AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 1,26 Mb.
səhifə28/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   ...   20   21   22   23   24   25   26   27   28

Çapıq revizyası. Travma, infeksiya, əvvəllər keçirilmiş cərrahi, kimyəvi, şüa müalicələrindən sonra, ya da dermatoloji xəstəliklərdən sonra üz nahiyyəsində əmələ gəlmiş çapıqları estetik cərrahi metodlara düzəltmək mümkündür. Bütün çapıqlar tam olaraq yox edilə bilməsə də, eksizya və düzgün tikişlə ən yaxşı nəticəni əldə etmək mümkün olur. Çapıq xəttlərinin üzün normal dartılma xətləri ilə kəsişmələrinin qarşısını almaq üçün, onlar həndəsi reorientasiya ilə dəyişdirilə bilir. Piqmentasiya, depiqmentasiya, sallanma, hipertrofiya, pis görünüş, tatuaj kimi çapıqlar eksizya və Z-plastika, yaxud da digər metodların tətbiqi ilə aradan qaldırılır.

Kontrakturalar və pis görünən hipertrofik törəmələr, eksizya və dəri qrefti köçürülməsinə ehtiyac yaradır. Kontur defekti olmadıqda sərbəst dəri qreftləri kifayət edir. Bunun üçün donor sahə rənginə, toxuma elastikliyinə, tüksüzlüyünə və qalınlığına görə akseptor sahəyə oxşar olmalıdır. Üzün kiçik dəri qüsurları qulaqarxası və körpücüküstü nahiyədən alınan tam qalınlıqlı qreftlə və iz buraxmadan bağlana bilər. Göz qapağı dərisində olan qüsurlar üçün dəri, digər göz qapağından və ya sünnət edilməmiş kişilərin puluk dərisindən götürülür.

Əgər üzdəki çapıqda kontur deformasiyası da varsa, ayaqcıqlı fleblə rekonstruksiya edilir. Yerli sahələrdən çevrilən fleblər rəng və digər xüsusiyyətlərinə görə uzaq fleblərdən üstün tutulur. Yerli fleblərin köçürülməsi mümkün olmadıqda uzaq fleblər haqqında düşünülməlidir.
Saç transplantasiyası
Saç transplantasiyası (implantasiyası), saçın əvvəlki şəklini bərpa etmək üçün yeganə təbii metoddur. Cərrahi ustalıq və qabiliyyət tələb edən bir əməliyyatdır. Yaşından, irqindən və ictimai mənşəyindən asılı olmayaraq bu metod milyonlarla insanda tətbiq olunmaqdadır. Bəzi insanlara saç tökülməsi başladığı müddətdə transplantasiya tətbiq edilir.

Saç tökülməsi bilavasitə irsiyyətlə bağlıdır. Əksər insanlarda kişi tipli keçəllik şəklində, yəni alın və təpənin seyrəkləşməsi ilə özünü göstərən bu vəziyyət irsi xarakter daşıyır. İnsan doğulmazdan əvvəl, genləri onun saçlarının sanki nə qədər yaşayacağını və nə vaxt töküləcəyini proqramlaşdırır.

Uzun müddətli saç bərpasının yeganə yolu, xəstənin davamlı böyüyən öz saçlarından alınan qreftlərlə aparılan köçürülmədir. Bu sağlam trasnplantlar saçsız nahiyəyə, bir neçə millimetrlik kiçik adacıqlar şəklində incəliklə köçürülür. Qısa bir müddətdən sonra, bu trasnplantatlar təbii olaraq uzanmağa başlayır. Həyatın qalan müddətində bu saçlar uzanmağa davam edir, insana rahatlıq və özünə güvəni artıraraq normal həyata dönməsinə şərait yaradır.

Skalpın ön tərəfindəki keçəllik, səthi gicgah arteriyasının arxa şaxəsi ilə qidalanan ikitərəfli saçlı dəridən ibarət fleblərin ön tərəfə trasnpozisyası ilə bərpa edilir. Arteriyaların proeksiyası Dopler cihazı ilə müəyyən olunur. Fleblərin eni 3 sm olur, donor sahələr isə birincili bağlanılır.

Bəzi insanlarda - transplantasiyadan əvvəlki müddətdə saçı sürətlə tökülən insanlara tüksüz skalpın tamamilə eksizya edilməsi məsləhət görülür.

Yanıq və qəzadan sonra yaranmış saçsız nahiyyələrə dəri toxumagenişləndiricilərin tətbiqi daha yaxşı nəticə verir.


Rinoplastika
Korreksiyaedici rinoplastika regional anatomiyanı və fiziologiyanı dəqiqliklə bilməyi tələb edir, əməliyyatın uğurlu və ya uğursuz olması, cərrahın bilik və bacarığından asılıdır. Cərrah xəstə üçün nəyin doğru olduğunu və bunun əməliyyatla mümkün ola bilməsini nəzarətdə saxlamalıdır.

Əməliyyat yerli və ya ümumi anesteziya altında aparıla bilər. Anesteziyadan sonra burun tükcükləri təmizlənir, sonra vazelinli tamponlar hər iki burun keçəcəyindən burun boşluğunun arxasına yerləşdirilir. Burun dəlikləri xüsusi qarmağın köməyi ilə xaricə çevrilir. Qığırdaq arası kəsiklə daxil olaraq, maqqaş disseksiyası ilə burun üstünün dərisi tamamilə sərbəstləşdirilir və burun çəpəri kolumelladan ayrılır. Nazal hamp eksizya edilir, yeyə ilə burun sümükləri düzləndirlir.

Sonra lateral osteotomiya aparılır. Lateral vestibullardan aparılan kəsiklərlə subperiostal ciblər disseksiya edilir. Maksillanın frontal çıxıntılarının osteotomiyası Jozef osteotomu vasitəsi ilə aparılır. Bunun üçün çəkicdən də istifadə olunur. Sonra çəpərin yan səthlərindən medial osteotomiya aparılır, burun əsasının daraldılmasında Ualşam və Aşxe maşalarından istifadə olunur.

Bundan sonra burun tipinə yeni forma verilir. Kolumellanın qaldırılması üçün septumun bir hissəsi eksizya edilir. Lazım olsa, burun qanadları rezeksiya edilərək burun dəlikləri daraldılır.

Əməliyyat zamanı aparılan kəsiklər 3/0-4/0 ketqutla tikilməli və membarnoz çəpərlə qığırdaqdan keçən tikişlər qoyulmalıdır. Buruna əməliyyatdan əvvəl qoyulmuş tamponlar çıxardılır. Burun boşluğu qan laxtalarından təmizlənir. Vazelin və furasilinli tamponlarla ön tamponada edilir. Əməliyyat formalaşdırıcı gips sarğısı qoymaqla sona çatdırılır. Tamponlar 3-cü, gips isə 7-ci gün çıxarılır. Bir neçə ay davam edəcək ödem haqqında xəstəyə məlumat verilməlidir.
Qulağın kosmetik deformasiyaları
Bu qrupa şəlpə qulaq, sallanmış qulaq, invaginasiya etmiş qulaq, balıq qulaq və uzun qulaq aiddir.

Normal qulaq seyvanı başla təqribən 300 -lik bir bucaq təşkil edir. Qulaq 3 yaşında 85%, 7-8 yaşlarda isə demək olar ki, tam inkişaf edir. Ancaq yavaş da olsa, qulaq böyüməyə davam edir. 10 yaşdan sonra qulaq çox az inkişaf edir. Yetkin insanlarda qulağın uzunluğu orta hesabla 6,5 sm-ə, eni isə 3,5 sm-ə çatır.



Şəlpə qulaq. Bu deformasiyalar psixoloji problemlər yaratdığından onun aradan götürülməsinə ehtiyac yaranır. Əməliyyat adətən, məktəbəqədərki dövrdə planlaşdırılmalıdır.

Əməliyyatın gedişində seyvanın arxa səthində elliptik formada dəri parçası çıxarılır, onun altındakı qığırdaq elliptik kəsik ilə sərbəstləşdirilərək əks-tərəfə çevrilir və qığırdaq bir-birinə ketqut saplarla tikilir.



Sallanmış qulaq. Bu deformasiya qulağın yuxarı arxa hissəsinin aşağıya doğru düşməsidir. Buradakı otoplastikanın gedişi şəkildə göstərilmişdir.

Şəkil.....


İnvaginasiya etmiş qulaq deformasiyasında qulağın yuxarı hissəsi sanki skalpın altına keçərək itir. Bu az və ya çox ola bilər. Belə xəstələr eynəkdən istifadə edə bilmirlər. Balıq qulağı və qayığın bir səhifədə olduğu və heliksin düzlənmiş vəziyyətinə balıq qulaq defromasiyası deyilir. Heliksin horizontal hissəsində kontur deformasiyası olduqda yaranan uzun qulaq defromasiyaları da estetik problemlər yaradır. Müalicə cərrahi yolladır

Mamoplastika
Reduksion mamoplastika. Makromastiya - süd vəzisi hipertrofiyası, eləcə də onun sallanmasında reduksion mamoplastika tətbiq olunur.

Süd vəziləri pubertat, hamiləlik, menstrual pozğunluqlarda və ya ümumi piy distrofiyalarında patoloji ölçülərə çata bilər. Normalda süd vəzilərinin fizioloji böyüməsi hormonal nəzarət altında olur. Esterogen hormonlar, ya da vəzilərin esterogenə həssaslığı xüsusi rol oynayır. İrsi amillərin də rolu mühümdür.

Makromastiyalı xəstələrdə fiziki, psixi və sosial simptomlar müşahidə oluna bilər. Əməliyyata göstərişlər bu simptomların olmasına və dərəcəsinə görə təyin edilir. Əməliyyata əks göstərişlər isə anesteziya riskləri (ürək, ağ ciyər mənşəli xəstəliklər) müşahidə olunduqda və bəzi dini inancların olmasıdır. Əməliyyatdan sonra süd vəzisi xərçənginin əmələ gəlməsi üçün heç bir risk yoxdur.

Reduksion mamoplastika üçün müxtəlif əməliyyat metodları vardır. Məmə başı və areolanın sərbəst qreft şəklində köçürülən Torek və Skuq metodlarından əlavə, kompleksin fleb şəklində transpozisyası tətbiq olunduğu Lekser, Biesenberq metodları, iki ayaqcıqlı fleb əməliyyatı və bunun modifikasiyası olan Strombek metodları da mövcuddur. Məşhur Strombek reduksion mamoplastikasında süd vəzisi toxuması areolanın üstündən və altından rezeksiya edilir. Lateral və medial vaskulyar qidalanma saxlanılır. Əməliyyatdan əvvəl süd vəzisi üzərində xəttlər çəkilir. Əməliyyatın aparılması qaydası şəkildə göstərilişdir.


Şəkil.....
Süd vəzilərinin böyüdülməsi əməliyyatları (augmentation mammoplasty). Süd vəzilərinin böyüdülməsi əməliyyatları az inkişaf etmiş süd vəzilərində və ya hamiləlikdən sonra atrofiyalaşaraq kiçilmiş süd vəzilərində tətbiq edilir. İki süd vəziləri arasında ölçü fərqi olduqda simmetriya yaratmaq üçün, kiçik süd vəziləri üzərində aparılır (postmastektomiya rekonstruksiyalarında). Əməliyyat nəticəsində süd vəzisinin alacağı ölçü xəstənin istəyinə və cərrahın məsləhətinə əsasən planlaşdırılır.

Süd vəzilərini silikon inyeksiyalarla böyütmək metodu hazırda istifadə olunmur. Silikon inyeksiyası süd vəzisində qranuloma yarada bilər. ABŞ-da qadağan edilmişdir. Lokal ayaqcıqlı flebin köməyi ilə və ya dermal piy toxuması ilə qreftlənməsi metodları da təklif edilmişdir. Bu gün ən çox istifadə olunan metod protez implantları ilə böyütmə metodudur. Bu məqsədlə ən çox Cronin protezləri istifadə olunur. Protez implantları daxilində dimetilpolisloksan gel olan silikon bir kisədən ibarətdir. Son zamanlarda inflatable (şişirdilə bilən) protezlər hazırlanmışdır ki, bunların da bir hissəsi silikon gel, bir hissəsi isə fizioloji məhluldan ibarətdir.

Protez implantları daxil etmək üçün sirkumareolyar, submammarial və ya aksilyar kəsiklər aparıla bilər. Ən çox sirkumareolyar və submammarial kəsiklər məsləhət görülür. Süd vəzisi toxumasında ....... şəkildə göstərilən sahələri əhatə edə bilən və protezi saxlaya bilən cib formalaşdırılır. Protez ya bilavasitə süd vəzisi toxumasının altına, ya da pektoral əzələnin altına yerlədirilir.
Şəkil.....
Mastektomiyadan sonra rekonstruksiya. Rekonstruktiv mamoplastika mastektomiyadan sonra yenidən bir süd vəzisi görünüşü əldə etmək məqsədini daşıyır. Bunun üçün müxtəlif metodlar mövcuddur. Aparılmış mastektomiyanın formasına və süd vəzisinin dərisinin vəziyyətinə müvafiq olaraq seçim aparılır.

Qalmış süd vəzisi dərisi elastik və kifayər qədər qalınlıqda olsa rekonstruksiya yuxarıdakı şəkildə göstərilən protez yerləşdirmə metodu ilə aparıla bilər. Burada protez əzələ təbəqəsinin altına yerləşdirilir.

Mastektomiyadan sonra süd vəsizi gərgin olsa (implant qoya bilməsək) dəri, əzələ və bunları qidalandıran vaskulyar sistemdən ibarət müəyyən bir fleb köçürməyə ehtiyac yaranır. Əksər hallarda bu məqsədlə m.latissimus dorsi əzələsi və flebin üzərində dəri istifadə olunur. Bu prosedurada fleb dəri altından hazırlanan tuneldən keçirilərək sinəyə aparılır. Protezə uyğun cib yaratmaq üçün lokal dəriyə tikilir. Fleb və protez bir yerdə süd vəzisi görünüşünü verir. Flebin donor sahəsini birincili olaraq tikmək lazımdır.

Digər bir reonstruktiv metodda m.rectus abdominis əzələ-dəri flebindən istifadə olunur. Şəkildən göründüyü kimi fleb çevrilir və donor nahiyəsi birincili olaraq bağlanır. Fleb kütləsi həcmli olduğu üçün protezin qoyulmasına ehtiyac qalmır. Lazım gəlsə, protez də yerləşdirilir.

Şəkil.....
Bəzi xəstələrdə cərrah dəri və ya toxuma ekspanderlərindən istifadə edərək lazımi ölçüdə ciblər hazırlayır, sonra isə buraya protez yerləşdirilir.

Başqa bir əməliyyatda areola və məmə başı rekonstruksiyası üçün dəri qreftləri və lokal toxuma kombinasiyaları istifadə olunur. Bunun üçün ən çox budun iç səthindən və vaginadan alınan qreftlərdən istifadə olunur.


Abdominoplastika
Müxtəlif patoloji vəziyyətlər qarın dərisində sallanmaya - muskuloaponevrotik tonusun itməsinə səbəb olurlar. Bunlar çoxsaylı hamiləlik və keçirilmiş əməliyyatlar nəticəsində yaranır. Abdominoplastika sallanmış qarın dərisinin rezeksiyası və onun altındakı əzələ təbəqələrinin bir-birinə yaxınlaşdırılaraq yenidən bərpası metodudur.

Tətbiq olunan abdominoplastika metodları arasında ən çox istifadə olunanı qalça nahiyyəsinin bilavasitə üzərində aparılan aşağı abdominal köndələn kəsikdir. Burada ikinci bir kəsik göbək ətrafında aparılaraq göbəyi toxumalardan disseksiya edilir. Qarın divarından sərbəstləşdirilən dəri qabırğa qövslərinə qədər disseksiya edilir. Sonra böşalmış düz əzələlər bir birinə yaxınlaşdırılaraq tikilir. Nəticədə bu nahiyədə yenidən əzələ gərginliyi yaranır və bel nahiyyəsi isə daralmış forma əldə edir. Kəsilmiş dəri aşağı çəkilir və artıq dəri rezeksiya edilir. Dəri üzərində göbək üçün yeni yer açılır və incə tikişlərlə həmin nahiyəyə təsbit edilir. Aşağı köndələn kəsik də tikilir.

Bədənin digər nahiyələrində (qollar, döş qəfəsi divarı, ayaqlar, qalça) ya qocalma, ya da arıqlama nəticəsində əmələ gələn sallanmalar da abdominoplastika metoduna oxşar müvafiq rezeksiyalarla aradan götürülə bilər. Bəzən reduksion mamoplastika da bu metodlarla birlikdə xəstənin daha yaxşı vəziyyətə gətirilməsinə şərait yaradır.
Liposaksiya
Liposaksiya (ingiliscə, suction assisted lipectomy – sorucu lipektomiya) kimi adlandırılan bu metod, normal bədən strukturu və ağırlığına malik olan, lakin qalçalarda, sağrı və budun içəri səhtlərində sərhədsiz böyümələrə, qarın və ya bel nahiyəsində sallanmalara səbəb olan piylənmə vəziyyətlərində kontur düzəldilməsi üçün istifadə olunur. Prosedura, qollarda, ayaqlarda, topuqda, dizlərdə, süd vəzilərinin yuxarı nahiyələrində və çənə altındakı piy toxumalarının götürülməsində tətbiq oluna bilər.

Əməliyyat həm ambulator, həm də stasionar şəraitdə aparıla bilər. Yerli və ya ümumi anesteziya seçilə bilər.

Liposaksiya tətbiq olunacaq nahiyədə 0,5 sm-lik kiçik bir kəsik aparılaraq kor uclu kanyulalar bu kəsikdən içəri salınır. Kanyula piy toxumasının daxilində ehtiyatla eyni istiqamətdə irəli və geri hərəkət etdirilir. Yüksək vaakum tətbiq olunmaqla piylər aspirasiya edilir.

Daha sonralar double-cross tunnel suction metodu təklif edilmişdir. Bu zaman iki müxtəlif nahiyyədən bir-birini şüa şəklində çarpazlayan hərəkətlərlə piylər aspirasiya edilir. Adətən, drenajdan istifadə olunmur. Elastik bintlərlə hemostaz yaradılır və ödemin qarşısı alınır.




1 Kantus - üst və alt göz qapaqlarının birləşməsindən yaranan iç və bayır göz qapağı bucaqlarıdır.

2 4, 5 və 6-cı bəndlərdə ğöstərilən yarıqların tam, natamam, cizgi şəklində olan formaları mövcuddur.


3 ssintoqrafiya – bədənin müəyyən orqan və bölgəsinin ultrasəs, radioizotop, kompyuter tomoqrafiya (KT), maqnit-rezonans tomoqrafiya (MRT) ilə müayinəsidir.


4 TNM - tumor, nodusmetastasis sözlərindən yaranmış abbreviatura olub, bəd xassəli şişlərin mərhələlərinin Beynəlxalq təsnifatını ifadə edir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin