Ş.X. MƏMMƏDOV
SADƏ CÜMLƏNİ GENİŞLƏNDİRƏN VASİTƏLƏRİN
İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: dialekt, şivə, ara sözlər, bağlayıcı
Ключевые слова: диалект, говоры, вводные слова, союзы
Key words: dialect, subdialect, parenthetical words, conjunction
Dialekt və şivələrimizdə, o cümlədən yazılı abidələrimizdə, klassiklərimizin əsərlərində müşahidə etdiyimiz sadə cümləni günişləndirən vasitələrə aid çox zəngin materiallar vardır.
Abidələrimizdə, klassiklərimizin əsərlərində vaxtilə işlənmiş bəzi bağlayıcılar bu gün öz işləkliyini itirmişdir. Məsələn, vəli, və lakin// və leykin, leyk, əmma (indiki forma amma) bağlayıcıları XIX əsrin sonu, XX əsrin əvvəllərindən işləkliyini itirməyə başlamışdır: -Cansən yəqin və lakin arif biliür bu cani; -Müflis ticarət eylər sərmayəsiz və lakin (vəleykin), Səyi əbəsdir anın sövdası cümlə xəsran (Nəsimi). Nuru eyni həq kitabidir vəli, Surətin nəqşi durur quranımız (Nəsimi); Gərçe gün xoşdur vəli, Rüxsarin ondan yaxşıdır (Xətai) və s. H.Mirzəzadə yazır ki, nəsr əsərlərinin dilinə nisbətən şeir dilində və lakin/ və leykin bağlayıcısının bəsit forması olan vəli bağlayıcısı daha çox işlənmişdir. Klassik şeir dili normalarına münasib olan bu bağlayıcı XIX əsrin əvvəllərindən zəifləməyə başlamışdır. Əmma və vəli bağlayıcıları Cənubi Azərbaycan soydaşlarımızın dilində də öz işləkliyini saxlamaqdadır: Baxdı gördü şəhər yoxundu, görükür, əmma acınnan gedənmiri; -Tacir dedi: arvad, beş gün tez, beş gün gec axır ölacağam, əmma/amma ürəgim yanır mənim oğluma və s.
XIX əsrin ortalarına qədərki ədəbi dilimizdə həmcins üzvlü cümlələrin bəzi quruluş modelləri indikindən fərqlənir. Məsələn, tabesiz bağlayıcılar qrupuna daxil olan və bağlayıcısı cümlədə həmcins üzvün sayı qədər işlənmişdir. Lakin dilimiz inkişaf etdikcə və bağlayıcısının işlənmə dairəsi tədricən məhdudlaşmışdır. Ərəbcədən gələn bu yad modelin orta əsr Azərbaycan yazı dilində bu qədər sabit şəkil almasına baxmayaraq, folklar janrına və danışıq dilinə dərin nüfuz edə bilməmişdir. Təsadüfi deyildir ki, şifahi ədəbiyyatımızın qədim abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarının dilində -və ilə başlayan və onun təkrarı ilə qurulan cümlələrə təsadüf edilmir. Orta əsrlərin şeir dilində və bağlayıcısına az hallarda rast gəlinir. Bu barədə H.Mirzəzadə yazır ki, şübhəsiz, bunun əsas səbəbi həmin bağlayıcının şeir dili üçün münasib olmaması və ifadədə ağırlıq törətməsidir. Nəsr dilində bunun tamamilə əksini görürük. Bir neçə əsr davam edib gələn nəsr dili materiallarının dili bu cəhətdən maraqlıdır; məs.: Bu bir hikayətdür diməlü və bir qissədür eşitməlu və bivaqiədür olmalu (Şühədanamə) -Yasəmən iyləmək bəlğəmdən və sövdadan və yeldən olan (baş ağrılarını) dəf edər, təcrübədən keçibdir; -Sonra şərabi nilufər və yaxud bənövşə şərabın içirələr və yaxud təməri-hindi və ya ərik şərbəti içirələr. Göstərən saətdə dövrani fələk bir inqilab, Həm özi fani olur, həm ləşkəri, həm kişvəri (Füzuli).
Dialekt və şivələrimizdə ədəbi dilimizdəki birləşdirmə -ilə, və bağlayıcıları –nan, -nən şəkilçiləri ilə ifadə olunur: məs.: Odnan otunki tutmaz (yəni, odla ot bir yerdə olmaz); Əmimnən qonşımız hər il yaylağa çıxeylər və s. Nitq sahibinin məqsəd və məramından asılı olaraq işlənən belə cümlələrdə baş və ikinci dərəcəli üzvlər tələb olunduğu səviyyədə bir neçə dəfə təkrar olunur.
Dialekt və şivələrimizdə həmcins üzvlü sadə cümlələrə daha çox nağıllarda rast gəlmək olur. Tiplərinə gəlincə qeyd etməliyik ki, dialekt və şivələrimizdə həmcins xəbərli sadə cümlələr o biri tiplərə nisbətən daha çox işlənir. Məsələn: -Uni gətürrüg, buğur teşti gətürrüg, tökürüg, əliyirüg, sui gətürrüg, tökürüg unun üssə, xəmir yoğurrug, asırruğ saci, oxloyi gətürrüg, nazig-nazig yayıruğ, təpitmə təpdürüg (Şamaxı, Göyçay);-Sə:r durruğ, üzimizi, əlimizi yü:rüğ, çörə:mizi yi:rük, gəllük pambığ yığmağa (Şir.)
Dilimizin Çənbərək və Karvansaray şivələrində də həmcins üzvlərin işlənməsində maraqlı xüsusiyyətlər müşahidə edirik: Bəzən həmcins mübtədalı cümlələrdə xəbər işlənmir. Məs.-Mən də dağa, Piri də; -Hasan da yola, Afdoy da; -Mal da arxaca, buzoy da. Bu şivələrdə həmcins üzvlər aşağıdakı şəkildə özünü göstərir: 1.Cümlənin həmcins üzvləri –dı, -di şəkilçiləri ilə işlənir; məs.: -Əlidi, Məmmətdi, Hasandı, Hajıdı boş gəzillər buralarda; -Taxıldı, otdu, tütündü yığılması bir yerə düşdüyünə örə çətinnix çəkirix. 2.Bəzi hallarda həmcins xəbərli cümlələrdə həm xəbər şəkilçiləri saxlanılır, həm də bağlayıcı işlədilmir; məs.: -İrəli kömürdən dolduracağdılar, aparacağdılar, satacağdılar, bir tə:r dolanacağdılar (Ağkilsə.). –Armıdı çuallara yığacağdılar, üxlə:cəydilər, Yelnofa aparacağdılar. 3. Bəzən yainki, yainki də bağlayıcıları ilə düzələn həmcins üzvlü cümlələrdə xəbərlə yanaşı olaraq, yer zərfliyi də sadalanır; məs.: -Ehtiyacım olanda yainki Ecevana edirəm, yainki Çarxac edirəm, yainki də Qazağ e:dirəm; - Savax yainki Cıvıxlıy (a) edəjəm, yainki də dağ edəjəm; - Biri varıydı, biri yoxuydu, Əhməd şah addı bir paccah varıydı; - Ay camahat, məni öldürmüyün, sürgün eliyin arvadımnan, uşağımnan çıxım gedim; -Bir özüydü bir arvadıydı, iki də oğlan uşağ; - İraq-türkman ləncəsində söz birləşmələrinin asılı və ya əsas tərəflərinin həmcins olması hallarına da rast gəlinir: Məsələn: Gəlinin sağdış, solduşu olur; Kərkük öiləri, camələri rəngarəng boya ilə suslanırdı; -Palançılar, suvağçılar, pinəçilər və digər ismlərlə tanınmış pazarlarımız vardır və s.
Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə bağlayıcılı həmcins üzvlü sadə cümlələrə az təsadüf edilir. Həmcins üzvlü sadə cümlələrdə ən çox ən çox aşağıdakı bağlayıcılara rast gəlmək olur. Məsələn: -Gah oxiyir, gah oxımır, heç onun işinnən baş çıxartmağ olmır (Bakı); -Nə oxiyir, nə işdi:r (Bakı) – Nə özi yiyər, nə özgiyə verər, iylədər itə verər (Şərur); Ədəbi dildə olduğu kimi, dialekt və şivələrimizdə də bəzən həmcins xəbər buraxılır. Məsələn: Toyçi, sazandar cətirillər. Xörəyi ye:llər, çay içillər, cedillər cəlini cətirillər (Ord.) -Səbəhnən duracam, əlimi, yüzümü yuvacam, çay içəcam, qapirativə gedacam, növüt alacam, so:ra evə qayıtacam. Mən Qaxda işliyam, qaprativin təsərrüfat müdiriyəm, qoyun, mal, əkin işlərinə baxıyam (Zaq.Qax.); -Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi. Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı; -Bir gün Ulaş oğlu, Tulu quşunyavrusu, bizə miskin umudu, ümmət soyunun arslanı; -Dədə Qorqud gəlibəni boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü, qoşdu, böylə dedi; -Beyrək, Yeynək, Qazan bəy, Qarabudaq, Dəli Dondar, Qazan oğlu Uruz bəy-bunlar hasara yürüş etdilər; –Vallah, bəy yigit, allah taaladan buyruq oldu, al qanatlı Əzrail ol yigidin canını aldı; -Aruz Təpəgözü döydü, söydü, yasaq elədi, uslamadı; Cümlənin xitabla genişlənməsi: Gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya!; –Çağırıb ağaca söyləmiş, görəlim, xanım, nə söyləmiş. –Səni parça-parça doğrayaydılar, ağac;
Verib dil sərvi sarə, qönçə xarə, yar əğyarə, Cəhan bağında, ey bülbül, vəfayi-gülzar gördünmü? və s. Başqa nitq hissələri və atributiv söz birləşmələri xitab vəzifəsində işləndikdə substantivləşmiş olur; məs.: Mustafa Zərirdə: - Kim hacət qapusi açuq idi məgər Hacəti oldı qəbul, ey mötəbər, ey təmiz, ey əziz , ey könlü toq , ey yəra, ey sahibi-cəmal, ey ulu, ey bəxtlü, ey dilnəvaz; - Bulmadı çarə bunlərdən ol zəman, Yalvarurdı, ey Yəhuda, ey cəvan ; - Ey üzü gül, köynəyi gülgünü donu qırmızı! -Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım və s.
Xitabları mənşəyinə və ifadə vasitəsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Azərbaycan (türk) mənşəli, yəni xalis xitablar: Ey göz, göz ol nigarın söhbətində, Ey yüz, ayağına döşən bu gecə; - Nə qəhri- Qahirə gərək, nə misr israrı Şəkər yetər bu cəhanə sözün ilə, çələbi; 2. Ərəb və fars mənşəli olanlar: 1.Ey səba, dəprətməgil zülfi qılın, Dəxi can oynamağa car olmadı;- Bülbül inilərü vəli gül gülə qarşu xoş gülər, Gəl gülşənə, ey əhli-dil, eylətəfərrüc gül-gülə; 3. Tərəflərdən biri xalis Azərbaycan, digəri isə ərəb və ya fars mənşəli olanlar. Məs.:Ey ləbün xəmrü gözlərün xəmmar, Zülfinə irəli səba bimar; - Ey bəni dəlü qılan, hicran edərsən, eyləmi? və s.
S.Ə.Nəbatinin dilində də xitablar çox güclü təsirə və tezliyə malikdir: Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox! Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb? Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul, Ey, səni Tari, genə etmə pərişan məni, Bir də mənə söyləmə zülfi-çəlipayə bax! və s.(31).
Q.Kazımov yazır ki, əgər müraciət vasitəsi kimi işlənmiş söz və ifadələri, misraları boylardan çıxarsaq, «Kitab» öz bədii-estetik keyfiyyətini xeyli itirmiş olar. Dastan şe’rləri əksəriyyət e’tibarilə xitablardan ibarətdir. Çox zaman danışanın münasibəti cüttərkibli və ya təktərkibli cümlələrlə deyil, xitablarla ifadə olunmuşdur: Qaranqu axşam olanda güni toğan! Qar ilə yağmur yağanda ər kibi turan! Qaraquc atları kişnəşdirən! Qızıl dəvə gördügində bozlaşdıran! Ağca qoyun gördügində quyruq çırpub qamçılayan! Arqasını urub bərk ağılın ardın sökən! Qarma-bügəc simüzin alub tutan! Qanlu quyruq üzüb çap-çap yudan! Avazı qaba köpəklərə qovğa salan! Çaqmaqluca çobanları dünlə yügürdən!
Qul Əlinin “Qisseyi-Yusif” əsərində semit və türk kökənli xitablar daha geniş yayılmışdır: “Yə Cəbrail, ol Yusifə qılğıl dərman, Həm risalət,bəşarəti kəltür imdi; -Ol Cəbrail aydır: Yusif, imdi turğıl, Bu qovağa yabuşuba tışra varğıl; - Munlar aydır: Əya Məlik, bizə inan! Tilimizə gəl tutmaqıl hərgiz güman; -Qardaşların bu işləri nədən qıldı? Oğlum, sən bu hala netə düşdün imdi.
Türk dillərinin ən qədim yazılı abidələri olan Göytürk Orxon-Yenisey kitabələrinin dilində xitablara bol-bol rast gəlinir Məsələn: ...tokuz oğuz bəgləri, bodunı, bu sabımın edgüti esid, katığdı tinlə! (...doqquz oğuz bəyləri, xalqı, bu sözümü yaxşıca eşid, möhkəmcə dinlə!; -Ol yirgərü barsar, türk bodun, öltəçisən (O yerə doğru getsən, türk xalqı, öləsisən); –Ögün! Kərgünin üçün igidmiş bilgə kağanına, ermis, barmıs edgü ilinə kəntü yanıltığ, yablak kigürtik (Ayıl! İtaət etdiyin üçün (səni) yüksəltmiş müdrik xaqanına, axar-baxarlı yaxşı elinə özün yanıldın, pislik gətirdin) və s.
Ara sözlər və birləşmələr əksərən cümlənin əvvəlində müşahidə olunsa da, cümlənin daxilində və sonunda da işlənir. Məs.: Xülasə, oruş bayramına yoxun, qərdəşdər Təbrizdə görüşüllə; Əlqəza, padşah gejə vəsiyyət elədi; Beləlığnan, şah canın əldən verip; Də:sən, yağış yağajax; Əttöbə, mənimişdən xəbərim yoxdu və s.
Dilimizdə bir sıra sözlər var ki, onlar başqa nitq hissələrindən, demək olar ki, tam təcrid olunmuş və modal sözə çevrilmişdir. Əlbəttə, beləliklə, nəhayət, təəssüf, yəqin, güman ki, sanki, həqiqətən və s. belə sözlərdəndir. Bunlar sintaksisdə yalnız ara söz vəzifəsində çıxış edir; məs.:şübhəsiz, doğrudur, /doğırdan/doğırdannan, deməli,/deməlu, deyəsən, görünür/görükey, görəsən, bilirsənmi /bileysən/ bileysenmmi və s. belə sözlərdəndir.
Dialekt və şivələrimizdə onların müxtəlif fonetik variantları ilə yanaşı, ədəbi dildən fərqli modallıq ifadə edən sözlər də geniş yayılmışdır. Əsas nitq hissələri ilə əlaqəni kəsməmiş bu cür ara sözlərə morfoloji tərkibinə görə həm adlarda, həm də fe`llərdə rast gəlirik: doğrusu/doğrisi, lamahlıma/namahlıma, allahvara, şəhsız, həlbət, qəhəti budu, öləciyəm axı (sözün düzü), əlgərəz, xılasa, sən bilən/sən biləni, mənə qalsa/mənnən olsa, deməmişgən, uzun sözun güdəsi, əlqəza, beləlığnən, dordan da, do:rdan-do:risi; qərəz, düzülü, gerçəxli, mənim varanıma, mənim vaz(d)ıma, həlvət, yaqın, birimci; doğrısi, doğırdən, hökman, sözsız, namahlımə, nabədə, mağıl, gavar/gava, sözgəlişi, muxdəsər, mənım zəndımə; incavara(yaxşı ki), vaynaçarı (heç olmasa), fərəzən (tutaq ki), yanıkı-yanı, əqəllən (heç olmasa), nağılı-tül (nəhayət), eyhanə (təsadüfən), kürə sözü (türkün sözü), məxləs (xülasə), məğəl (yaxşı ki), gərəx, mətləb, illa, hağət, düezi, incəvara, hərvət, düzdihdən, bəlkəm, diyənə, fərəzü Feli ara sözlər: qaldı-yetişdi, deyəsən/diəsən, demək/deməy, deməli/deməlu, sən demə/demə, tutağ/tutax, görəsən, görünür/görükey, açığin desöy (ək.ş.).
Göründüyü kimi, ədəbi dildə olduğu kimi dialekt və şivələrimizdə də ismi ara sözlərin sayı feli ara sözlərin sayına nisbətən çoxdur. Ara sözlərin bir qismində modal münasibət qoşmaların iştirakı ilə formalaşır; eşitdiyimə görə/eşitdi:mə gora, ümumiyyətcən, məncə, bir söznən, dediyim kimi/dedığım kimi və s. Məsələn: Eşitdığımə gorə, kəndə qar qarreyip; Mənim zəndımə görə, yağışyağəcəğ; Deyilənə görə, yazığun ağli çaşıb.
Dialekt və şivələrimizdə işlənən ara sözlər və birləşmələr, əsasən modal sözlər adı altında izah edilmişdir. Dialekt və şivələrdə işlənmə tezliyinə görə bunlar ayrı-ayrı məna növləri ilə verilir: gerçəkliyə münasibətin dərəcəsini bildirənlər: Ədətdi, gərəx hamıyı çağırax toya bizdərdə;-Düzülü, piyad essəx havax çatarıx Çaltəpiyə; Cümlədəki fikrə özünün və başqasının şəxsi münasibətini bildirənlər: Mənim varanıma, süntürüxdən yeməli pencər olmaz; -Mənim vadıma, camahatın gözünnən düşməxdənsə, başını yötürüf geniməx da: yaxşıdı; Nəticə və davamiyyət bildirənlər; -Nə başın ağrıdım, salamac ə:ldix öymüzə çıxdıx, indi də güzəranımız keçir xoş; Sıra və ardıcıllıq bildirənlər;Birimci, gejəhamı öyn ə:lir, heş yan e:tmə, ikimci gedirsən, eytiyatdı yet və s. Bu şivələrdə ədəbi dildə müşahidə olunmayan modal sözlər bunlardır: lamahlıma/namahlıma (heç olmasa), qəhəti budu, gafa/gafar, uzun sözün güdəsi, mənə qalsa, nabədə, muxdəsər və s.
Dialekt və şivələrimizdə sadə cümləni genişləndirən vasitələrdən biri də ara cümlələrdir. Ara cümlələr əsas cümləni-cümlədə iştirak edən şəxsin xüsusiyyətlərini, hadisələri, hadisələrə münasibəti və s. aydınlaşdırmaq üçün işlədilir. Məsələn: -Tezdən Məşə Məmmədinən (baş:o dönüm Məşə Məmməd) yola düşdüx; -Rəhmətdix dədəm (Allah cəmi:zin ölənnərinə rəxmət eləsin) biz boci-qərdəşin hommısın çux isdeydi;-Şəqqıldaxları (bəx hammı:za diyerəm) yünə qatman; -Bir dəfə (keçən gündi, yadımnan çıxıp) gede:x Urdıbada bəlgə satmağa; Qədimi adətdərimiz vardı (indi ayru zamanadu), hami bir-birinə gedeydi, bir-birrərin yoxleydilər. (Yar.) və s.
Dilimizdə məna yükünü nəzərə çarpdırmaq üçün xüsusi intonasiya ilə tələffüz edilən, fasilə və durğu ilə ayrılan üzvlərdən, yəni xüsusiləşmiş üzvlü cümlələrdən də çox istifadə olunur. Yalnız ikinci dərəcəli üzvlərə aid olan qoşmalı xüsusiləşmələr daha çox müşahidə edilir. Bura tamamlığın, zərfliyin və təyinin xüsusiləşməsi daxildir. Tamamlıqlar daha çox başqa, savayı, özgə, qeyri, əlavə qoşmalarının köməyi ilə xüsusiləşir. Dialekt və şivələrimizdə onların fonetik variantlarına da rast gəlirik: Məs. Dua eləməydən svay, əlimnən nə gəley; -Qaş düzəltməy əvəzinə, vurub göz çıxardey (qoşma və zərfliyin xüs.-Yar.) və s. Qoşmaların xüsusiləşməsinə bədii əsərlərin dilində də çox rast gəlinir: Ey sevdiyim səndən qeyri, kimim var (Vidadi); Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri (Füzuli); Dialekt və şivələrimizdə sadə cümləni genişləndirən vasitələrə əlavələr və qoşulma konstruksiyalar da daxildir. Bunlar aid olduğu sözdən xüsusi fasilə ilə ayrılır və daha aydın nəzərə çarpdırılır və xüsusiləşir; məs.: Bizim kolat yerimiz var meşədə- Çobançağıran daşda; Rəhmətdiy kişini sədr qoydilər kətdə-qəlxoz sədri; -Bu daşdari çox ücüz almişdi-yadımda döyü və s.
Dostları ilə paylaş: |