İnteqrasiya: H-b.: 2.1.2.
İş forması:böyük və kiçik qruplarla iş
İş üsullar: əqli hücum, diskussiya, müzakirə
Resurslar: şəkil, iş vərəqi, marker, plakat
Dərsin gedişi Motivasiya, problemin qoyuluşu. Lövhədə atalar sözləri yazılır:
Yaxşı dost dar gündə arxadır.
Dostunu tanımaq üçün yola çıxmaq lazımdır.
Dostunu mənə göstər, sənin kim olduğunu deyim.
Müəllim:
-Bu atalar sözlərinin mənasını necə başa düşürsünür?(Fərziyyələr dinlənilir).
Tədqiqat sualı: Kim əsil dost ola bilər?
Tədqiqatın aparılması: Dərsliklə iş: Oxu mətni hissələrə ayrılır. Yaradılmış qruplar özlərinə düşən hissəni oxuyub təhlil edirlər, hətta hissələrə uyğun şəkil də çəkirlər.
Qruplar mətnin ardıcıllığına uyğun tədqiqat aparırlar. Hər qrup mətnin bir hissəsini oxuyur. Mətnə dair suallar cavablandırılır.
Məlumat mübadiləsi və müzakirəsi: Şagirdlər onlara düşən hissənin məzmunu haqqında məlumat verirlər. Məlumatlar müzakirə olunur.
Nəticələrin çıxarılması: Dost xeyirxah, sədaqətli, düzgün, səmimi, mehriban olmalı, dostunun sevinc və kədərinə şərik çıxmalıdır. Əgər bu xüsusiyyətlər yoxdursa, beləsi ilə dost olmaq olmaz.
Ev tapşırığı: Dostluğa dair esse yazın.
Qiymətləndirmə: Təqdimatlara əsasən aparılır.
Tapmacaların tədrisi texnologiyası Tapmacalar xalq yaradlıcılığı incilərindən biridir. Bədii ədəbiyyatın fərqli janr xüsusiyyətlərini əks etdirən tapmacalar şagirdlərin maraqla öyrəndiyi və öyrəndiklərini başqalarına paylaşmaqla zövq duyduqları folklor növüdür. Tapmacalardakı lokoniklik, konkretlik, dərin və gizli məna diqqəti cəlb edir. Əyləncəli təlim materialı olduğu üçün şagirdlər tərəfindən sevilir, tez əzbərlənir. Tapmacalar kiçik yaşlı şagirdlərin təfəkkür və nitqinin inkişafına şərait yaradır.
Xalqın yaratdığı bu incilərdə əşyanın əlamətləri sadalanır, həmin sadalanan gizli nişanələrə görə həmin əşyanın tapılması qarşıda durur.
Şagirdlərin Azərbaycan dilinin səs sisteminə yiyələnməsində, lüğət ehtiyatlarının zənginləşməsində, düzgün tələffüz qaydalarının mənimsənilməsində tapmacaların mühüm əhəmiyyəti vardır. Tapmacalar elə bir qaynaqdır ki, şagirdlərin təfəkkürünü inkişaf etdirir, nitq və oxu bacarıqlarının formalaşdırılmasına geniş imkanlar yaradır. Bu qaynaqdan səmərəli istifadə etmək müəllimlərin səriştəsindən, seçdiyi təlim metodlarından çox asılıdır.
İbtidai siniflərin şagirdləri tapmacaların öyrənilməsində əşyaların əlamət, keyfiyyət, forma və məzmunu ilə tanış olurlar.
Bu əlamətlər əşya haqqında geniş məlumatların öyrənilməsinə şərait yaradır. Bu məlumatlar şagirdlərin nitqinin inkişafına təkan verir, bədii ifadə vasitələri onların leksikonuna daxil olur. Əşya haqqındakı məlumatlar şagirdlərin bilik dairəsini genişləndirir, nitqlərinin obrazlılığını inkişaf etdirir. Şagirdlərin təfəkkürünün inkişafında tapmacaların rolu böyükdür. Tapmacalar şagirdlərin iti düşünmə qabiliyyətlərinə qida verir. Onlar tapmacada söylənən əşyanı tapmaq üçün həmin əşyanın xarakter xüsusiyyətlərini araşdırmağa başlayırlar.
Tapmacalar təlim vasitəsidir. Şagirdləri əşya və hadisələri tutuşdurmağa, fərqli və oxşar cəhətlərini müəyyənləşdirməyə
sövq edir.
Tapmaca üzərində aparılan müsahibə uşağın yadında möhkəm qalır, çünki gözəl və onlar üçün maraqlı olan bir şeyin axtarılıb tapılması, onunla əlaqədar olan izahatlar uşaqların hafizəsində möhkəm iz buraxmış olur(K.D.Uşinski).
Qeyd etmək lazımdır ki, tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərində müşahidələri, məişət məsələləri və s. şeylər bədii formada, obrazlı şəkildə ifadə edilmişdir [18, s.11].
Dərsliklərdə verilən tapmacalar oxu və dil dərsləri üçün məqsədəuyğun olmalıdır. Nəzərdə tutulan tapmacalar oxu mətnlərinin tələblərinə uyğun seçilməlidir. Dərsin məqsədi şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla tapmacaların seçilib istifadə edilməsidir.
Dərslərdə tapmacalardan istifadə edərkən I-II siniflərdə imkan daxilində əyaniliyə üstünlük verilməlidir. Şagirdlər əyanilik şəraitində əşya haqqında əlamətlərini sadalamaqla fikir yürütməyi daha yaxşı bacarırlar.
Müəllimlər III-IV siniflərdə mücərrəd tapmacaların söylənməsinə üstünlük verirlər. Tapmacalarda sual ifadə olunur, bu sualın cavabını tapmaq üçün ilk növbədə tapmacadakı açar- sözlərə diqqət yetirmək lazımdır.
Məsələn:
Yatanda yumru yatar,
Ətinə dərman qatar.
Hər kəs tutmaq istəsə,
Tikanı ələ batar.
Bu tapmacada yumru, dərman, tikan açar sözlərdir. Yəqin, başa düşdünüz ki, tapmacanın cavabı kirpidir[8, s.130].
“Tapmacalardan dərs vaxtı istifadə etmək üçün iki tələbi nəzərə almaq lazımdır:
1. Mövzunun tədrisində istifadə olunacaq tapmacalar.
2. Tapmacaların müstəqil öyrədilməsi” [20, s.259].
Tapmacaların şəkillərlə təqdim olunması I-II sinif şagirdlərinin fəaliyyətinin daha səmərəli olmasına təmin edir. Bunun üçün meyvə: alma, armud, heyva, əncir, üzüm və s.; tərəvəz: kələm, soğan, turp, kök və s.; giləmeyvə: çiyələk, moruq, böyürtkən və s.; digər: göbələk, pambıq, kitab, soyuducu, radio, televizor və s. şəkillərin təqdim edilməsi tapmacaları tapmağa imkan verir. Hər bir müəllim öz sinif şagirdlərinin bilik səviyyələrnə uyğun tapmacaların düzəldirlməsi üçün imkan yaratmalıdır. Şagirdlər tapmaca düzəltmək üçün fikri əməliyyatlar aparır, əşyaların əlamətlərini düşünür, xəyalən onları nəzərdən keçirir və daxili nitqlə onları ifadə etməyə, müvafiq ifadələr tapmağa çalışırlar.
Nümunəyə baxaq:
Rəngi sarıdır, özü dadlıdır (heyva). Qırmızı dənələri var.
Həm şirin, həm də turş olar (nar). Özü ala, yeri tala,
Para-para, qəlbi qara (lalə). Oxumətnlərinin maraqla qarşılanması üçün müəllim motivasiya mərhələsində müvafiq tapmacalardan istifadə edə bilər. Bu zaman şagirdlərin təfəkkürü səfərbər
olunur, onlar tapmaca və ya tapmacaların cavabını tez və düzgün tapmaq üçün elə bil yarışırlar. Müəllim belə məqamlardan səmərəli istifadə etməklə işini düzgün qurmuş olur. Müəllim əvvəlcədən nitq inkişafı və oxuya xidmət edən tapmacaları seçməlidir. Tapmacalar seçilərkən aşağıdakılar nəzərə alınmalıdır:
Tapmacada məzmun yığcam, konkret və anlaşıqlı verilməlidir.
Tapmacaların seçilməsində dilin sadəliyi və axıcılığı nəzərə alınmalıdır.
Tapmacanın məzmunu əşyanın əlamət və xüsusiyyətlərini aydınlaşdırmalıdır.
Tapmacanın sözləri aydın olmalıdır ki, şagirdlər fikirləşə bilsinlər, yəni anlaşılan ifadələr onlara “yol göstəricisi” olsun.
Şagirdlərə söylənilən tapmacalarda işlənən ifadə və sözlər yaş səviyyələrinə uyğun olmalıdır.
Tapmacada ifadə olunan fikir uşaqların anlaya biləcəyi tərzdə söylənilməlidir.
Tapmacanın məzmunu dərk olunmalıdır.
Müəllim tapmacada verilən məzmunun dərk olunmasına ciddi fikir verməlidir.
Şagirdlər bəzi hallarda tanış əşyalar, hadisələr haqqında olan tapmacaların da cavabını tapa bilmir və ya çətinliklə tapırlar. Belə olduqda müəllim tapmacada söylənilən əşyaya aid verilməyən bir neçə əlamət də sadalaya bilər. Tapmacalarda əşyanın müəyyən əlamətləri verilir ki, onun tapılması üçün yardımçı olsun.
Tapmacalarda əlamətlər, nişanələr, üstüörtülü şəkildə verilir, bu nişanələr şagirdi fikirləşməyə, düşünməyə təhrik edir. Şagirdlər çətinlik çəkdikdə, müəllim cavabı deməkdə tələsməməli, bir neçə köməkçi əlamət söyləməlidir.
Deməli, tapmacaların nəyə aid olduğunu tapmaq üçün şagirdlərə vaxt vermək lazımdır ki, fikirləşsinlər, lakin tapmacada deyilən əşyalara oxşar əşyaları xatırlamaqla da cavabın tapılmasını tezləşdirmək mümükündür. Şagirdlərə elə tapmacalar söyləmək lazımdır ki, onlara tanış olan ətraf aləm əşya və hadisələrinə, obyektlərinə aid olsun. Belə ki, kənd həyatına dair tapmacaların cavabını orada yaşayan şagirdlər daha tez tapırlar. Kənd yerlərində heyvanlar, quşlar, meşə ağacları, şəhərdə isə texnikaya aid tapmacalar üstünlük təşkil edir. Meyvə, tərəvəz, gül-çiçək, təbiət hadisələrinə aid tapmacalar üzərində iş kənd və şəhər məktəbində eyni tərzdə aparılır. Tapmacaların öyrədicilik funksiyası çoxdur. Oxu mətnlərinin məzmunu ilə bağlı verilən tapmacalar insanlar, məişət əşyaları, bitkilər, heyvanlar, meyvələr haqqında məlumat verən təlim materialıdır. Məsələn:
Həyətdə dağdır,
Pambıqdan ağdır,
Evə gələr,
Suya dönər (qar).
O yanı qaya,
Bu yanı qaya,
İçində sarı maya (yumurta).
Bizim evdə bir kişi var,
Ağzında iki dişi var (qayçı).
Anaxanım atlandı,
Qol-qanadı qatlandı (kələm).
Səhər çağında,
Gilas bağında,
Uçurdu bir quş,
Edirdi cik-cik (sərçə).
Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Qışda yeyər baharadək,
Nədir adı, tapın görək? (qarışqa).
Əlamətlərin sadalanması və bu əlamətlərə görə tapmacaların tapılması şagirdlərin həm təfəkkürünü, həm də nitqini inkişaf etdirir. Tapmacalar şagirdləri düşündürür, onlar cavabları tapmaq üçün söylənilən əlamətlərə uyğun təhlil-tərkib əməliyyatı aparır, əşyaları tutuşdurur, nişanələri müqayisə etməklə əşyanı tapırlar. Belə bir deyim var ki, kim çox müqayisə edə bilirsə, daha çox öyrənir və yaxşı öyrənmək üçün müqayisə etməyi bacarmaq lazımdır(Y.A.Komenski).
Tapmacalarda əşyalara aid müəyyən biliklər çatdırılır. Şagirdlər hər tapmacaya uyğun cavabı tapmaqdan ötrü diqqətlə fikirləşməli olurlar, bu zaman onların yaradıcı təfəkkürü və daxili nitqi də inkişaf edir. Oxunmuş tapmacalarda nəzərdə tutulan əşyaların oxşar cəhətləri müəyyənləşdirilir və həmin əşyaya dair əlamətlər başqa bir əşyanın tapılmasına kömək edir. Məsələn: “Altı bulaq içərlər, üstü zəmi biçərlər” tapmacası qoyunun qırxılması və zəminin biçilməsi ilə müqayisə edilir, südün sağılmasının bulaqla qarşılaşdırılması maraqla qarşılanır.
Tapmacalar şagirdlərin təxəyyülünün genişlənməsində, hafizə, təsəvvür və təfəkkürünün inkişafında əhəmiyyətli rol oynayır. Tapmacalar kiçikyaşlı məktəblilərin zehni bacarıqlarının inkişafına qida verir. Müəyyən məzmuna malik, mahiyyətcə əşyanın əlamətlərini əks etdirən, lüğət tərkibi zəngin olan tapmacalar şagirdlərin ümuminkişafına kömək edir. Tapmacalar, əsasən, yığcam, lokonik, kiçik həcmli və ritmik olur, əşyanın, hadisənin bədii təsvirini verir.
Nümunə:
Uçub gələr səhər-səhər,
Bizə yazdan verər xəbər (qaranquş).
Tapmacalar şagirdlərin müşahidəçiliyini gücləndirir, əşyalarla bağlı biliklərini zənginləşdirir. Tapmacaların idraki əhəmiyyəti çoxdur. Belə ki, tapmacalar maraq doğuran məsələlər üzərində qurulur, bunlar da şagirdlərdən dərin düşüncə tərzi, hafizənin iti olmasını tələb edir.
Tap-tapmaca,
Gül yapmaca,
Deşiklədim,
Atdım saca (fəsəli).
Alçaq damdan qar yağar (ələk).
Tapmacaların öyrənilməsi şifahi xalq ədəbiyyatının bir qolu olmaqla qədim zamanlardan gələn, söz xəzinəmizə, keçmiş irsimizə, dilimizə, babalarımıza olan hörmət nişanəsidir. Babalarımızın keçmiş deyim-duyumları unudulmamalı, xalq hikmətinin təlim-tərbiyə xarakterli incilərindən oxu prosesində geniş istifadə edilməlidir. Milliliyimizə belə yanaşma bugünkü məktəblilər üçün örnəkdir, xəzinədir.
Kiçikyaşlı məktəbliləri düşündürən və şəxsi təcrübələrini reallaşdıran tapmacalar onları da tapmaca yaratmağa sövq edir. Şagirdlər maraqla əşya və hadisələrin əlamətlərini düşünür, tapmacalar tapıb söyləyirlər.
Əşyanın adını tapmaq şagirləri fikirləşməyə, əşya və hadisələri nəzərdən keçirməklə uyğun cavabı tapmağa yönəldir. Şagirdlər tapmacaları aid olduqları varlıqları nə dərəcədə əks etdirə bildiyinə ğörə müzakirə edirlər. Bu, şagirdləri əlamətlərinə əsasən əşyaların xarakter xüsusiyyətlərini araşdırmağa, onları təsəvvürlərində canlandırıb tapmacada deyilən əlamətlərlə müqayisə aparmağa, izah etməyə yönəldir.
Qeyd etmək lazımdır ki, oxu materiallarının tədrisində uyğun tapmacalardan istifadə mənimsəməni gücləndirir. Hər bir mətnin oxusunda tapmacalar didaktik funksiya daşıyır, dərsin səmərəliliyini təmin edir. İbtidai sinif müəllimləri tapmacaların didaktik imkanlarından hər bir oxu mətninin tədrisində geniş şəkildə istifadə edə bilərlər.