Mövzu 7:Neologizmlər.Onların növləri və yaranma yolları Dildə təzəcə yaranan, yaxud da dilə yenicə daxil olan sözlərə neologizm deyilir. Dilin lüğət tərkibinə müxtəlif dövrlərdən başlayaraq daxil olan yeni sözlər həmişə neologizm olaraq qalmır. Bunlar zaman keçdikcə işlənmə məqamından, nə vaxt
meydana çıxmasından, anlaşılma dərəcəsindən asılı olaraq get-gedə dəyişilir. Dildə yeni sözün neologizm hesab edilməsinin əsas meyarı onun daxil olduğu dövrdəki işlək sözlərdən fərqlənməsi, təzəlik əlamətini saxlaması, yenilik çalarlığını əksetdirən üslubi keyfiyyətini mühafizə etməsidir.
Neologizmlər iki mənbədən – birincisi, öz dilimizin daxili imkanları əsasında (azadlıq, yeddiillik, solçuluq, bərabərlik və s.), ikinci isə başqa dillərdən söz almaq əsasında (sosializm, marşal, kapitan, direktor və s.) yaranmışdır. Neologizmlərin əmələgəlmə mənbələri müxtəlif olduğu kimi, əmələgəlmə səbəb və məqsədləri də müxtəlifdir.
Ümumi neologizmlər. Müəyyən tələbata müvafiq olaraq ümumxalq dilində meydana çıxan neologizmlər ümumi neologizmlər adlanır; Şair və yazıçıların, alim və mətbuat işçilərinin müəyyən məqsədlərlə əlaqədar yaratdıqları neologizmlər fərdi-üslubi neologizmlər adlanır.
Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan neologizmlər məna və formalarına görə müxtəlif şəkildədir. Bunlar, təxminən, üç növə bölünür:
1) Leksik-semantik neologizmlər.Dildə həm məna, həmdə forması yeni olan neologizmlər leksik-semantik neologizm adlanır; məsələn: imic, kompüter, menecer,referent, dizayner, şoumen, biznes və s.
2) Leksik neologizmlər. Ancaq formaca yeni olan neologizmlər leksik neologizm adlanır; məsələn: şura (hökumət) – sovet (hökuməti), darülfünun – universitet və s.Bu misallardakı sovet və universitet sözləri dilimizdə sonradan meydana çıxmışdır.
3) Semantik neologizmlər. Yalnız mənası təzə olan neologizmlər semantik neologizm adlanır; məsələn: müqəddəs, yoldaş və s.
Mövzu 8 : Toponimlər Dilin lüğət tərkibindəki xüsusi sözlərin bir qrupunu toponimlər (torpaqla bağlı obyektlərin adı) təşkil edir. Toponimlərin dil faktı kimi diqqəti cəlb edən
özünəməxsus cəhətləri vardır. Bunların yaranması, inkişafı və xüsusiyyətlərinin açılması, aydınlaşdırılması ilə onomalogiya məşğul olur. Toponimlər müəyyən yerə aid olub, coğrafi anlayış əks etdirdiyi üçün toponimikanın geniş mənada coğrafiyaya aidiyyəti vardır. Həmçinin xüsusi coğrafi adlar, uzun illər yaşayıb tarixi abidəyə çevrildiyinə görə toponimika müəyyən dərəcədə tarix elminin də tədqiqat obyektidir.
Müasir Azərbaycan ədəbi dilindəki toponimlər dil tərkibinə görə aşağıdakı qruplara bölünür:
• Azərbaycan dilinə mənsub olan toponimlər.
• Ərəb, fars dillərinə mənsub olan toponimlər.
• Rus dilinə mənsub olan toponimlər.
• Qafqaz dillərinə mənsub olan toponimlər.
• Dil mənsubiyyəti məlum olmayan toponimlər
Azərbaycan dilindəki xüsusi yer adı bildirən sözləri üç qrupa bölmək olar:
• Ən qədim toponimlər – Aran, Alban, Midiya...
• Qədim toponimlər – Azərbaycan, Bakı, Şəki...
• Yeni toponimlər – Cəlilabad, Nərimanabad...
Xüsusi yer adlarına aid səciyyəvi cəhətlərdən biri də bunların tərkibinin saf və hibrid olaraq iki yerə bölünməsidir. Dilimizdəki xüsusi yer adlarının əksəriyyəti milli dilimizin materialı əsasında təşəkkül tapmışdır. Bunlar saf toponimlər adlanır.