BƏZƏK MƏDƏNİYYƏTİ: TƏTBİQİ SƏNƏT MƏMULATI
Hörmə məmulatı
Hörmə və toxuma məmulatı istehsalının zəruri şərti olan xammal (elastik çubuq, qamış,
qarğı, lığ, ziyəlığ, pizə, dala, kətan, kənaf, yun, pambıq, ipək) ehtiyatının bolluğu cəhətdən
Azərbaycan tarixən tükənməz imkanlara malik olmuşdur.
Ənənəvi hörmə və toxuma məşğuliyyəti məhz belə zəngin xammal bazası əsasında
yaranmışdır. Obyektiv tarixi səbəblər üzündən XIX əsrdə texniki cəhətdən qabaqcıl kapitalist
ölkələrindən nisbətən geridə qalmasına baxmayaraq, Avropada sənaye çevrilişi baş verənədək
Azərbaycan dünyanın ən önəmli toxuculuq mərkəzlərindən biri olaraq qalırdı. XIX əsrdə
Azərbaycanın ənənəvi toxuma istehsalının bir sıra sahələri, xüsusilə parça toxuculuğu tənəzzülə
uğrasa da, xalça sənəti özünün köhnə şöhrətini davam etdirməkdə idi.
Hörmə və toxuma məşğuliyyəti sahəsində xammal növləri üzrə qədim zamanlardan baş
vermiş və bütün orta əsrlər boyu davam edən peşə ixtisaslaşması XIX əsrdə hələ də özünün
əməli əhəmiyyətini itirməmişdir. Bu mənada qədim kökləri hələ Mezolit dövründə izlənilən
hörmə məşğuliyyəti
1
həsir, tor, kövsərə, zənbil, ciyəbənd, lığarştən, kəndir, buraz, çatı, sicim,
örkən, rəşmə, çətən (cığ), salğar, səbət, çəpərə və s. timsalında XX əsrin əvvəllərinədək özünün
əməli əhəmiyyətini qoruyub saxlamışdır. Hətta bir sıra zəruri geyim ləvazimatı (əlcək, corab,
badış, qolçaq, şərf, köynək, içlik, bağ, cövşən) və s. uzun müddət hörmə üsulu ilə hazırlanmışdır.
Hörmə üsulu ilə habelə zəncirə, qotaz, sərmə, qıyı, qaytan, şərid və s. kimi ağlabənd məmulatı
düzəldirmişdir. Bunların hər birinin özünə məxsus xammal növü və hörmə texnologiyası
təşəkkül tapmışdır.
Hörmə məmulatlarının hazırlanmasında təbii və becərmə yolu ilə əldə edilən müxtəlif
xammal növlərindən istifadə olunmuşdur. Bunların arasında sucar sahələrdə bitən lifli bitkilər
(lığ, ziyəlığ, cil, dala, pizə və s.), habelə elastik ağac çubuqları və sıyrımları, şilgir, dənli
bitkilərin küləşi, kətan, kənaf (çətənə, kəndir), pambıq lifi ən qədim xammal növləri olub, yaxın
keçmişədək özlərinin əməli əhəmiyyətini itirməmişlər. Lığ və ziyəlığdan, adətən, eşmə üsulu ilə
yumru ciyə (lığarştən) hazırlanırdı. Bundan əlavə, ondan hörmə yolu ilə yastı ciyə düzəldilirdi.
Bunlar Lənkəran bölgəsi əhalisinin ev məişətində hələ də istifadə olunmaqdadır. Həsir
toxuculuğunda əriş məqsədi ilə istifadə olunan eşmə ciyə (lığarştən), yaxud vaxtilə ev məişətində
geniş yer tutan ciyəbənd, zənbil, kövsərə, süfrə, tərəzi gözü və s. hazırlanmışdır. Lığ hörmə
məşğuliyyətinin qədim kökləri mezolit dövründə izlənir.
Qədim dövrün hörmə ənənələri çubuq, qamış və qarğıdan hörülən səbət (saman səbəti,
meyvə səbəti, dəngi səbət, dən səbəti), tərəcə, çətən, salğar, çilovsüzən və s. kimi məişət
əşyalarının timsalında XIX əsrədək gəlib çatmışdır. Onların hazırlanması sahəsində əldə
olunmuş əməli təcrübə kənd əhalisinin ev məişətində yaxın keçmişədək qalmaqda idi.
Eşmə və hörmə materialı kimi, digər lifli bitkilər: kətan, kəndir, pambıq, habelə yun və keci
sapdan istifadə edilməsi faktı çox qədim tarixə malik olmaqla, XIX əsrə qədər özlərinin əməli
əhəmiyyətini qoruyub saxlamışlar. Bunların arasında yun, kətan və pambıq hörmə məmulatı
istehsalında istifadə olunmaqdan əlavə, daha çox toxuma materialı kimi işlənmişdir.Başqa sözlə
desək, lifli bitkilər, yun və ipək toxuculuq sənətinin başlıca xammalına çevrilmişlər. Bütün
bunlardan əlavə, yun həm də basma (həllaclıq) sənətinin başlıca xammalı olmuşdur.
Dostları ilə paylaş: |