Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 1,21 Mb.
səhifə39/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   35   36   37   38   39   40   41   42   ...   72
Ş.R. HƏSƏNLİ-QƏRİBOVA
ALINMA SÖZLƏR ETNOQRAFİK LEKSİKADA
Açar sözlər: Etnoqrafik leksika, alınma söz, assimilyasiya, etnoqrafizm, türk­dilli abi­­dələr

Ключевые слова: Этнографическая лексика, заимствованные слова, ас­си­мил­яции, этнографизм, тюркоязычные памятники

Key words: Ethnographic lexicon, borrowed word, assimilation, ethnographism, turkic monuments
Dil xalqı yaşadan ən mühüm amildir. Xalqın məişəti, yaradıcılığı, təsərrüfat fəaliyyəti, bir sözlə, bütün həyatı dil vasitəsilə əks olunur, tarixdə yaşama hüququ qazanır. Dil hər bir xalqın yaşam, təfəkkür xüsusiyyətlərini bütünlükdə əks etdirir. Dilin inkişafı xalqın elminin, mədəniyyətinin inkişafı ilə bağlıdır. İnkişafda olan dil müəyyən baxımdan inkişafda olan xalq deməkdir. Bu xüsusiyyətlər dilin bütün sferalarında, xüsusilə etnoqrafik leksikasında öz əksini tapır. Xalqın tarixini əks etdirən etnoqrafiik, onu özündə yaşadan dil vasitəsilə gələcək nəsillərə ötürülür. Etno-kulturoloji, etno-psixoloji, etno-iqtisadi amilləri nəzərə alaraq xalqın tarixdəki yeri və inkişaf vəziyyətini özündə əks etdirən etnoqrafiya yalnız dillə üzvi vəhdətdə inkişafını təmin edə bilər. Dilçilik elmi ilə tarix–etnoqrafiya elmini özündə birləşdirən etnoqrafik leksika bu baxımdan olduqca əhəmiyyətli yer tutur. Xalqın etnik simasını, milli xüsusiyyətlərini, mifik- mənəvi və maddi dünyasını özündə əks etdirən etnoqrafik leksika cəmiyyətdəki sosial-iqtisadi və maddi-mədəni sferaların inkişafından asılı olaraq formalaşır, dəyişikliklərə məruz qalır və yeniləşir. Ümumilikdə, cəmiyyət və həyatın inkişafı davam etdiyi müddətdə bütün tərəqqi və nailiyyətlərin əks olunduğu, ifadə olunduğu dil və onun lüğət tərkibi də formalaşır, inkişaf edir. Belə ki, cəmiyyətdə baş verən proseslər, xalqın maddi-mənəvi dünyasına inqilabi təsir edən yeni hadisələr, kəşf olunan yeniliklər, onlarla bağlı məfhum və anlayışlar təfəkkür süzgəcindən keçərək dildə yeni sözlərin yaranmasına səbəb olur. Ancaq bu heç də hər zaman eyni olmur və dil baş verən inkişafa hər zaman eyni münasibətdən çıxış etmir. Bəzən yeniliyi öz lüğət tərkibindəki hər hansı bir dil vahidi ilə əks etdirmək yolu ilə milliləşən dil bəzən də yeniliyə uyğunlaşa bilmir. Dildə həmin yeniliyi əks etdirə biləcək yeni söz hər zaman dilin daxili imkanları ilə yaranmır. Bu zaman başqa dillərə müraciət olunur və yeni anlayış və ya məfhumu ifadə edən söz dilə başqa bir dildən alınır. Qeyd etdiyimiz proses özünü dilin tarixi inkişafını özündə əks etdirən etnoqrafik leksikada da göstərir. Bu isə etnoqrafik leksikanın geniş əhatə dairəsinə malik olması ilə əlaqədardır. “Başqa dillərdən alınmalar, adətən, realilərlə, hadisə və predmetlərlə birlikdə gəlir, dil üçün yeni material olur. Alınmalar dilin öz vahidlərindən fərqli statusa malik olur və dil daşıyıcılarının diqqətini daha artıq çəkir.” [1.8] Ancaq etnoqrafik leksikada müşahidə olunan alınmalar dildəki digər alınmalardan bir qədər fərqli xüsusiyyət daşıyır. Belə ki, ədəbi dilin elmi, rəsmi və s. üslublarına xas olan alınmalarda dilə yad olma xüsusiyyəti özünü qoruyub saxladığı halda, etnoqrafik leksikada dilin belə sözləri assimilyasiya etməsi prosesi müşahidə olunur. B.A.Larin bu prosesi sözlərin məişətdə istifadəsilə əlaqələndirmişdir: “Sözlərin məişətlə daha artıq qovuşması dil assimilyasiyasını şərtləndirir.” [3.128] Bu isə etnoqrafik sözlərin daha qədim alınmalar olması və əksərən şifahi yolla keçməsi ilə əlaqədardır. “ Əcnəbi sözdə daha çoxlu köklü dəyişiklik o zaman baş verir ki, bu söz şifahi şəkildə alınmış olsun. Bu halda alınan sözün səs tərkibində ciddi dəyişiklik baş verir, onun mənası nəzərə çarpacaq dərəcədə dəyişir.” [2.97-98]

Bu baxımdan türk dillərində alınma sözlər məsələsini tədqiq edərkən yalnız müasir dövr deyil, tarixi inkişaf prosesi də nəzərə alınmalıdır. Alınmalar müasir dövrün məhsulu deyil və qədim dillərdə də çoxsaylı alınmalara təsadüf etmək mümkündür. Belə alınmalar isə sözsüz ki, etnoqrafik leksikada yaşamaqdadır. Etnoqrafik leksikadakı alınmalar cəmiyyət və məişətin əksər sahələrini əhatə etməklə yanaşı, onların alınma olub-olmadığını müəyyənləşdirmək bir qədər çətindir. XI-XII əsr türklərinin etnoqrafik leksikasına nəzər saldıqda, ilk baxışda türk mənşəli görünən sözlərin qədim dövrlərdə soğd, tibet, çin, hind dillərindən keçdiyi məlum olur. Düzdür, belə sözlər olduqca azdır. Bu barədə bizim üçün əsas qaynaq olan “Divanü-luğat-it-türk” əsərində bu sözlərin sayı azdır: kez, fagfuri, loxtay kimi Çindən ixrac edilən parçaların, irwi, uragun kimi Hindistan­dan gətirilən dərmanların, türklər tərəfindən əvvəllər istifadə olunmayan, qonşu xalqlarla əlaqələrin qurulması ilə süfrələrə yol tapan buxsım, bekni kimi içkilərin adları həmin mallarla birlikdə xalqın dilinə keçmiş burada yaşam hüququ qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, M.Kaşğarinin verdiyi qeydlərə əsaslanaraq demək olar ki, bu sözlər heç də bütün türklərdə işlənməmiş, həmin xalqlara qonşu olan türklərin dilində işlənmiş, lakin nisbətən uzaqdakı başqa türk xalqlarının dilinə keçməmişdir. Belə ki, areal baxımından sözün yarandığı dilə yaxın olan dil sözün məhz mənbə dildən mənimsəməyə üstünlük verirsə, nisbətən uzaqda yerləşən dil özünə daha yaxın olan vasitəçi dilin köməyilə yeni sözü lüğət tərkibinə qəbul edir. Bu baxımdan şərqdəki türklərin dilində çin, hind, soğd, xarəzm dillərindən alınmalara rast gəlinirsə, sonrakı dövrlərdə oğuz, qıpçaq kimi qərbdə yaşayan tayfaların dillərində ərəb-fars alınmalarına təsadüf edilir. Ümumiyyətlə, XI-XII əsr yazılı nümunələri arasında şamanizm və buddizmlə bağlı işlənən soğd, xarəzm dilindən keçmiş alınma sözlər yalnız M.Kaşğari tərəfindən toplanmışdır. Ancaq qeyd etmək lazımdır ki, XI-XII əsr türklərinin dilindəki ərəb-fars alınmaları da dini səciyyəli sözlərdir və yalnız Quran tərcümələri ilə əlaqədar olaraq, XII əsrdə dilə yol tapmağa başlamışdır. Bu isə ilkin dövrlərdə dini terminlərin kalkaetmə yolu ilə türkcə qarşılıqlarının işlədilməsi ilə bağlıdır. Bunun ən gözəl nümunəsini biz Y.X.Hacibin “Kutadgu Bilig” əsərində görə bilərik. Əsərdə Allahın vəsfini bildirən Törütgen (Xaliq), İgidgen (Rezzā), Keçürgen (Qafūr, Qaffār), İdi (Rəbb), Ugan (Qadir), Erklig (Muktedir), Munsuz (Samed) kimi adların verilməsi həmin dövr dinlə bağlı yazılan əsərlərdə kənar dilin təsiri ilə yeni söz modelləri əmələ gəlməsini göstərir. Beləcə, türklərin ideya-bədii düşüncə və təfəkkürünə hopmuş yüzlərlə söz işləkliyini itirmiş, arxaikləşərək dilə yeni daxil olmuş alınmalarla əvəzlənmişdir. “Kutadgu Bilig”, “Divani-Hikmət” və “Ətabətül-Həqaiq” islam dininin ənənələrini özündə əks etdirən əsərlərdə dini inancla bağlı islami anlayışlar və onları ifadə edən ərəb-fars mənşəli sözlər işlənilməyə başlayır.

Hətta islamla bağlı türk mənşəli yalawaç, sawçı, yek, yükünç, mük, yumışçı, uçmaq kimi sözlərin yerinə sonrakı dövr əsərlərində “peyğəmbər, rəsul, şeytan, mələk, namaz, rüku, cənnət, firdevs” kimi alınmalar işlənməyə başlamışdır. Bu barədə araşdırma aparan E.Üşenmez Qaraxani türkcəsində yazılmış əsərlərdən “Kutadgu Bilig”də 334 ərəb, 79 fars, “Ətabətül-Həqaiq”də 251 ərəb, 103 fars, “Divani-Hikmət”də isə 763 ərəb, 588 fars mənşəli sözün olduğunu qeyd edir. [4.251] Bu isə əsasən din və etika məsələlərinə həsr olunmuş əsərlərin yazılma dövrlərinə görə alınmaların dildəki mövqeyini əks etdirir. Verilən alınmaların təqribən 15%-in etnoqrafik leksikaya aid olduğunu nəzərə alsaq, alınmaların dilin bu sahəsindəki yerinin çox cüzi olduğunu görə bilərik. Ancaq onu da vurğulamaq la­zımdır ki, XIII əsrə qədərki türk xalqlarının etnoqrafik leksikasının tədqiqi za­ma­nı tədqiqatçıların bilərək və ya bilməyərəkdən sözün etimologiyasını türklərə qon­şu xalqların dillərilə əlaqələndirmələri alınmaların sayının süni şəkildə artı­rıl­ma­sına səbəb olmuşdur. Bu baxımdan həmin dövrün etnoqrafik leksikasının hər­tə­rəf­li tədqiqi dildəki alınmaların və alınma sözlərin qəbul olunması və işlənməsi prin­siplərinin öyrənilməsi sahəsində də yeni imkanlar açır.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin