Mövzu 28: Torpaqda mikroelementlərin miqdarı və birləşmələri. Plan: 1. Azərbaycanın torpaqlarında mikroelementlərin ümumi və mənimsənilən miqdarı. 2. Azərbaycanın zonal torpaqlarında mikroelementlərin ümumi miqdarı və paylanma xüsusiyyətləri. Mikroelementlərin mütəhərrik formalarının miqdarına görə qiymət şkalası. 3. Torpaqəmələgəlmədə mikroelementlərin iştirakı. 4. Torpaqlarda bor,molibden, mis, sink və kobaltın ümumi və mütəhərrik formaları. Bitkilər tərəfindən mənimsənilə bilən (bor,molibden, mis, sink və kobaltın) formaları. 5. Mikroelementlərin torpaqda birləşmələrinin formasına oksidləşmə-reduksiya şəraiti və mühitin reaksiyasının təsiri. Mikroelementlərin(mis,sink,manqan və kobaltın) torpağın turş reaksiyasında mütəhərrikliyinin artması və azalması. Mikroelementlərin əhəmiyyəti və torpaqda tənzimlənmə yolları. 6. Biogeokimyəvi əyalətlər daxilində mikroelementlərin çatışmazlığı və ya çoxluğu nəticəsində baş verən spesifik xəstəliklər- biogeokimyəvi epidemiya. 1.Azərbaycanın torpaqlarında mikroelementlərin ümumi və mənimsənilən miqdarı. Bitkilərin mineral qidalanmasında mikroelementlər çox vacib bölmələrdən birini tutur. Mikroelementlərin tətbiqi,bütün torpaq-iqlim şəraitində yetişdirilən kənd təsərrüfatı bitkiləri altında vacibdir. Ancaq mikroelementlərlə çox zəif təmin olunmuş torpaqlarda mikrogübrələrin tətbiqi xüsusilə əhəmiyyət kəsb edir. Çünki belə torpaqlarda mikrogübrələr tətbiq etmədən ümumiyyətlə heç bir məhsul götürmək mümkün deyil. Bununla yanaşı, torpaqlarda mikroelementlərin azlığı kimi, çoxluğu da canlı orqanizmlərdə müxtəlif xəstəliklər əmələ gətirir. Bu məqsədlə Azərbaycanın əsas torpaq tiplərinin tərkibində mikroelementlərdən bor, manqan, mis, molibden, sink və kobaltın ümumi və mütəhərrik formalarının miqdarı öyrənilmiş, torpaqlar mikroelementlərlə təmin olunma dərəcəsinə görə ayrı-ayrı qruplara bölünmüş və xəritələşdirilmişdir. Torpaqlarda mikroelementlərin az və ya çoxluğuna, yəni onların dəyişilməsinə təsir edən amillər əsasən torpaq mikroorqanizmləri, iqlim, aqrotexnika və s.-dir. Torpaqların mikroelementlərlə təmin olunmasının əsas mənbəyi torpaq əmələgətirən ana süxurlardır. Torpaqəmələgəlmə prosesi uzun illər dövründə baş verdiyindən onların tərkibindəki kimyəvi elementlər torpaqlarda müxtəlif birləşmələr şəklində yayılırlar və uzun müddət torpaqlarda qalırlar. Torpaqəmələ gətirən süxurlar müxtəlif olduqlarından onların tərkiblərindəki kimyəvi elemenlərin, o cümlədən də mikroelementlərin miqdarı da müxtəlif (az, çox, orta) miqdarda olurlar. Buna misal olaraq əsas və püskürülmüş- ultra-əsas süxurları (dunitlər, peridofitlər, piroksenitlər) göstərmək olar bu süxurlar manqan, mis, sink və kobalt mikroelementləri ilə başqa süxurlara nisbətən daha zəngin təmin olunmuşlar. Turş püskürülmüş süxurlarda (qranitlər, qranodioritlər və s.) isə mis, sink, kobalt elementlərinin miqdarı ilə xeyli aşağı səviyyədə olur.
Torpaq və bioloji obyektlərdə bir çox elementlər çox cüzi miqdardadır (Mikroelementlərin əhəmiyyəti. Mikroelementlər bitki, heyvan və insanın həyatında çox mühüm fiziloji və biokimyəvi rol oynayır. Humus, azot, fosfor, kalium, kalsium və maqneziumun bitkilərin inkişaf və məhsuldarlığında çox böyük rol oynamasına baxmayaraq, onlar mikroelementləri əvəz edə bilməzlər. Mikroelementlər bitkilərdə maddələr mübadiləsini artıb-azalda bilir. Xlorofilin, zülalın və karbon qazının əmələ gəlməsinə təsir edərək onların bitkilərdəki hərəkətini sürətləndirir. Onlar fermentlərin, hormon və vitaminlərin tərkibinə daxildir. Torpaqda mikroelementlərin miqdarı ilə bitkinin vəziyyəti və məhsuldarlığı, heyvan və insanın sağlamlığı arasında sıx əlaqənin olduğu müyyən edilmişdir.
Vitaminlərin çatışmamazlığı və ya izafi çoxluğu orqanizmlərin normal fəaliyyətini pozur və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Belə ki, molibdenin çoxluğu podaqranın inkişafına, yodun çatışmamazlığı heyvan və insanda zob endemiyası xəstəliyinin yaranmasına gətirib çıxarır. Borun izafi çoxluğunun müşahidə edildiyi otlaqlarda mal-qaranın otarılması pnevmaniyanı, əsəb pozğunluğunu və s. törədir. Mikroelementlərin (B, Mn, Zn, Cu, Co və başqaları ) torpaqda çatışmaması bitkinin məhsuldarlığını və keyfiyyətini aşağı salır. Hazırda torpaqşünaslıq, aqrokimya, fiziologiya, təbabət və başqa elm sahələrində torpaq və canlı orqanizmlərdə mikroelement birləşmələrinin tərkib və formalarının öyrənilməsinə, onların canlı orqanizmlərin inkişafına təsirinin araşdırılmasına və torpaqda mikroorqanizmlərin tənzimlənmə yollarının tədqiqinə böyük diqqət yetirilir.