Himatomelan turşuları üzvi həlledicilərdə asanlıqla həll olur və başqa xassələrinə görə humin turşularından fərqlənirlər. Bu qruplar müxtəlif metodlar vasitəsilə bir-birindən mineral komponentlərinə, molekulyar kütləsinə və digər xassələrinə görə fərqlənən daha kiçik qruplara və fraksiyalara bölünə bilər. Himatomelan turşular – fulvoturşularla humin turşuları arasında aralıq xassələrə malik humus maddələri qrupudur. Əvvəllər humin turşuları da bu qrupa daxil edilirdi.
Hazırda humin turşularının və fulvoturşuların tərkibi və quruluşu daha yaxşı öyrənilmişdir. Bu birləşmələrin elementar tərkibi müxtəlifdir. Bununla belə, bütün humin turşularında fulvoturşularla müqayisədə karbonun miqdarı çox, oksigenin miqdarı azdır. Bu da humin turşularının tsiklik fraqmentlərlə zənginləşdiyini göstərir. Humin turşulardan fərqli olaraq fulvoturşular oksidləşməyə məruz qalmış və alifatik strukturlarla zənginləşmişdir. Müxtəlif tip torpaqlar, üzvi maddələrinin kəmiyyət və keyfiyyət göstəricilərinə görə bir-birindən fərqlənirlər. Hazırda torpaqlarda üzvi maddələrin tərkib və xassələrini səciyyələndirməkdən ötrü müxtəlif metodlardan istifadə olunur. Müxtəlif torpaqların üst horizontlarında humusun miqdarı geniş hüdüdlarda tərəddüd edir; 0,5– 1%-dən 10- 12 %-ə qədər və daha çox. Əkinçilik mədəniyyətinin aşağı səviyyəsində torpaqlardan kənd təsərrüfatında istifadəsi humusluluğun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Humin turşularının fulvoturşulara nisbətindən (Cht:Cft) asılı olaraq humusun aşağıdakı tipləri fərləndirilir: humatlı (> 1,5), fulvatlı-humatlı (1-1,5), humatlı-fulvatlı (1-0,5) və fulvatlı (0,5). Humus maddələrinin bütün qruplarında azotun miqdarı 2,5-5,0 % arasında dəyişir. İlkin bitki qalıqları ilə müqayisədə humus maddələri azotla nisbətən zəngin hesab olunur. Bu onunla əlaqədar ki, üzvi maddələrin minerallaşması və humuslaşması proseslərində karbon azotla müqayisədə daha çox itkiyə məruz qalır. Humus birləşmələrinin qruluşunu tədqiq etməkdən ötrü humus molekullarının destruksiyasiyasının (parçalanmasının, ayrılmasının) müxtəlif üsullarından (hidroliz, pirolotik destruksiya və s.) istifadə olunur və bundan sonra nisbətən bəsit məhsulların analizi aparılır. Bundan başqa, birləşmələrin strukturu, əlaqələrin tipi, funksional qrupların xarakteri haqqında məlumatı spektral metodlar və s. vasitəsilə də əldə etmək mümkündür. Bitki və heyvanların parçalanmamış qalıqları torpaq nümunələrində gözlə və ya lupa ilə asanlıqla görünəndir. Bu qrupdan olan üzvi qalıqlar əksər mineral torpaqların cansız fazasının ümumi üzvi qalıqlarının 5-10%-ni təşkil edir. Humus – torpağın üzvi maddəsinin əsas hissəsidir. O, iki qrupa bölünür: Qeyri-spesifik üzvi birləşmələr əksər mineral torpaqlarda üzvi maddələrin ümumi kütləsinin 1-2%-ni təşkil edir. Bu birləşmələrə şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələri, üzvi turşular və s. daxildir. Spesifik humus birləşmələri – daha səciyyəvi spesifik hissə olub, əksər mineral torpaqlarda ümumi üzvi birləşmələrin 80-90%-ni təşkil edir.