Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Slavyan Universiteti SƏRBƏst iŞ


Mövzu 4 : “ Dədə -Qorqud” dastanlarında anaya ,qadına münasibət



Yüklə 220,9 Kb.
səhifə4/10
tarix13.12.2023
ölçüsü220,9 Kb.
#176193
1   2   3   4   5   6   7   8   9   10
edebiyyat (1)

Mövzu 4 : “ Dədə -Qorqud” dastanlarında anaya ,qadına münasibət
“Kitabi-Dədə Qorqud” xalqın ağsaqqal bir dühasının məhsulu, mədəni dəyərlərin xəzinəsi, milli – sosial həyatın rəngli və təfərrüatlı tablosu, igidlik, qəhrəmanlıq salnaməsi, bir tarixin həqiqəti, vahid coğrafiyası ilə indiki türk övladının ruhunu, psixologiyasını, düşüncəsini sağlam şəkildə inkişaf etdirəcək bir gücə, qüdrətə malik əvəzedilməz xalq eposudur.
Türkün milli-mənəvi dəyərləri müqəddəslik və toxunulmazlığını bugünümüzə qədər mühafizə etmişdir. Toxunulmazlığın ən yüksək zirvələrində isə qadın dayanır. Türk qadını türk təfəkküründə həm ana, həm tərbiyəçi, həm evinin xanımı, həm mübariz döyüşçü, həm ailənin dayağı kimi ətrafa işıq saçan nurdur. Analıq oğuz elində, xüsusilə övladların nəzərində dəyərli bir məfhumdur. ”Kitabi-Dədə Qorqud” un boylarında dəfələrlə işlədilən “ana qadın”, “qadınum ana”(Bərü gəlgil,aq südin əmdigüm, qadunum ana! Ağ birçəklü, izzətlü, canım ana!) qədim türk yazılarında “Öküm qatun” ifadələri, “Ana haqqı, Tanrı haqqı” deyən oğuzların təfəkküründə ana-qadın kultunun izlərinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. “Ana haqqı, Tanrı haqqı” qəbul edilərək bu məfhuma müqəddəs bir anlam verilmişdir. Kafirlər Burla xatunun hansı olduğunu bilmək istərkən Uruzun anasına söylədiyi bu sözlər onun ləyaqətini əslində necə uca tutduğunun sübutudur: “Uruz aydır: ” Ağzun qurısun, ana! Dilun çürüsün, ana! Ana haqqu-Tanrı haqqu denilməsəydi, qalqubanı yerimdən duraydım, yaqanla boğazından tutaydım, qaba ökcəm altına salaydım, ağ yüzini qara yerə dəpəydim, ağzun ilə burnundan qan şorladaydım, can datlusın sana göstərəydim”
Dastanda hörmətli bir məqamda təsvir olunan qadınların ən dəyərlisi və müqəddəsi yenə də analardır. Hətta bir oğuz kişisinin elindəki hörməti onun xanımının ana olaraq qız və ya oğlan övlad verməsilə ölçülür. Elə bu səbəbdən, ”Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun, oğlı-qızı olmayanı Allah-Taala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün.”- deyə söyləyən Bayandur xan bir ailədə övladın olmasının vacibliyini nəzərə çatdırır.Anaların və analığın müqəddəsliyini Təpəgöz belə axırda etiraf edir. Övlad dərdinə məruz qoyduğu anaların göz yaşlarının özünə bəla olduğunu söyləyir.Ananın müqəddəsliyi, ona verilən dəyərin təcəssümü kimi Qazan xan evi yağmalanan zaman bütün mal-dövlətindən keçərək ilk öncə anasını istəməsi diqqəti cəlb edir. Qadın üçün övladının dünyaya gəlməsi ən böyük xoşbəxtlikdir. Bir çox sıxıntılara düşən ananın bütün dərdləri övladının dünyaya gəlməsi ilə bir anda yox olur.
“Kitabi-Dədə Qorqud”da qadın bir övlad, gələcək nəsil yetişdiricisi kimi tərbiyədə müxtəlif üsullardan istifadə edirdi. Bu yeri gələndə nəsihət, yeri gələndə cəzalandırma, yeri gələndə isə övlada yaxşı işlərinə görə edilən tərif, verilən ləyaqətli adlar ola bilərdi. Əsrlərin təcrübəsindən bəhrələnərək bugünkü günümüzdə də böyüyə, kiçiyə hörmət, əldən öpmə, baş endirib bağır basmaq və s. kimi əxlaq qaydaları yaşamaqda davam edir.
Dastanda çoxarvadlılıq olmamış, kişi evin dirəyi, qadın ürəyi, övlad isə bəzəyi hesab edilmişdir. Ata evi tərbiyə ocağı idi, övlad ailədən kənar böyüdülmür, məhz ailədə qadın tərəfindən tərbiyə olunurdu. Qızlar ananın verdiyi mükəmməl tərbiyə sayəsində səliqəliliyi, qoçaqlığı, ərə sədaqəti, ədəb-ərkanı ilə seçilir. Həqiqətən də, Oğuz elində qızlar döyüş məharətinə görə heç də kişilərdən geri qalmırlar. Belə ki, burada qadınların əksəriyyəti uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ailə ənənələrinin təsiri nəticəsində elə formalaşmışlar ki, lazım gələndə nəslin şərəfi və ədalət uğrunda kişi üçün silaha sarılır və ağıllı, tədbirli, təmkinli, qəhrəman kimi çıxış edirlər. Dastanda qadınların həyat yoldaşı kimi qonaqpərvərliyi və gülərüzlülüyü yenə ənənədən irəli gələn gözəl əxlaqın davamıdır. Bir türk qadını ərinin namusu olaraq ən yüksək zirvələrdə dayanır.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, “ Kitabi-Dədə Qorqud” nəinki öz dövrünün mədəniyyətini, həm də özündən əvvəlki türk təfəkkürünü əks etdirmişdir. Burada qadına dərin hörmət, ana müqəddəsliyi o qədər gözəl səhnələşdirilmişdir ki, oxuyarkən xalqımızın necə yüksək mənəvi dəyərlərə malik olduğunu görürük.


Yüklə 220,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin