46
Hüseyn Minasazov və b. əsərlərində və xüsusən dövrün kəskin sosial satirasında əksini
tapmışdı. Vaxtilə irfani fəlsəfi poeziyada əks edilən sosial fəlsəfə problemləri üçün Azərbaycan
siyasi satirası bu dövrün təsiredici janrına çevrilmişdir.
Həmin dövrdə Azərbaycan
Romantizm fəlsəfəsi də təşəkkül və inkişaf mərhələsini
keçirirdi. Bu fəlsəfə Azərbaycan Maarifçiliyi kimi dövrdən və şəraitdən doğan
özünəməxsusluqlarla yanaşı, Qərb Romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa malik bir sıra
cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan Romantizminə xas cəhətlər
Maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik panteist fəlsəfəyə qayıdış və bu
mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insana və vətənə təzadlı münasibət, milli dilə,
milli mənəvi-mədəni dəyərlərə, etnikliyi təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə
münasibət, xoşbəxt utopik cəmiyyətə inam və s. universal sosio-mədəni fenomen olan
Romantizmin keyfiyyət cəhətləri idi. Azərbaycanda Maarifçilik kontekstində yaranan
Romantizm fəlsəfəsi əvvəlcə dünyəvi Maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra
isə sosializmin “xoşbəxt cəmiyyətinə” inamı itirərək mistik maarifə, qnostik mərifətə üz tutur,
mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və “hər şeyin rəng olması”
(Səməd Mənsur) qənaətinə gəlmişdi.
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil edən fəlsəfi
poeziyanın nümayəndələri
Məhəmməd Hadinin (1879–1920) utopik bərabərlik cəmiyyətindən
bəhs edən “Aləmi-müsavatdan məktublar”, “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” və
s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini
tapmışdır.
Dostları ilə paylaş: