2.1. Təbiəti mühafizə, sağlamlaşdırma, istirahət və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə zəhərli kimyəvi preparatların tətbiqi bir qayda olaraq qadağan olunur.
2.2. Kimyəvi mübarizənin aparılmasından əvvəl bitki mühafizəsi üzrə mütəxəssis tərəfindən sahədə müşahidə aparılmalı, zərərli orqanizmlərlə mübarizənin forması və üsulu dəqiqləşdirməlidir. Əgər sahədə kimyəvi mübarizənin aparılması zərurəti yoxdursa, digər mübarizə formalarından istifadə edilməlidir.
2.3. Pestisidlərin tətbiqi əkinlərin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə dərəcəsi (iqtisadi ziyanlı hədd) nəzərə alınmaqla həyata keçirilməlidir.
2.4. Pestisidlərdən istifadə zamanı görülən işlərin maksimum mexanikləşdiril-məsi, mütərəqqi texnologiyaların və yeni preparatların tətbiqi təmin olunmalıdır.
2.5. Pestisidlərin tətbiqi bu sahədə təcrübəsi olan, yaxud xüsusi təlim keçmiş şəxslər tərəfindən hər bir pestisid üçün nəzərdə tutulmuş təlimata uyğun həyata keçirilməli və məcburi fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.
2.6. Pestisidlərlə işləyən zaman işin aparıldığı ərazidən ara məsafəsi 200 m-dən az olmayan xüsusi meydançada işçilərin istirahəti və qida qəbul etmələri üçün yer, içməli su çəni, əl-üz yumaq üçün su, sabun, dəsmal və ilkin tibbi yardım çantası olmalıdır.
2.7. Pestisidlərlə iş zamanı şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Bu zaman qida qəbul etmək, su içmək, siqaret çəkmək, fərdi mühafizə vasitələrini çıxarmaq olmaz.