silinir.
Göbələk hüceyrəsinin ən mühüm quruluş elementlərindən
biri nüvədir. Nüvə aşağıdakı əsas funksiyaları yerinə yetirir: 1)
genetik informasiyanın saxlanması; 2) informasiyanın
hüceyrədən hüceyrəyə ötürülməsi; 3) informasion RNT-nin
sintezi vasitəsilə informasiyanın sitoplazmaya verilməsi.
Nüvənin əsas komponenti xromosomlardır. Göbələk hü-
ceyrələrinin nüvəsində onların sayı həmişə bir neçə olur
(bakteriya hüceyrələrində isə xromosom yalnız birdir). Nüvədə,
həmçinin nüvə şirəsi – nukleoplazma da vardır və adətən bir
ədəd nüvəciyə rast gəlinir. Nüvə, çox məsaməli və ikiqat
membranla əhatə olunmuşdur. Nüvə membranlarında həm
məsamələrin sayı çox olur, həm də onların diametri kifayət
qədər böyükdür. Özünün elektron-optiki xüsusiyyətinə görə
homogen olan nüvə plazması (nukleoplazma və ya kariolimfa),
sitoplazmatik matriksə oxşayır, lakin ondan sıxlığının
böyüklüyünə və daha güclü işıqsındırma qabiliyyətinə görə
fərqlənir.
Nüvənin daxilində nüvəcik yerləşir. Nüvəcik, yüksək
dərəcədə sıxlığa malik olan törəmədir. Bu da onun tərkibində
suyun az olduğunu göstərir. Nüvəcik zülalın sintezində və
ribosomların əmələ gəlməsində də mühüm rol oynayır.
Hüceyrə protoplazmasının mühüm quruluş elementlərindən
biri də mitoxondrilərdir. Mitoxondrilərin də ikiqat membranı
vardır: xarici və daxili. Daxili membranın quruluşu və
xassələri, xaricinkindən fərqlənir. Belə ki, daxili membran
borucuq və ya kristlər şəklində çıxıntılar əmələ gətirir. Özünün
parametrlərinə görə xarici və daxili membranlar, elementar
membrana müvafiq gəlir (qalınlığı 7 – 8 nm). Xarici membran
tək quruluşuna görə yox, funksiyasına, əsasən də daxili
membrana oxşamır. Belə ki, xarici membran bir sıra maddələr
üçün yaxşı keçirici olduğu halda, həmin maddələr daxili
membrandan ya heç keçmir, ya da fəal mexanizm vasitəsilə
keçir. Mitoxondrilərdə tənəffüs dövrəsinin ferment sistemləri,
oksidləşdirici – fosforlaşma və Krebs tsikli (limonturşusu
tsikli) komponentləri yerləşmişdir. Mitoxondrilər özlərinə xas
olan DNT-yə malikdirlər (həlqəvi xromosom şəklində) və
avtonom olaraq çoxala bilirlər. Oomisetlərdə
və
hifoxitriomisetlərdə mitoxondrilərin daxili quruluşu (kristlər)
boruşəkilli (tubulyar), qalan tip göbələklərdə isə lövhəşəkilli
(lamellyar) formadadır.
Göbələk hüceyrəsinin plazması – sitoplazma mürəkkəb
törəmə olub, sitoplazmatik matriksdən, hissəciklərdən və
membran quruluşundan ibarətdir. Sitoplazmatik matriks, elek-
tron-optiki homogen sistem olub, sitoplazmanın əsasını təşkil
edir. İlk baxışda, matriksə zülalların kolloid məhlulları kimi
baxmaq olar. Qlobulyar züllalar, sitoplazmada gedən mühüm
metabolik prosesləri kataliz edir (məsələn, qlikolizi) sito-
plazmatik matriks hərəkət etmək qabiliyyətinə malikdir. Belə
hərəkətə protoplazmanın bütün quruluş komponentləri də cəlb
olunur.
