I FƏSİL
GÖBƏLƏKLƏRİN HÜCEYRƏVİ QURULUŞU
VƏ YÜKSƏKMOLEKULLU KOMPONENTLƏRİ
1.1. Göbələk hüceyrəsinin quruluşu və funksiyası
Göbələk hüceyrələri çox müxtəlif görkəmdə olmalarına
baxmayaraq, əsas quruluşları, xüsusilə də, hüceyrə orqanoidləri
səviyyəsində bir-birlərinə çox oxşardır (şəkil 1). Bu xüsusiyyət,
nəinki göbələklər, həm də eukariotların əksəriyyəti üçün də
səciyyəvidir. Bununla belə, hüceyrələrin təşkilində ayrı-ayrı
göbələk taksonları arasında müəyyən fərqlər də aşkar olunur.
Əksər göbələklərin hüceyrələri qalınlığı adətən 0,2 mkm-ə
qədər olan və yaxşı görünən qılafa (hüceyrə divarına) malikdir.
Hüceyrə quruluşunun öyrənilməsinə onun qılafından başlam-
ağın əsas səbəblərindən biri də, onun ilk «hüceyrə» quruluşu
kimi hələ 1665-ci ildə R.Huk tərəfindən aşkar edilməsi və
hazırda ən çox öyrənilmiş sitoloji obyekt olmasıdır. Qılaf özü
bir neçə təbəqədən ibarətdir. Onun xarici (birinci) təbəqəsi
amorf xassəyə malikdir, daxili təbəqələri isə müəyyən qaydada
səmtlənmiş və matriksin içərisində yerləşmiş mikrofibrillərdən
təşkil olunmuşdur. Bəzən göbələk hüceyrəsinin qılafı daha
mürəkkəb quruluşda olur. Belə ki, neyrosporlarda – (Neuro-
spora), qılaf yaxşı diferensasiya etmiş dörd təbəqədən ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, hüceyrənin böyümə və ink-
işafı zamanı qılaf həmişə genişlənir və dəyişikliyə uğrayır.
Qılaf mahiyyətcə ekskretor orqanoid olub, paraplazmaya aiddir,
lakin özündə ferment və digər bioloji aktivliyə malik olan
maddələri də saxlaya bilir. Odur ki, şəraitdən asılı olaraq, qılaf
yenidən maddələr mübadiləsində iştirak etməyə qabildir. Qonşu
hüceyrələrin, həmçinin də, hüceyrədaxili turqor təzyiqinin
(hidrostatik təzyiq) təsiri altında qılaf göbələk hüceyrəsinə
konkret forma verir və onun quruluşca sabitliyini və
müstəqilliyini müəyyən edir.
Dostları ilə paylaş: |