəqəvi bu təzkirəyə müəllif tərə­fin­dən yazılmış ətraflı fehresti xüsusi olaraq vurğulamaqla ya­naşı onun əsas məziyyətlərindən biri kimi hər bir şairdən gətir­diyi misalların beyt he­sa­bı sayının belə göstərilməsini nadir hadisə hesab edir (5, 485) .

Əbu Talib xan Təbrizi istifadə etdiyi mənbələr sırasında bö­yük Azər­baycan təzkirəçisi Əliqulu xan Valeh Dağıstaninin «Ri­yaz əş-şüəra» təzkirəsinə tənqidi yanaşmaqla bərabər yeri gəldikcə ondan bol-bol da yararlanmışdır. Əbu Talib xanın bu təzkirəni tərtib edərkən struk­tur baxımından da “Riyaz əş-şüə­ra” təzkirəsini özünə nümunə gö­türdüyü təzkirəşünaslar tərə­findən qəbul olunan bir faktdır.

Əhməd Gülçin Məaninin bu təzkirə haqqında bəzi mənfi və demək olar ki, subyektiv fikirləri ilə razılaşmayan Əziz Döv­lə­tabadi «Soxən­və­rani-Azərbaycan» əsərində bu ədəbiy­yat­şünaslıq mənbəyinə haqlı ola­raq yüksək qiymət verir. (2. 513)

Əsərdə təqdim olunan Ənisi Şamlu, Əvhədi Marağayi, Qızılbaşxan Ümid, Bədi Təbrizi, Məhsəti, Qasım bəy Haləti, Hə­sən xan Samlu, Xa­qani, Şərif Təbrizi, Şani Təkəlu, Saib Təb­rizi, Fələki Şirvani, Mücirəd­din Beyləqani, Füzuli, Nizami, Qətran və başqa adlar bu təzkirənin Azərbaycan ədəbiyyat­şü­nas­lığı üçün yüksək dəyərindən xəbər verir.

«Xülasətül-əfkar» təzkirəsinin dünya əlyazma xəzinələrində mühafi­zə olunan bir çox əlyazma nüsxələrinin sonunda müəl­lifin əxlaq, musi­qi, əruz və qafiyə, və hətta, tibb elmi haqqında kiçik risalələri və h.q. 1208/m.1794-cü ildə yazdığı «Lübbüs-siyər və cəhannüma» adlı əsəri də təqdim olunur. (Əlavə ola­raq bax: 8,463-465) Tarix və coğrafiyadan bəhs edən və dörd babdan ibarət olan bu axırıncı əsərin üçüncü babında qədim dövr yunan filosları ilə bərabər müsəlman alim, fazil və şair­ləri haqqında da məlumat verilir. Mənbələrin verdiyi məlumat­lara görə 103 səhifə həcmində olan bu əsərin müstəqil əlyazma nüsxələri də mövcud­dur (5, 481).

Əbu Talib xan Təbriziyə dünya şöhrəti gətirmiş əsəri onun üç cild­dən ibarət olan səyahətnaməsidir. «Məsiri-Talibi fi bi­ladi-ifrənci» adla­nan bu əsəri Əziz Dövlətabadi son bir neçə əs­rin ən yaxşı səyahət­namələrindən biri adlandırır, (2, 514). Şirin və oxunaqlı bir dildə yazıl­mış bu əsərdə müəllifin Av­ropaya olan beş illik səfərinin (h.q. 1213-1218 / m. 1799-1804) təəssüratları öz əksini tapmışdır. Əbu Talib xanın səfər zamanı olduğu ölkələr və şəhərlər siyahısına nəzər salsaq bu səfəri dün­ya səyahəti də adlandırmaq olar. Kəlküttə-Keyptaun (Cə­nu­bi Afri­ka) – İrlandiya – Uels – London – Fransa – İtaliya – Malta adası – İzmir – İstanbul – Bağdad – Bəsrə - Bombey – Kəlküttə marşrutu ilə həyata keçmiş bu səfərdə müəllifin qələ­mə aldığı təəssüratlar bu ölkələrdə yaşayan xalqların həyat tər­zi, adət və ənənələri, şəhərlərdə olan memar­lıq abidələri, kitab­xanalar, teatr və konsert salonlarının, zavod və fab­rik­lərin təs­viri əsərin tarixi əhəmiyyətindən xəbər verir. Bu əsər yazıl­dığı dildəki nəşrindən iki il əvvəl əlyazma əsasında Çarlz Stüart tə­rəfindən 1810-cu ildə ingilis dilinə tərcümə olunaraq London­da iki cilddə nəşr olunmuşdur. Eyni tərcümə yeni əlavələrlə bir­likdə 1814-cü ildə təkrar çap olunmuşdur. Əsərin farsca ori­jinal nəşri müəllifin oğlu Mirzə Həsənəli və Mir Qüdrətəli adlı başqa bir şəxsin redaktəsi ilə 1812-ci ildə Kəlküttədə işıq üzü görmüşdür. Əsər h.ş. 1352-ci ildə Teh­ran­da nəşr edilmişdir. Əziz Dövlətabadi bu nəşri qüsurlu və qeyri-qənaətbəxş hesab edir (2, 515). Əsərin başqa Avropa dillərinə və urdu di­linə olan tərcümə və nəşrləri də mövcuddur (2, 515; 5, 481).

Əlu Talib xan Təbrizi-İsfəhaninin adına məhz Avropa və Lon­don səfərindən sonra Ləndəni-Londonlu nisbəsi də əlavə olun­muşdur.

Əbu Talib xan Təbrizinin qələmindən çıxmış aşağıdakı əsər­lər də mövcuddur:

- «Təfzih əl-qafelin» - h.q. 1211-ci ildə kapitan Riçardso­nun sifarişi ilə Asəf əd-dövlə əsrinin (m. 1775-1797) tarixinə aid yazılmış əsərdir. Orijinal mətni günümüzə çatmayan bu əsərin ingilis dilinə olan tərcü­məsi 1885 ildə Allahabadda çap olunmuşdur.

-«Merac ət-touhid»-nücum elmi haqqında şeirlə yazılmış ri­sa­lədir. Müqəddiməsi nəsrlə olan bu əsər h.q. 1219/m. 1804-cü ildə yazılmış və sonuncu Səfəvi şahzadəsi Əbülfəth Soltan Mə­həmməd Səfəviyə ithaf-hədiyyə edilmişdir. Bu Səfəvi şah­za­dəsi həm də təzkirə müəllifidir. (Ətraflı məlumat üçün bax: 1, 160-168). Əlu Talib xan Təbrizi həm də klassik şeir növlə­ri­nin demək olar ki, hamısını əhatə edən divan sahibi­dir və bu top­lunun əlyazması Britaniya muzeyində mövcuddur (2, 514; 8, 464).

Əlu Talib xan Təbrizinin bəzi şeirləri Q.Svintonun İngilis dilinə tərcüməsi ilə birlikdə 1807-ci ildə Londonda nəşr edil­mişdir. Onun, Londonun vəsfinə həsr etdiyi «Şürurəfza» adlı məs­nəvisi də əlyazma şək­lində mövcuddur. Bu əsərin Edin­burq kitabxanasında saxlanan əl­yaz­masında Əlu Talib xan Təb­rizinin portreti də mövcuddur (2, 514; 8, 464).

Mənbələr Əbu Talib xan Təbrizinin bir mətnşünas-tədqi­qat­çı kimi də fəaliyyətindən xəbər verir. Belə ki, o Hafiz divanı­nın 12 nüsxə əsa­sında mətnini bərpa etmiş və bu mətn h.q. 1206-cı ildə 1200 tirajla çap olunmuşdur. Əziz Dövlətəbadinin fikrincə, bu çap Hafiz divanının ilk və ya birinci çaplarından bi­ridir (2,513).

Əbu Talib xan Təbrizi əsərlərinin, onun haqqında yazılmış mənbə­lərin (əlavə olaraq bax: 9) əldə edilib tərcümə və tədqiq edilməsi bu Azərbaycan türkünün Azərbaycan türklərinə tanı­dıl­ması qarşıda duran şərəfli vəzifələrdən biridir.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin