Sərbəst yazma kreativ yazma texnikasına aid olan növbəti metoddur. Burada düşünmə prosesi zamanı ideyalar axını heç bir dəyişiklik edilmədən kağıza köçürülür. Müəllif təxminən 15-20 dəqiqə ərzində ağlına gələn hər bir ideyanı qeyd edir. Bu zaman ayrı-ayrı sözlər, söz birləşmələri və ya cümlələr yaranır və yazma prosesi kəsilmədən davam etdirilir. Fasiləsiz yazma tələbəyə yazma axınına mane ola biləcək refleksiyanı aparmağa imkan vermir.
Bu metodun müxtəlif məqsədləri vardır: Yazmağa həvəs olmadıqda, ən azından yazmağa başlamağa kömək edir və beyindəki ideyaları nizamlamağa imkan verir. Sərbəst yazma metodu mövzuya girişə bilməyən tələbə ilə mövzu arasında münasibət yaradır. Proses zamanı ortaya elə bir dəyərli mətn çıxmasa da bu, tələbənin yazma qabiliyyətini gücləndirir. İlk baxışdan xaotik qeydlər kimi gözə çarpan sərbəst yazılar, sonradan nizamlı yazmağa yol açır. Sərbəst yazma aşağıdakı texnikaları özündə cəmləşdirir: Sərbəst assosiasiya; Assosiasiyalar zənciri; Sürətli yazma; Avtomatik yazma.
Sərbəst assosiasiya kreativ yazmanı tədris metodu kimi təbliğ edir. Tələbə verilmiş mövzu haqqında assosiasiyalarını qeyd edir. Sərbəst assosiasiyalara dalma zamanı tələbə heç bir plan olmadan yazmağa başlayır və mövzu ətrafında düşündükdə daxili şəkillər, düşüncə və ideyalarını daha yaxşı cəmləyə bilir. Assosiasiyaların büruzə verməsi çox zaman mövzu ətrafında mətnin strukturunun yaradılmasına ilkin yardım göstərir. Alınmış assosiasiyalar zənciri təfəkkürün içərisinə daxil olur və yazmanı proses kimi təsvir edir.
Sürətli yazmada kreativ yazmanın praktiki tətbiqinə nəzər salınır. Avtomatik yazmada isə dilin qrammatikasına, orfoqrafiyasına o qədər də diqqət yetirmədən, ideyaların söz, söz birləşmələri və cümlələr şəklində sürətlə yazılmasına cəhd edilir. Xətaların olması o qədər də vacib sayılmır. Sərbəst yazma metodu 1960-cı illərdə Ken Makror tərəfindən yaradılmış və sonralar Peter Elbou tərəfindən inkişaf etdirmişdir.
Klaster metodu (ingl. Clustering – toplama, cəmləmə) amerikalı pedaqoq Qabriel L.Riko tərəfindən işlənmiş kreativ yazma metodudur. Bu metod Ziqmund Freudun işlədiyi “sərbəst assosiasiya etmək” üsuluna əsaslanır. Yəni, insan dərin düşünmədən təxəyyülünə gələni qeyd edir.
Sərbəst yazmadan fərqli olaraq burada assosiasiyalar zənciri sərbəst yox, müəyyən struktura malikdir. Metodun əsasında, seçilmiş mərkəzi söz ətrafında müxtəlif sərbəst assosiasiyaların cəmlənməsi durur. Klaster metodu ilə assosiasiyalar zəncirinin qurulma sxemi belə izah edilir:
Klaster özəyin yaradılması ilə başlayır: Bir seçilmiş söz və ya fraza boş vərəqin ortasında yazılır və çevrəyə alınır.
Sonra bu sözlə bağlı, beyində yaranan ilk ideyalar (assosiasiyalar) kağızda açar sözlər şəklində qeyd edilir. Hər bir assosiasiya çevrəyə alınır və məntiqi ardıcıllıqla özək sözlə, oxla birləşdirilir. Heç də bütün assosiasiyalar özək sözlə birbaşa bağlanmır. Onların arasına tamamlayıcı ideyalar da daxil ola bilər. Qeyd olunmuş assosiasiyalar yoxlanmaya məruz qalmır.
Assosiasiyaların qeydində müəyyən ideyalar ardıcıllığına fikir verilir. Yəni, klasterdə qeyd edilmiş hər söz onunla bağlı assosiasiyalara əsasən müxtəlif istiqamətlərə hərəkət edə bilər. Bu halda “yeni mətni sınamağ”a can atılır. Beləliklə, gözlənilmədən yaranan ideyalar nə vaxtsa yazmağa impuls verərək, sonradan əsas mətnin tərtibində tətbiq oluna bilər.
Klasterin vizual şəkildə tərtib edilməsi tədqiqatçının sağ və sol beyin yarımkürələri arasında funksional əlaqəni gücləndirir. Qabriele L.Riko qeyd edir ki, təbii yazma üçün vacib şərtlərdən biri ondan ibarətdir ki, yazma prosesində hər iki beyin yarımkürəsi aktiv iştirak etsin. Sol beyin yarımkürəsi məntiqi təfəkkürə malik olduğu halda, yəni informasiyaları ardıcıl işlədiyi halda, sağ beyin yarımkürəsi bir neçə informasiyanı eyni zamanda nəzərdən keçirə bilir. Sağ beyin yarımkürəsi hissələrin idarə mərkəzi rolunu oynayır. Müəllif burada verilmiş mövzuya aid öz sözlərini tapır, dilin ritmini müəyyənləşdirir, bənzətmə və emosional ifadələri formalaşdırır. Lakin təkcə bu hissədəki əqli fəaliyyət mətni istənilən şəkildə tərtib etməyə kifayət etmir. Bunun üçün sol beyin yarımkürəsinin iştirakı önəmlidir, çünki burada sözlər qrammatik qaydalara uyğun düzülür.