Mühazirə 3. Mövzu № 3. Kompüter şəbəkəsində tədrisin təşkili. Plan:
1.Distant təhsil texnologiyası və onun xüsusiyyətləri.
2.Distant təhsilin təşkilində web alətləri: e-poçt, e-konfrans, e-kitabxana və kataloqlar.
3.MOO (Multi User Object Oriented), MUD (Multi User Domain) və IRC (Interactive Relay Chat) texnologiyaları
4.Onlayn təhsil sistemləri və onların tətbiq xüsusiyyətləri. MS Teams və ZOOM onlayn platformalarının təhsil imkanları.
5.Web 2.0. texnologiyaları və Google alətləri və tədrisin təşkilində onlardan istifadə
1. Distant təhsil texnologiyası və onun xüsusiyyətləri. İKT-nin təhsilə tətbiqi əsasən 2 istiqamətdə aparılır:
1. Ənənəvi təhsil formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsində İKT-dən istifadə.
2. Təhsil prosesində yeni metodların yaradılması və bu metodlardan istifadə etməklə distant (məsafədən) təhsil texnologiyasının tətbiqi. Distant təhsil forması təlim-tədris prosesinin uzaq məsafədən təşkilinə şərait yaradır. Son illərdə distant təhsil formasının tətbiqi təhsil və informasiya mədəniyyəti sahəsində qlobal (köklü) dəyişikliklərə səbəb olmuş və hazırda inkişaf etmiş dövlətlərin əsas təhsil formasına çevrilməkdədir. Distant təhsil formasının inkişafı yeni texnologiyalara əsaslanan təhsil müəssisələrinin, fakültələrin yaranmasına təkan verir. Yeni texnologiyalara keçid məsafədən təhsil (distant təhsil) almaq istəyənlərin sayının sürətlə artmasına və beləliklə də təhsilə yeni əlavə xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq dünyanın distant təhsil sistemini tətbiq edən qabaqcıl ali məktəblərinin təcrübəsi sübut edir ki, distant təhsil sisteminin təşkilinə və aparılmasına xərclənən vəsait tezliklə özünü doğruldur və hətta təhsil müəssisəsinə əlavə böyük gəlirlərin daxil olmasına yaxşı zəmin yaradır. Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkəsinin yaranması ilə daha da sürətlənmişdir. Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir: 1. Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil zamanı bu məhdudiyyətlər demək olar ki, bütünlüklə aradan qalxır. 2. İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda çatdırılmasının təmin olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri həcmli Elektron sorğu sistemlərindən istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.) 3. Biliklərin daha təkmil forma və qaydalarla qiymətləndirilməsi imkanlarının artması, elektron jurnal sisteminin, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili və s. 4. Təhsilin prosesinin başdan-başa avtomatlaşdırılması Hazırda distant təhsillə məşqul olan tədris müəssisələrini əsasən bir-birini tamamlayan üç koteqoriyaya ayırmaq olar: 1. Yalnız distant təhsillə məşqul olan müəssisələr. Bu koteqoriyadan olan təhsil müəssisələrinin sayı çox deyildir və bu formada təhsil verən müəssisələr əsasən ABŞ-da daha geniş yayılmışdır. 2. Eyni zamanda həm ənənəvi təhsil, həm də distant təhsillə məşqul olan təhsil müəssisələri: Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri distant təhsil formasından çox geniş istifadə edir və bu növ təhsil forması ilə məşqul olan altqurumlar həmin müəssisələrin Açıq Təhsil Fakültələri adlanır. Açıq təhsil fakültələrində işin uğurlu təşkili hər şeydən əlavə müəssisəyə əlavə gəlirlərin və dividentlərin cəlb olunmasına gözəl imkanlar açır və s. 3. Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən müəssisələr. Hazırda dünyada bu növ fəaliyyətlə məşqul olan çoxlu sayda təhsil müəssisələri mövcuddur və bu müəssisələr fəaliyyətlərini əsasən distant yolla həyata keçirməyə üstünlük verirlər. Dünyanın bir çox aparıcı ali məktəblərində mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması fakültələri və ya kursları mövcuddur. Distant təhsil üsulu belə mobil qrupların çevik yaradılmasına, onlarla işin səmərəli təşkilinə yaxşı imkanlar yaradır və bu həm virtual qrup nümayəndəsinin həm də onun tədrisinin təşkili ilə məşqul olanların işinin təşkili üçün böyük imkanlar açır. Qeyd etmək lazımdır ki, əksər distant təhsil müəssisələri təkmilləşdirmə və yenidən hazırlanma təhsilinin təşkilində öyrənənlərin sifarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb olur.
Distant təhsilin xarakteristikalarına əsasən aşağıdakılar aiddir: 1. Kursun struktur quruluşunun özəllikləri: Distant təhsil zamanı öyrənənin mühazirə mətnlərini və digər elektron tədris materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan bütün materialları istifadə etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə və şəraitdə həmin materialı monitora çıxararaq oxuyub öyrənmək imkanı əldə edir. Burada əsas “ağırlıq” kursun materiallarını hazırlayanların üzərinə düşür. Mətn və materiallar elə hazırlanmalıdır ki, onlar yorucu olmasın və daha da cəlbedici olsun. Bu məqsədlə, xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək məsləhət görülür ki, bu da öyrədənlərdən xüsusi İKT bacarıqlarına yiyələnməyi tələb edir. Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması da vacib şərtlərdəndir. 2. Kommunikasiya imkanları və vasitələri: Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, məlumatları və digər tədris yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və həmin növ materialları onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə təminatı tələb edir. Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, telefon, televizor, faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş regimini və internetin didaktik imkanlarından yararlanmanı təmin edə biləcək proqram vasitələri və s. aid edilir. Bundan əlavə, rabitə mühitinin imkanları da (yəni, məsələn internetin sürəti, elektrik enerjisinin fasiləsiz təminatı və s.) təhsil mühitinin imkanlarına mütləq cavab verməlidir. 3. Öyrənənlərlə əlaqələrin qurulması və əlaqələrin dəstəklənməsi məsələləri: Ənənəvi təhsil formasında olduğu kimi distant təhsil forması da özünəməxsus müxtəlif təlim metodları ilə zəngindir. Bu metodların əsas məqsədi və qarşıya qoyduqları vəzifələrdən ən başlıcası (demək olar ki, həm də ortada olan ən böyük problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı əlaqələrinin sıx təşkilinə yönəlmişdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə və vasitələrin işlənməsinə baxmayaraq (çat, elektron, audio və video konferensiya və digər) hələ də müəyyən işlərin görülməsinə ehtiyac vardır (məsələn, öyrənənin psixoloji durumuna əsaslanma və s).