MÜXTƏLİF JANRLI ƏSƏRLƏRİN OXU TEXNOLOGİYASI
Müxtəlif növ bədii əsərlərin oxusunu düzgün təşkil etmək üçün onların özünəməxsus xüsusiyyətlərini bilmək son dərəcə vacibdir. Ədəbi əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinə daha çox diqqət yetirilməlidir, çünki hər bir əsərin janrından asılı olaraq müəllim ona uyğun iş üsullarından, fəal təlim metodlarından istifadə edir.
I-IV sinif şagirdləri yüksək poetik-bədii tələblərə cavab verən şeir və nəsr nümunələrini sevə-sevə öyrənir və nitqlərində onlardan istifadə edirlər. Bədii əsərlərin şagird ruhuna təsir gücü bədii oxudan başlanır. Oxu prosesində təsirlənməyən şagirdin nitqinin estetik təsiri güclü olmaz. Ton, tembr, intonasiya vurğu, orfoepiya və ədəbi tələffüzün bütün komponentlərinin nitqə verdiyi estetik gözəllik ədəbiyyatı ürəkdən sevməyin əsasıdır. İbtidai siniflərdə oxudan, ən əsası ifadəli oxudan, bədii oxudan istifadə edilməsi şagirdlərin bədii-estetik hisslərinin tərbiyəsində və nitq mədəniyyətlərinin inkişafında böyük əhəmiyyət kəsb edir. I-IV sinif “Azərbaycan dili” dərsliklərində müxtəlif janrlardan olan mətnlərə geniş yer verilmişdir. Müəllimlərin vəzifəsi odur ki, bu mətnlərin oxusunu, tədrisini kurikulum tələblərinə uyğun yeni düşüncə tərzi olan innovativ texnologiyalar əsasında qursunlar.
İbtidai siniflərdə şagirdlər müxtəlif janrlı əsərlərlə tanış olurlar. Buraya epik və lirik növə dair kifayət qədər əsərlər daxildir. Məlumdur ki, hər bir əsərin də öz quruluşu, bədii xüsusiyyətləri vardır. Oxu prosesində bunları bilmək vacibdir. Nağıl və təmsil eyni olmadığı kimi, onların oxu qaydaları da fərqlidir. Eləcə də atalar sözləri, tapmaca, bayatı, əfsanə, hekayə və s. nümunələrin hər birinin öz quruluşu olduğu kimi, müvafiq oxu qaydaları, təhkiyə xüsusiyyətləri də vardır.
Bədii əsərlər üç növdə olur: lirik, epik, dramatik. I sinifdən başlayaraq oxu dərsliklərində hər üç növdən nümunələr verilir. Hər növə aid mətn üzrə iş apararkən onun xüsusiyyəti nəzərə alınmalıdır. Sinif müəllimi epik, lirik və dramatik əsər növlərinin xüsusiyyətlərini, bu xüsusiyyətlərin təlimdə nəzərə alınmalı olduğunu bilməlidir. Bədii mətnlər şagirdlərin fikrinə, hisslərinə və iradəsinə güclü təsir etməklə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Şagirdlər bədii əsərlərdəki müsbət qəhrəmanı sevir, onunla birlikdə həyəcan keçirir, həqiqi həyatda təqlid edir, özləri üçün ideal seçirlər.
Bədii ədəbiyyatın özünəməxsus xüsusi cəhətlərindən biri də şagirdlərin nitqini lazımi söz və ifadələrlə zənginləşdirməsidir. Bədii əsəri sadəcə oxumaq deyil, onu başa düşmək, hiss etmək əsas şərtdir.
İbtidai siniflərdə bədii materialların oxusu yuxarı siniflərdə keçilən “Ədəbiyyat” fənnini yaxşı mənimsəməyin təməlidir. Ona görə də bu siniflərdə şagirdlər bədii əsəri təhlil etməyi, qəhrəmanın xarakterini müəyyənləşdirməyi, hadisələrin zaman və məkan şəraitini təyin etməyi bacarmalı, ilk poetik anlayışlara-şeir, qafiyə, ahəng, ölçü, hekayə, təmsil, nağıl və s. dəqiq yiyələnməlidirlər.
İbtidai siniflərdə oxu təlimi prosesində müxtəlif ədəbi janrlardan istifadə edilir.
Dostları ilə paylaş: |