2.8. Sahədə məhsul yığımından öncəki son kimyəvi mübarizə tədbiri hər bir pestisidin gözləmə müddəti nəzərə alınmaqla aparılmalıdır.
2.9. Pestisidlərlə aparılan mübarizə tədbirləri səhər və axşam saatlarında, küləksiz, sakit havada aparılmalıdır.
2.10. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki, atmosfer, su, torpaq və bitki məhsullarında pestisid qalığı icazə verilən həddən artıq olmasın.
3.Pestisidlərin təsirinə məruz qalan zaman ilk yardım
3.1. Pestisid dəriyə düşdükdə dərmanlı paltarlar çıxarılmalı, onu silmədən pambıq və ya parça ilə ehtiyatla götürüb yeri sabunla soyuq suda bir neçə dəfə təmiz yuyulmalıdır. Yuma zamanı sərt şəkildə ovuşdurmaqdan qaçılmalı, dəridə kimyəvi yanıqlar olduğu halda həkim göstərişi olmadan hər hansı dərman və kremdən istifadə edilməməlidir.
3.2. Pestisid gözə düşdükdə göz qapaqlarını açıq saxlamaqla gözlər dərhal təmiz və soyuq axar su ilə 15 dəqiqə müddətində yuyulmalıdır. Bundan sonra gözün üzərini təmiz tənzif parça ilə örtüb tibbi yardım üçün müraciət olunmalıdır.
3.4. Pestisidlər ağız içərisinə təmas etdikdə, əgər udulmayıbsa dərhal tüpürmək və sonra ağzı su ilə dəfələrlə yaxalamaq lazımdır. Əgər pestisidin udulması baş vermişdirsə zərərçəkmiş qusmağa məcbur edilməlidir. Aşağıdakı hallarda zərərçəkmişin qusmağa məcbur edilməsi yolverilməzdir:
-zərərçəkmiş huşsuz vəziyyətdədirsə və ya qıcolma keçirdirsə;
-aşındırıcı kimyəvi maddə qəbul etmişdirsə.
3.5. Pestisidlərlə zəhərlənmənin bütün hallarında zərərçəkən tibb müəssisəsinə çatdırılmalı və imkan daxilində zərərçəkəndə və ya onu müşayiət edən şəxsdə zəhərlənməyə səbəb olan preparatın etiketi və ya tətbiq edilməsinə dair təlimat olmalıdır.