Maddə 268. Kollektiv əmək mübahisəsinə əmək arbitrajında baxılması 1. Əmək arbitrajı kollektiv əmək mübahisəsinin həlli üçün yaradılan müvəqqəti
orqandır. O, kollektiv əmək mübahisəsinin əmək arbitrajının icraatına verilməsi barədə
razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə
yaradılır.
2. Əmək arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə
baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə
müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Əmək
arbitrajının tərkibinə mübahisənin nəticəsi ilə maraqlı olmayan şəxslər, icra
hakimiyyəti, bələdiyyə orqanlarının nümayəndələri, hüquq, əmək və sosial məsələlər
üzrə mütəxəssislər və digər şəxslər daxil edilə bilərlər.
3. Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa
gələ bilərlər.
4. Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti yeddi iş
günündən çox olmamalıdır. Əmək arbitrajı mübahisəyə aid olan lazımı sənədləri və
məlumatları almaq hüququna malikdir.
5. Əmək arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla
rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib
edilir.
6. Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa
gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və
mübahisənin davam etdirilməsinə yol verilmir.
Maddə 269. Kollektiv əmək mübahisələrinin həllində iştirak edən şəxslərin təminatları 1. Kollektiv əmək mübahisələrinin həllində iştirak edən şəxslər (razılaşdırıcı
komissiyanın üzvləri, vasitəçilər, arbitrlər, əmək kollektivinin nümayəndələri və s.) bu
Məcəllənin 27-ci maddəsində nəzərdə tutulmuş təminatlardan istifadə edirlər.
2. İşəgötürən barışdırıcı komissiyanın, vasitəçinin, əmək arbitrajının normal
fəaliyyəti üçün zəruri iş şəraiti yaratmalıdır.