siklop, menhir, dolmen meydana gəlmişdir.
61
Tunc dövründə hörgü texnikası daha da təkmilləşməyə başlamışdır. Kəsici alətlərin
meydana gəlməsi nəticəsində inşaat işində ağac materiallarından istifadə etmək imkanları xeyli
artmışdır. Son tunc və İlk dəmir dövründə bu proses daha intensiv şəkil almışdır. Bu işdə
xüsusilə, poladın əldə olunması və ondan kəsici alətlər (balta, kərki, çapacaq, dəhrə)
düzəldilməsi müstəsna rol oynamışdır. Məhz bunun nəticəsində e.ə. I minillikdən etibarən ağac
və qamışdan tikilmiş ev tipləri (cımqa, kərtmə, cığ, çubuq-hörmə, daxal və s.) əhalinin
məişətində artmağa başlamışdır.
İlk sinifli cəmiyyətin yaranması ərəfəsində tayfa ittifaqlarının meydana gəlməsi o dövrün
sərt məişət tələblərinə uyğun yeni ev tiplərinin (qalaça, qəsr, siklop tikililər) geniş yayılmasını
117
labüd etmişdi. İnşaat texnikası sahəsində gözə çarpan ən mühüm irəliləyiş hörgülü divarlara
malik ev tiplərinin yaranması olmuşdur.
Daş və ya kərpic hörgülü evlərə keçid ümumən inşaat mədəniyyəti tarixində mühüm
dönüş məqamlarından biri olub, yaşayış binasının boy (kəllə, arxa, ön) və arakəsmə divarlarının,
beləliklə də, evlərin daxili yerləşgələrinin meydana gəlməsi ilə nəticələnmişdir. Yaşayış evində
qalın boy divarlarının peyda olması sonralar bir sıra divariçi məişət ünsürlərinin (buxarı, taxça,
camaxatan, dolab, rəf, çıraqdan, qapı-pəncərə açrımları və s.) yaranmasına imkan vermişdir.
Ənənəvi divar açrımları təkcə Azərbaycanda deyil, ümumən Şərq ölkələri üçün də səciyyəvi
olub, evin daxili sahmanında səliqə, məişət rahatlığı yaranmasına xidmət edirdi. Bütün bunlardan
əlavə, hörgülü divarların peyda olması nəticəsində vaxtı ilə dirəklər üzərində qurulan dam və
çardaq örtüklərinin konstruktiv quruluşunun dəyişməsinə səbəb olmuşdur. Bununla da evlərin
daxili fəzası çoxsaylı ağac dirək və sütünlardan azad olmuşdur. Bu texniki irəliləyişlər nəticə
etibarı ilə hörgülü evlərin memarlıq məziyyətlərinin artırılmasına şərait yaratmışdır.
Hörgülü evlərin meydana gəlməsi həm də oturaq məişət həyatının və onunla bağlı
təsərrüfat məşğuliyyətinin sabitləşdiyini göstərən mühüm əlamətlərdən biri idi. Azərbaycanda
hələ neolit dövründən meydana gəlməyə başlayan və sonralar getdikcə daha da sabitləşib
möhkəmlənən istehsal təsərrüfatı sabit ev tiplərinin və onların ətrafında yardımçı təsərrüfat
tikililərinin yaranmasını labüd etmişdir. Bu irəliləyişlər nəticəsində neolit dövrünün sonu və
eneolit dövründən etibarən yaşayış evləri yardımçı təsərrüfat tikililəri ilə birlikdə kompleks
səciyyəsi kəsb etməyə başlamışdır. Həmin dövrə aid arxeoloji abidələrdən xeyli yaşayış evi
kompleksi aşkar olunmuşdur. Yaşayış və təsərrüfat tikililərinin vahid memarlıq planında həllinin
sonrakı gedişi onların ikimərtəbəli tikilməsini labüd etmişdir. Bu halda mərtəbələr arasında
əlaqənin müxtəlif variantlarda həll edildiyi nəzərə çarpır.
Çubuq konstruksiyalı, dəri və ya keçə örtüklü mövsümi evlər, əsasən, köçəri və
yarımköçəri maldarlığın inkişafı nəticəsində meydana çıxmışdır. Xüsusilə qoyunçuluğun inkişafı
keçə istehsalına geniş imkan yaratmışdı. Yaylaq və qışlaqlar arasında mütəmadi surətdə
hərəkətdə olan köçəbə maldarların səyyar məişət tərzi üçün çubuq konstruksiyalı evlər daha
münasib (yüngül, asan və tez başa gələn) yaşayış evi olduğundan onlardan sonralar da
istifadədən düşməmiş, daha da təkmilləşmişdir. Beləliklə quruluş və forma etibarı ilə onların bir-
birindən fərqlənən müxtəlif tipoloji növləri: alaçıq, dəyə, muxur, qara keçə, çadır və s.
yaranmışdır.
Alaçıq tipli səyyar evlərlə yanaşı, elat qışlaqlarında qazma, çovustan, pəyəbaşı (tövlə-
səki), kümə, daxma, daxal, tapan, qom və digər adlarla bəlli olan bəsit ev tipləri də təşəkkül
tapmışdır. Azərbaycanın müxtəlif etnoqrafik bölgələrində elat yaşayış evlərinin bu və ya digər
nümunəsi yaxın zamanlaradək qalmaqda idi.
İbtidai icma quruluşunun son mərhələsində qəbilə icmaları və patriarxal ailələrə məxsus
olan qaradam (xaçkəran) və qazma tipli böyük külfət evləri tədricən fərdi ailələrin yaşadığı kiçik
və təkotaqlı evlərlə əvəz olunmağa başlanmışdır. Qəbilə quruluşunun dağılması ərəfəsində əmlak
bərabərsizliyinin artması və siniflərin meydana gəlməsinə səbəb olan sosial təbəqələşmənin
güclənməsi qədim ev tiplərinin inkişafında mühüm rol oynamışdır. Qəbilə başçılarına və icma
aristokratiyasına məxsus mükəmməl konstruksiyalı hörgülü evlər plan quruluşuna və inşaat
texnikasına görə icmanın digər üzvlərinin yaşadığı bəsit konstruksiyalı arxaik ev tiplərindən
seçilirdi.
Sinifli cəmiyyətin yaranması ərəfəsində Azərbaycanın maldar və əkinçi tayfalarına
məxsus qaradam tipli mürəkkəb memarlıq quruluşuna malik külfət evləri hələ də qalmaqda idi.
Patriarxal böyük ailələr üçün səciyyəvi olan qaradamların böyük tutumu onların qalmasını labüd
edən mühüm amillərdən idi. Patriarxal böyük ailələr qaldıqca qaradamlar da qalmaqda davam
edirdi.
Məhsuldar qüvvələrin sonrakı inkişafı nəticəsində inşaat texnikasının təkmilləşməsi
sayəsində yerüstü evlərin müxtəlif tipləri: daxal, tatı, tövlə-səki, hambalalı, qoclu, dirəkbarı,
kərtmə, cımqa, şirvani, salyani, damda-baca, günbəzli ev və başqa adlarla bəlli olan yaşayış
binalarının bir-birindən fərqli müxtəlif tipoloji növləri yaranmışdır. Digər tərəfdən maldar
əhaliyə məxsus səyyar evlərin çoxu özlərinin əməli əhəmiyyətini saxlamışdı.
118
Ənənəvi ev tipləri qapı, pəncərə, orta ocaq, baca, buxarı, habelə bir sıra zəruri məişət
ünsürlərinə ( taxça, yük yeri, camaxatan, dolab, rəf və s.) malik olmaq baxımından fərqli
xüsusiyyət kəsb edirdi.
İnşaat texnikasının sonrakı təkamülü nəticəsində hörgülü evlərin zirzəmili, kürsülü,
yerüstü, dəkkəlüstü, təkotaqlı, dəhlizli, eyvanlı, bir və ikimərtəbəli, küləfirəngili və s. olmaqla,
çoxsaylı tipoloji növləri yaranmışdır. Bəzən yaşayış evləri təsərrüfat tikililəri ilə vahid inşaat
kompleksi təşkil edirdi.
Çoxotaqlı evlər əksər hallarda yan-yana üfüqi, bəzən isə şaquli vəziyyətdə alt-üst
mərtəbəli olmaqla, iki cür quruluşda planlaşdırılırdı. İkimərtəbəli evin üst mərtəbəsi, adətən,
yaşayış, alt mərtəbəsi isə məişət və təsərrüfat (anbar, tövlə, təndirxana, mətbəx və s.)
məqsədlərlə istifadə olunurdu.
Dostları ilə paylaş: |