ÜMUMİ MÜDDƏALAR
Xronik hepatitlər qaraciyər parenximasının müxtəlif mənşəli
diffuz iltihabı xəstəlikləridir. Bu zaman klinik-laborator və
morfoloji dəyişikliklər 6 ay və daha çox müddət ərzində müşahidə
olunur.
EPİDEMİOLOGİYA
Xronik hepatitlərin epidemiologiyası ilə bağlı ətraflı
məlumatlar yoxdur. Son illər aparılan kütləvi biokimyəvi və
immunokimyəvi müayinələr nəticəsində aşkar edilmişdir ki,
təxminən 50% hallarda xronik hepatitlər klinik əlamətlər olmadan və
ya minimal simptomatika ilə keçir.
ETİOLOGİYA
Xronik hepatitlər əsasən infeksion və qeyri-infeksion
etiologiyalı olmaqla əsas iki qrupa bölünür (hepatotrop virus
infeksiyaları nəticəsində inkişaf edən hepatitlər haqqında digər
klinik protokollarda bəhs edilir). Qeyri-infeksion etiologiyalı
xronik hepatitlərə qeyri-alkoqol mənşəli steatohepatitlər,
alkoqolun toksik təsiri nəticəsində inkişaf edən qaraciyərin
alkoqol xəstəliyi, irsi hemoxromatoz, Vilson xəstəliyi, alfa
1-antitripsin çatışmazlığı və başqaları daxildir.
|