“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
195
2. “Qurani-Kərim”in Azərbaycan dilində mənaca tərcüməsi. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2014,
465 səh.
3. Məmmədquluzadə Cəlil. Əsərləri. IV cilddə, I cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 664 səh.
4. Məmmədquluzadə Cəlil. Əsərləri. IV cilddə, IV cild, Bakı, “Öndər nəşriyyat”, 2004, 472 səh.
5. “Molla Nəsrəddin” jurnalı, 12 avqust, 1907.
R.Sh.Akhmedova
Multicultiralism is Jalil Mammedguluzade's creativity.
Summary
To respect the poeple who belong to different religious, longuages and to call the name of
these folks honorably and to give your warm friendship and love take a important and special part
in the creativity of the poets of middle-ages and renaissance period and the educationist –democrat
writers. Jalil Mammedguluzade place among these poets.The poet gave a wide range multicultural
values in his stories, norratives, dramatic works, article and fuilleton and expressed human values
with nationality in his creative.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
196
BÖLMƏ 4 – ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏ SALONU
Yusif Rzayev
Oğuz rayon İcra Hakimiyyətində YYÇİ və HMÜ Komissiyanın məsləhətçi-psixoloqu
yusifrza1951@mail.ru
OĞUZDA YAŞAYAN UDİLƏRİN VƏ YƏHUDİLƏRİN
ÖZÜNƏMƏXSUSLUĞU VƏ ORTAQ DƏYƏRLƏR
(Folklor, ədəbiyyat və maddi mədəniyyət nümunələri əsasında)
Açar sözlər: Oğuz, udi, yəhudi, folklor, ədəbiyyat, maddi mədəniyyət
Key words: Oghuz, udi, jes, folk, literature, material culture
Azərbaycan keçmişdə və bu gün də müxtəlif etnosların, müxtəlif dinlərin dinc, yanaşı
yaşadığı bir ölkə olmuşdur. Azərbaycan dünyaya müasir bəşər sivilizasiyasının əlifbası olan Maq
sivilizasiyasını, Kür-Araz mədəniyyətini, dünyanın “başlanğıclar kitabı” olan “Avesta”nı bəxş
etmişdir (4, s. 85, 86, 140). Ulu mədəniyyətə, zəngin milli və bəşəri dəyərlərə malik Azərbaycan bu
gün dünyada multikulturalizmin vətənidir, üç nəhəng dünyəvi dinin- xristianlıq, islam və iudaizm
dinlərinin yaşadığı nadir ölkədir, çoxsaylı etnosların mehriban qardaşlıq ailəsidir. Azərbaycanda
yaranmış və formalaşmış multikultural dəyərlər sisteminin və modelinin ən yaxşı nümunəsini kiçik
Oğuz rayonunda da görmək olar. Bu gün Oğuz Azərbaycan Respublikasının yeganə rayonudur ki,
burada üç dünyəvi din-xristianlıq, islam və iudaizm yanaşı yaşayır, bu dinlərə etiqad edən etnosların
dini icmaları və onların ibadət evləri olan kilsə, məscid və sinaqoqlar fəaliyyət göstərir. Hazırda
Oğuz rayonunda azərbaycanlılarla yanaşı ləzgilər, udilər, yəhudilər, ruslar, avarlar, məhsəti türkləri,
kürdlər, tatarlar, ukraynalılar, gürcülər, talışlar və s. xalq və etnik qrupların nümayəndələri
yaşayırlar. Oğuz bütün bu insanların isti ana qucağıdır.
Məqalədə Oğuz rayonunda yaşayan xristian udilərin və iudaist yəhudilərin folklorunda,
ədəbiyyatında və maddi mədəniyyətində özünəməxsusluq və ortaq mənəvi dəyərlərdən bəhs olunur.
Azərbaycanın nadir aborigen etnoslarından biri olan udilər haqında ilk yazılı məlumatları antik
yunan müəllifləri Strabon, Herodot, K.Ptolomey, VII əsr Alban (Azərbaycan) tarixçisi Musa
Kalankaytuklu və başqaları vermişlər. Udilər Qafqaz Albaniyası dövlətinin (e.ə.III əsr-b.e.VIII əsri)
26 tayfasından biri olmuşdur. Onlar 313-cü ildə digər alban tayfaları kimi xristianlığı qəbul etmiş,
öz etnik varlıqlarını bu günədək qoruyub saxlamış və xristianlıqda qalmışlar.
Azərbaycan udilərin tarixi vətənidir. Hazırda onlar toplu halda yalnız Qəbələ rayonundakı Nic
qəsəbəsində və Oğuz rayonunun mərkəzi Oğuz şəhərində yaşayırlar. Oğuzda bu etnosun Alban-
Udin xristian dini icması fəaliyyət göstərir. Dini ibadətlərini Oğuz şəhərinin şərq tərəfindəki
Qeriqets (udi dilində “müqəddəs yer” deməkdir) kilsəsində icra edirlər. Nic udilərindən fərqli olaraq
Oğuz udiləri xristianlığın pravoslav məzhəbindədirlər. Danışıq dilləri Qafqaz dilləri ailəsinin Nax-
Dağıstan qrupuna aiddir. Qəbələ rayonunun Nic qəsəbəsində udi dili tədris olunsa da Oğuz
şəhərində onların sayı az olduğundan (100 nəfərə yaxın) udi uşaqları şəhərdəki 1 saylı tam orta
məktəbin rus bölməsində təhsil alırlar.
Udi folklorundan nümunələri ilk dəfə Vartaşen kənd (indiki Oğuz şəhəri) ziyalısı Mixail
Bejanov 1890-cı ildə Tiflis şəhərində çap etdirdiyi “Vartaşen kəndi və onun sakinləri haqqında qısa
məlumat” adlı məqaləsində vermişdir (10,s.102). Daha sonra Nic qəsəbə sakini, udi yazarı Jora
Keçaari Vartaşen (Oğuz) və Nic udilərindən topladığı nağıl, rəvayət, əfsanə, atalar sözləri, lətifə və
s. folklor nümunələrini “Ocaq başında rəqs” (12), udilərin ənənəvi elçilik, nişan və toy
mərasimlərinin təsvirini və şərhini isə “Udilərdə ənənəvi toy mərasimləri” (6) adlı kitablarında çap
etdirmişdir. Folklorşünas alim Mətanət Yaqubqızının tərtib etdiyi və ön söz yazdığı “Azsaylı
xalqların folkloru” (3) kitabında da avarlar, saxurlar və ingiloylarla yanaşı udilərin də udi və
Azərbaycan dillərində kifayət qədər müxtəlif folklor nümunələri toplanmışdır. Udi etnosunun bədii
təfəkkürünün məhsulu olan bu nümunələrdə udilərin adət -ənənləri, mərasim və ayinləri, arzu, istək
və düşüncələri canlı və lakonik şəkildə ifadə edilmişdir. Udi xalqının mənəvi dünyasından soraq
verən bu nümunələr öz məzmununa, ifadə tərzinə görə azərbaycanlıların folkloru, şifahi xalq
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
197
ədəbiyyatı nümunələri ilə səsləşir. Məsələn, “Şahzadə və Şahvələd” nağılında deyilir ki, kasıb ata
dolandıra bilmədiyinə görə üç qızını meşədə azdırır. Bacılar xilas olub padşahın sarayına gətirilir.
