Mövzu 14: Torpaqda oksidləşmə-reduksiya prosesləri.
Plan:
1.Torpaqda üzvi birləşmələrin çevrilməsi proseslərində baş verən oksidləşmə prosesləri.
2.Torpaqda oksidləşmə proseslərinin üç forması: oksigeni birləşdirməklə, hidrogeni verməklə, hidrogen və oksigenin iştirakı olmadan elektronların verilməsilə.
3.Torpaqda oksidləşmə-reduksiya proseslərinin intensivliyi və istiqamətini müıyyən edən əsas şərait.
4.Oksidləşmə-reduksiya potensialı və oksidləşmə-reduksiya sisteminin normal potensialı.
5.Torpaqların oksidləşmə-reduksiya rejiminin tipləri və onların səciyyəvi xüsusiyyətləri.
Torpaqda üzvi birləşmələrin çevrilməsi proseslərində baş verən oksidləşmə prosesləri.
Torpaqda oksidləşmə-reduksiya prosesləri geniş yayılmışdır. Ona görə də torpağa geniş oksidləşmə - reduksiya sistemi kimi baxmaq mümkündür. Humuslaşma – bütövlükdə oksidləşmə prosesidir. Üzvi maddələrin çevrilməsi mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, tam minerallaşmamış bitki qalıqları komponentlərinin humuslaşması və konservləşməsi proseslərindən ibarətdir. Bu proseslərin inkişafı üzvi qalıqların tərkibindən və onların çevrilməsi şəraitlərindən (hidrotermik və oksidləşmə-reduksiya rejimlərindən, mühit reaksiyasından) asılıdır. Üzvi qalıqların bəsit mineral birləşmələrə kimi parçalanması heteretrof orqanizmlər tərəfindən həyata keçirilir. Bu əhəmiyyətli proses torpaqda həm aerob, həm də anaerob şəraitdə baş verə bilər. Aerob mikroorqanizmlər bitki və mikroorqanizmlərin tərkibinə daxil olan zülalların, yağların, karbohidrat və başqa mürəkkəb üzvi birləşmələrin ammonyak, su və karbon qazı səviyyəsinə kimi oksidləşməsini həyata keçirir. Torpaqda sporəmələgətirən (Bac.mycoides, Bac.subtilis və s.) və sporəmələgətirməyən (Pseudomonas fluorescens, Pseudomonas pyacyanea və s.) bakteriyalar geniş yayılmışdır. Üzvi qalıqların çevrilməsində əhəmiyyətli rol həmçinin göbələklərə və aktinomisetlərə məxsusdur. Minerallaşmaya təkcə bitki və heyvan mənşəli üzvi qalıqlar məruz qalmır, bu proses torpağın xüsusi üzvi maddəsi olan humusu da əhatə edir. Anaerob bakteriyaların həyat fəaliyyəti bitki və mikrob mənşəli hüceyrə komponentlərinin çürüdülməsinə, həmçinin bəsit, lakin oksidləşməmiş üzvi, sonra isə mineral birləşmələrin yaradılmasına yönəlmişdir. Bitkinin azot qidalanması üçün əlverişli şəraitin yaradılmasında ammofikasiyanın – zülal birləşmələrinin ammonyaka qədər parçalanmasının əhəmiyyəti olduqca böyükdür. Bu proses aşağıdakı ardıcıllıqla baş verir:
Zülal → amin turşuları → NH3 + azotsuz üzvi birləşmələr
Bu proses həm aerob, həm də anaerob heterotroflar tərəfindən həyata keçirilir. Karbohidratların müxtəlif tip qıcqırması, həmçinin torpağın münbitliyinin formalaşmasında olduqca əlverişsiz hesab edilən denitrifikasiya və desulfofikasiya prosesləri də anaerob bakteriyaların fəaliyyəti ilə bağlıdır. Mikroorqanizmlərin humuslaşma (humus maddəsinin əmələ gəlməsi) prosesində iştirakı üzvi qalıqların parçalanması zamanı humus maddəsinin sintezi üçün komponentlərin yaradılmasında və onların transformasiyasında ( biokimyəvi oksidləşmə), bu komponentlərin daha bəsit birləşmələrdən resintezində özünü göstərir. Yarıparçalanmış üzvi qalıqların konservasiyası torfəmələgəlmə prosesinin inkişafı ilə əlaqədardır. Bu proses aerob və anaerob mikroorqanizmlərin təsiri altında, zəif aerasiya və izafi nəmlik şəraitində baş verir. Mikroorqanizmlərin mineralların parçalanmasında və yeni mineralların əmələgəlməsində iştirakı. Mikroorqanizmlər torpaq minerallarının parçalanmasında və yeni mineralların yaranmasında fəal iştirak edir. Bu zaman torpağı təşkil edən mineralların parçalanma mexanizmi müxtəlifdir. Mikroorqanizmlərin oksidləşmə-reduksiya fermentlərinin, həmçinin onların həyat fəaliyyətlərinin selikli və turş məhsullarının təsiri altında parçalanması baş verir. Mikrobların fəaliyyəti nəticəsində yaranmış karbonun təsiri altında karbonatların parçalanması da bu səpkidən götürülə bilər. Göründüyü kimi mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulu olan mineral və üzvi mənşəli turşuların təsiri altında mineralların parçalanması baş verir.
Dostları ilə paylaş: |