Üzvi gübrə - humusun ən yaxşı mənbəyidir. Torfdan hazırlanmış kompostun tərkibində isə çoxlu miqdarda hazır humin turşuları olur. Üzvi gübrələrin sistematik tətbiq edildiyi hətta ən az münbitli podzollu torpaqlarda belə humusun ehtiyatı tədricən artır, humus turşularının tərkibində humin turşularının miqdarı yüksəlir. Torpağın həmçinin su-fiziki xassələri yaxşılaşaraq faydalı mikrofloranın inkişafı üçün əlverişli şərait yaranır.
Ot əkinləri, otun yüksək məhsuldarlığı şəraitində, əkin qatında böyük miqdarda kök qalıqlarının toplanmasına səbəb olur. Bu qalıqlardan humus yaranır, eyni zamanda torpağın sturktur, su-hava və qida rejimi də yaxşılaşır. Torpağın əhəngləşdirilməsi və ya gipsləşdirilməsi torpağın reaksiyasını tənzimləyir ki, bu da mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli şərait yaradır, üzvi, üzvi-mineral və mineral maddələrin torpaqdan yuyulub getməsinin qarşısını alır.
Torpaqların meliorasiyası onun su-hava rejimini əsaslı şəkildə yaxşılaşdırır, bununla da humusun həm yaranması, həm də fəal funksional fəaliyyəti və münbitliyi ilə bağlı proseslərdə iştirakından ötrü əlverişli şərait yaranır.
Yadda saxlamaq lazımdır ki, müxtəlif təbii zonalarda və müxtəlif tip torpaqlarda humusun miqdarının və tərkibinin tənzimlənməsi məqsədilə ötrü müxtəlif kompleks tədbirlərin görülməsi tələb olunur.
Mövzu 20: Humusəmələgəlmə konsepsiyaları Plan: Humufikasiya və humusəmələgəlmə
Humus turşularının yaranması haqqında hipotezalar.
Humufikasiyanın kinetik nəzəriyyəsi. Torpağın bioloji aktivlik dövrü.
1.Humufikasiya və humusəmələgəlmə. Hazırda humusəmələgəlmənin bir neçə konsepsiyası mövcuddur ki, onları nəzərdən keçirək:
Kondensasiya vasitəsilə humusəmələgəlmə konsepsiyası müxtəlif illərdə A.Q.Trusov, M.M.Kononova, V.Flyayq tərəfindən irəli sürülmüşdür. M.M.Kononova humuşlaşma prosesinin mahiyyətini təşkil edən müddəaları aşağıdakı kimi formalaşdırmışdır:
1) bitki qalıqlarının humuslaşması prosesi tərkibinə daxil olan komponentlərin CO2, H2O, NH3 və başqa məhsullara kimi minerallaşması ilə müşayiət olunur;
2) bitki toxumalarının bütün komponentləri parçalanma məhsulları, mikrob metabolizmi məhsulları, parçalanma və resintez* (Resintez – əsasən ali bitkilər tərəfindən həyata keçirilən “ilkin” sintez əsasında “törəmə” mikrob sintezi) məhsulları formasında struktur vahidlərin ilkin mənbəyi kimi çıxış edə bilər;
3) humus maddələrinin formalaşma prosesində məsul həlqə struktur vahidlərin kondensasiyasıdır. Kondensasiya fenolun oksidləşməsi (fenoloksidaz tipli fermentlər vasitəsilə) və alınan məhsulun amin turşuları və pepditlərlə qarşılıqlı əlaqəsi vasitəsilə həyata keçir;
4) humus maddələrinin formalaşmasında sonuncu həlqə olan polikondensasiya kimyəvi prosesdir. Üzvi qalıqların humuslaşması zamanı prosesin ayrı-ayrı həlqələri sıx koordinasiya olunduğundan eyni vaxtda cərəyan edə bilər.
Beləliklə, bu konsepsiyaya görə humuslaşma prosesi bəsit monomerlərdən – bioloji makromolekulların parçalanma məhsullarından və ya torpaq mikroorqanizmlərinin metabolitlərindən başlayır. M.M.Kononova və V.Flyayqin kondensensasiya reaksiyalarında monomerlərlə yanaşı liqnin, zülal və s. birləşmələrin yüksək molekulyar fraqmentlərinin iştirakını mümkün hesab etmişlər. Kondensasiya vasitəsilə humusəmələgəlmə konsepsiyasına görə fulvoturşular humin turşularının sələfidirlər.