RADİOAKTİV ZƏHƏRLƏNMƏ (çirklənmə) - mənbəyi nüvə partalayışının bölünən hissəcikləridir. Nüvə partlayışı zamanı 2 radioaktiv çirklənmə ərazisi yaranır: partlayış rayonu və buludun izi. Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb (ona görə göbələk formasında olur) onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri radioaktiv toz buludlarının bir hissəsi bilavasitə partlayış sahəsində yerə çökur. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə kilometrlər məsafələrə aparılır və hərəkət istiqamətində radioaktiv maddələr yerə tökülür, ərazinin çirklənməsinə səbəb olur. Radioaktiv maddələrin buludda olan mənbəyi nüvə silahının tərkibində olan uran, plutonium və radioaktiv izotoplardır. Həmin radioaktiv maddələr obyektlərin üstünə düşərək, bölünürlər və ionlaşdırıcı şualanma əmələ gətirərək, faktiki olaraq zədələyici amil olurlar. Radioaktiv maddələrin təsirindən həm partlayış zamanı, həm də ondan uzun müddət sonra canlı orqanizmlərin xəstələnməsi təhlükəsi qalır.
ELEKTROMAQNİT İMPULSU – nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə deyilir. Nüvə partlayışı anında külli miqdarda γ- kvantlar və neytronlar yaranır və ətrafa yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlərində, elektrik xətlərində, radiostansiyaların antenalarında qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir. Elektromaqnit impulsları radioelektron cihazlarını, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliyi ilə insanları da zədələyə bilir. \ Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə edilir.