Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Nağılların şagird təfəkkürünün inkişafında rolu



Yüklə 0,51 Mb.
səhifə41/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   37   38   39   40   41   42   43   44   ...   70
C.Nabat Monoqrafiya

Nağılların şagird təfəkkürünün inkişafında rolu

Təhsilin bünövrəsi hesab olunan ibtidai sinifdə insanın gələcək xarakterinin, yaradıcılıq meyllərinin əsası qoyulur. Bu işdə isə uşağın oxuduğu ilk kitabların, bədii əsərlərin, o cümlədən nağılların əhəmiyyəti çox böyükdür. Çox zaman ibtidai siniflərdə oxunan nağılların əhəmiyyətindən danışarkən ana dilinin mənimsənilməsi və estetik tərbiyəsi ön plana çəkilir. Bədii ədəbiyyatın imkanları məhdud dairədə təsvir olunur. Halbuki, yaxşı bədii əsər uşağın həm nitqinə, həm estetik tərbiyəsinə, həm də təfəkkürünə təsir edir. Deməli, biz uşağa yaxşı oxu üçün yaxşı bədii əsər versək onun həm nitqinə, həm də təfəkkürünə güclü təcir edə bilərik. Bu vəzifələri yerinə yetirmək üçün uşaq oxusuna cəlb olunan əsərlərdən çox şey asılıdır. Çünki uşağın oxuduğu hər bir kitab onun təfəkkürünün formalaşmasına təsir edir. Təfəkkürün formalaşması uşağı həssas və duyğular aləmi ilə yanaşı, elmi yaradıcılığa da istiqamətləndirir.


Kiçik yaşlı məktəblilərdə təfəkkürün inkişafı müxtəlif fəaliyyət sahələri ilə bağlıdır. Burada ən çox inkişafetdirici fəaliyyət sahəsi kimi oxu materiallarını göstərə bilərik. Bu oxu materialları içərisində nağılların rolunu xüsusi vurğulamaq lazımdır. Kiçik yaşlı məktəblilərdə təfəkkürün inkişaf etdirilməsinin əsas üsullarından biri kimi nağılların rolu əvəzsizdir.
Bu metodun oxu dərslərində düzgün təşkili uşaqlarda təfəkkürün inkişafına mühüm şərait yaradır. Belə ki, şagirdin təlim fəaliyyətində uğur qazanması üçün təfəkkürün inkişaf etməsi çox vacib amillərdəndir. Təfəkkürü normal inkişaf etməyən insan həyatda hər hansı yaradıcılıq, novatorluq sahəsində uğur qazana bilməyəcəkdir. Odur ki, ibtidai siniflərdə şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi çox vacib məsələlərdəndir.
Xalq yaradıcılığının zəngin laylarından olan nağıllar ibtidai sinifdə oxuyan şagirdlərin daxili aləminin zənginləşməsində, həyata baxışında, təfəkkür və təxəyyülünün inkişafında mühüm rol oynayır. Bu yaş dövründə məntiqi təfəkkürlə yanaşı, yaradıcı təfəkkürlə bağlı inkişaf elementləri təzahür edir.
Müasir psixologiyada divergent və konfergent təfəkkür, eləcə də lateral təfəkkür (Edvard və Bono) konsepsiyası formalaşmışdır. İstər divergent təfəkkürün, istərsə də lateral təfəkkürün yaradıcılıq effektləri önəmlidir. Bu gün məktəbdə təhsilə yanaşma dəyişmişdir. Şagirdlərə sadəcə olaraq bilik və ehkamlar vermək deyil, müəyyən bacarıq və vərdişlərini inkişaf etdirmək tələb olunur. Əzbərləməklə əldə olunmuş bilik tez bir zamanda unudulur. Şəxsiyyətyönümlü təhsilin əsas məqsədi isə şagirdlərin təfəkkürünü inkişaf etdirmək, onların elmlərə müstəqil yiyələnməsinə şərat yaratmaqdır. Bunun üçün şagirdin intellekt qabiliyyətini inkişaf etdirmək lazımdır. Deməli, bu gün ibtidai sinfə gələn uşağın başqa cəhətləri ilə yanaşı intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi bir məqsəd kimi qarşıya qoyulmalıdır. Bəs intellekt nədir? İntellekt latın dilindən (intellektus-anlamaq, başa düşmək) götürülmüş, geniş mənada insanın düşünülmüş fəaliyyətləri, dar mənada isə düşünmək deməkdir.
I-IV sinif Azərbaycan dili dərsliklərində verilmiş nağıllar məhz bu yaş dövründə şagirdlərin daha dərindən düşünə bilmək, həyat hadisələri və nağılların axarında özünü tapa bilmək, nağıllar vasitəsilə təfəkkürün inkişafına nail olmaq məqsədini güdür. Müasir mərhələdə bu həqiqəti dərk edən müəllimlər nağılların oxusu zamanı şagirdlərin intellektinə təsir edən suallardan yararlanırlar.
Məsələn:
1.Nağıldakı obrazların adları? Onlarda bəyəndiyin və bəyənmədiyin keyfiyyətlər hansılardır? Nəyə görə?
2.Özündə bəyəndiyin və bəyənmədiyin xüsusiyyətlər varmı? Hansılardır?
3.Nağıldakı hər hansı hadisəni dəyişmək istərdinmi və necə?
4.Nağıl haqqında duyğularınla bağlı şeir yaza bilərsənmi?
5.Nağılda hansı bölmələr xoşuna gəldi və ya gəlmədi? Nə üçün?
6.Nağılda sənə qeyri-adi görünən hadisə və obrazlar hansılardır? Hansı cəhətlərinə görə onları qeyri-adi hesab edirsən? Həyatda bu obrazlara və hadisələrə rast gəlmək olarmı?
7.Hadisələrin baş verdiyi məkanları ardıcıllıqla sadalaya bilərsənmi?
8.Nağılda rastlaşdığın yeni sözlər və onların mənalarını yaza bilərsənmi?
9.Nağılla bağlı ssenari yazmalı olsan, hadisə və qəhrəmanları necə seçərdin?
10.Nağılda ən çox sevdiyin bənzətmə hansıdır?
11.Nağıldakı qəhrəmana məktub yazsan, nə yazardın?
12.Nağılı oxuduqdan sonra hansı nəticəyə gəldin?
13.Nağılı sən yazsaydın sonunu necə bitirərdin və s.
Azərbaycan dilinin zərifliyini, incəliyini və gözəlliyini uşaqlar kiçik yaşlarından anlamalıdır. Bunun üşün xalq yaradıcılığı nümunələri, o cümlədən nağılların təsir gücünü dəyərləndirə bilərik.
“Çox vacibdir ki, uşaqlar öz inkişafları dövründə fərdi azadlığı hiss etsinlər. Bütün uşaqlar müstəqil nəticə çıxarmalı və müstəqil qərarlar çıxarmağı bacarmalıdırlar [20, s.11]. Məşhur nağıl qəhrəmanlarının adlarını, onların əsas xarakterik xüsusiyyətlərini əks etdirən sözləri də yazmaq olar. Təfəkkürün inkişaf etdirilməsi, beyinin fəallığı, çevikliyi yeganə çıxış yoludur. Bunu təkcə oxu prosesi deyil, bütövlükdə məktəb sistemi nəzərə almalıdır. Ya biz hər gün uşaqların intellektinə təsir göstərən bədii əsərlər vasitəsilə onları inkişaf etdirməli, ya da bütün dərslərimizi onların düşüncəsinə uyğun gələn oyunlar şəklində qurmalıyıq. Ağılı necə məşq etdirmək olar? Bu sual müasir təhsilin qarşısında dayanan əsas vəzifələrdən biridir.
Təcrübələr sübut edir ki, cəmiyyətin inkişafı üçün müstəqil düşüncəyə malik, yaradıcı şəxsiyyətin yetişdirilməsi labüddür. İşi düzgün qurmaq baxımından aşağıdakıları bilmək faydalı sayılır:

    • yaradıcılığı, müstəqilliyi üzə çıxara bilmək qabiliyyəti;

    • fəallığın və marağın aşkara çıxarılması;

    • şagirdlərdə biliklərə müstəqil yiyələnmək bacarığı yaratmaq;

    • təşəbbüskarlığı aşılamaq.

Şəxsiyyətin formalaşması üçün kompetensiyaların inkişaf etdirilməsi təlimin vəzifələrinə daxildir. Şagirdlər bilikləri daha çox müstəqil əldə etməli, tənqidi təfəkkürə malik olmalı, qiymətləndirmə aparmağı, nəticə çıxarmağı bacarmalıdırlar. Demək olar ki, bütün alimlər intellektin test vasitəsilə ölçülməsini təsdiq etsələr də, onun müəyyən edilməsində fikirlər təzad təşkil edir. L.Termanın fikrincə, bu abstrakt düşünmək qabiliyyətidir. E.Torndaykın sözlərinə görə, düzgün olan kriteriya əsasında gözəl cavab vermək qabiliyyətidir. S.Kolvinə görə isə bu işə ətraf aləmdə baş verən hadisələri dərk etmək və alışmaq bacarığını təmin edən biliklər yığını və təlimdə qabaqlayıcı fikirlərlə intellekti təyin edirlər. İngilis psixoloqu Q.Ayzenk insan intellektinin əsasını əqli proseslərin bir-birini tez-tez əvəz etməsində görürdü. Fəlsəfi fikir bədii ədəbiyyatla idrakın sıx birliyini etiraf edir. Deməli, bu cəhətləri nəzərə almalı, uşaqların intelekt qabiliyyətlərinin inkişaf etdirilməsini yaddan çıxarmamalıyıq.
Dünya psixoloqlarının bu gün də davam edən mübahisələrinin vahid ortaq məxrəclərindən biri odur ki, uşaqlarda anadangəlmə qabiliyyətlərin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Bu qabiliyətlərin paralel inkişafı, şübhəsiz ki, çox vacibdir. Elə qabiliyyətlər var ki, onun inkişafı üçün şagirdin müstəqil inkişafı kifayət edir. Lakin elə qabiliyyətlər var ki, onu bağça tərbiyəçisi və ibtidai sinif müəllimi daimi nəzarətdə saxlamalıdır. Belə qabiliyyətlərdən biri məntiqi təfəkkürdür.
Məntiqi təfəkkür təlimdə, fəaliyyətdə, həyatda insanın davranışını tənzimləyir. Məsuliyyəti dərk etmək, düzgün qərarı lazımı anda çıxarmaq, istənilən məqamda mövqe seçmək və bunu əsaslandırmaq, arqumentlərə əsasən qarşı tərəfin “hə” deməsi mütləqdir. Bunlar istənilən yaş dövründə insana lazım olan bacarıqlardır, əsası da məntiq sayılır ki, ibtidai siniflərdən başlayaraq uşaqlara bacarıqlar aşılansın. Məntiqi təfəkkürün inkişafı üçün əzbərçilik lazım deyil, məntiq süzgəcindən keçirməklə bilklərin qavranılmasına kömək edilir və bu yolla qazanılmış bilik insan hafizəsindən uzun müddət silinmir[13, s.5].
Şagirdlər arasında intellekt qabiliyyətlərinə görə fərq qoymaq, yəni şagirdlərin intellekt qabiliyyətlərini müəyyənləşdirmək müəllimin səlahiyyətindədir. Lakin bir cəhəti unutmaq olmaz ki, intellekt qabiliyyəti zəif olan şagirdləri də inkişaf etdirib qabaqcıllar sırasına çıxarmaq bu günün aktual məsələlərindəndir.
Bu gün cəmiyyətimizi belə bir sual düşündürür. Şagird psixikasını idarə etmək mümkündürmü? Adi halında süst, xəyalpərvər təsiri bağışlayan şagirdi sinfin qabaqcılları sırasına çıxartmaq mümkün olan işdirmi? Təhsil sistemimizdə baş verən yeniliklər, fəal təlimin getdikcə daha çox artan nüfuzu belə suallar ətrafında bizi düşünməyə vadar edir. Uşağın yaradıcı təfəkkürünü müəyyənləşdirən başlıca amil onun öz təcrübəsidir. Kiçikyaşlı məktəblinin bildiyi, öyrəndiyi şeylər hələ çox az olduğundan onun xəyalları da maraqsız, fantaziyası sönükdür. Bunları canlandırmaq, məntiqi, tənqidi, yaradıcı təfəkkürə qida vermək üçün nağıllardan istifadə çox faydalıdır. Kiçik yaşlı şagirdlərin həyatında nağıllar qeyri-adi təsir gücünə malikdir. Nağılların tədrisi ilə bağlı bilik və bacarıqların dairəsi genişləndikcə, şagirdin fantaziyası da zənginləşir. Uşaqlarda yaradıcı təfəkkürün formalaşmasında nağıllar çox mühüm rol oynayır. Çünki kiçik məktəb yaşlarında artıq yaradıcı fəaliyyət üçün psixoloji təməl formalaşmış olur. Şagirdlərdə təsəvvür və fantaziya inkişaf edir, hər şeyi öyrənməyə həvəs yaranır, hadisələri müşahidə etmək və nəticələri analiz etmək bacarığı formalaşır, onlar müqayisələr aparır, faktları ümumiləşdirir, nəticələr çıxarır, fəaliyyətə qiymət verirlər. Onlarda maraqlar, meyillər, tələbatlar formalaşır ki, bunlar da yaradıcılığa sövq edən amillərdir. Şagirdlərdə təfəkkürün inkişaf etdirilməsi prosesi oxu materiallarının, o cümlədən nağılların tədrisi ilə sıx bağlıdır. Müəllim nağılların tədrisi zamanı hər bir şagirdin hansı qabiliyyətə malik olduğunu nəzərə almalıdır. Bu, nağılların tədrisi prosesində xüsusi problem kimi qarşıda durur. Müəllim hər bir şagirdin maraq və arzularını bilməli, hansı nağılları sevdiyini öyrənməlidir. Müəllim ibtidai sinif şagirdlərinin müvəffəqiyyət qazanmasının sirlərini araşdırmağı bacarmalıdır.
Harvard Universitetinin professoru Hovard Qardner adlı psixoloq öz təqiqatları sayəsində “Çoxşaxəli əqli qabiliyyətlər” nəzəriyyəsini yaratdı(1983). Psixoloq Hovard Qardnerin çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi bu gün dünya psixoloqlarını ən çox cəlb edən bir problem kimi qarşıda durur. Müasir şəraitdə Qardner nəzəriyyəsinin daha geniş planda tətbiqi müşahidə olunmaqdadır. Bu nəzəriyyəyə əsasən insanın 8 əqli qabiliyyəti haqqında nəzəri fikirlər irəli sürüldü. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün müəllimlər təfəkkür prosesi və onun xüsusiyyətlərinə, əqli qabiliyyətin 8 növünə bələd olmağa çalışırlar.
Hazırda orta məktəbdə təhsilə yanaşma da dəyişir. Əzbərləməklə əldə edilmiş bilik tez bir zamanda unudulur, lakin bacarıq və vərdişlər yaddan çıxmır. Şagirdlərə sadəcə olaraq bilik və ehkamlar vermək deyil, onlarda müəyyən bacarıq və vərdişlər inkişaf etdirmək tələb olunur. Şəxsiyyətyönümlü təhsilin əsas məqsədi şagirdi alim etmək deyil, onu müstəqil həyata hazırlamaqdır. Bu məqsədlə şagirdin həm intellektini, həm xarakterini, həm də mənəviyyatını düzgün formalaşdırmaq və inkişaf etdirmək lazımdır [13]. Şagirdlərin fəaliyyət növünün təlim olması, onların nitq və təfəkkürünün təlim prosesində inkişaf etdirilməsi, biliklərin daha asan mənimsənilməsi üçün fəal təlim metodlarından istifadə edilməsi müəllimin diqqət yetirdiyi məsələlərdir.
Şagirdlərin ətraf aləmdə baş verən hadisələr, onların səbəb-nəticə əlaqələri, mahiyyəti haqqında öyrənməsi təfəkkürün inkişafından xəbər verir. Məlumdur ki, təfəkkür müxtəlif növlərə malikdir.
Məsələn:
1.Tənqidi təfəkkür. Hər hansı hadisəyə şübhə ilə yanaşmaq, etiraz etmək, fikir söyləmək və s. tənqidi təfəkkürdür.
2.Dialektik təfəkkür. Dialektik təfəkkür dedikdə-hadisələrdə ziddiyətlərin vəhdətini və mübarizəsini, yeniliklərin necə yarandığını görmək və onların inkişaf istqamətlərini aşkar etmək nəzərdə tutulur.
3. Məntiqi təfəkkür. Məntiqi təfəkkür dedikdə-biliklərin əqli şəkildə qavranılması, köhnə biliklərlə yeni biliklər arasında sıx bağlılıq başa düşülür.
4. Ümumiləşmiş təfəkkür. Ümumiləşmiş təfəkkür dedikdə elmi biliklərin fərqli və oxşar cəhətlərini aşkar etmək başa düşülür.
5. Kateqoriyalı təfəkkür. Bu, oxşar əlamətləri qruplar, siniflər üzrə birləşdirməyi nəzərdə tutur.
6. Nəzəri təfəkkür. Bu, ən yüksək ümumiləşdirilmiş hadisələrin ən vacib qanunauyğunluqlarını dərk etdirməkdir.
7. Deduktiv təfəkkür. Bu, fikrin ümumi haldan xüsusi hala, konkret fikrə doğru inkişafıdır.
8. İnduktiv təfəkkür. Bu, fikrin xüsusi haldan ümumi hala keçməsi və nəticə çıxarılmasıdır.
9. Alqoritmik təfəkkür. Bu, göstəriciləri ardıcıl, sistemli yerinə yetirməkdir.
10.Texniki təfəkkür. Bu, texniki yeniliklər üçün fikri fəallıq, şagirdi texniki əməyə hazırlamaqdır.
11.Reproduktiv təfəkkür. Bu, mənimsənilmiş bilikləri aktivləşdirməyə çalışan fikri fəallıqdır.
12.Produktiv təfəkkür (yaradıcı). Bu, yeni elmi tapşırıqları, məsələləri müstəqil həll etmək imkanı verir.
13.Sistemli təfəkkür. Bu, təbiət və cəmiyyətin qanunauyğunluqlarını düzgün inkişaf etdirmək, elmi dünyagörüşü formalaşdırmaqdır.
Müəllimlər şagirdlərin fəallığını inkişaf etdirmək üçün hansı növ təfəkkürün çatışmadığını müəyyən etdikdən sonra onun inkişaf etdirilməsi qayğısına qalmaqla keyfiyyət əldə edilməsinə, şagirdin irəliyə doğru inkişafına imkan yaradırlar. Şagidlərin təfəkkürünün inkişaf etdirilməsi üçün müəyyən prinsiplərin nəzərə alınması məsləhət görülür. Göründüyü kimi, kitab müəllifləri Qardner nəzəriyyəsinin yeni şəraitdə daha kiçik detallarına gedib çıxmışlar. Bunun isə başlıca səbəbi şagird təfəkkürünə təsir etməyin yeni metod və yollarını axtarmaqdan ibarətdir[26, s.57].
İbtidai sinif şagirdlərinin psixoloji xüsusiyyətləri özünəməxsusluğu ilə seçilir. Onlarda obrazlı təfəkkürün üstünlük təşkil etməsi, hafizənin mexaniki xarakter daşıması, diqqətin qeyri-ixtiyariliyi müşahidə edilir. Şagirdlərin nitq vərdişləri tam formalaşmış olmur. Odur ki, onlar nağılları şeir əzbərləyirmiş kimi sözbəsöz öyrənirlər. Şagirdlərin nağılı belə danışmasının qarşısı vaxtında alınmalıdır, çünki bu əzbərçiliyə yol açmaqla bərabər, onların təfəkkür fəaliyyətinin inkişafına mənfi təsir göstərə bilər. Müəllimin tələbi ilə şagirdlərin nağılı öz bildikləri kimi danışması, yaradıcı təfəkkürün yaranmasına səbəb olur. Şagirdlər nağılı plana əsasən danışmağı, sualları cavablandırmağı, nağıla bənzər yığcam yazılar yazmağı bacarmalıdırlar.
Müəllim şagirdlərin təlimini düzgün təşkil etməklə yanaşı, öyrənməyi öyrətməli, bunun optimal yollarını axtarmalıdır. Bu fikir klassik pedaqoqların əsərlərində dəfələrlə təkrarlanmışdır. Onlar şəxsiyyətin formalaşmasında vacib olan kompetensiyaları bu və digər şəkildə əks etdirmişlər. Təlimin müasir metodlarına əsaslanan təhsil şəxsiyyətyönümlü təhsildir.5 
İbtidai sinif şagirdlərinin spesifik xüsusiyyətləri təlim-tərbiyə işinin də istiqamətini dəyişir, təlimdə bunları nəzərdə tutmaq mütləq lazımdır. İbtidai sinif şagirdlərinin mühüm əhəmiyyət daşıyan cəhətləri aşağıdakılardır:

  • İbtidai sinif şagirdlərinin maraq dairəci güclü olur, onlar ətraf aləmlə maraqlanır, öyrənmək, bilmək, bacarmaq onların istəyidir, bu cəhəti nəzərə alıb onları daha çox oxuya yönəltmək lazımdır. Daha çox oxumaq, daha çox bilik dunyagörüşü qazanmaq deməkdir, odur ki, müəllim şagirdlərdə oxu bacarıqları formalaşdırmalıdır.

  • Kiçikyaşlı məktəblilər emosionallıqları ilə seçilirlər. Valideyn və müəllimlər hər vasitə ilə onlarda müsbət mənəvi hisslərin(dostluq, vətənpərvərlik, çalışqanlıq, zəhmətsevərlik, ədalətlilik, düzgünlük, cəsarətlilik, fəallıq və s.) yaradılmasına doğru fəaliyyət göstərməlidirlər.

  • Kiçikyaşlı məktəblilərdə ünsiyyətə tələbat güclü olduğu üçün müəllim onların oyun, əmək, səhərcik, bayram tədbirləri, səhnələşdirmə, yarışma və s. tədbirlərdə iştirakının təmin olunması qayğısına qalmalıdır.

  • İbtidai sinif şagirdləri tez təsirə düşürlər, lakin onların müəllimə inamı güclü olur və onun dediklərinə əməl etməyə çalışırlar. Ona görə də müəllim öz şəxsi nümunəsi, təlim-tərbiyənin təşkilindəki novatorluğu ilə şagirdlərə örnək olmalı, onlarda müsbət mənəvi-tərbiyəvi cəhətlərin yaranmasına çalışmalıdır.

  • Kiçikyaşlı məktəblilərdə təlimə maraq və həvəsin yaradılması üçün müəllim yaradıcı tapşırıqlar sistemindən istifadə edə bilər, belə olduqda şagirdlər ciddi-cəhdlə tapşırıqları yerinə yetirməyə səy göstərirlər, biliklərə yiyələnirlər. Belə ki, müəllim təlim prosesində daim şagirdlərdə müsbət-iradi keyfiyyətlərin fomalaşdırılması qayğısına qalmalıdır.

