İbtidai siniflərdə tədris edilən oxu mətnləri ideya, məqsəd, məzmun, quruluş xarakter etibarı ilə müxtəlif olur:
Bədii mətnlər
Elmi - kütləvi mətnlər
XIX əsrin ikinci yarısında tərtib olunan dərsliklərin bəzilərində elmi-kütləvi, bəzilərində isə bədii mətnlər üstünlük təşkil etmişdir.
Məsələn: K.D. Uşinskinin kitabında (Vətən dili) elmi-kütləvi mətnlərə üstünlük verilmişdir.
Hekayələrin tədrisi ibtidai siniflərdə bir o qədər çətinliklərlə müşayiət olunmur, lakin hekayə-oçerk üslubuda olan mətnlər, elmi-kütləvi mətnlər I-IV sinif şagirdləri tərəfindən müəyyən qədər çətin mənimsənilir. Kiçik məktəbyaşlı uşaqlar üçün dərslikdə bu üslubda yazılmış mətnlər verilmişdir, burada başlıca məqsəd şagirdlərin ümuminkişafına nail olmaq, müxtəlif elm sahələrinə dair ilkin biliklərə yiyələnməsini təmin etməkdir. Dərslikdə tarix, coğrafiya, fizika, kimya, biologiya, zoologiya, təbiət, kosmos və s. sahələr üzrə mətnlərin verilməsi şagirdlərə ətraf aləmin əşyaları, hadisələri haqqında biliklər verir.
Qeyd etmək lazımdır ki, belə mətnlərin oxusu bədii mətnlərin oxusundan müəyyən qədər fərqlənir. Belə ki, bədii mətnlərin maraqlı süjet xəttinin olması, bədii təsvir vasitələrindən gen-bol istidfadə edilməsi, ekspressiv-emosional təsir gücünə malik olması şagirdlər üçün oxunu cəlbedici edir. Mətni oxumaq onlar üçün maraqlı olur. Elmi-kütləvi mətnlərin oxusunda vəziyyət bir qədər dəyişir, şagirdlər belə mətnləri həvəssiz oxuyurlar, elmi terminləri dərk etməkdə çətinlik çəkirlər.
Təbiət haqqında mətnlərdə fəsli dəyişmələr: yaz, yay, payız, qış haqqında məlumatların verilməsi, hər bir mövsümdə insanların əməyi, quşlar, heyvanlar aləmi, sular səltənəti və s. məlumatlarla zəngin olan bu mətnlərin oxusu spesifik xarakter daşıyır. Mətnlərin lüğət tərkibi təhlil edilməklə, izahlı oxunun aparılması zərurəti hər bir cümlədə, abzasda hiss olunur.
İctima- tarixi mətnlərin (18 oktyabr, 10 noyabr, 17 noyabr, 31 dekabr, 20 yanvar, 8 Mart, 20-21 mart, 31 mart, 28 may) oxusunun təşkilində həyatla inteqrasiya imkanlarını nəzərə almaqla, əyaniliyin vacibliyi də diktə edilir.
Elmi-kütləvi mətnlər şagirdlərin oxu vərdişlərinin inkişafını tənzimləyir. Belə mətnlər şagirdlərin lüğət ehtiyatını müxtəlif elm sahələrinə aid terminlərlə zənginləşdirir, təbiət, tarix, coğrafiya, biologiya, fizika və s. aid təcrübi biliklər aşılayır.
Elmi-kütləvi mətnlərin oxusu, yəni Azərbaycan dili dərslərində bitkilərdən, heyvanlardan, mövsümlərə dair iqlim dəyişmələrindən bəhs edən mətnlərin verilməsi şagirdlərə təbiətlə bağlı biliklər verir.
Ölkənin şəhərləri, kəndləri, dağları, çayları, dənizi, nefti, sərvətləri ilə tanışlıq coğrafiyaya dair materiallarda verilir ki, bunları oxuyan şagirdlər az da olsa, vətənimizin sərvətləri haqqında biliklər əldə edirlər. Bu biliklər şagirdlərə həyatımızda təbiətin əhəmiyyətini, qida mədəniyyətini, sağlamlığımızın, təbiətin qorunmasını, insan və təbiətin əlaqəsini, bunların qarşılıqlı şəkildə bir-birini tənzimləməsini öyrədir.
Elmi-kütləvi mətnlərin çətinliyini nəzərə alaraq müəllimlər belə mətnləri başdan (mətnin adından) başlayaraq abzaslarla və ya hissələrlə oxuyub izah edirlər. Bu mətnlərin tədrisi prosesində müəllim uşaqlarda Koroğlu, Qaçaq Nəbi, Cavanşir, Babək və Vətən müharibəsində qələbəmizin rəhni olan Ali Baş Komandan İlham Əliyevə, həmçinin Qarabağ döyüşlərində şəhid olmuş igidlərimizə, ordumuza, igiq əsgərlərimizə, qazilərimizə və başqa qəhrəmanlara qarşı sonsuz məhəbbət yarada bilir. (Qeyd: Birlik qalibiyyətin rəhnidir).
Həyatla əlaqələndirmə elmi-kütləvi mətnlərin əsas xüsusiyyətidir. Belə mətnlərin oxusundan əvvəl mütləq təbiət qoynuna, tarixi yerlərə, muzeylərə gedilməli, əlavə məlumatlar toplanmalıdır. Təbiət və cəmiyyətdə baş verən hadisələrin öyrənilməsi, müşahidələrin aparılması,ekskursiyaların təşkili və s. elmi-kütləvi mətnlərin məzmununun dərk olunmasını asanlaşdırır. Cəmiyyət və təbiətdə baş verən dəyişmələrin başa düşülməsi isə şagirdlərin ümuminkişafını, dünyagörüşünü formalaşdırır.
Tarixə aid materiallarla tanışlıqdan əvvəl müharibələrin dəhşətlərindən bəhs edən kinofilmlərə baxış, qəhrəmanlar, Qarabağ müharibəsinin iştirakçıları, şəhidlərimizin qohumları ilə görüşlərin təşkili bu materialların ifadəli oxusunun və mənimsənilməsinin səmərəliliyini artırır. Terminlərin geniş yer aldığı elmi-kütləvi mətnlərdə sözlər yalnız həqiqi məna daşıyır və konkret mənada işlənir.
Oxusu təşkil olunan elmi-kütləvi mətnlər xarakter etibarı ilə yeni bilik verən dərslərdir. Məfhumlar, anlayışlar leksik zəmində elmi-kütləvi materiallarda əks olunur. Yeni bilik verən müşahidə, əşya dərslərinin təşkilinin də elmi-kütləvi mətnlərlə bağlı olması, şagirdlərdə ümumiləşdirmə, sistemləşdirmə, nəticəçıxarma kimi əqli keyfiyyətlərin formalaşmasına şərait yaradır. Elmi-kütləvi mətnlərin oxusu ilə yanaşı, müşahidə, əşya dərsləri, ekskursiya, və gəzintilərin təşkili yeni elmi biliklərin verilməsi baxımından əlaqələndirilir. Bu oxu dərslərində mövzular əlaqəli tədris edilir.
Elmi-kütləvi mətnlərin oxusu rabitəli nitqin, oxu vərdişlərinin inkişafına təkan verir. Müşahidə təbii şəraitdə aparılır, dərslər təkcə təbiəti öyrənməklə yox, həm də xalqın tarixi, zəhmətkeş insanların işi ilə əlaqələndirilir. Ekskursiyalar ən çox coğrafiya materiallarına aid olur, əşya, hadisə, iqlim, torpaq, hava, təbiət dəyişmələri müşahidə edilir. Elmi-kütləvi mətnlərin oxusu plan əsasında aparılır. Elmi-kütləvi mətnlər oxunmazdan əvvəl hazırlıq işləri görülür, ekskursiya, müşahidə və ya kinofilmlərə baxış təşkil edilir.
Dərsin təşkilində əvvəlcə, motivasiyanın suallarla başlaması, giriş müsahibəsi və qısa məlumatın verilməsi həyata keçirilir. Daha sonra mətnin oxunması, hissə-hisə təhlili, lüğət işi təşkil edilir. Yaradıcı tətbiqetmə mərhələsində mətndə oxunanların həyatla inteqrasiyası aparılır, esselərin yazılması tələb olunur.
İbtidai siniflərin Azərbaycan dili dərslərində verilmiş oxu mətnlərinin bir hissəsini elmi-kütləvi mətnlər təşkil edir ki, bunlar da şagirdlərə müxtəlif elm sahələrinə aid biliklərin çatdırılmasına xidmət edir. Şagirdlər birinci sinifdən etibarən elmi-kütləvi mətnlərlə tanış olmağa başladıqlarından bu mətnlər vasitəsilə digər elm sahələrinə aid biliklərə inteqrativ yiyələnir, onların bir-birinə qovuşması ilə qarşılaşırlar.
İndi I-II siniflərdə şagirdlər təbiət haqqında, insanların həyatı, elmi yeniliklər, texniki inkişaf, kosmosa aid fikirlər və s. aid materiallar oxuyurlar. Belə mətnlərdə şagirdlər yeni biliklərlə tanış olurlar. Ona görə də mətnlərin oxunub, asanlıqla öyrənilməsi ibtidai sinif şagirdlərinin gücünə müvafiq deyildir. Müəllim məzmunu şagirdlərə mənimsədə bilmək üçün fəal təlim üsullarından istifadə etməlidir. Elmi-kütləvi mətnlərlə iş prosesində oxunanların təkrarı, biliklərin sistemləşdirilməsi, ümumiləşdirmə kimi məsələlərdə müqayisədən geniş istifadə olunmalıdır. Mətnlərin hissələrlə oxunması, təhlil edilməsi öyrənməni təmin edir. Elmi-kütləvi mətnlərin oxusunda ardıcıllığın gözlənilməsi vacibdir:
Başlıq haqqında fikirlər dinlənilir. Başlıq sizə hansı məlumatı çatdırır? Bu haqda nə vaxtsa eşitmisiniz?
Oxuduqlarınızı təhlil edin. Abzaslara görə təhlil aparın. Gəldiyiniz qənaətləri yazın. Mətnin izahına yardımçı olan bütün detalları nəzərdən keçirin (şəkil, sxem, diaqramlar və s.).
Mətndə rast gəldiyiniz yeni sözlərin mənasını lüğətlərdən istifadə etməklə tapın.
Mətnin oxusu zamanı yadınzda qalanları dəftərə qeyd edin.
Növbəti oxuda daha diqqətli olmağa çalışın. Yeni nələri öyrəndiyinizi müəyyənləşdirin.
Mətndə əsas ideyanı başa düşməsəniz, fikirlərinizi toplayıb mətni bir daha diqqətlə oxumağa çalışın.
Mətn sona qədər oxunduqda sizə qaranlıq olan məqamlar aydınlaşacaqdır.
Oxudan sonra qeyd dəftərinizdə öyrəndikləriniz haqqında yaddaş yazın.
Elmi-kütləvi mətn dedikdə hər hansı elm sahəsinə dair məlumatın olması istisna deyildir. Belə dərslərin təşkilində həmin elm sahəsinə aid məsələləri əyaniləşdirən şəkil, plakat, video çarx, kinodan fraqment, çizgi filmi, müqəvva və s. istifadə olunmalıdır. Belə ki, dərsin mənimsənilməsi və səmərəliliyinin artırılması üçün həmçinin fəal(interaktiv) təlim üsullarının tətbiqi zəruridir. Elmi-kütləvi oxu mətnləri əyanilik tələb edir, yalnız o halda məzmunun başa düşülməsi təmin edilir.
Mətni oxumazdan bir-iki gün əvvəl şagirdlərin obyektə ekskursiyasının təşkili də faydalıdır. III-IV sinif şagirdləri oxu mətni ilə tanış olarkən özləri onu digər fənlərlə əlaqələndirirlər. İbtidai siniflərdə şagirdlərə cəmiyyətlə bağlı hadisələrin, tarixi faktları əks etdirən mətnlərin tədrisində vətənpərvərlik tərbiyəsi önə çəkilməli, qəddar düşmənə nifrət hissi aşılanmalıdır.
Qeyd edək ki, belə dərslər əyanilik əsasında təşkil olunarsa, mənimsəmənin keyfiyyəti daha yüksək olacaqdır. Böyük Vətən Müharibəsi veteranları ilə, Milli Qəhrəmanlarla, qazilərlə, şəhid ailələri ilə görüşlər də maraq doğuran cəhətlərdir.
Dərs nümunəsi.
Mövzu: Makedoniyalı İsgəndər