Məzmunu və yaranma səbəbləri:
Modernizm XX yüzillikdə texnogen sivilizasiyasının təsiri ilə inkişaf edən yeni düşüncəni, xasiyyətləri, praktikaları çevrələyən geniş anlamlı anlayışdır. Insanların ətrafında olanlara öyrəncəli baxışlardan aralanma və onları yeni anlamda ortalığa çıxarmaqdır, hər şeyə özəl metaforik baxışdır. Onu realizmə qarşı bir üsyan kimi dəyərləndirmək olar. İncəsənətdə modernizm kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, modern və başqa axınları içəriləyir. Insan artıq təbiətin verdiyini yansımaqdan yayınaraq, çeşidli şeylərə öz baxışlarını ortalığa qoymuşdur. Avropa fəlsəfəsində modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə ya milli adətlərə bağlanaraq yeniliyi qəbul etməkdən imtina edən toplumlara qarşı çıxış edir. Buna görə də modernizmdə fərdçilik (individualizm) adətlərə üstün gəlir. Modernist insan hər zaman yeniliyə yönəlir, onu mənimsəyir. Modernizmi ortalığa çıxaran modern dönəmidir. Bu dönəm adətçi toplumun baxışları ilə ixtilafda olaraq, şəhərləşmə, sənayeləşmə, dünyaviləşmə ilə xarakterizə edilir. Modernləşmiş adamlar gələnəklərlə deyil, rasional düşüncə ilə davranırlar, əcdadlarların dünyagörüşünə şübhə ila baxırlar, dəyişən dünyaya uyğunlaşırlar, demokratiyaya gətirə bilən mədəniyyətə yiyələnirlər. Modernizm öyrəncəli baxışların, gələnəklərin dağıdılması, ya da onlara yeni anlam verməsi ilə müşaiyət edilir. Buna da “dekonstruksiya” deyilir. Bundan başqa, modernizmin ortalığa çıxması pozitivizmin inkişafı ilə bağlıdır. Pozitivizm yalnız empirik yollarla əldə edilən biliyi doğru sayır, fəlsəfi və metafizik biliyin dəyərini tanımır.
Modernizmin ortalığa çıxması yeniləşən dünyada var olan düşüncələri, öyrəncəli yaşamları, anlamları dəyişir. Yüzilliklər boyu başqılar altında yaşayan insanlar azadlığa yönəlməyə başladılar. Bu proses özünü hər yerdə göstərməkdə idi. Musuqidə caz, incəsənətdə sürrealizm, elmlərdə təkamülçülük, fəlsəfədə pozitivizm, ölkə quruluşunda respublikaçılıq ortalığa çıxmışdır.
Modernizm fəlsəfəsinin inkişafında A. Şopenhauer, R. Vaqner, F. Nitsşe O. Vayld kimi düşünürlər böyük rol oynamışdırlar. Onlar Avropa rasionalizminə, hər şeyi qəliblərə salınmasına, anlaşılmasına qarşı çıxış etmişdirlər. Beləliklə modernizm Avropa maarifçiliyinə qarşı çıxış etmişdir. O, Vayld da modernizm ideyaları ədəbiyyata gətirmiş, onları yaşamışdır. Onun fikrincə incəsənət incəsənət üçün olmalıdır, heç bir ideologiyaya qulluq etməməlidir. O irrasional olmalı, təkcə düşüncə ilə qavranılmamalıdır.
Dostları ilə paylaş: |