Lakin hərəkət yalnız endoplazmaya xasdır (3 mm/dəq.), si-
toplazmanın ən kənar nazik təbəqəsi – ektoplazması hərəkət
etmir.
Hüceyrənin plazması və vakuolu arasında membran – tono-
plast yerləşir. Tonoplastla, plazmalemma (xarici membran)
arasında isə endoplazmatik şəbəkə adlanan törəmə vardır.
Göbələk hiflərinin böyümə zonasında endoplazmatik şəbəkə
çoxlu sayda diktiosomlar əmələ gətirir ki, bunların da məcmuu
Holci aparatı adlanır. Lakin göbələklərin heç də hamısında dik-
tiosomlar yaxşı görünmür. Göbələklərin əksəriyyətində diktio-
somlar pəncəşəkilli, zigomisetlərdə isə düzgün olmayan həlqə
formasındadır. Holci aparatı təxminən 3-12 diskdən – Holci
çənlərindən (sisternlər) əmələ gəlmişdir. Bu çənlər yan
tərəflərdən çoxlu miqdarda qabarcıqlarla əhatə olunur. Çənlər
diktiosomun ancaq sekresiya hasil edən tərəfində yaranır və
qabarcıqlar əmələ gəldikcə, onlar itir. Diktiosomun digər
tərəfində (regenerativ) yeni çənlər yaranır. Diktiosomların
funksiyası, şirə sintez və ifraz etməkdən ibarətdir.
Endoplazmatik şəbəkə (retikulum) qalınlığı təxminən 8 nm
(80A
0
) olan elementar membrandan təşkil olunmuşdur. Ele-
mentar membranın tərkibi əsas etibarilə zülallar, lipidlər və s.-
dən ibarətdir. Hüceyrələrdə ribosomlar endoplazmatik şəbəkəyə
birləşərək «girintili–çıxıntılı» quruluş əmələ gətirir. Ribosom-
lar olmayan şəbəkə isə hamar vəziyyətdədir. Mahiyyəti
etibarilə endoplazmatik şəbəkə hüceyrə daxilində maddələrin
nəqlində iştirak etməklə, həm də sitoplazmanın bütün həcmini
əhatə edir.
Holci qabarcıqları hüceyrənin yenicə əmələ gəlmiş sərhə-
dinə toplanır və bir-birilə qarşılaşaraq, hüceyrə qılafının ilk (rü-
şeym) quruluşunu yaradır, qabarcıqların daxilindəki kütlə isə,
hüceyrə qılafının ilk quruluşu üçün başlanğıc material hesab
olunur. Qabarcıqların membranı, endoplazmatik şəbəkənin
müəyyən sahəsi ilə birlikdə plazmolemmaya çevrilir.
Sitoplazmatik hissəciklərə, diametri təxminən 18 – 30 nm
olan mikroborucuqlar da aiddir. Adətən onlar, hüceyrə qılafına
paralel halda ektoplazmada plazmolemmadan təxminən 10nm
məsafədə yerləşir. Hər bir mikroborucuqda, mərkəzi ox
ətrafında spiralvarı düzülən 13 fibrilyar tel vardır.
Qamçı lifləri bütöv hüceyrəni, vətər sapları isə nüvənin
bölünməsi zamanı xromosomları hərəkətə gətirir. Ümumiy-
yətlə, güman edilir ki, mikroborucuqlar müxtəlif cür
istiqamətlənmiş hərəkətlərin yerinə yetirilməsinə kömək edir.
Göbələklərin sitoplazmatik membranı – plazmolemma ilə
onların qılafı arasında çoxsaylı qabarcıqlar şəklində törəmələr –
lomasomlar aşkar edilir. Bu quruluşlar plazmolemmanın
törəmələri hesab olunurlar.
Digər orqanizmlərdəki kimi, göbələklərdə də ribosomlar,
zülalların sintezini həyata keçirən orqanoiddir. Onların ölçüləri
20 – 80 nm-ə çatır və yalnız elektron mikroskopunda gö-
rünürlər. Ribosomların əsas komponenti olan RNT, nüvədəki
DNT üzərində əmələ gəlir (transkripsiya) və zülallarla birlikdə
nüvəcikdə toplanır. Ribosomların bir hissəsi sitoplazmada qar-
maqarışıq halda, əksəriyyəti isə endoplazmatik şəbəkənin
membranlarına, mitoxondrilərə və digər orqanoid və
hissəciklərə birləşmiş halda yerləşir. Prokariot və eukariot
hüceyrələrin ribosomları, nəinki yalnız sedimentasiya (çökmə)
xassələri ilə, həm də səth zülallarının quruluşu və onların ingi-
bitorlara münasibətinə görə də fərqlənirlər.
Hüceyrənin ən ümumi submikroskopik quruluş elementi
membran hesab olunur. Membran molekulyar səviyyə ilə,
molekuldan böyük səviyyə arasında keçid mərhələsini təşkil
edir. Hüceyrə membranlarında əsas metabolik tsikllər: tənəffüs,
oksidləşdirici fosforlaşma, nuklein turşularının, zülalların, yağ
turşularının, steroidlərin, polisaxaridlərin və s.-nin biosintezi
gedir.
Protoplazmanın quruluşsuz hissəsi katalitik funksiya
daşımır, ancaq qanın plazması kimi, əsas etibarilə bufer rolunu
oynayır. Son zamanlar müəyyən edilmişdir ki, qlikoliz prosesi
də məhz membranla əlaqədardır. Beləliklə də, membranlar
hüceyrə üçün nəinki təkcə arakəsmə rolunu oynayır, onlar həm
də, maddələr mübadiləsinin getməsi üçün başlıca mərkəz hesab
olunur. Nəhayət, membran autoreproduksiya funksiyasına da
malikdir. İrsi məlumatların verilməsi zamanı, matriks üzərində
nuklein turşularının funksiyası ilə əlaqədar sintetik proseslər də
membranda həyata keçirilir. Buradan aydın olur ki, membran,
bioloji quruluşun ən sadə formasıdır və burada metabolizmin
katalitik prosesləri ilə biosintez və reproduksiya prosesləri
müəyyən bir vəhdət təşkil edir. Bu nöqteyi-nəzərdən membran
hüceyrədə çox mühüm inteqrativ (ümumiləşdirici) rol oynayır.
Membranın inteqrativ funksiyası, aşağıdakı sistemlərlə
əlaqədardır: 1) enerjinin yarandığı; 2) nəqliyyat; 3) autorepro-
duksiya.
Təcrid olunmuş orqanoidlər üzərində müşahidələr göstərir
ki, hər üç sistem arasında sıx əlaqə və qarşılıqlı təsir mövcud-
dur. Belə ki, sistemlərdən birinin fəallığı digərlərindən asılıdır.
Hüceyrədə kompartmentləşmə üçün membranın əhəmiy-
yəti xüsusilə böyükdür. Membranlara: hüceyrəni xarici mühitlə
məhdudlaşdıran plazmolemmanı, vakuolu məhdudlaşdıran
tonoplastı, nüvənin, mitoxondrilərin, hissəciklərin mem-
branlarını və sitoplazmadaxili membranı – endoplazmatik
şəbəkəni aid edirlər.
Membranlar, zülallar və lipidlərdən təşkil olunmuşdur.
Elektron mikroskopunda bütün membranlar üçtəbəqəli törəmə
kimi görünür: iki tünd hidrofil təbəqə arasında açıq rəngli
təbəqə yerləşir. Bu cür «elementar membranın» ümumi
qalınlığı 6 – 10 nm-ə bərabərdir (şəkil 2).
Dostları ilə paylaş: