Nüvə silahı və onun zədələyici amilləri Kütləvi qırğın silahlarının ən güclüsü nüvə silahıdır. Nüvə silahı - partlayıcı vasitə olub, onun enerji mənbəyi – (atom nüvəsinin parçalanması və ya sintezi)—zəncirvari nüvə reaksiyalarıdır. Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nəzərə alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki məsələlərin həlli üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, böyük ərazilərdə, ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür. İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. O zaman əhali, yeni silahdan qorunmağın üsullarını bilmədiyi üçün çox böyük təlafata düçar oldu. Nəticədə 300.000 nəfərdən artıq dinc sakin həlak oldu, 200.000 nəfərdən artıq xəsarət aldı (yanıq yarası, zərərli şüalanmalara məruz qalma).
Nüvə silahlarının dağıdıcı təsir qüvvəsi nüvədaxili enerjinin ayrılması hesabına baş verir. Nüvə yükündən asılı olaraq 2 növü ayırd edilir:
-ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və
-yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin sintez reaksiyasına əsaslanan hidrogen (istilik-nüvə) bombaları.
Atom silahlarının istifadəsində nüvədaxili ağır kimyəvi element atomları bölünərək daha yüngül atom və nüvələrə çevrilir və bölünmə reaksiyası adlanır. Hidrogen silahlarının istifadəsində yüngül kimyəvi element atomları birləşərək daha ağır atomlar əmələ gətirir və buna sintez üsulu deyilir. Neytron silahı - nüvə silahının digər bir növmüxtəlifliyidir. Neytronlar atmosferdə tez udulduğu üçün bu növ döyüş sursatı böyük gücə malik deyil və ondan taktiki nüvə silahı kimi istifadə edirlər. Nüvə partlayışı zamanı bir an göz qamaşdıran çox parlaq işıq, onlarla km məsafədə şölə salan parlaq alov görünür və göy gurultusuna bənzəyən güclü səs eşidilir. Bunların ardınca partlayış alovu od yarımkürəsi şəklinə düşüb, içərisində çox böyük təzyiq olduğu üçün az bir vaxt ərzində sürətlə böyüyərək göyə qalxır, öz ardınca yerdən çoxlu toz-torpağı çəkib sütun şəklində göyə qaldırır ki, bunun da istiliyi bir neçə milyon dərəcə olur.
Sonra soyuyaraq göbələyə oxşayan topa buluda çevrilir. Buludun hündürlüyü 15 km-dən artıq olur. Külək bu radioaktiv buludu partlayış yerindən onlarla və yüzlərlə kilometr uzağa aparır. Nüvə sursatının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalenti (partlayış enerjisi) – nüvə silahının partlaması nəticəsində alınan enerjiyə bərabər olan adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Trotil ekvivalenti tonla, kilotonla və meqatonla ölçülür. Nüvə silahını hədəfə (obyektlərə) çatdırmaq üçün müxtəlif növ raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Silahın tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahları kosmosda, havada, yerin altında və üstündə, suyun altında və üstündə partladıla bilər.
Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə daşıyıcılarına yerləşdirirlər:
– ballastik raketlərin başlıq hissələrində;
– zenit və qanadlı raketlərin döyüş hissəsində;
– aviasiya mərmilərində;
– artilleriya mərmi və minalarında;
– torpedoların döyüş hissələrində;
– mühəndis minalarında.
Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edilməsində kompleks xarakter daşıyır, böyük ərazini əhatə edir və öz təsirini uzun müddət saxlayır. Nüvə partlayışı nəticəsində 5 cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:
Zərbə dalğası;
İşıq şüalanması;
Nüfuzedici radiasiya;
Yerin radioaktiv zəhərlənməsi;
Elektromaqnit impulsu.
Partlayış enerjisi bu amillər arasında qeyri-bərabər surətdə bölünür. Belə ki, enerjinin təqribən 50%– zərbə dalğasının, 35%– işıq şualanmasının, 10%– ərazinin radioaktiv zəhərlənməsinin, 4%– nüfuzedici radiasiyanın, 1%– elektromaqnit impulsunun yaranmasına sərf olunur.