Adi qırğın silahların xüsusiyyətləri İlk öncə “adi qırğın vasitəsi” terminin nisbi olmasını qeyd etmək lazımdır. Belə ki, silahları tətbiq edərkən əhali arasında kütləvi qırğınların baş verməsi mümkündür. Buna XX əsrin müharibə və silahlı toqquşmalar bariz nümunədir. Son illərdə adi silahların sayının və keyfiyyətinin yüksəlməsi hesabına inkişaf etmiş ölkələrin döyüş potensialının kəskin artması qeyd olunmalıdır. Kifayət qədər kütləvi qırğın silahları ehtiyatını artıran böyük dövlətlər fikirlərini adi silahların istehsalına yönəltmişlər. Bu silahların da hədəf alma keyfiyyəti və döyüş effektivliyinin artması kəskin olaraq nəzərə çarpır. Elmi-texniki inkişafın yüksəlişi hərbi sahədə, hərbi qüvvələrin kompyuterləşməsində öz əksini tapır. Artıq “kompyuter-texnotron müharibə” termini geniş yayılmağa başlamışdır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür. Son hərbi əməliyyatlardan aydın oldu ki, qərb ölkələrinin ordusunda daha çox adi qırğın vasitələrinin bir növü olan dəqiq silahlardan istifadəyə önəm verilməsi konsepsiyası əsas rol oynayır, əsasən də geniş miqyaslı əməliyyatlar həyata keçirmədən uzaq məsafədən idarə olunmaqla hücumlar həyata keçirilməsinə üstünlük verilir.
Adi qırğın vasitələrini müxtəlif cür təsnif etmək mümkündür. Adi qırğın vasitələrini aşağıdakı kimi qruplarla da təsnif etmək mümkündür:
Qəlpəli silahlar;
Fuqas döyüş sursatları;
Kumulyativ döyüş sursatları;
Beton dağıdan bombalar;
Yandırıcı silahlar;
Həcmli partlayış döyüş sursatları;
Dəqiq silahlar.
Qəlpəli silahlar əsasən insanları məhv etmək üçün nəzərdə tutulub. Bu tip bombaların ən effektli sursatlarından biri kürə formalı döyüş sursatlarıdır. Kasetli döyüş sursatlarının içərisində kürə formalı 96-640 ədəd bomba yerləşdirilir. Kürə formalı bomba uzunluğu 35sm, diametri 7.5 sm olan silindrik gövdədən ibarətdir. Onun içərisi partlayıcı maddə ilə doldurulub, divarlarına isə 250 ədəd, kütləsi 0.7-1.0 q olan metal kürəciklər və ya dördbucaqlı metallar doldurulub. Partlayış zamanı kürəciklər və ya dördbucaqlı metallar 100 m2 ətrafa yayılır və mühafizə olunmamış adamları zədələyirlər. Yerə çatarkən kaset açılır, bombalar isə 250 min m2 əraziyə dağılır və partlayır.
Fuqas döyüş sursatları. Hərbi və mülki obyektlərin, istehsalat, yaşayış və inzibati binaların, texnikanın dağıdılması, insanların qətlə yetirilməsi üçün istifadə olunur. Adi partlayıcı maddələr partlayarkən yaranan hava dalğası əsas zərbə faktorudur. Partlayıcı maddənin (trotil, heksogen və onların qarışığı) ağırlığı 50-200 kq-a qədər olur. Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin mühitdə zərbə dalğasının yaranması müşahidə olunur.
Kumulyativ döyüş sursatları. Zirehli hədəfləri vurmaq üçün istifadə olunur. Kumulyativ döyüş sursatının ön hissəsində konus şəkilli boşluq var. Partlayış zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 km/san sürətlə bir nöqtəyə yığışır, axın vasitəsilə 6000-7000 dərəcə istilik və 5∙105-6∙105 kPa təzyiq yaradır və zirehli səthləri dağıdır. İndiki kumulyativ döyüş sursatları, tank əleyhinə raket və qumbaralar qalınlığı 400-600 mm zirehli səthləri dağıdır. Onun qəlpələri həmin səthin arxasında yerləşən adamları (tankın şəxsi heyətini) məhv edir. Kumulyativ döyüş sursatlarından müdafiə olunmaq üçün müxtəlif materiallı ekranlardan istifadə olunur. Belə halda axının enerjisi ekranın dağıdılmasına sərf olunur, əsas konstruksiya isə salamat qalır.
Beton dağıdan bombalar. Bu döyüş sursatları dəmir-beton tikililərin və həmçinin aerodromların uçuş enmə zolaqlarının, təyyarə anqarlarının dağıdılması üçün istifadə olunurBeton dağıdan bombalar, zədələyici elementləri möhkəm və ağır qatışıqdan hazırlanmış özəkdən ibarətdir. Sursatın daxilində 2 bomba kumulyativ və fuqas bombası və 2 detonator yerləşdirilir. Beton səthə dəydikdə kumulyativ sursat detonator vasitəsilə partladılır və bombanın gövdəsi xaricdə qalır, özək isə betona keçir müəyyən gecikmə ilə ikinci detonator vasitəsilə fuqas bombası partladılır. İnsanlar məhv olur, texniki vasitələri isə sıradan çıxarır.
Yandırıcı silahlar. Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. İnsanları qətlə yetirmək, bina və tikililəri, müxtəlif anbarları yanğınla dağıtmaq üçün istifadə edilir.
Yandırıcı silahların əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir. Yandırıcı maddələrin növləri:
Neft məhsulları əsaslı – Napalmlar;
Neft əsaslı yandırıcı maddələr duru və yapışqan formalı olurlar.Yandırıcı maddələrdən ən çox yayılmış olan neft əsaslı yandırıcı maddələrdir. Napalm 90% benzindən və 10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, polmetin və oleyin turşularının alüminium duzlarından ibarətdir. Napalm sözü naften və polmetin sözlərinin ilk hecalarından alınmışdır. Yandırıcı maddələrin açıq havada öz-özünə alışması üçün onlara natrium, maqnezium və yaxud fosfor əlavə olunur. Napalm yandırıcı maddəsi nəm səthlərə yapışır və alışır. 1000-1200º S hərarətlə 5-10 dəqiqə müddətində yanır. O, sudan yüngül olduğundan suyun üzündə üzür və yanğın ocağını söndürməyi çətinləşdirir, yüksək hərarətlə yanır, sıyıqlaşır və çatlardan (deşiklərdən) binaların, qurğuların, texniki vasitələrin içərisinə keçir. Pirogellər neft əsaslı yandırıcı maddələrə (napalma) maqnezium, alüminium tozlarını və yaxud yonqarlarını, kömür tozu, asfalt və s. maddələr əlavə olunmaqla alınır. Onun yanma hərarəti 1600º S-yə bərabərdir.Pirogellər başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1-3 dəqiqə müddətində yanırlar, insanların dərisinə və paltarlarına düşdükdə dərin yanıqlar əmələ gətirirlər. 1 q yanan maye mühafizə olunmamış dəriyə düşdükdə insan ağır xəsarət alır.Termit və termit əsaslı yandırıcı maddələr dəmir oksidi ilə alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda istilik 3000º S-yə çatır. Bu temperaturda metallar əriyir, beton və kərpic isə dağılır.Ağ fosfor - arı mumuna oxşar zəhərli maddədir. O, havada özü-özünə alışa bilər. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Yanma hərarəti 900-1200 º S olur.Plastik fosfor - ağ fosfor hissəciklərindən və plastik sintetik kauçuk kütləsindən ibarətdir. Tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır. Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanır.
Həcmli partlayış döyüş sursatları. Bu sursatın iş prinsipi aşağıdakı kimidir: Atıldıqdan sonra konteynerlər paraşüt vasitəsilə yerə yaxınlaşır, partlayış vasitəsilə bombanın daxilində olan yanacaq qarışığı havaya çilənir və havada oksigenlə qarışıb aerozol buludu əmələ gətirir, onun diametri 15m, hündürlüyü isə 2-5 m olur. Bu bulud bir neçə saniyədən sonra müxtəlif yerlərdən detonator vasitəsilə partladılır və 20-30 kqQ/m2 izafi təzyiq yaradır. Detonasiya ərazisindəki havanın hərarəti bir neçə mikro saniyə ərzində 2500-3000°S-yə çatır. Partlayış anında yaranmış buludun içində nisbi boşluq yaranır. Həcmli partlayış döyüş sursatlarında 200 kq-lıq kasetin içərisində 3 ədəd 40 kq-lıq çəkili konteyner var. Hər konteynerdə 33 kq-a yaxın maye etilen oksidi yerləşdirilib. Həcmli partlayış döyüş sursatlarının əsas zərbə faktoru hava dalğasıdır. Bu sursatlar öz gücünə görə nüvə və adi (fuqas) bombalarının arasında yer tutur. Hətta partlayış mərkəzindən 100 m məsafədə belə təzyiq 100 kPa da çata bilər.
Dəqiq silahlar. İdarə olunan, kifayət qədər uzaq məsafədə hədəfi bir atəşlə vuran bilən silahdır. Dəqiq silahların ən yeni növü kəşfiyyat-zərbə kompleksidir. Bu sistemi yaradan zaman mütəxəssislərin hədəfi minimal vasitə ilə yaxşı mühafizə olunan obyektlərin dəqiq vurulması idi. Hədəfə çox dəqiq zərbə endirmək imkanı yaradır. Kəşfiyyat-zərbə kompleksləri iki elementi birləşdirirlər: Zərbə vasitələrini (Kasetli bombalarla təmin olunan təyyarələr, raketlər) və onların hərbi tətbiqini təmin edən texniki vasitələr (kəşfiyyat, rabitə, naviqasiya, idarəetmə sistemi, informasiyanın emalı və əks olunması, əmrlərin hazırlanması). Belə inkişaf etdirilmiş avtomatlaşdırılmış sistem silahın hədəfə tuşlanması prosesində insanlarsız tamamilə keçinməyə şərait yaradır.
Dəqiq silahlardan kiçik ölçülü hədəfləri vurmaq və dəqiq nişan almaq tələbi olan zaman istifadə olunur. Dəqiq silahlara idarə olunan aviasiya bombaları da aiddir. Xarici görünüşdən onlar adi aviasiya bombalarına oxşayır və onlardan idarəetmə sisteminin və kiçik qanadların olması ilə fərqlənir.Top – raket sistemləri dəqiq silahların bir növüdür. Toplar 122,130,152 mm, mina atanlar isə 82, 160, 240 mm kalibrli olurlar. Onların təsir dairəsi 10-30 km olur. Yeni reaktiv-raket sistemləri 2 növlüdürlər:
“Qrad qurğuları” – 40 lüləli;
“Uraqan” – 16 lüləli.
“Qrad qurğuları” raketlərinin başlıqları fuqas qəlpəli, “Uraqan” qurğularının başlıqları isə həm fuqas-qəlpəli və həm də kaset tipli olurlar. Top raket mərmiləri partladıqda insanları həm zərbə dalğası, həm də qəlpələri ilə zədələyir.
Yandırıcı silahların insanlara təsiri istilik enerjisindən, tüstüdən və yanma zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir. İnsanlara təsir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. О yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir. Birinci 30-60 saniyə müddətinde insanlar şok vəziyyətine düşürlər. Bunlardan əlavə napalmın tə'sirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir. Yandırıcı silahlardan (maddələrdən) mühafizə olunmaq üçün odadavamlı binalardan, qurğulardan, nəqliyyat vasitələrindən və başqa örtülü yerlərdən istifadə etmək lazımdır. Bunlardan əlavə fərdi mühafizə vasitələrindən də istifadə etmək olar.
Şüa silahı - zərbə təsiri elektromaqnit enerjisinin iti istiqamətləndirılmiş şüalarının və ya böyük sür'ətlə qovulmuş elementar hissəciklərinin cəmlənmiş dəstəsinin istifadə edilməsinə əsaslanan qurğuların (generatorların) məcmusundan ibarətdir. Şüa silahının bir növü lazerlərin tətbiqinə əsaslanır, digər növləri dəstəvi (sürətləndirici) silahlardır. Lazerlər elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılarından - «optik generatorlarından» ibarətdir. Lazer şüasının zərbə tə'sıri obyekt təşkıl edən materialların yüksək temperaturlara qədər qızması nəticəsində onların əriməsi (hətta buxarlanması), həssas elementlərin zədələnməsi və insanın korlaşması, dərisində termik yanıqların baş verməsi ilə nəticələnir. Lazer şüasının təsiri onun görünməzliyi (od, tüstü, səs kimi xarici əlamətlərin olmaması), yüksək dəqiqliyi, düz xətt boyunca yayılması, praktiki olaraq ani təsir etməsi ilə fərqlənir. Şüa silahının bir növü də sürətləndirici silahdır. Sürətləndirici silahın zərbə amili yüksək sürətlərlə qovulmuş yüklü və ya neytral lıissəciklərin (elektronların, protonların, hidrogenezin neytral atomlarının) enerjisi ilə doymuş dəqiq istiqamətli, cəmlənmiş dəstəsidir. Bu silahlahın zərbə obyekti ilk növbədə yerin süni peyklərı, qitələr arası raketlər, müxtəlif tipli ballestik və qanadlı raketlər, həmçinin müxtəlif yerüstü silahlar və hərbi texnika olur. Sürətləndirici silah düşmənin canlı qüvvəsinə qarşı da işlədilə bilər. Amerika mənbələrinin məlumatına görə sür'ətləndirici silahla kosmosdan yer səthinin böyük sahələrini yüz kvadrat kilometrlərlə intensiv şüalandırmaq imkanı da var ki, bu da orada yerləşən canlıların və digər bioloji obyektlərin kütləvi qırğınına səbəb olar.
İstifadə olunmuş ədəbiyyat siyahısı 1. H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (dərs vəsaiti). Bakı – 2010.
2. H.О.Оcаqov «Мülki müdafiə (Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi). Bakı-2010.
3. H.O.Ocaqov Zəhərli maddələr və onlardan mühafizə (dərs vəsaiti) Bakı – 1998.