Mövzu 9 : Qoşma aşıq şeirinin seçilən şəkillərindən biri kimi Aşıq yaradıcılığı bir sıra xüsusiyyətlərinə görə uzun illər mübahisələr predmeti olaraq qalmışdır. Onun yazılı və ya şifahi ədəbiyyata daxil edilməsilə bağlı xeyli mühakimələr irəli sürülmüşdür. Bundan əlavə, Azərbaycanın milli sərvəti olan aşıq sənətinin ermənilər tərəfindən hətta yüz il bundan qabaq da mənimsəmək istəməsi halları baş vermişdir. Aşıq sənəti Azərbaycanda o qədər geniş vüsət almışdır ki, hətta digər xalqların nümayəndələri də bu tərzdə nəğmələr yazmış və ifa etmişlər.
Aşıq yaradıcılığında həm iri formalara - dastanlara, həm də kiçik poetik formalara - bayatılara, gəraylılara, qoşmalara, divanilərə, təcnislərə, müxəmməslərə və s. müraciət olunur. Gəraylı, qoşma, təcnis, divani, müxəmməs aşıqlann daha çox müraciət etdiyi şeir formalandır ki, bunlar da bir sıra növ müxtəlifliyinə malikdir. Aşıq şeiri zahiri quruluşuna görə formalara (şəkillərə), mövzusuna və məzmununa görə janrlara (növlərə) bölünür. Musiqi havalan ilə həmahəng yaranan aşıq şeiri sadə ölçülərdən mürəkkəbə doğru uzun təkamül yolu keçmişdir.
Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…
Qoşmada bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Qoşma əsasən heca vəznində olur. Misradaxili bölgü 6+5, 5+6, 4+4+3 şəklində olur. Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
Qoşmanın məzmununa görə növləri də var:
1. Gözəlləmə 2. Vücudnamə 3. Ustadnamə 4. Qıfılbənd
Gözəlləmə—gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır. Aşıq Ələsgərin “Güləndam”, “Xurşıd”, “Müşkinaz” və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.
Vücudnamə-Qoşmnın məzmununa görə növlərindən biridir. İnsanın beş yaşından ölüm anına qədər olan dövrü sadalanır.
Ustadnamə -ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir. Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir. Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir. Dastanın əvvellində verilən ustadnamələrin hər birində insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır. Ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər əsasında formalaşır. Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır
Qıfılbənd-Qoşmanın məzmununa görə növlərindən biri də Qıfılbənddir. Azərbaycan şifahi xalq ədəbiyyatında tapmacaya bənzəyir. İki aşığın deyişməsinə deyilir. Şərtə görə, iki aşıq deyişir. Üstüörtülü şəkildə sualın cavabını qarşı tərəfdən istəyir. Məğlub olan sazını qalib gələn aşığa hədiyyə etməlidir. Daha çox ictimai-siyasi, dini və təbiət mövzuları ilə bağlı olur. Məsələn, XIX əsrdə Ustad Alı ilə şagirdi Aşıq Ələsgər deyişmiş. Azərbaycan Aşıq ədəbiyyatının forma-məzmun, ideya-sənətkarlıq baxımından zənginləşməsində müstəsna xidmətləri olan Ustad Aşıq Ələsgər bilərəkdən deyişmə zamanı Ustadına məğlub olur. Sənətə, saza, sözə xatir Ustad Alı sazı götürməyir.