Bu yaş dövründə uşaqların nağıla marağı daha güclü olur. Kiçikyaşlı məktəblilərin özünəməxsus psixi keyfiyyətlərini nəzərə almaqla, yaş xüsusiyyətlərinə uyğun nağılların tədrisi yuxarıda qeyd olunan fəaliyyət növlərinin həyata keçməsini stimullaşdırır.
6-10 yaşlı uşaqlarda ixtiyari diqqətin zəif inkişaf etməsi onların fikirlərinin dağınıqlığına səbəb olur. Odur ki, müəllimlər nağıllar üzrə işi daha maraqlı təşkil etməli, nağıla aid diqqəti cəlb edən şəkil, çizgi filmi, rollu oyun, müxtəlif situasiyalar və s. istifadə etməlidirlər. Yalnız uğurlu motivasiya şagirdləri maraqlandıra bilər, bu zaman onların diqqəti tamamilə təlimə mərkəzləşmiş olur. İradi diqqət tədrisin səmərəli keçməsinin təminatçısıdır, çünki bizim qavradığımız hər şey buradan keçir.
İbtidai sinif şagirdlərinin ixtiyari diqqətini inkişaf etdirmək təlimin səmərəli keçməsi üçün mühüm şərtdir. Şagirdlərin ixtiyari diqqətinin inkişafı vacib amildir, ona görə ki, ixtiyari diqqət təfəkkürün inkişafı üçün daha əhəmiyyətli mövqe daşıyır.
Şagirdlərin diqqət və maraqları bir-biri ilə əlaqəlidir. Diqqət maraqların artmasına maraq isə ixtiyari diqqətin formalaşmasına gətirib çıxarır. Yaş dövrü ilə əlaqədar uşaqların maraqları dəyişir. Onlar cürbəcür suallarla nələri isə öyrənməyə can atırlar, sualları cavablandırmaqla onların mənəvi tələbatlarını ödəmək müəllimin vəzifə borcudur. İbtidai sinif şagirdlərində hafizə xarakterinə görə mexaniki olmaqla, biliklərin qavranılması yalnız mexaniki yolla yox, həmçinin məntiqi yolla baş tutur.
İbtidai sinif şagirdlərinin təfəkkürünün inkişaf xüsusiyyətləri nitqlə əlaqəli olduğu üçün bu dövrdə daha çox nitq bacarıqlarının inkişafına diqqət verilir. Təfəkkür proseslərini gücləndirmək üçün məşqlərin keçirilməsi bu yaş dövründə çox faydalıdır. Aparılan məşqlərin nəticəsi olaraq şagirdlər əşya və hadisələrin mahiyyətini öyrənirlər. Şagirdlərin obrazlı təfəkkürü üstün inkişaf etdiyi üçün onlar əşyaları əvvəlcə görür, sonra onun haqqında təsəvvürlərini formalaşdırırlar. Onlar axtarış aparır, hər şeyi bilməyə can atırlar.
Nağıllar aləmi şagirdlərin ətraf aləmlə, təbiətlə, əməklə, müxtəlif əşyalarla bağlı fikirlərində yeni bir aləm yaradır. Onlar yeni ideyalarla yaşayır, ətraf aləmin əşya və hadisələri ilə yaxından tanışlığı baş verir, bunlar haqqında biliklər (xüsusiyyət və keyfiyyətin öyrənilməsi) formalaşır. Müşahidə qabiliyyətinin yaranması nəticəsində onlar təbiətdə baş verən hadisələrlə maraqlanır, başvermə səbələri haqqında düşünürlər. Onlardan əlamətinə, keyfiyyətinə görə fərqlənən cisim və hadisələri tapmağa çalışırlar. Yağışın, qarın yağması, küləyin əsməsi, tufanın, zəlzələnin baş verməsi, müharibələrin olması, insanların qocalması və ölməsi kimi reallıqlar şagirdlərə dərkolunmaz təsiri bağışlayır.
Nağıllarda verilən sirli-sehirli aləm və onların həyata tətbiqi onlara qəribə görünür. Şagirdlərin yaşı və biliyi artıqca real aləmin əşya və hadisələrini dərk etməsi asanlaşır. Şagirdlər nağıllar vasitəsilə tanış olduqları vəhşi heyvanlar və digər məsələlərlə tanış olur, insanlara faydalı cəhətlərini mənimsəyirlər. Ətraf aləmin əşya və hadisələri haqqında daha çox biliklərə yiyələnirlər. Təbiətin rəngarəngliyi, səsləri və formaları öz zənginliyi ilə şagirdlərin inkişafına təkan verir. Onların əşya və hadisələrə həssaslığı artır: meşənin, parkın, yaşıl yarpaqların, gül-çiçəyin gözəlliyini duyurlar. Təbiət öz gözəlliyi, əsrarəngizliyi ilə şagirdlərə nağıllar kimi görünür. Onların göy gurultusunun, ildırım çaxmasının, vulkan püskürmələrinin baş verməsi ilə bağlı təsəvvürləri formalaşır.
Nağıllar aləminin həyat hadisələri kimi qavranılması və həyat hadisələrinin nağıl kimi əsrarəngiz olması kiçikyaşlıların təfəkkürünün inkişafında çox böyük rol oynayır.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin