Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə44/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   40   41   42   43   44   45   46   47   ...   68
dis anar (1)

müsbət qəhrəman prizmasından qiymət verirdi” 
[28, s.31]. A.Əliyevin haqqında 
danışılan resenziyası də bu qəbildəndir. H.Razinin öz əsərlərində “xalqımızın 
kommunizm quruculuğu sahəsindəki qələbələrindən vəcdə gəlməsi” barədə 
deyilənlər buna misaldır. Amma kitabdakı şeirlərin müəyyən qismi elə məhz analoji 
ovqatda idi və yəqin ki, A.Əliyev də yuxarıdakı fikrini həmin mətnlərə istinadən 
söyləmişdir.
Maraqlıdır ki, A.Əliyev H.Razinin “Canlı tonqal” kitabına həsr etdiyi məqaləni 
təkmilləşdirərək “Ədəbiyyat və incəsənət” qəzetində də dərc etdirmişdir [62].Yeni 
variant daha dolğun və əhatəlidir. A.Əliyev şairin mövzusu ikinci dünya 
müharibəsindən götürülmüş “Canlı tonqal”, “Koroğlunun Karpat səfəri” 
poemalarının ideya-bədii xüsusiyyətlərini təhlil etmiş, ilk əsərdə partizan bölüyünün 
başçısı Xanoğlanla çərkəz qızı Albinanın qəhrəmanlığı və sevgisinin təqdimini 
“yaddaqalan parçalar” kimi səciyyələndirmiş, ikinci poemada xalq qəhrəmanı 


94 
Koroğlunun adının müharibə qəhrəmanlarının təqdimində uğurlu bədii vasitəyə 
çevrildiyini, əsərin poetik kamilliyini məxsusi vurğulamışdır. A.Əliyev şair 
H.Razinin bir çox şeirlərinin müasir poeziyanın yaradıcılıq tələblərinə cavab 
verdiyini bildirmiş, eyni zamanda, “Məktub”, “Gərək”, “Həsrət”, “Bayram 
şənliyində”, “Bayraqlar cərgələnir” kimi əsərlərdə özünü göstərən “sözçülük, fikir 
təkrarı, patetik pafos, ifadə və dil xətaları” barədə iradlarını da konkret şəkildə 
nəzərə çatdırmışdır. 
Folklorşünas alim Məhərrəm Cəfərli (Cəfərov) da müasir ədəbi prosesə dair 
məqalələr yazmışdır. Onun “Azərbaycan” jurnalında şair Qasım Qasımzadənin 
yubileyi ilə əlaqədar qələmə aldığı “Bənövşə yarpağı” (1993,№ 5-6), Zeynal Xəlilin 
poeziyasından yığcam şəkildə söz açan “Həmişə bahar olsun” (1995, № 1-3) 
məqalələri bu qəbildəndir. Bu yazılarda M.Cəfərli həmin şairlərin yaradıcılıqlarının 
əsas istiqamətlərinə, mövzu və ideya xüsusiyyətlərinə dair ümumiləşmiş fikirlərini 
ifadə etmişdir. M.Cəfərlinin “Günün həqiqətləri” resenziyası isə [38] şair Tofiq 
Abdinin 1991-ci ildə çapdan çıxmış “Şəhərimiz ayaq açır” adlı şeirlər və poemalar 
kitabı barədədir. Tofiq Abdini ədəbiyyata 1960-cı illərdə gələn nəslin zaman-zaman 
püxtələşmiş nümayəndələrindən biri sayan M.Cəfərli onun yeni kitabındakı əsərlərin 
daha çox dövrün, cəmiyyətin aktual problemlərinə həsr olunduğuna, şairin “bir 
vətəndaş kimi cəmiyyətdə, dünyada baş verən ictimai-siyasi, mənəvi proseslərə 
biganə qalmadığına” diqqət yönəltmiş, səksəninci illərin bir çox poeziya örnəkləri 
kimi, T.Abdinin də qələmə aldığı şeir və poemaların əksəriyyətində bədiiliklə yanaşı, 
publisistik notların da müəyyən yer tutduğunu nəzərə çatdırmışdır. Resenziya 
müəllifi publisistik qatın bəzən dərinləşməsinin bədiiliyə xələl gətirdiyini də 
əsaslandırmışdır: “O şeirlərdə ki, publisistik pafos poetikliyi zəiflədir, o zaman biz 
özümüzü şeir havasında hiss etmirik”. T.Abdinin “Bir böyükdür iyirmi dörddən” 
poemasında da bir sıra məqamlarda bu zəifliyin görünməsi, “Deputat yoldaşa” 
şeirinin isə az qala məqalə təsiri bağışlaması barədə iradlar da inandırıcıdır. 
Dosent Əbülfəz Əzimlinin (Əzimovun) ardıcıl ədəbi-tənqidi fəaliyyəti diqqəti 
çəkir. 1980-1990-cı illərdə “Azərbaycan” jurnalında onun müasir ədəbi proseslə bağlı 
bir sıra məqalə və resenziyaları dərc olunmuşdur. “Şairin vətəndaş fəallığı” [75]


95 
resenziyasında tanınmış şair Fikrət Sadığın “Məndən soruşsalar” kitabının ideya-
bədii məziyyətlərindən söz açılır (1985). Tənqidçinin bədii nümunələrə yanaşmasında 
müəyyən nəzəri ümumiləşdirmələri də diqqəti çəkir. Məsələn, ayrı-ayrı şeirlərdə 
“lirika ilə epik təsvirin vəhdəti”, “Bacı-qardaş nağılı”, “Qizil dağlar ölkəsi” silsilə-
lərindəki şeirlərin ortaq xüsusiyyətləri barədəki qənaətlər bu qəbildəndir. Bəzi 
nümunələrdəki “fikir qırıqlığı”, “ifadə təkrarı” da tənqidçinin diqqətindən 
yayınmayıb. “Dünyanın dərdi, şair narahatlığı” məqaləsində isə [76] Eyvaz 
Borçalının “Dünyanın tərkində” kitabındakı şeirlər və poemalar ədəbi-tənqidi təhlil
prizmasından dəyərləndirilmişdir. Ə.Əzimli yazır ki böyük dünyamızın qayğısına 
qalmaq, dərdini çəkmək lirik qəhrəmanın fəal həyat mövqeyini, vətəndaşlıq
narahatlığını da müəyyənləşdirir. E.Borçalının bu narahatlığı qurumuş çaylardan, 
məhv olmuş meşələrdən, cavanları şəhərə üz tutan kəndlərdən və neçə-neçə belə 
problemlərdən bədii sənət dili ilə söz açanda bütün ağrılı-acılı məqamları ilə ədəbi 
müstəviyə gətirilir. Şairin qoşma və gəraylılarını sadəlikdə dərinlik nümunəsi kimi 
səciyyələndirən tənqidçi “Kimsəsiz qəbir”, “Budaq əmi”, “Tərəzi dünya” kimi 
poemalarının tematika və problematikasına da nəzər salmışdır. Ə.Əzimlinin “Narahat 
şair, narahat şeirlər” məqaləsi isə [77] Tofiq Bayramın “Ay gecikən məhəbbətim” 
kitabı haqqındadır. Tənqidçinin aşağıdakı müşahidəsi diqqəti çəkir: “Tofiq Bayramın 
poetik aləmini duymaq üçün onun yaradıcılığında çox aydın nəzərə çarpan bir neçə 
obrazın üzərində dayanmalısan: Vətən, İnam, Məslək, Cəsarət”. Təhlillər də əsasən 
bu məfhumların poetik təcəssümü üzərində qurulmuşdur. Müasir poeziyamızda heca 
vəznində iki dördlükdən ibarət səkkizliklər yazmaq ənənəsində T.Bayramın mühüm 
rolu var. Onun “formaca eyni, bədii-estetik tutumu etibarilə müxtəlif olan” belə 
şeirləri də resenziyada yüksək qiymətləndirilib. Kitabdakı ayrı-ayrı nümunələrə 
istinadən söylənilən aşağıdakı qənaətlə də razılaşmaq lazım gəlir: “Bəzən ictimai-
publisistik pafosa meyillilik bədiilik qarşısına sədd çəkir”. 
Ə.Əzimlinin “Azərbaycan” jurnalında oxuculara çatdırılmış “Həyat 
həqiqətləri” resenziyası (1992, № 7-8) yazıçı Əmir Mustafayevin “Seçilmiş 
əsərləri”nə həsr olunub. “Arazı daşan ellər” məqaləsi isə (2000, № 10) Naxçıvan 
ədəbi mühitinə tarixilik və müasirlik kontekstində müfəssəl baxışla səciyyələnir. 


96 
“Azərbaycan” jurnalı redaksiyasının 1992-1993-cü illərdə “Poeziya: dünənimiz, bu 
günümüz” mövzusunda keçirdiyi sorğuda iştirakı və müvafiq cavablandırmaları da 
(1993,№ 7-8) bu baxımdan xatırladıla bilər.
Tənqidçi Seyfəddin Eyvazov 1980-1990-cı illərdə yeni nəşr olunmuş bir sıra 
əsərlər barədə məqalə və resenziyalar yazmışdır. Səciyyəvi nümunə kimi yazıçı 
Çingiz Hüseynovun “Fətəli fəthi” romanına həsr etdiyi eyniadlı resenziyaya nəzər 
salaq. “Azərbaycan” jurnalının 1988-ci ildəki 11-ci sayında verilmiş bu yazını
müəllif “İnsanı yaşadan inamdır” kitabına da daxil etmişdir [48, s.63-76].
 
Böyük 
ədibimiz M.F.Axundzadənin dövrü, həyatı, mühiti və s. barədə yazılmış “Fətəli 
fəthi”ni Azərbaycan tarixi romanının yeni uğuru kimi qiymətləndirən S.Eyvazov 
əsərin bədii təhkiyə, süjet, kompozisiya baxımından özünəməxsus keyfiyyətlərini
yeri gəldikcə Mirzə Fətəlinin də əsərlərindəki obrazların mətnə gətirilməsini və s. 
məqamları ətraflı şərh etmişdir. Ç.Hüseynovun “sənədli fantaziya” kimi təqdim etdiyi 
əsəri tarixi-siyasi roman adlandırmağın daha doğru olması barədə də məqalədə 
maraqlı elmi qənaətlə qarşılaşırıq.
 
Hazırda əməkdar elm xadimi, professor olan Hüseyn Həşimli (Həşimov) ilk 
ədəbi-tənqidi məqalələrini 1980-ci illərin ortalarından dərc etdirməyə başlamışdır. 
Onun bu sahədə ilk addımlarından biri hazırda Naxçıvan Yazıçılar Birliyinin sədri 
olan tanınmış şair Asim Yadigarın “Zirvə yolu” adlı birinci kitabına həsr olunmuş
“Sənət yolunun təzə yolçusu” yazısıdır [119].
 
Məqalədə A.Yadigarın müraciət etdiyi 
əsas mövzular-vətənimizin dünəni və bu günü, Cənub həsrəti, doğma təbiətin 
tərənnümü, həzin məhəbbət duyğularının ifadəsi, bioqrafik motivlərin təcəssümü və 
s. barədə söz açılmış, bunların hər birinin müvafiq bədii biçimdə təqdimi nəzərə 
çatdırılmışdır. Şairin orijinal duyum və deyim tərzinə can atması, klassik lirikadan və 
folklor ənənələrindən yaradıcı istifadəsi də bədii nümunələr əsasında izah 
olunmuşdur. 
H.Həşimlinin tanınmış şair Cavad Cavadlının poeziyasına həsr etdiyi “Həqiqət 
nəğməkarı” (“Azərbaycan məktəbi” jur., 1997, № 6) məqaləsi, gənc şair Qafar 
Qəribin “Gözlərsən məni” kitabına (1997) “ön söz”ü və digər yazıları da ədəbi 
tənqid faktı kimi diqqəti çəkir. Onun “Realizmin genişlənən üfüqləri” adlı məqaləsi 


97 
(1999) isə yazıçı Hüseyn İbrahimovun yaradıcılığının realizimin tarixi ənənələrinin 
yeni mərhələdə davamı və inkişaf xüsusiyyətləri aspektində təhlilini verir [120, s.65-
70]. Yazıçının “Sabahın sorağında” romanının yeni Azərbaycan nəsrinin təşəkkülü 
kontekstində qiymətləndirilməsi, əsərdəki “psixoloji təhlilin dərinliyi, adi adamların 
böyük qəlb təbəddülatlarının, mənəvi ağrılarının diqqət mərkəzinə çəkilməsi, 
sosioloji amillərlə müqayisədə mənəvi problemlərin qabarıqlaşdırılması” barədə 
deyilənlər bu baxımdan səciyyəvidir. “Bahar yağışı” romanında “realizmin dərinliyi 
və tənqidi pafos” da öz təhlilini tapmışdır. H.İbrahimovun “Əsrin onda biri” tarixi 
romanında gerçəklik və bədii təxəyyül, obrazların təqdimində romantik çalarların yer 
alması da nəzərdən yayınmamışdır. Yazıçının məişət mövzusunda yazdığı çoxsaylı
hekayə və povestlərdəki həyatilik, hadisəşiliklə bərabər müvafiq psixologizmin 
mövcudluğu da məqalədə nəzərə çatdırılmışdır. H.İbrahimovun satirik nəsr 
əsərlərində Azərbaycan tənqidi realizminin klassik ənənələrinə bağlılıq və ondan 
yaradıcılıqla bəhrələnmə barədə də H.Həşimli müvafiq elmi dəyərləndirmələr 
aparmışdır.
H.Həşimlinin “Özünütəsdiq yollarında” adlı məqaləsi [117] isə Şərurda 
yaşayan istedadlı şair İbrahim Yusifoğlunun “Arxamca boylanan baxışların var” adlı 
şeirlər kitabına həsr olunub. Məqalə müəllifi kitabdakı əsərlərin mövzu genişliyini, 
bir çox nümunədəki dərin vətənpərvərlik qayəsini, eləcə də bədii səviyyəni müsbət 
qiymətləndirib.Tənqidçinin kitabdakı bəzi zəif parçalar barədəki iradları da haqlıdır. 
Məsələn, “Göz yaşlarından doğan neynirəm var-dövləti” misrasındakı uyğunsuzluq 
bu qəbildəndir. 
Şair-tədqiqatçı Elbəyi Maqsudov əsasən müasir Naxçıvan ədəbi və elmi 
mühitinin nümayəndələrinin yeni kitabları barədə resenziyalar yazmışdır. Şair Xanəli 
Kərimlinin “Ay işığında” adlı şeirlər və poemalar kitabına həsr etdiyi “Ay işığında”n 
başlanan yol” resenziyası [158] bədii mətnə obrazlı yanaşma nümunəsi kimi maraq 
doğurur. Resenziyadan bir neçə cümləni misal göstəririk: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin