Daş qəlbli düşmən qoca qadına rəhm etmədi.
Tikintiyə daş lazımdır.
Qızıl əllər hər gün tarladan ağ qızıl yığır.
Uşağın burnu qanamışdı.
Gəminin burnu buz laylarını parçaladı.
Qızın gözü mavi idi. Xəlbirin gözü tutulmuşdu.
Bu zaman şagirdlər həqiqi və məcazi mənada işlədilmiş sözləri ayırmağı başa düşürlər.
4. Oxuyun, göz sözünün hansı mənada işlənməsinə fikir verin.
Gözlər -Bilirsənmi göz nədir?
Bu balaca söz nədir?
Hə, gülürsən...
Bilirsən,demək.
De görək!
Adam gözü,
Heyvan gözü,
Quş gözü.
Baxmaq üçün,
Görmək üçün
Düzəldiblər bu sözü.
-Sonrabəs?
-Bilmirəm.
Şəhərin də gözü var,
Günəşlə bir açılar…
Bulağın da,
Quyunun da gözü var...
Yəqin ki, sən gormüsən.
Təkgözlü, ikigözlü,
Çoxgözlü pəncərələr.
Hər gözündən görünər
Bizim dağlar, dərələr.
Şkafın da,
Stolun da,
Mənzilin də gözü var.
Kimin belə sözü var.
(Teymur Elçin)[5, s.77].
Bu tapşırığın icrası şagirddən daha çox düşünməyi və müqayisələr aparmağı tələb edir. Göz sözünün ayrı- ayrı məqamlarda məna incəliyini çatdırmaq isə şagirddən daha böyük səy tələb edir. Göz sözünün bəzi məqamlardakı incə mənasını müəllimin düşündürücü sualları olmadan ifadə etmək çox çətin olar.
5. Cümlələri düzgün tələffüzlə oxyun. Obrazlı ifadələri göstərin.
1.Külək əsdikcə dəlisov dalğalar sahili döyəcləyirdi. 2.Suyun üzündəki ləpələr günəşin şüaları altında gümüş kimi parıldayırdı. 3.Bostanda qovunlar kəhrəba kimi saralmışdı. 4. Yemiş bal kimi şipşirin idi. 5.Axşam şiddətli külək əsdi. 6. Sərin meh adama ləzzət verirdi.
Tapşırığ icra edən şagirdlər həm obrazlı söz və ifadələr, həm də sinonim sözlər üzərində əməliyyat aparırlar. Beləliklə şagirdlərdə obrazlı söz və ifadələrə və sinonim sözlərə həssas münasibət formalaşır. Şagirdlər müxtəlif məna qrupuna malik sözlərlə tanış olurlar ki, bu da onların lüğət ehtiyatını, rabitəli nitqini inkişaf etdirir. Fəndaxili inteqrasiya oxu və dil qaydalarının uğurlu tədrisini həyata keçirir. Bu zəmində şagirdlərin yaradıcılıq potensialı artır və onlar bilikləri tam mənimsəyirlər. İnteqrasiya prinsipinin uğurlu tətbiqi oxu vərdişlərini yüksəldir və şagirdlər oxuduqları mətn, çalışma və s. üzrə müstəqil işləyə bilir, bilikləri əlaqələndirirlər.
6.Oxuyun, əksmənalı sözləri göstərin.
Səyyahlar dağa qalxdılar, oradan dərəyə baxdıar.
Cahan axşam növbəsində işlədiyi üçün gündüz yatmışdı.
Göyün üzü bülüdlü olsa da, Asim təyyarədən yeri aydın görürdü.
Şagirdlər tapşırığı fəallıqla yerinə yetirirlər.
K.D.Uşinskinin sözləri ilə desək, uşaqlar tez və asan mənimsəyir, lakin təkrar etmədikdə tez və asan da unudurlar [10, s.241]. Möhkəmləndirmə prosesi o zaman səmərəli olur ki, müəllim keçilənləri şagirdlərin fəallığı şəraitində təkrarlatsın.
Təcrübə göstərir ki, müəllim oxu materiallarının, tapşırıq və çalışmaların daha asan mənimsənilməsini təmin etmək üçün motivasiyanı maraqlı təşkil etməlidir. Uğurlu motivasiya dərsin keyfiyyətli keçməsinin əlli faizini əhatə edir.
Qeyd etmək lazımdır ki, oxu mətnləri ilə iş zamanı mətndə müxtəlif rənglərlə verilmiş sözlərin hansı məqsədə xidmət etdiyini şagirdlərin nəzərinə çatdırmaq və bununla bağlı onların biliklərini inkişaf etdirmək hər bir müəllimin peşə vəzifəsidir. Oxu mətnləri ilə bağlı verilən çalışmaların əksəriyyəti məhz həmin mətnlə bağlı və rənglərlə verilən sözlərə aid olur. Məsələn, üçüncü sinifdə keçilən oxu mətnlərinə nəzər salsaq, burada daha çox mətnlə bağlı sualların verildiyini görərik. Sualların bir çoxuna şifahi cavab verilir ki, bu da həm oxu materialının diqqətlə öyrənilməsinə, həm düzgün tələffüz qaydalarının gözlənilməsinə, həm də şifahi nitq bacarıqlarının inkişafına səbəb olur. Suallara cavab tələb olunduğu üçün şagirdlər fikir yürütməyə, düşünməyə, cavab tapmağa məcbur olurlar.
Şagirdlərdən Nizami Gəncəvinin “Atanın oğluna nəsihəti” şeirində (III sinif) göy rənglə verilmiş aşağıdakı parçanın izahı və bu fikrin mənasının açılması tələb olunur.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Beləliklə, şagirdlər fəallıq göstərir, müstəqil şəkildə düşündüklərini, fikirlərini bildirməyə can atırlar. Şifahi diskussiya, müzakirə, sualların verilməsi şagirdlərin mühakimə yürütmə bacarıqlarını inkişaf etdirir, fəallıqlarını, müstəqilliklərini artırır. Bu zaman ideyalar xalısı adlanan üsuldan da istifadə etmək olar ki, bu üsulun əsas məqsədlərindən biri də şagirdlərdə sırf disskusiya vərdişlərinin inkişaf etməsi ilə bağlıdır. Belə ki, uşaqlara suallar verilir:
-Sözləri daha düzgün tələffüz etmək üçün nə etmək lazımdır?
-Düzgün tələffüz deyəndə nəyi nəzərdə tuturuq?
-Şifahi nitqin təşkilində daha hansı cəhətlər gözlənilməlidir?
Bu zaman şagirdlər öz fərziyyələrini söyləyirlər, müəllim isə daha doğru cavabın tapılması üçün qrup işindən istifadə edə bilər. Qabaqcıl müəllimlər inteqrasiyanın təşkilində hafizə və təfəkkürün vəhdətini təmin etməyə çalışırlar. Onlar bu zaman şagirdlərin fəallığını təmin etmək üçün müstəqil işin müxtəlif növlərindən istifadə edirlər:
suallara cavab verməklə keçilən bilikləri olduğu kimi və ya oxu materialı üzərində fikri əməliyyt aparmaqla(müqayisə, qruplaşdırma, ümumiləşdirmə, səbəb-nəticə aslılığını tapmaq və s.) yada salınması;
müəllimin sualları əsasında hadisə və faktların izah edilməsi; onlara qiymət verilməsi, müəyyən fikrin sübut edilməsi; yeni materiala aid yeni faktların, misalların düşünülüb tapılması, biliyin yeni hallara tətbiq edilməsi; yeni biliyin əvvəlki biliklərlə əlaqələndirilməsi;
oxu mətni üzərində müstəqil işlər: oxu materialının tam və ya qismən oxunuşu (keçilənlərin yada salınması, sualların cavablandırılması; mətnin nağıl edilməsi; mətnin yaradıcı nağıl edilməsi, yəni mətnə şagirdlərin öz sözlərinin və fikirlərinin əlavə edilməsi; mətnin hissələrinin oxunması və onlara başlıq verilməsi; mətnə planım tərtibi, oxu mətninə dair sxem, cədvəl və ya şəkillərin çəkilməsi; mətnin lüğəti üzərində işin aparılması; seçmə oxu ... və s.);
biliyi tətbiq etməklə dərsin möhkəmləndirilməsi məqsədini güdən müstəqil işlərin(oxu mətninə yeni başlığın verilməsi, yeni sözlərin mənasının açıqlanması; hadisələrin zamanının dəyişdirilməsi; məkanda dəyişikliyin yaradılması; oxu mətnindəki hadisələrə oxşar hekayənin tərtibi, baş qəhrəmana xarakteristika yazılması; məzmuna uyğun atalar sözlərindən istifadə edilməsi və s.) yerinə yetirilməsi.
Şagirdlərin fəallığı şəraitində keçən müstəqil işlərin təşkilində müxtəlif interaktiv təlim üsullarından istifadə edilir. Müsahibə, müşahidə üsullarından istifadə, müzakirə və diskussiyaların təşkili hər zaman faydalıdır.
Müsahibənin funksiyası keçilən bilikləri şagirdlərin hafizələrində canlandırıb bir daha yada salmaqdır. Müsahibə zamanı istifadə edilən sualları daşıdıqları didaktik vəzifələrə görə bir necə qrupa ayırmaq olar:
keçilən biliyi yada salmağı tələb edən suallar;
keçilənlər haqqında müəyyən fikri əməliyyatların aparılmasını tələb edən suallar;
mətndəki hadisələrə müxtəlif yanaşmaları üzə çıxaran suallar;
hadisələrin qiymətləndirilməsini tələb edən suallar;
biliyin tətbiqinə dair fikirləri alan suallar;
verilmiş hadisələrin konkretləşdirilməsinə xidmət edən suallar.
Təfəkkürə yönələn düşündürücü suallar çoxdur. Bu qəbildən olan suallara aşağıdakılar daxildir:
fakt və hadisələri müqayisə etməyi (Venn diaqramı) tələb edən suallar;
fakt və hadisələri inteqrasiya edib, səbəb-nəticə asılılığını üzə çıxaran suallar;
fakt və hadisələri təsnif edən, qruplaşdıran, mətndəki əsas məsələni ayırmağa kömək edən suallar;
faktları ümumiləşdirməyi və nəticə çıxarmağı tələb edən suallar;
müəyyən mülahizəni, fikri əsaslandırmağı, sübut və izah etməyi təlb edən suallar;
fakt və hadisələri qiymətləndirməyə aid suallar;
oxu mətnindəki fakt və hadisələrə öz münasibətini bildirməyi tələb edən suallar.
Çox vaxt hər hansı fikri əməliyyatların aparılması lazım gəlir. Ona görə də müəllim oxu materialının xarakterindən asılı olaraq bu və ya digər fikri əməliyyat aparmağı tələb edən suallarla şagirdlərə müraciət etməlidir.
Oxu mətni üzərində iş zamanı müqayisələrə daha çox yer vermək lazımdır. Müqayisə biliklərin daha tez mənimsənilməsinə və yadda qalmasına səbəb olur. K.D.Uşinski fakt və hadisələr arasında oxşar və fərqli cəhətlərin tapılmasına geniş yer verməyi tövsiyə edirdi. [10, s.197].
Professor N.Kazımovun xüsusi tədqiqatları əsasında müəyyən edilmişdir ki, keçilmiş materialların müqayisəli təkrarı biliyin möhkəmləndirilməsinə, sistemləşdirilməsinə və ümumiləşdirilməsinə müsbət təsir göstərir. İbtidai sinif dərsliklərində verilən oxu mətnlərinin hər birində müqayisə üçün geniş imkanlar vardır. Qabaqcıl müəllimlər gündəlik dərslərdə şagirdləri müqayisələr aparmağa cəlb edirlər. Bundan başqa, oxu mətnlərində fakt və hadisələrin mahiyyəti, qarşılıqlı əlaqə və asılılığı və bunun səbəblərinin tapılması çox əhəmiyyətlidir. Şagirdlər səbəb-nəticə əlaqələrini dərk etmək üçün mətn üzərində müəyyən fikri iş aparır, onu təhlil edirlər. Bunu nəzərə alaraq müəllimlər şagirdləri düşündürür, oxunan bədii və elmi-kütləvi mətnlərdəki surətlərin hərəkətlərinin motivlərini aşkara çıxarmağa cəlb edirlər. Bu məqsədlə niyə? nə üçün? suallarına geniş yer verirlər:
-Bəyaz çəkdiyi şəkli nə üçün rəngləmirdi? O nə üçün Kamaldan karandaşı almadı? Kamal nə üçün qızardı?
- Nə üçün çay suyu bulanlıq, bulaq suyu isə təmiz olur?
Şagirdləri fakt və hadisələr arasındakı əlaqə və asılılığın dərk edilməsinə cəlb etmək mənimsəmənin şüurluluğuna və möhkəmliyinə müsbət təsir göstərir. Biliklərin möhkəmliyi fəndaxili, fənlərarası inteqrasiyanın aparılmasından çox asılıdır. Belə ki, oxu mətninə daxil olan əsas məsələlərin fəndaxili əlaqələrlə daha dərindən mənimsənilməsi, hadisələrin müəyyən əlamətlərinə görə digər fənlərlə əlaqələndirilməsi təlimin səmərəliliyini, biliklərin əlaqəli və bütöv öyrənilməsini təmin edir.