Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə93/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   89   90   91   92   93   94   95   96   97
Oxu təliminin metodikası 18.03.23

Bir boşqab sıyıq
Qarabağ müharibəsində atəşkəs elan olunan zaman Elxangilin ailəsi Goranboy rayonunda, qaçqın şəhərciyində məskunlaşmışdı. Onlar bura bir il əvvəl Kəlbəcərdən köçmüşdülər. O zaman Elxanın atası cəbhədə döyüşürdü. Lakin Goranboya köçəndən üç ay sonra Ağdam cəbhəsindən sarsıdıcı xəbər gəldi: Səfər Mahmudov erməni işğalçıları ilə döyüşdə qəhrəmancasına həlak olmuşdu...
Müharibə ölkəyə böyük ziyan vurmuşdu. İqtisadiyyat dağılmışdı, insanların maddi vəziyyəti çox acınacaqlı idi. Çətin dövr idi, dövlət qaçqın ailələri üçün kifayət qədər vəsait ayıra bilmirdi. Elxangilin ailəsi də bir çox ailələr kimi çox çətin vəziyyətdə yaşayırdı. Ana təkbaşına kiçik otaqda bir oğul və iki qız böyüdürdü. O, rayon mərkəzindəki idarələrdən birində xidmətçilik edirdi. Lakin aldığı kiçik maaş uşaqların əyin-başına, yeməyinə çatmırdı. Ona görə də ana gecələr corab, jaket toxuyur, onları satdıraraq uşaqları korluq çəkməyə qoymurdu. Elxan ailənin böyük övladı idi. Artıq on dörd yaşına çatmışdı. Çox diribaş, bacarıqlı oğlan idi. Dərslərini əla oxuyurdu. Müəllimlər ondan həmişə razılıq edirdilər. Elxan daim döş cibində atasının ona yazdığı son məktubu gəzdirirdi. Tək qalanda çıxarıb onu oxuyur, sanki şəhid atasının ruhu ilə söhbət edirdi. Məktubun son sətirləri ona daha çox çalışmaq üçün güc, qüvvət verirdi: “Oğlum, sən indi evin kişisisən. Anandan, bacılarından muğayat ol. Yaxşı oxu. Mən istəyirəm, sən oxuyub dünya şöhrətli həkim olasan...”
Bazar günləri Elxan anasının toxuduğu yun geyimləri bir torbaya doldurub yaxınlıqdakı kəndləri ev-ev gəzir, satdıqlarının pulunu gətirib anasına verirdi. Artıq bu kəndlərdə onu tanıyır, şəhid oğlu olduğunu bilirdilər. Bəziləri hətta uşaqlarının ölçüsünə uyğun corab və ya əlcək sifariş edirdilər.
Dərs ilinin sonu idi. Elxan bazar günü səhər durub torbasını yığanda evdəkilər hələ yatırdı. Elxan baxdı ki, çörək boğçasında cəmi üç dilim çörək qalıb. Bildi ki, anasının çörək almağa belə pulu qalmayıb. Çörəyə əl vurmayıb anasına və bacılarına saxladı. Öz-özünə düşündü: “Bir şey sataram, puluna çörək alıb yeyərəm”. O, həmişəki kimi, ev-ev düşüb qapıları döyürdü. Lakin yun geyimlərə ehtiyac azalmışdı. Elxan səhərdən bəri heç bir şey sata bilməmişdi. Amma evə pulsuz qayıtmaq istəmirdi. Aclıq bir yandan, işinin gətirməməyi də bir yandan Elxanı taqətdən salmışdı. Ancaq dincini almadan gəzir, “Corab, jaket, şərf” deyə kəndin dar küçələrinə səs salırdı.
Qarşıda ikimərtəbəli çəhrayı ev görünürdü. Bu evin yiyəsi gülərüz bir qadın idi. Elxan onu tanıyırdı. Qadın hərdən ondan bir şey alar, almasa da, şirin dillə dindirər, hal-əhval tutardı... “Mehri xalan sənə qurban... Necəsən, qadan alım?.. Anana Mehri xaladan salam de...”
Elxan qərara gəldi ki, Mehri xalanın qapısını döyüb bir parça çörək istəsin. “Görəsən, bu, dilənçilik olmaz?” – deyə bir anlığa düşündü. Amma çarəsi yox idi, acından başı hərlənirdi. Çəkinə-çəkinə qapını döydü. İçəridən tanış səs gəldi: “Gəldim, gəldim”. Qapı açıldı. Mehri xala, həmişəki kimi, şirin-şirin dilləndi:
– Bıy, başına dönüm. Bu istilər düşən vaxt sən niyə yun şeylər satırsan? Bu an utandığından Elxanın çörək istəməyə dili gəlmədi:
– Mehri xala, mənə bir stəkan su verə bilərsiniz? Qadın diqqətlə Elxana baxıb dedi:
– Bir içəri keç görüm. Sonra uşağın tərəddüd etdiyini görüb əlindən tutdu və otağa aparıb stol arxasında əyləşdirdi. Özü mətbəxə keçib tez də qayıtdı. Əlində bir boşqab sıyıq və lavaş var idi. Bunu görən Elxan ayağa qalxmaq istədi:
– Yox, mən eləcə su...
Mehri xala qətiyyətlə onun çiynindən basıb ərklə dedi:
– Az danış! Çörəyini ye! Heç sifətinin rəngindən xəbərin var?! Bunu deyib o, Elxanın torbasını götürdü və yan otağa keçdi:
– Mən də baxım görüm bizim arşınmalçının boğçasında nə var, nə yox. “Yəqin, sıyığın əvəzində bir şey alacaq”, – deyə Elxan düşündü və bir az rahatlaşıb iştahla sıyığı yedi. Bu vaxt Mehri xala otağa qayıtdı. O, torbadan bir cüt corab çıxarıb əlində tutmuşdu.
– Bu corabı qardaşım arvadına göndərəcəyəm. Onlar İrkutskda yaşayırlar. Ora həmişə soyuqdur. Bunu deyib qadın Elxanın cibinə nə isə basdı. Elxan pulu götürmək istəmədi:
– Lazım deyil... Bəs sıyıq?..
– Nə?! Utanmırsan?!. Yeri, yeri, yoxsa qulağını elə dartaram ki...
İstedadlı cərrah Elxan Mahmudov gənc olmasına baxmayaraq, dünyanın məşhur tibb mərkəzlərində təcrübə keçmişdi. İndi o, Bakı şəhərində özəl klinikaların birinə baş həkim təyin olunmuşdu. Elxan həkim səhər xəstələrə baş çəkdikdən sonra otağında oturub kompüterdə işləyirdi. Bu zaman köməkçisi otağa daxil olub məlumat verdi:
– Doktor, Goranboy rayonundan ağır vəziyyətdə bir xəstə daxil olub.
– Goranboydan?.. Adı nədir?
– Mehriban...
– Köməkçi dəqiqləşdirmək üçün əlindəki vərəqə baxdı.
– Mehriban Səmədova. 58 yaşı var. İlkin diaqnoz ürək çatışmazlığıdır.
Elxan Mahmudov bir anlığa fikrə getdi. Sonra ayağa qalxıb köməkçisinə dedi:
– Gedək baxaq. Baş həkim çarpayıda huşsuz halda uzanmış qadına yaxınlaşıb diqqətlə ona baxdı. Əlindən tutub nəbzini yoxladı. Nəzərlərini qadının nurani çöhrəsindən çəkmədən köməkçisinə dedi:
– Həkimləri yığın. Xəstəni hərtərəfli müayinə edib dəqiq diaqnoz qoymaq lazımdır. Bir saatdan sonra diaqnoz hazır idi. Bundan sonra doktor Mahmudov qətiyyətlə ayağa qalxdı:
– Əməliyyat otağını hazırlayın. Mənim xalatımı gətirin. Əməliyyatı mən özüm aparacağam. Bu zaman köməkçi baş həkimə yaxınlaşıb pıçıldadı:
– Doktor, bu çox bahalı əməliyyatdır. Biz xəstənin qohumları ilə əlaqə yarada bilməmişik. Bilmirik, onun əməliyyat xərclərini ödəməyə imkanı olacaqmı? Doktor Mahmudov köməkçisinə baxıb gülümsündü:
– Bu pasiyent artıq bütün xərcləri ödəyib.
– Nə vaxt? Nə qədər? – köməkçi təəccübləndi.
– Çox illər bundan qabaq. Bir boşqab sıyıqla...
Rafiq Ələkbəroğlu
(Azərbaycan dili. 4-cü sinif, 2019, s.72 )


ANAYA MƏKTUB


Sentyabrın on beşi idi. Məktəbdən qayıdandan sonra nahar edib qonşumuzgilə baş çəkdim. Bu il birinci sinfə gedən Seymuru təbrik etmək istəyirdim. Seymur nənəsi ilə yaşayırdı. Valideynləri xaricə işləməyə getmişdilər.
İçəri girəndə donub qaldım: Seymurun gözləri dolmuşdu, az qalırdı ağlasın. Səbəbini soruşanda titrək səslə dedi:
- Anama söz vermişdim ki, məktəbə gedən kimi hərfləri öyrənib ona məktub yazacağam. Biz isə bu gün yalnız xətlər çəkmişik. Bir dənə də hərf öyrənə bilməmişəm. Anam isə məndən məktub gözləyir.
- Bir günə bütün hərfləri?! Bəlkə, məktəbi də bir ilə qurtarasan?
Bunu deyib Seymurun nənəsinə baxdım. Nənə çiyinlərini çəkdi:
- Hə, ay bala. Məktəbdən qayıdandan qaşqabağını sallayıb, kompüterin qabağında oturub. Mənim də kompüterdən başım çıxmır ki, kömək eləyim.
Mən Seymuru başa salmağa çalışdım:
- Hərfləri öyrənmək üçün çox oxumaq lazımdır. İnternetlə məktub göndərmək üçün İnformatika dərslərini də yaxşı öyrənməlisən. İndi isə qoy mən sənə kömək edim.
Mən kompüterin arxasına keçdim.
- Hə, Seymur, de gəlsin. Anan bizi gözləyir.
Seymur məktəbdə birinci günü, müəllimi, sinif yoldaşları haqqında danışmağa başladı. Danışdıqca gözləri parıldayır, sanki qarşısında anasını görürdü.
Artıq gec idi. Mən məktubu bitirib imza qoydum:
Seymurun adından yazdı
qonşunuz Rəna.
Evə qayıtdım. Hələ ev tapşırıqlarımı da eləməli idim. Amma əhvalım çox yaxşı idi. Ürəyimdə qəribə bir fərəh var idi…

Reyhan Yusifqızının “Yaşılgözlü qız” əsəri əsasında işlənmişdir.


(Azərbaycan dili. 3-cü sinif, 2018, s.10)


EŞİTMƏK VƏ DİNLƏMƏK


Elşən Azərbaycan dilindən ev tapşırıqları ilə məşğul idi. Atası isə divanda oturub qəzet oxuyurdu. Birdən Elşən atasına sarı dönüb soruşdu:
– Ata, eşitmək və dinləmək eyni mənalı sözlərdir?
Ata qəzeti kənara qoyub dedi:
– Ətrafdakı səslərə qulaq as. Nə eşidirsən?
Elşən bir az susub qulaq asdı. Sonra dedi:
– Mətbəxdən qab-qacaq səsi gəlir... O biri otaqdan televizorun səsini eşidirəm... Həyətdən uşaqların səsi gəlir... Bir də yoldan keçən maşınların səsi…
– Afərin! İndi isə gözlərini yum və hər bir səsi ayrılıqda dinləməyə çalış. Eşitdiyin səslər haqqında təəssüratını danış.
Elşən gözlərini yumdu. Bir azdan danışmağa başladı:
– Televizorda, deyəsən, cizgi filmi göstərirlər... Hə, hə, “Tom və Cerri”dir. Günayın sevimli cizgi filmi.
– Yaxşı, sonra?
– Yoldan keçən maşınların səsi bir-birinə qarışıb. Bir maşının səsi lap bərkdən gəlir. Yəqin ki, yük maşınıdır. Özü də yüklə doludur, zorla gedir. Bir neçə maşın siqnal verir. Görünür, yük maşını arxadan gələnlərə yol vermir.
– Əla! Davam et.
– Həyətdə uşaqlar futbol oynayırlar. Həmişəki kimi, ən çox qışqıran Vüsaldır. Özü heç kimə top ötürmür, amma ona topu verməyəndə səs-küy salır. Qoy bir dərslərimi qurtarım. Düşüb futbol oynamağı ona göstərərəm!
– Fikrini yayındırma. Mətbəxdəki səslər barədə nə deyə bilərsən? Elşən gözlərini açmadan bir az da qulaq asdı və dedi:
– Anam qabları yuyur. Özü də nə isə danışır. Elə bil nədənsə narazıdır. Hə, hə, deyəsən, şikayətlənir ki, sən ona qabyuyan maşın almırsan.
– Yaxşı, yaxşı, bəsdir. İndi bildin ki, eşitməklə dinləmək arasında nə fərq var? Bayaqdan müxtəlif səslər eşidirdin, amma onların fərqinə varmırdın. Həmin səsləri dinləyəndə ətrafında baş verən bir çox şeylər sənə məlum oldu. Başa düşdün?
– Hə... – Elşən hələ də nəyə isə qulaq asırdı. – Ata, bir səs də eşidirəm.
– Nə səsdir elə?
Fit səsi, küləyin vıyıltısı. Nə vaxtdır anam deyir ki, pəncərələrin taxtaları aralanıb. Ona görə də bayırda külək olanda evdə fit səsi eşidilir.
– Elşən, daha bəsdir. Dərslərinlə məşğul ol.
Rafiq İsmayılov
(Azərbaycan dili. 3-cü sinif, 2018, s. 15)


OTUZ ALTI, ALTI


Ay uşaqlar, işlərim


Yaman düşübdür tərsə.
Hazırlaşa bilmədim,
Düzü, sabahkı dərsə.
Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qurtaraydı canımı
Sabahkı dərsdən mənim.
Təlaşla, həyəcanla
Termometrə baxıram.
Hanı mənim qızdırmam?
Niyə azarlamıram?
Qarnım da heç ağrımır,
Sağlamam, nə bəladır?
Yenə də hərarətim
Otuz altı, altıdır.
Demək, səhər səkkizdə
Məktəbə getməliyəm.
Nahara qədər orda
Gör nələr etməliyəm.
Lövhə önündə susub,
Pörtüb qızarmalıyam.
Heç nə bilmirəm axı,
Nədən danışmalıyam?
Yenə də hərarətim
Otuz altı, altıdır...
İsticə nəfəsimi
Mən ona üfləyirəm.
Şirin dillə yalvarıb
Yavaşca söyləyirəm:

– Əzizim, canım civə,


Yüksəl, yüksəl bir qədər.
Məktəbdən qalmaq üçün
Otuz yeddi bəs edər.
Ah, nə gözəl! Nəhayət!
Otuz yeddi və iki!
Sevincimdən o saat
Başım gicəlləndi ki...
– Xəstəsən, əziz balam?
– Hə, deyəsən, naxoşam.
– Onda tez bircə uzan,
Yerindən durmayasan!
İndi mən uzanmışam,
Yerim yorğan altıdır.
Əslində, hərarətim
Otuz altı, altıdır.
Sergey Mixalkov
Tərcümə edəni: G.Orucova
(Azərbaycan dili. 3-cü sinif, 2018, s. 19)



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin