“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
237
Bəzək və zinət əşyaları müxtəlif çeşiddə olmaqla, taxılma yerinə görə növlərə bölünür. Bütün
növ zinət əşyalarının hazırlanması prosesində həndəsi, nəbati motivli naxışlardan və simvollardan
istifadə edilirdi. Həmçinin zərgərlikdə minasazlıqdan uzun müddət istifadə edilmişdir. Minalanmış
qədəhlər, xəncərlər, bəzək əşyaları o qədər bölgədə məşhur olmuşdur ki, hər evdə ən azı bir ədəd
minsazlıq məmulatı olurdu.
Yaxa bəzəkləri – xalis cavahiratdan, əşrəfi, imperial, çervon yaxalıqlar adlanan qiymətli
metaldan hazırlanan sinəbənd, yaxagülü, pilək, sərmə idi( 2; s 85).
Bel bəzəkləri – qızıl və gümüş kəmərlər, təkbənd çox qədim tarixə malikdir.
Adətə görə ərə getməmiş qızlar kəmər taxmırdılar. Gümüş kəməri ata evindən ər evinə gəlin
köçən vaxt gəlinin belinə bağlayardılar. Ərə gedən hər bir qızın gümüş kəməri olmalı idi. İnanırdılar
ki, kəmərdə ecazkar güc də vardır. Kəməri gəlinin belinə oğlan uşağı bağlamalı idi( 2; s 86 – 87)
Bundan başqa rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə, şəbəkə hazırlanması,
ağac və daş üzərində oyma, ipəkçilik, sərraclıq, təkəlduzluq, dulusçuluq və zərgərlik kimi xalq
sənətkarlıq nümunələri geniş yayılmışdır.
Öz sənətini nəsildən nəslə ötürən el sənətkarları indi də həmin sahələrə aid ən gözəl sənət
nümunələrini hazırlayırlar.
Mənəvi irsimizdən qeyd edərkən maddi irsimiz sayılan bu bölgədə yaşayan xalqların
geyimindən də söz açmamaq olmaz. Həm kişi, həm də qadınlarda geyimlər 2 qrupa bölünürdü: alt
və üst geyimlər.
Kişilərin geyindiyi dizlik və alt köynəyi adlanan paltarlar adətən ağ pambıq parçadan tikilirdi.
Üst paltarlar isə əsasən şalvar və köynəkdən ibarət idi. Çarıq isə ayaq geyimi idi, hər bir obada çarıq
tikən usta olurdu.
Kişilərdən fərqli olaraq, qadın geyimlərinin həm bəzəyi, həm də çeşidi çox idi. Bölgəmizdə
qadın geyimlərinin birinci qismi əvvəllər “can köynəyi” adlanan sadə ağ parçadan tikilmiş paltar
idi.
Köynək üçün arşınlıq parça lazım olurdu və köynək səkkiz hissədən ibarət idi: 1. Kürək (dal
hissə), 2. Sinə (qabaq hissə) , 3. Əynidirik (yaxud çiyindirik), 4. Yaxa, 5. Boyunduruq, 6. Qolluq,
7. Bilərzik, 8. Xişdək (2; s 91)
Baş örtüyü sərəndaz adlanan zərif cunadan, onun üstündən taxılan düyməçədən, kələğayı və
şaldan ibarət idi.
Düyməçə qadın baş örtüyü olub, tamamilə gümüş zəncirlərlə örtülü olur, başdan düşməməsi
üçün iplə, yaxud parça rezinlə çənənin altından bağlanırdı.
Düyməçənin altından sərəndaz adlanan, eni bir, uzunu isə iki metr olan cuna salınar və
qadınlar hörüklərini onun altına yığıb gizlədərdilər.
Bundan başqa qadın geyimlərində xüsusilə üst geyimlərində paltarların kənarları bəzəkli
işləmələrlə bəzədilirdi. İmkanlı ailələrdə isə gümüş və qızıl sapla güləbətin, sərmə işlənər, ön
hissələrə isə butalar işlənərdi. Qızıl butaların sayı hər tərəfdə səkkiz – on ədəd olurdu.
Evli qadınlar kəlağayının uclarını çiyinlərinə salmaz, başlarına çalma kimi dolayardılar. Baş
örtüyünün üzərindəki bəzək qadınların varlı və ya kasıb olmağını göstərirdi.
Daha bir maraqlı cəhəti qeyd edə bilərik ki, bölgə qadınları adətən nadir hallarda çadra
örtürlərmiş.
Gənc qadınlar qırmızı, narıncı rəngli parçadan tikilən, yaşlı qadınlar isə tünd rənglərdən
tikilən paltarlar geyinməyi xoşlayırdılar.
Adətən bölgə əhalisi çarıq, məst, uzunboğaz çəkmə və nadir hallarda başmaq adlanan müasir
ayaqqabıya bənzər ayaqqabı geyinərdilər.
Çarıq düzəldilməsinə görə şirmayi və büzməli olurdu. Çarığın altından adətən yun corab
geyinilərdi.
Balakənin təkrar olunmaz, milli özünə məxsus kulinariyası vardır. Sac üzərində bişirilən
günəş rəmzi daşıyan maxara – qədim inanclara görə hava çox yağmurlu keçəndə maxara bişirərdilər
ki günəş çıxsın. Və bişirərkəndə müxtəlif günəşə aid haylalar oxuyardılar. Bundan başqa toyuq
çığırtması, şor və undan hazırlanan- “cüttü”, bölgəyə məxsus “sülhüllü”, ət, şor, gicitkən, qabaq
(boranı) qutabları, boş xəngəl ancaq Balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
238
Yuxarıda sadaladığımız bir neçə nümunə, milli adət - ənənələr bölgənin necə zəngin mədəni
irsə sahib olduğunun göstəricisidir. Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini
saxlamaqla digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində və
mədəniyyətindəki bir çox mütərəqqi amilləri öyrənərək onları qarşılıqlı surətdə inkişaf etdirib.
Respublikamızda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin
öyrənilməsi məqsədilə mədəniyyət mərkəzləri yaradılıb.
Ölkəmizdə özünəməxsus etnik intibah ümumlider Heydər Əliyevin 1993 – cü ildə imzaladığı
sərəncamdan sonra başlayıb (3; s 7 ) . Sərəncam etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya
və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlilik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik
və əməkdaşlıq hüquqları öz əksini tapıb.
Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi, təbliği və təşviqi istiqamətində
aparılan islahatlarla əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına Əsasən 2014-
cü il üçün Balakən “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdir.
01 aprel 2014-cü il tarixdə “Balakənin-Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ilə bağlı
rayon Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirildi. 25-26 sentyabr 2014-cü il tarixlərində
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Balakən Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Balakən Payızı” Folklor və Turizm Festivalı keçirildi.
Proqrama əsasən Festival iki gün 25-26 sentyabr tarixlərində qeyd edildi. Festivalda Dağıstan,
Gürcüstan Respublikalarından, Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax və Zaqatala rayonlarından
gəlmiş folklor kollektivləri iştirak etmişdir (5).
Azərbaycan adlı məmləkətin etnik mənzərəsi – göy qurşağı kimi rəngarəngdir. Onlar bir
ailədirlər: azərbaycanlı.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, / Azərbaycan Milli
Ensiklopediyası. 25 cilddə. Bakı 2007
2. Akif Məmmədli – Şimal- Qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası . Bakı 2009
3. Azərbaycan qəzeti. 16 aprel 2016 – cı il.
4. Районы Азербайджанской ССР. — Белоканский район, Президиум Верховного
Совета Азербайджанской ССР. "Азербайджанская ССР, Административно-территориальное
деление на 1 января 1961-го года". Баку: "Азернешр", 1961
5. http://balaken-ih.gov.az/page/16.html
Xülasə
Qədim etnosların yaşadığı məkanlardan biri də Balakəndir. Bu ərazi həmişə öz zəngin təbiəti
və mədəniyyəti ilə seçilmişdir. Bu zəngin mədəniyyətin formalaşmasına və inkişafına səbəb buranın
rəngarəng etnoslarıdır. Onların özlərinə məxsus unikal mənəvi irsi vardır. Bu mənəvi irsi inkişaf
etdirərək, qorumaq isə bizim borcumuzdur.
Ch.Aliyeva
Summary
One of the region of residence of the ancient ethnic groups is Balakan . This region has
always been renowned for its rich culture and nature. The main factor for formation and
development of such a rich culture is various ethnic groups in this area . They have a kind of
spiritual heritage. It is our duty to improve and protect this heritage.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
239
Vəfa Təyyar qızı Hüseynova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, metodist
vefa.hiseynova@mail.ru
AZSAYLI XALQLARIN MƏDƏNİYYƏTİ ONLARIN FOLKLOR
NÜMUNƏLƏRİNDƏ YAŞADILIR
Açar sözlər: xalq, etnik qrup, mədəniyyət, din, dil
Key words: people, ethnic group, culture, religion, language
Bu gün Azərbaycanda türkdilli azərbaycanlılarla yanaşı, özlərini onlar qədər azərbaycanlı
sayan avarlar, saxurlar, ingiloylar, talışlar, udilər, xınalıqlar, qrızlar, hapıtlar, buduqlar kimi bir çox
azsaylı xalqlar və etnik qruplar da yaşamaqdadır. Dünyanın etnik xəritəsində yalnız Azərbaycan
ərazisində qeydə alınan bu nadir etnoslar öz etnik kimliklərini günümüzədək qoruyub saxlamışlar.
Tarixin müəyyən dövrlərindən Azərbaycanı özlərinə məskən seçmiş avarlar, saxurlar, ingiloylar,
udilər, talışlar, xınalıqlılar kimi etnik qruplar əsrlər boyu Azərbaycan türkləri ilə bərabər yaşayaraq
zaman keçdikcə bir – biri ilə qaynayıb qarışmışlar. Lakin bu etnosların hər biri Azərbaycan türkləri
ilə ümumi, vahid mənəvi dəyərlərə sahib olmaqla yanaşı, öz etnik spesifikliyini də müəyyən
dərəcədə qoruyub saxlayaraq bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə özünəməxsus rəng
qatmışlar. Azərbaycanın Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala kimi bölgələri talışlar,
tatlar, ləzgilər, xınalıqlar, hapıtlar, buduqlar, avarlar, saxurlar, ingiloylar, udilər kimi etnik qrupların
əsrlər boyu Azərbaycan türkləri ilə birgə yaşadıqları tarixi-etnoqrafik bölgələr olduğu üçün hər
zaman etnoqrafların diqqət mərkəzində olmuşdur.
Ölkəmizdə özünəməxsus “etnik intibah” ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda etnik azlıqların təhsili, mətbuatı, mərkəzi
televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik,
bərabərlik və əməkdaşlıq hüquqları öz əksini tapıb.
Azərbaycan tolerantlığı ilə seçilən azsaylı xalqların da məskunlaşdığı məkandır. Burada
müxtəlif etniklər birgəyaşayışın nümunəsini illərdir ki, qoruyub saxlayırlar. Assimilyasiya
olunanda, təbii ki, milli sərvətlərdən sayılan din, dil, mədəniyyət, etnoqrafiya da yerli xalqın təsiri
altına keçir. Azərbaycanda isə vəziyyət tamamilə əksinədir. Burada azsaylı xalqların dillərinin,
adət-ənənələrinin, mədəniyyətlərinin qorunub saxlanmasına, inkişafına hər cür şərait yaradılıb.
Etnik qrupların nümayəndələri özlərini bu ölkənin azadfikirli, bərabərhüquqlu vətəndaşları sayırlar.
Bununla belə, hər bir qrup özünəməxsus fərqli mədəniyyətlərin elementlərini də qoruyub saxlayır.
Təbii ki, bu mədəni inteqrasiya məişət həyatında, sənətkarlıqda, mətbəx və müxtəlif mərasimlərdə
öz əksini tapmaqdadır. Ölkənin ictimai-siyasi, mədəni, informasiya mühitində, mətbuatda, radio-
televiziya kanallarında hər xalqın nümayəndəsi bərabərhüquqlu şəkildə iştirak edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edilmişdir. Multikulturalizm ayrıca götürülmüş ölkədə və
bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin
qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə
inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq
multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və
əməkdaşlıq mümkün deyil.
Öncədən deyək ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub
saxlanmasında onların yaratdıqları musiqi və folklor kollektivlərinin rolu daha böyükdür. Bu
mənada Lənkəran bölgəsində yüz illərdir ki, məskunlaşmış talışların folklor nümunələrini yaşadan
“Lənkəranlı nənələr”, eləcə də respublikamızın şimal qütbündə yaşayan avarların məşhur “Avar
rəqs qrupu” və sair azsaylı xalqların mədəniyyətinə aid olan bu cür nümunələrin sayı az deyil.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla digər xalqların və etnik
qrupların həyat tərzində, məişətində, adət və ənənəsində və mədəniyyətindəki bir çox mütərəqqi
amilləri öyrənərək, onları qarşılıqlı surətdə inkişaf etdirib.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
240
“Respublikamızda folklor nümunələrinin rəngarəngliyi də məhz bundadır. Qəbələnin Nic
qəsəbəsində və Oğuz rayonunda yaşayan udilərin “Orayin” mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Udilərin Nic qəsəbə mədəniyyət evi nəzdində fəaliyyət göstərən “Cəngi” rəqs ansamblının səs-
sorağı hər yerdən gəlir və rəsmi dövlət tədbirlərində fəallıqları ilə seçilir. Balakənin Qaysa kənd
mədəniyyət evində avarlara məxsus “Cahan” folklor ansamblı, oğlanlardan ibarət “Qafqaz”, Şambul
kənd mədəniyyət evində “Qızlar”, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm”, Zaqatalada
qızlardan ibarət “Alazan” rəqs qruplarının da adlarını çəkmək olar”. Onu da deyək ki, Qax,
Zaqatala, Balakən rayonlarında yaşayan saxurların qızlardan ibarət “Lilay” rəqs ansamblı fəaliyyət
göstərir. Bundan savayı, Suvagil kəndində Aşıq Nəzir yeddi dildə ifa edən sənətkarlardan biri olub.
Bu kənddə hazırda “Qismət” ansamblı fəaliyyət göstərir. Qax, Zaqatala, Balakən ərazisində yaşayan
ingiloyların da öz bədii kollektivi var. Əliabad kəndində “İngiloy” folklor ansamblı fəaliyyət
göstərir. Bu kəndin yetirmələrindən olan Aşıq Hüseyn Əliabadlı Azərbaycan, ingiloy, gürcü
dillərində yazıb-yaradıb.
Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bir dəfə də
olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, dini azlıqlarla münasibətdə ayrı-seçkilik
faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni
dərəcədə qayğı göstərir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər
və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir. Azərbaycan adlı
məmləkətin etnik mənzərəsi – göy qurşağı kimi rəngarəngdir. Burada kimsə digərinin haqqını heç
zaman pozmayıb. Biri digərinin milli mədəniyyətini, adət-ənənəsini qoruyub saxlamağa mane
olmayıb. Onlar bir ailədirlər: azərbaycanlı. Elə dünyaya da məhz Azərbaycançılıq məfkurəsindən
baxırlar...
Dünyanın etnik xəritəsində udi (bəzi mənbələrdə udin)adlı etnos yalnız Azərbaycanın
ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi
yarımqrupuna məxsus olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya bilmişlər. Udi dilinin əlifbası
yoxdur. Udilər Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Onlar Azərbaycanın
Şəki, Oğuz, Qəbələ rayonlarının ərazisində yaşamışlar. Bu gün udilərin yaşadığı ərazi isə Şəki-
Zaqatala iqtisadi-coğrafi bölgəsinə daxildir. Bu bölgənin qədim xalqlarından olan udilər yerli əhali
ilə qohumluq əlaqələri quraraq onlarla qaynayıb-qarışmışlar.
Digər etniklər isə buduqlardır. Onlar şahdağlılar ailəsinə mənsub olub, Quba, Xaçmaz,
Siyəzən, Bakı və Sumqayıtda yaşayırlar. Türk-monqol qəbilələrindən olub, XIII əsrin yarısından
etibarən Azərbaycanda yaşayan buduqların budat adlı qəbilədən olduğu da fərz edilir.
Yəhudilər isə XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə
Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda
yaşayırlar. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq
olmuşdur. Azərbaycanda, əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halında, eləcə
də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş
rayonlarında yaşayan ləzgilər isə Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ön yerlərdən birini
tuturlar. Qeyd edək ki, ləzgilər Azərbaycan əhalisinin 2,2 faizini təşkil edir. Onların əksəriyyəti
islam dininə etiqad edir. 1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilməyə
başlanmışdır. Onlar sıx yaşadıqları Quba-Xaçmaz iqtisadi rayonunun iqtisadi inkişafında mühüm
rol oynayırlar.
Saxurlar tarixən Dağıstanda məskunlaşmış, daha sonralar isə Azərbaycana köç edib Zaqatala,
Qax rayonlarının bir neçə kəndində yerləşmişlər. Onlar azərbaycanlılarla qaynayıb qarışmış,
Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər. Saxurlar dağlıq ərazilərdə yaşadıqlarına görə
maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Onların mətbəxi müxtəlif yeməklərlə zəngindir.
Uzun əsrlər boyu azəri türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünə
məxsusluqlarını qoruyub saxlaya bilmişlər. İslam dininə etiqad edirlər. 1992-ci ildən Azərbaycanda
saxurların sosial-mədəni inkişafına, adət ənənələri, dilinin, mədəniyyətinin təbliğinə xidmət
göstərən Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Saxurların rutullar adlanan hissəsi Dağıstanın Rutul kəndindən gəlmişlər. Azərbaycanda
əsasən Şəki rayonunun Şin və Qaynarca kəndlərində yaşayırlar. Dil etibarilə saxur dilinə yaxın dildə
danışırlar. Lakin rutulların da ədəbi dili Azərbaycan dilidir. Ölkəmizdə yaşayan digər azsaylı
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
241
xalqlardan biri isə kürdlərdir. Azərbaycanda kürdlərin məskunlaşması haqqında ilkin məlumat X
əsrə aiddir. Bu dövrə aid ərəb mənbələrində Şirvanda, Aranda, Beyləqanda, Dərbənddə və
Azərbaycanın digər regionlarında kürdlərin yaşaması göstərilir. Hazırda Azərbaycanda kiçik
Qafqazın cənub-qərbində yerləşən Kəlbəcər və Laçın rayonlarının və Naxçıvan MR-nın Sədərək
rayon mərkəzində, Culfa rayonunun Teyvaz və Şərur rayonunun Dərəkənd kəndlərində yaşayırlar.
Xatırladaq ki, Kəlbəcər- Laçın ərazisi bütövlükdə Ermənistan tərəfindən işğal edildiyindən yüzlərlə
kürd ailəsi də Azərbaycanın müxtəlif bölgələrində qaçqınlıq həyatı yaşayır.
İber dil ailəsinə daxil olan dildə danışan və müsəlman dininə etiqad edən ingiloylar isə əsasən
Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. Orta əsrlərdə müsəlmanlığı qəbul etmişlər. Etnik,
psixoloji, mədəni və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan
ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olmaları ilə seçilirlər. Böyük Qafqaz dağlarının
dağətəyi bölgəsində yaşayan ingiloyların məşğuliyyət sferası əsasən taxılçılıq, üzümçülük,
meyvəçilik və heyvandarlıqdır. Tarixi torpaqları olan Gürcüstandan Qazaxıstanın və Orta Asiyanın
çöllərinə sürgün edilən ahıska türklərinin Azərbaycana kütləvi köçürülməsi XX əsrin 50-ci illərinə
təsadüf edir, onların ilk dəstəsi buraya 1958-ci ilin sentyabrında gəlmişdir. İlk yaşayış
məskənləri respublikanın Xaçmaz, Quba, Saatlı, Sabirabad və Beyləqan rayonlarında salınmışdı.
Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci dövrü 1989-cu ilin may-iyun aylarında
baş vermiş Fərqanə hadisələri ilə bağlı olmuşdur. Onlar ən qədim dövrlərdən bəri doğma
mədəniyyətə xüsusi fikir vermiş, müasir dövrdə də özlərinin sosial, mədəni-etnik
özünəməxsusluqlarını, dil, əxlaq, folklor, məişət və bir sıra dəyərlərini qoruyub saxlamışlar. Ahıska
türklərinin yaratdıqları Saatlı rayonunun Adıgün kəndində “Adıgün” folklor kollektivi və Xaçmaz
rayonundakı məktəb yaşındakı uşaqlardan ibarət “Sevil ” rəqs qrupu etnosun mənəvi dünyasını
təkcə yaşadıqları rayonda deyil, ümumən Azərbaycanda və hətta ondan kənarlarda da tanıdır.
Tatlar Azərbaycanda əsasən Abşeron yarımadasında və Xızı, Şabran, Quba, Şamaxı,
İsmayıllı rayonlarının bir sıra kəndlərində yaşayırlar. Azərbaycandakı azsaylı xalqların, o cümlədən
tatların dil və mədəniyyətlərinin əsasən türk dilli mühitdə qorunub saxlanması həm elmi, həm də
siyasi cəhətdən xüsusilə mühümdür. Onların mədəni inkişafı Azərbaycan türklərinin mədəni
tərəqqisi ilə eyniləşmişdir. Elə buna görə də, bu gün tatların nəinki təkcə məişəti və həyat tərzini,
hətta, ümumiyyətlə, tarixi-mədəni inkişafını ümumi mənada Azərbaycan xalqından, o cümlədən də
azəri türklərinin inkişaf problemlərindən, bu xalqın ümumi irəliləyiş prosesindən ayrı təsəvvür
etmək mümkün deyil. Azərbaycandakı azsaylı xalqların, etnik qrupların və milli azlıqların hər birini
ümumazərbaycan inkişaf prosesindən ayırmaq sadəcə olaraq məntiqsizlikdir. Bu eyni dərəcədə
çoxmillətli və müxtəlif etnik tərkibli Azərbaycanda yaşayan tatlara da aiddir. Tatların əsas
məşğuliyyəti əkinçilik, bağçılıq və xalçaçılıqdır. Bir etnos kimi talışlar müasir Azərbaycan
respublikasının cənub bölgəsi sayılan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları
ərazisində kompakt və həm də azərbaycanlılarla qarışıq halda yaşamışlar. Talışlar əkinçilik,
maldarlıq, ipəkçilik, bağçılıq, üzümçülük , arıçılıq və balıqçılıqla məşğul olurlar. Respublikamızda
azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi
məqsədi ilə onlarla mədəniyyət mərkəzi yaradılmışdır. Bunlardan biri də “Talış Mədəniyyət
Mərkəzi”dir. Onun fəaliyyəti nəticəsində Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış
məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri yaradılmışdır.
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik
qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir.
Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam
etdirir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq
hüquqlarından tam istifadə edirlər. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi
fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları,
Astara və Lənkəran rayonlarında talış folklor qrupları fəaliyyət göstərir. Dövlət bu qurumları ölkə
büdcəsindən maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dinindən və
dilindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti
gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində
|