Gənc padşah balaca bacı ilə evlənir. Bu bacıdan başından qızıl tökülən bir oğlu, gümüş tokülən bir
qızı doğulur. Paxıllığı tutan böyük bacılar mamaçanın əli ilə uşaqları su arxına atıb yerinə it
küçükləri qoyurlar. Balaca bacı cəzalandırılır. Dəyirmançı Şahzadə və Şahvələd adlı bu uşaqları
xilas edib böyüdür. Lakin tapırğa olduğunu bilən uşaqlar yenidən meşəyə qaçırlar. Uzun
mübarizədən sonra həqiqət üzə çıxır. Paxıl və xəyanətkar bacılar at quyruğuna bağlanılmaqla
öldürülür. Xeyir şər üzərində qələbə çalır (12, s.14-20). Udi “Şahzadə və Şahvələd” nağılı
Azərbaycan nağıllarından “Üç bacı” (1, s.164), “Qırx Qönçə xanım” (2, s.80) nağılları ilə oxşardır,
sanki bir kökdən qidalanan budaqlardır, hadisələrin təsviri, sujet eynilik təşkil edir.
“Tubul pəhləvanın sərgüzəştləri” adlı rəvayətdə (12, s.33) Tubulun yenilməz gücündən,
qoçaqlığından, basılmazlığından danışılır. Tubul təkbaşına iri kötükləri dəzgaha qaldırar, palçığa
batmış arabanı dartıb çıxarar, kəl boyunduruğu yoğunluğunda qarağacı kökündən qoparıb burar,
güləşdiyi pəhləvanların belini yerə vurardı. Lakin Zal oğlu Rüstəmə bənzəyən bu oğuz oğlu həm də
ağıllı, üzüyola və sakit adam idi. Tubul pəhləvanın Sarısu çayının yaxınlığında Şəki xanının
pəhləvanı ilə güləşdiyi, onu məğlub etdiyi yer indi də el arasında “pəhləvanlar yurdu” adı ilə
tanınır.
Tubul pəhləvanın qeyri-adi gücü, pəhləvanlıq məharəti Azərbaycan xalqının qəhrəmanlıq
dastanı “Koroğlu”dakı Dəmirçioğlunun (9,s.105), Azərbaycan nağılı “Beçə dərviş nağılı”ndakı
Cahangiri (2,s.110) xatırladır. Axı, eyni coğrafi mühit, eyni tarixi tale hər iki xalqın mənəvi
aləmində də oxşar izləri buraxmışdır.
Udi lətifələrinə Molla Nəsrəddin lətifələrində olduğu kimi yığcamlıq, hazırcavablıq, kəskin,
tutarlı cavablar, məzəli, həm də düşündürücü sonluqlar xasdır. Məsələn, rəhmətə getmiş udi ilə
vidalaşmağa gələn tay-tuşlarından biri tabutdakı mərhumu görəndə ürəyi gedib yıxılır. Üzünə su
çiləyib onu ayıldırlar və soruşurlar ki, vəziyyətin necədir? Yerə yıxılmış udi cavab verir ki,
tabutdakına baxanda yaxşıdır (12,s.72) .
Udi lətifələrindəki söz və ifadələr, üslub tərzi, tərbiyəvi təsir imkanları, insanda xoş ovqat
yaratmaq meylləri, məkan və məişət təsvirləri Azərbaycan lətifələri ilə üst-üstə düşür. Yalnız bu
lətifələrdəki briqadir Kever, kəndbaşı Bulum, sürücü Kəprəş, quyruq Bəhər kimi şəxs adlarından,
Komrod (pir), Qaritapaq (qəbiristanlıq), küz (torpaq zolağı), baç (saxsı küpün ağzına qoyulan
dəyirmi hamar daş), baldamacı (çörək növü) kimi yer, əşya və s. adlarından bilinir ki, söhbət
müdrik udilərdən gedir (12,s.61-97).
Folklor nümunələrində və bu gün Oğuzda yaşayan udilərin danışıqlarında rast gəldiyimiz
güzgü, nağıl, padşah, naxırci, bay-bay, zoğal, dokqaz, fağır və s. sözlər Azərbaycan dilinə aid
sözlərdir. Belə sözlər udi dilində çoxdur. Udilər ataya bava, anaya nanay, günəşə beğ, aya xaş, oda
arux, çaya çəy və s. deyirlər. Udi dilində və folklorunda arxaikləşmiş Azərbaycan sözləri
yaşamaqdadır. Məsələn, “beğ”-Günəş (3,s.41-43) “Avesta”dan gələn od-Günəş-Allah məzmunlu
“booq-boq-bay”sözünün fonetik variantıdır ki, avropalılar bu sözlə Allaha “boq” deyirlər (4,s.263).
Udi atalar sözlərində deyilir: Savadsız adam kordu, Ağıl yaşda deyil başdadı, Çox istəyən
azdan da olar, Suya çatmamış paltarını soyunma, İki qarpızı bir əldə tutmaq olmaz, İt hürər, karvan
keçər, Yaxşı qız üç dənə oğlanın yerini verir, Yavan çörək olsun, təmiz ürək olsun və s. (3,s.71-76).
Udi xalq təfəkkürünün məhsulu olan bu qiymətli incilərin Azərbaycan xalq təfəkküründən
qaynaqlandığı göz önündədir.
Oğuzda, həmçinin Nicdə yaşayan müasir udilərin yazılı ədəbiyyatı folklorları ilə müqayisədə
zəngin deyil. Düzdür, mənbələr alban əcdadlı Arranın nəslindən olan yerli uti ziyalısı Beniaminin
V əsrin əvvəllərində 52 işarədən ibarət Azərbaycan-alban əlifbasını tərtib etdiyini, bu əlifba
əsasında qədim udi dilində VI-VII yüzilliklərdə Albaniyada (Qafqaz Albaniyası) yetərincə zəngin
orijinal və tərcümə ədəbiyyatının yarandığını, İncilin alban dilinə çevrilərək işlədildiyini, katalikos
Viro, şair Dəvdək, tarixçi Musa Kalankaytuklu (Utili), müəzzin David kimi bir çox görkəmli
ədəbiyyat, elm və mədəniyyət xadimlərinin yaşayıb yaratdıqları barədə məlumatlar verilmişdir
(10,s. 27-28; 11,s. 53;14,s. 5-6). Deməli, o dövrdə şeirlər, hekayələr, ağılar, fəlsəfi risalələr yazılır,
kafedral kilsələrdə və dövlət tikintilərində yazılar həkk olunurdu. Lakin bütün bunlar ermənilər
tərəfindən vəhşicəsinə məhv edilmiş, yandırılmış, yaxud Tərtər çayına atılmışdır (11,s.53). Bizə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
198
yalnız Musa Kalankaytuklunun əski erməni dili olan qrabarcaya tərcümə edilərək orijinalı məhv
edilmiş “Alban tarixi” kitabında qorunub saxlanılan, şair Dəvdəyin yazdığı “Cavanşirin ölümünə
ağı” adlı 140 misralıq qəsidə gəlib çatmışdır. Bu qəsidədə şair Dəvdək doğma alban xalqının,
doğma diyarının ağır vəziyyətini, matəmini, böyük hökmdar Cavanşirin ölümündən doğan kədəri
təsvir edir (11,s.56). Oğuz (keçmiş Vartaşen) ədəbi mühitində udi şair və yazıçılarına rast gəlmirik.
Udi ədəbi meydanında az-çox tanınan Nicli yazar Georgi Keçaaridir. Onun Azərnəşrdə udi dilində
“Nana osba” və “Orayin” adlı şeir kitabları çap olunmuşdur (6,s.2).
Oğuzda yaşayan udilərin bugünkü maddi mədəniyyətlərində keçmiş zəngin etnik əlamətlərin
izləri demək olar ki, qalmamışdır. Onların evləri də, geyimləri də, milli yeməkləri də
azərbaycanlılarda olduğu kimidir. Udilər bir və ya iki mərtəbəli müasir evlərdə yaşayır,
azərbaycanlılar kimi geyinirlər. Gündəlik yeməklərində borş, dolma, düyüdən bişirilmiş sıyıqlar,
xəmir xörəkləri, mərasim yeməklərində qızardılmış toyuq əti, fırlama, soyutma (udilər buna “yaxni”
də deyirlər ki, bu da azərbaycanlıların “Kitabi-Dədə Qorqud” dastanlarından gələn “yəxni” sözünü
xatırladır (10,s.122) plov, siyox və s. istifadə olunur. Yeməklərin çeşidi, tərkibi kimi adları da
azərbaycanlılarda olduğu kimidir.
Bu gün Oğuz şəhərində albanların yadigarı hesab edilən 3 qədim Alban-xristian məbədi
mövcuddur. Onlardan 2-si yerli əhəmiyyətli tarixi adilə kimi dövlət tərəfindən qorunur. Eramızın
IV-VI əsrlərində (biri XVIII əsrdə) tikildiyi təxmin edilən monastır tipli bu məbədlərdən Oğuz
şəhərinin cənub-şərqindəki “Qeriqets”(“müqəddəs yer”) adlanan məbəddə udilər hazırda öz dini
ayinlərini icra edirlər. Hər il may ayında keçirdikləri Pasxa bayramında udilər bu müqəddəs yerə
gedib şam yandırır, nəzir qoyur, dualar oxuyurlar. Yonulmuş çay, sönmüş əhəng daşları, dulusçuluq
sexində bişirilmiş qırmızı kərpic və əhəng məhlulu ilə inşa edilmiş Alban məbədlərinin qibləgahları
ənənəvi olaraq şərqə tərəfdir.
Azərbaycanı, o cümlədən Oğuzu özlərinə ikinci vətən seçmiş, uzun illər ərzində bu torpaqda
yerli əhali ilə dinc şəraitdə, anlaşma içində yaşayan xalqlardan biri də dağ yəhudiləridir. Onlar
XVII əsrdə Dağıstanın Axtı rayonundan Vartaşenə (indiki Oğuz) gələrək burada məskunlaşmışlar
(8,s.76-85)
Dağ yəhudiləri (bu adı onlara Qafqazı işğal edən ruslar vermişlər) Oğuz şəhərinin cənub-
qərbində yaşayırlar. 1989-cu ildə burada onların sayı 586 nəfər, 1999-cu ildə 179 nəfər idisə,
hazırda Oğuz şəhərində 85 nəfər yəhudi yaşayır (13,s.7). SSRİ-nin dağıldığı, Azərbaycanın öz
dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə (1990-2000) onlar İsrailə və digər yerlərə köçüb
getmişlər. Oğuz rayonunda dağ yəhudilərinin dini icması fəaliyyət göstərir. Oğuz şəhərində 1849-cu
və 1897-ci illərdə tikilmiş, son illərdə əsaslı təmir edilmiş 2 sinaqoqları var. Bu ibadət evlərində
onlar öz dini ayinlərini icra edirlər. Oğuzun dağ yəhudiləri iudaizmin ortadoksal istiqamətinə
mənsubdurlar. Dilləri fars dili qrupuna aiddir. Uşaqları Oğuz şəhərindəki tam orta məktəblərdə
Azərbaycan dilində təhsil alır. Yəhudilər daha çox kənd təsərrüfatı işləri və ticarətlə məşğul olurlar.
Oğuzun yerli etnosları ilə uzun illər boyu mehriban bir şəraitdə yaşayan dağ yəhudilərinin
özlərinə məxsus adət-ənənələri, həyat tərzləri, folkloru, ədəbiyyatı, maddi mədəniyyəti vardır.
Folklor və ədəbiyyatlarında bu özünəməxsusluq azərbaycanlıların folklor və ədəbiyyatı ilə bir
bulağın iki gözü kimi qaynayır, durulaşır, şəffaflaşır və eyniləşir. Oğuzlu yəhudi şair İbrahim
Dağlının “Həyat təranələri” adlı şeirlər kitabında toplayıb dərc etdirdiyi yəhudi müdrik sözlərində
oxuyuruq: Vicdan bütün qanunlardan üstündür, İnsanı qəlbən isindirən vətəndir, Qadın insan
cəmiyyətinin incə və zərif məxluqu, kişinin yaxın dostu, ömür-gün yoldaşı və sahibidir, Dünyanı
tərbiyə idarə edir, Xeyirxahlıq ad gətirər, bədxahlıq ad itirər (7,s. 47-48). Bu müdrik sözlər Şərq
təfəkkürünün, Azərbaycan düşüncəsinin yəhudi təzahürüdür ki, onları bir-birindən ayırmaq çətindir.
Yaxud, kitabda verilmiş lətifələrə diqqət yetirək: “Axırıncı qızı ərə verən kişi arvadına:-Heç olmasa
bunu əri ilə yanımızda saxlayaq. Arvad: - Hansı qız yanımızda deyil ki, bu yanımızda olmasın?!”,
“Xəsis kişi evindən pulun tən yarısının oğurlandığını həyəcanla müvəkkilə bildirir. Müvəkkil:-
Arvadın qılığına girsən taparsan.” “Qonşudan dadlı xörək iyi duyan və qərib səs eşidən arvad
sevincək: -A kişi, qonşuda deyəsən, qonaqlıq var, tərpən. Kişi: – Qoy otursunlar, fürsəti fövtə verən
deyiləm” (7,s.50-53). Bu lətifələrdə də udi lətifələrində olduğu kimi Molla Nəsrəddin lətifələrinə
xas olan yığcamlıq, hazırcavablıq, oxşar məişət mühitinin təsviri vardır.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
199
Oğuzda doğulub boya-başa çatmış dağ yəhudilərindən Simax Şeydanın, İbrahim Dağlının,
İshaq Abramın Azərbaycanın müxtəlif nəşriyyatlarında şeir kitabları çap olunmuşdur. Onlar əsasən
Azərbaycan dilində yazıb yaradırlar. Hazırda Almaniyada yaşayan Şimax Şeydanı (Simax Barux
oğlu Yuşvayevi) nəinki Oğuzda, Azərbaycanda, həm də İsraildə, Almaniyada və bir çox başqa
yerlərdə tanıyır və sevirlər. Simax Şeyda 20-dək kitabın müəllifidir. Şeirləri Azərbaycan və tat
dillərindədir. Onun qələmindən çoxsaylı uşaq şeirləri, qəzəllər, poemalar, mənzum pyeslər çıxmış,
Azərbaycan şairlərinin şeirlərini dağ yəhudilərinin dilində çevirmişdir. Azərbaycan və İsrail
Yazıçılar Birliyinin üzvüdür.
Simax Şeyda yaradıcılığının ana xəttini vətən və el məhəbbəti, saflıq, səmimiyyət, uşaqlara
sevgi, doğma Azərbaycana bağlılıq, yurd həsrəti, mühacir yaşantısından doğan nisgil təşkil edir.
Simax Şeyda yazır: “Biz Azərbaycanda yaşayan dağ yəhudiləri bu ölkənin mədəniyyəti və
ədəbiyyatından bəhrələnmişik. Ana dili kitabımız “Ana dili” və “Əlifba” olub. Analarımız
laylamızı azəri və yəhudi dillərində oxuyublar. Dahi Xaqaninin, Nizaminin, Nəsiminin, Sabirin,
Səməd Vurğunun, Mikayıl Müşfiqin, Rəsul Rzanın şeirləri ruhumuzu oxşayıb, bizə məhəbbət hissi
aşılayıb...” (15,s.5).
Bu sözlərdəki səmimiyyət iki xalq arasındakı böyük məhəbbətdən, dostluqdan, qardaşlıqdan,
əbədi bağlılıqdan soraq verir. Simax Şeyda harada yaşasa da onun yaddaşından doğma vətəni
Azərbaycanı, onun Qarabağ dərdini silmək mümkün deyil:
... Ürəyi yaralı, qəlbi yaralı,
Vətəndən aralı, eldən aralı,
Gəzirəm qürbətdə “Qarabağ” deyə,
Ötüşür günlərim ağlı, qaralı (15,s.13).
Simax Şeydanın yəhudi dilində yazdığı şeirlərində işlətdiyi gül, gülbədən, hürmət, mühübbət,
səvgili, güzəl, insan, bəbə, bəfasız və s. sözlər şairin poeziya dilinin Azərbaycan ədəbi dilindən
qaynaqlandığını göstərir.
İbrahim Dağlı (İbrahim Rəhim oğlu Rəhimov) Oğuzda müxtəlif rəhbər vəzifələrdə işləmiş
hörmətli şəxslərdən biridir. İndi təqaüddədir. Poeziya vurğunudur və “Həyat təranələri” adlı
Azərbaycan dilində yazdığı şeirlər kitabının müəllifidir. İbrahim Dağlı qələmini müxtəlif
mövzularda sınamış, şərəfli, ləyaqətli, namuslu, vətənpərvər, alicənab, doğrucul olmaq kimi insani
keyfiyyətləri tərənnüm etmişdir! O yazır:
...Həsrətlə keçsə də güzarın, Dağlı,
Vüqarı, qeyrəti, şərəfi gözlə.
Həyatın keçsə də qaralı-ağlı,
Sevindir qəlbləri ülfətli sözlə (7,s.6).
Iki cavan övladını itirmiş şairin “Həyat” adlı şeirinin bu bir bəndində didaktik ovqatla yanaşı
nikbin bir ruh da öz əksini tapmışdır. Şairin “Yadımdadı” adlı 24 bəndlik şeiri Məhəmmədhüseyn
Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırladır:
...Nənəm çörək bişirərdi təndirdə
Mənə qoğal yapardı o, çox girdə
Alabaş da dolanardı yanımda,
Pişiklər də miyoldardı dalında (7,s.30).
İbrahim Dağlının şeirləri yəhudi xalqının Oğuzlu oğlunun iki xalqın dostluq bağçasında
açılmış solmayan çiçəkləridir.
İshaq Abram (İshaq Abram oğlu Abramov) da Oğuzun tanınmış yəhudi ziyalılarındandır.
2010-cu ildə onun “Şirvannəşr”də “Eşitdiklərim, gördüklərim, düşündüklərim” adlı bir kitabı işıq
üzü görmüşdür. Bu kitabda İshaq Abramın Azərbaycan dilində yazdığı təmsilləri, qəzəlləri,
mənzum hekayələri və s. şeirləri ilə yanaşı yəhudi xalqının tarixinə, həyat və məişətinə dair
araşdırmaları da verilmişdir. Şair öz təmsillərində həyatda rast gəldiyi eybəcərliklərə gülür, onları
kəskin şəkildə tənqid edir. “Pərdənin Bayraqla bəhsi” təmsilində çox sirləri gizlətdiyi, hamının ona
nəvaziş etdiyi, arxasında gözəllərin pıçıldaşdığı, çəkilməsə səhərin açılmadığı ilə öyünən,
döyüşlərdə ağappaq olan, cırılaraq deşilən Bayrağa tənə edən Pərdəyə Bayraq deyir:
...Bir az səbr elə balam, çox qaldırma gövdəni,
Arxa ipin qırılsa, başın yeri süpürər (8,s.15).
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
200
İshaq Abram da İsrailə köçüb orada yaşamağına baxmayaraq Oğuzun, Azərbaycanın,
Azərbaycan dilinin həsrətini çəkir, vətənindən, doğma qızından ayrı yaşaya bilmədiyini “İsraildən
qızıma məktub” adlı şeirində belə etiraf edir:
... Dil bilmirəm danışım, danışmağa adam yox,
Milyonlarla adam var, alışmağa adam yox,
Azərbaycan dilini ana dilim bilmişəm,
O dil burda keçməyir, Azərə öyrəşmişəm (8,s.55).
Ədəbi yaradıcılıqları barədə qısa söhbət açdığım yəhudi mənşəli hər üç oğuzlu şairin (Simax
Şeyda, İbrahim Dağlı, İshaq Abram) şeirləri Oğuz eli ədəbiyyatının Azərbaycan ədəbiyyatı adlı
nəhəng dənizə verdiyi bir kiçik büllur damladır. Bu damla tolerant mühitli Oğuzda yaşayan müxtəlif
etnosların dostluq, qardaşlıq, mehribanlıq və həmrəylik ruhu ilə yoğrulmuşdur.
Oğuz yəhudilərinin də vaxtilə başqa etnoslardan fərqlənən maddi mədəniyyət nümunələri
(geyimləri, xörəkləri, tikililəri və s.) bu gün ümumi Azərbaycan mədəniyyətindən qidalanaraq ona
qaynayıb qarışmış, ortaq bir forma almışdır. Indi yalnız kişilərin bir hissəsi, xüsusilə Ravilər
(yəhudi mollası ) sinaqoqda ibadət zamanı başlarına yastılaşmış papaq və ya Kipa (araqçın)
qoyurlar. Sevimli xörəkləri tikə ətlə bişirilən dolmalı aş (Oşərpəği), tərəvəz borşu (Turşi), üstünə ət
qoyulan lobyalı aş (Oşlibyoyi), Südlüplov (Şirplov) və s.-dir.
Oğuz yəhudilərinin müasir evləri də udi evləri kimi azərbaycanlılrın, yaxıd Oğuzda yaşayan
digər etnosların evlərindən fərqlənmir. Düzdür, uzaq keçmişlərdə köçkün həyat keçirdiklərinə görə
evlərin küçəyə baxan hissəsinə pəncərə qoymaz, 2-ci mərtəbəyə giriş pilləkəni birinci mərtəbənin
içərisindən olardı. Lakin indi belə hal yoxdur. Yəhudilər suyu, elektrik işığı, təbii qazı olan geniş
pəncərəli, aynabəndli, 3-4 və daha çox otaqlı yaraşıqlı evlərdə yaşayırlar.
Dağ yəhudilərinin Oğuz şəhərində 2 sinaqoqu var. Yonulmuş çay daşı və qırmızı kərpicdən
tikilmiş bu ibadət evlərinin memarlıq üslubu kilsə və məscidlərdən fərqlənir Divar, qapı, pəncərə
və tavan özlərinə xas milli ornamentlərlə bəzədilmişdir. Sinaqoqlarda qiblə şərqə-Yerusəlimə
doğrudur. Yəhudi sinaqoqları həm də ziyarətgah rolunu oynayır, qapıları hər kəsin üzünə açıqdır,
burada nəzir qutuları var, şam yandıran masa quraşdırılmışdır. Sinaqoqlara daim çoxlu xarici qonaq,
turist, yerli xristian və müsəlmanlar gəlir, bu müqəddəs Allah evlərini ziyarət edirlər.
Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev demişdir: “Dövlət, ölkə nə qədər çox xalqı
birləşdirsə, bir o qədər zəngin olar”. Oğuz rayonu da dünya multikulturalizminin mərkəzi olan
Azərbaycan dövlətinin çoxdinli, çoxmillətli zəngin tolerant bölgəsidir. Biz bu tolerantlıqla, bu
zənginliklə fəxr edirik!
Ədəbiyyat:
Dostları ilə paylaş: |