HEKAYƏLƏRİN OXUSU ÜZRƏ İŞİN METODİKASI
Hekayədə hadisə müəyyən xətt üzrə, ardıcılıqla inkişaf edir və onun gedişi canlı dillə nağıl edilir. Belə hadisələri şagirdlər asanlıqla izləyə və yadda saxlaya bilirlər. Hekayələrin oxunması düzgün oxu texnikasının inkişafı baxımından da faydalıdır. Bu məqsədlə I-II siniflərdə hekayənin müəllim tərəfindən oxusu çox vacibdir. III-IV siniflərdə buna o qədər də ehtiyac qalmır. Dramatik hadisələrlə zəngin, emosional hekayələri şagirdlər müəllimin ifadəli oxusu nümunəsində daha yaxşı mənimsəyirlər.
Hekayənin məzmunundan, həcmindən və şagirdlərin yaşından asılı olaraq onun öyrənilməsinə həsr olunmuş məşğələlər müxtəlif cür qurulur. Şagirdlər hekayədə hadisələri müəyyən xətt üzrə ardıcıllıqla izləyə və yadda saxlaya bilərlər. Hekayədəki bədii obrazların şagirdlərə dərin təsir bağışlaması üçün müəllim çalışmalıdır ki, şagirdlər hekayədəki hadisənin baş verdiyi şəraiti, qəhrəmanları aydın təsəvvür etsinlər. Şagirdlər hekayədə iştirak edən şəxslərin, xüsusilə qəhrəmanların xarakterik əlamətlərini, xarici görünüşünü müəyyənləşdirməyi bacarmalıdırlar. Hekayə oxunduqdan sonra müəllim hekayədən qəhrəmana aid xüsusiyyətləri (sifətləri) bildirən sözləri seçməyi, ona xasiyyətnamə tərtib etməyi tələb edə bilər, lakin əvvəlcə müəllim şagirdlərə hekayəyə sadə xasiyyətnamə tərtib etməyi öyrətməlidir. Xasiyyətnamə çox sadə şəkildə tərtib olunmalıdır.
Məsələn, şagirdlər III sinifdə “Yaxşılığa yaxşılıq” hekayəsini oxuyarkən Tural və Vüsal surətlərini tutuşdururlar. Şagirdlər bildirirlər ki, Tural diqqətli, qayğıkeş, saf ürəkli, mərhəmətli, təbiəti və onun bir parçası olan heyvanları sevən, onları qoruyan, yardım edən oğlandır. Vüsal isə laqeyd, diqqətsiz heyvanları sevməyən (təbiəti sevməyən) və dostuna kömək etməyən oğlandır. Tural yoldaşına nümunə olmağa və onu yaxşı yola dəvət etməyə çalışandır və s. IV siniflərdə bu sahədə iş bir qədər də mürəkkəbləşir. Şagirdlər iştirak edənləri müqayisə etmək, qəhrəmanların hərəkətlərini qiymətləndirməklə yanaşı, onlara münasibət bildirməyə, həm də bunun səbəbini izah etməyə çalışırlar. Bir çox hallarda hekayədəki dialoqa qəhrəmana xasiyyətnamənin verilməsi vasitəsi kimi baxmaq lazımdır.
Hekayənin ifadəli oxusu şagirdlərdə əsərdəki obrazlara emosional yanaşmağı, intonasiyaya əməl etməyi, cümlələrdəki sözlərin məna əlaqəsini başa düşməyi, əsərdə təsvir olunanlara səmimiyyət hissini oyadır.
Hekayələrin tədrisi optimal qurulduqda, şagirdlərin bədii oxu və nitq vərdişlərinin inkişafında mühüm rol oynayır; onlarda bədii hiss və duyğunun səviyyəsini yüksəldir.
II sinif “Azərbaycan dili” dərsliyində verilmiş bir neçə hekayənin tədrisinə nəzər salaq[18].
“Ağa və nökər”(1 saat)
Dostları ilə paylaş: |