Mövzu 30: Torpağın kimyəvi çirklənməsi və ekoloji qiymətləndirilməsi. 1. Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsinə fiziki, kimyəvi və bioloji çirklənmə meyarlarının təyini.. 2.Torpağın ağır metallarla və pestisidlərlə çirklənməsi. Torpağın çirklənməsinin neqativ təsirinin kənar edilməsi. 3.Torpaqda radionuklidlərin miqrasiyası. 4.Radionuklidlərin yüksək olduğu ərazilərdə kompleks mühafizə tədbirlərinin aparılması prinsipləri. 5. Toksikantların neqativ təsirinin aşağı salınması üsulları. Qeyd etmək lazımdır ki, torpaq təbii sərvət olub, əvəzolunmazdır. Təbii sərvət kimi, həm onun təkindən, həm də səthindən istifadə olunur. Deməli, torpağın istismarı daha genişdir, ona müdaxilə həmişə davam edir. Məlumdur ki, planetin 29 %-i quru sahədir. Yer kürəsində yaranan biokütlənin də 98-99 %-i məhz quru ərazilərdədir. Ona görə də yer qabığının sərvətləri daha çox diqqət mərkəzindədir. Çünki, burada toplanan bioloji və mineral sərvətlər, cəmiyyətin ərzaq problemi ilə bilavasitə bağlı olan sərvətlər hesab edilir. Yer kürəsinin quru sahəsinə aid sərvətlərdən biri də torpaq ehtiyatıdır. Azərbaycanın ərazisi 8,6 milyon hektardır. Bunun 49,4 %-i və ya 4,2 milyon hektarı kənd təsərrüfatı üçün yararlı sayılır.Əlverişli iqlim şəraiti bu torpaq fondundan səmərəli istifadə üçün aqrar bölməyə böyük imkanlar verir. Lakin, son zamanlar təbii dağıdıcı proseslərin (sel, daşqın və s.) və antropogen amillərin təsiri ilə baş verən torpaq deqradasiyaları onun fiziki, kimyəvi və bioloji xassələrini kökündən dəyişmişdir. Bundan başqa, sistemsiz suvarma aparıldığından, torpaq fondunun çox hissəsində duzlaşma-şorlaşma prosesləri güclənmişdir. Respublikada əkinçilikdən alınan məhsulun 85-90 %-i suvarılan torpaqlara aiddir. Bu məqsədlə suyu lazımi sahələrə çatdırmaq üçün xüsusi kanallar sistemi yaradılmışdır. Suyu nəql edən kanalların suaxarına düzgün nəzarət edilmədiyindən kanallar boyu təbii filtrasiya və torpaq örtükləri tərəfindən 10 min hektarlarla yararlı torpaq əkin dövriyyəsindən çıxarılır. Bir qayda olaraq suaxarların sahili bataqlıqlara, alaq otları cəngəlliyinə çevrilir, torpaqların əvəzolunmaz landşaftını pozur. Bütün sənaye istehsal növlərinin, əsasən bərk tullantıları torpaq üzərinə səpələnir. Buna görə də suvarmanın, kimyalaşdırma vasitələri və digər faktorların torpağın münbitliyinə, məhsuldarlığa və əldə olunan məhsula, səth və qrunt sularının minerallaşmasına və çirklənməsinə təsirinin daha ətraflı uçotu tələb olunur.
Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsi meyarlarının seçilməsi onun yerləşmə spesifikası, genezisi, həmçinin istifadə xüsusiyyəti ilə təyin edilir. Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji uğursuzluq dərəcəsinin əsas ğöstəriciləri fiziki deqradasiya, kimyəvi və bioloji çirklənmə meyarları hesab olunur.
Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri torpağın deqradasiyası (eroziya, deflyasiya, təkrar şorlaşma, şorakətləşmə, bataqlaşma) torpaq horizontlarının dağılmasına səbəb olur, bu proses də torpağın deqradasiyası meyarı vəzifəsini görür. Torpağın strukturunun dağılması və bərkimə prosesinin inkişafı onun kipliyini artırır, bu da torpağın deqradasiyası göstəricisinin mühüm meyarıdir.
Fitotoksiklik torpağın çirklənməsinin kompleks göstəricisi sayılır – çirklənmiş torpaqların xassələri toxumun cücərməsini, ali bitkilərin böyümə və inkişafını ləngidir (sıxışdırır) (test göstəricisi).
Torpaq mikroorqanizmlərin həyat fəaliyyətinin aşağı düşməsi bioloji deqradasiyanın əlaməti sayılır.
Torpaqda çirkləndirici maddələrin YVK-nın artma təkrarı çox olarsa, onların mütəhərrik formalarına görə qiymətləndirmək lazımdır.
Ekspert qiymətləndirməyə görə ekoloji fəlakət ərazisi üçün məhsuldarlığın azalması 75 %-dən artıq, ekoloji böhran ərazisi üçün isə 50-75 % qəbul olunması təklif olunur (həmin ərazi və bitki üçun kompleks aqrotexniki və aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində).
Keyfiyyətə görə normativ tələbata uyğun gəlməyən məhsulun bir hissəsi (pestisidlərin qalıq miqdarı, toksiki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öyrənilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları) çirklənmə dərəcəsinin indiqatorunun əlavə göstəricisi sayılır.
Torpağın vəziyyəti haqqında məlumat əsas göstəricilər və çirkləndirci maddələrin tərkibi üzrə informasiyanı əks etdirən ətraflı tematik kartoqrafik materiallar şəklində təqdim edilməlidir.