1.4. İxtisar və abreviaturaların ingilis dilində tərcüməsinin fonetik xüsusiyyətləri Azərbaycan dilçiliyində ixtisarların fonetik normasının, yəni onun orfoepiyasının və orfoqrafiyasının dərindən tədqiqini Əbdüləzəl Dəmirçizadə aparmışdır. Lakin, müasir dilimizdə bu professorun gəldiyi nəticələrə, göstərdiyi prinsiplərə həmişə riayət olunmur. Bəzi hallarda onun müəyyən etdiyi prinsiplərlə canlı danışıq dili arasında ziddiyyətlər meydana gəlir ki,bu da təqdim olunmuş müddəaların yenidən araşdırılması məsələsini gün üzünə çıxardır.
1958-ci ildə Nazirlər Soveti Azərbaycan dilinin ümumi orfoqrafiya qaydalarını təsdiq etmişdi. Orada Azərbaycan dilində ixtisar sözlərin orfoqrafiya qaydaları öz əksini tapmışdı. Məmməd Adilov kitabında bu məsələyə toxunmuş və bu orfoqrafik qaydalardan bəzilərini qeyd etmişdir. Məsələn; “Mürəkkəb ixtisarlar bitişik yazılır. Yalnız idarə və müəssisə adlarını bildirən mürəkkəb ixtisarlarda ixtisar edilmiş birinci sözün baş hərfi böyük qalan baş hərf isə kiçik yazılır, məsələn Azərittifaq, Azərkitab, Azərticarət . Lakin, Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyul 1958 tarixli bu qərarı, Azərbaycan Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq qüvvədən düşmüş hesab edilir. (5,səh 2) Normal haldır ki, daim inkişafda olan dildə meydana gəlmiş dəyişikliklər yeni orfoqrafik lüğətin yaradılması üçün əsas səbəb rolunu oynamışdır. Bunun nəticəsində mürəkkəb ixtisarlar barəsində də dəyişiklik baş vermişdi. Orfoqrafiya lüğətində qeyd olunur ki, “yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik), prof(professor), Azərkitab(Azərbaycan kitabı) ,AzərTac(Azərbaycan Telegraf Agentliyi). Yeni orfoqrafik lüğətdə olan fərqliliklər tezcə nəzərə çarpır. Yenilənmiş lüğətdə mürəkkəb ixtisarların ikinci tərəfinin ilk baş hərfi həm böyük, həm kiçiklə yazıla bilər. Bununla yanaşı, mürəkkəb ixtisarlar bitişik yazılır iddiası da artıqdır. Çünki, mürəkkəb ixtisarların özü leksik vahiddir yəni sözdür. Hər kəsə məlumdur ki, hər bir söz kimi bu vahidlər də bitişik yazılmalıdır. Başqa cür izah etsək, mürəkkəb sözlər həmişə bitişik yazılır, bu da hamıya məlumdur. Bundan əlavə mürəkkəb ixtisarlar bitişik yazılır deyə qeyd etmək sadəcə artıq məlumatdır. Və əhəmiyyət kəsb etmir.
Məmməd Adilov isə bəhsi keçən kitabda ixtisar sözlərə aid olan orfoqrafiya qaydalarını aşağıdaki kimi dəqiqləşdirmişdi. İlk olaraq abreviaturaların sxem üzərində bölgüsünü aparmış, onu iki yerə qrafik və leksik abreviaturalara bölmüşdür. Leksik ixtisarlardaki orfoqrafik qaydaları aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Xüsusi ad ifadə edən bütün leksik ixtisarların baş hərfləri böyük yazılır, məsələn; Azərnəşr, AzərTAC, Azərneft, Dövlətnəşrkom və s.
2. Bütün inisiallar böyük hərflərlə yazılır, məsələn, BDU,ADNA,BMT,AŞPA və s.
3. Akronimlərə qoşulan şəkilçi son saitin ahənginə uyğun seçilir, məsələn: ADU-nun, APU-nun, OMİK-in, AŞPA-nın, ATƏT-ə və s.
4. Hərf inisiallarına qoşulan şəkilçi incə sait ahənginə uyğun seçilir, məsələn: BMT-nin, KTN-nin, XTPD-də, QHT-lər, RF-dən və s.
Qeyd:İnisialın son samiti dilarxası səsi ilə bitərsə, şəkilçi qalın sait ahənginə uyğun seçilir, məsələn: İK-nın, MK-nın, KZK-nın və s.
5. Qarışıq inisiallarda akronim hissəsi sonda gəlirsə, şəkilçi akronimlərdəki kimi,, hərf inisialı qismi sonda gəlirsə, hərf inisiallarında olduğu kimi seçilir, məsələn: SSRİ-nin, AFR-in, ƏYCMAC-ın, OADKYC-nın və s.
6. Qarışıq ixtisarların heca abreviaturu ünsürü ilə inisial komponenti bitişik yazılır,məsəkəb: AzərTAC, raySES, KirAz və s.
7. Dilimizdəki işlənən xarici dil abreviaturaları həm böyük, həm də kiçik hərflərlə yazıla bilər, məsələn: YUNESKO//Yunesko, İSESKO//İsesko, YUNİSEF//Yunisef, NATO//Nato
8. Azərbaycan dilində inisiallarla onların qəbul etdiyi şəkilçilər arasında defis yazılır, məsələn: BMT-nin, ABŞ-ın, BDU-nun YAP-ın və s.
9. İnisialları sətirdən-sətirə keçirmək olmaz.
10. Bir hissəsi heca ixtisarı, ikinci hissəsi inisialdan ibarət qarışıq ixtisarları sətirdən-sətrə keçirmək olar. Bu zaman heca ixtisarı qismi sətrin sonunda saxlanır, inisial tam şəkildə yeni sətrə keçirilir. İnisialı parçalamaq-yarısını sətrin sonunda yazıb, yarısını yeni sətrə keçirmək olmaz, məsələn: SOV-İKP, ray-SES, Ba-ŞEŞ, Kir-Sz və s. Olar, BAŞ-EŞ isə olmaz.(2, səh119-123) Qrafik ixtisarlardaki orfoqrafik qaydaları aşağıdaki kimi ümumiləşdirmək olar.
1. Biz əgər qrafik ixtisarlardan danışırıqsa, bunu mütləq bilməliyik ki, bu növ ixtisarlar yalnız və yalnız adlıq halda olan isimlərin işarəsidir. Bu səbəbdən ötrü də, bu cür ixtisarları əgər hallandırırığsa yenidən söz şəklinə qaytarmaq məcburiyyətindəyik.
2. “Ad, ata adı, familiya bildirən isimlərin ixtisarla yazılmasında isimlərin ancaq baş hərfi saxlanır və böyük hərflə yazılır, hərfdən sonra isə nöqtə qoyulur, məsələn, V.İ.Lenin, N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Ə. Hacıbəyov və s.”
3. “Ad və ata adının böyük hərflərlə yazılmış qısaltmasının birini əvvəlki sətrin sonunda qoymaq, digərini yeni sətrə keçirmək, eləcə də qısaltmanın hər ikisini əvvəlki sətrin sonunda qoymaq, familiyanı isə sonrakı sətrə keçirmək olmsz. Bunların hamısı bir sətirdə yazılmalıdır.”(6, s291.) Əgər abreviaturaların fonetik xüsusiyyətlərinin, xüsusən onun orfoqrafiyasının tədqiqatını aparırıqsa, o zaman yuxarıdaki müddəalardan agah olmalıyıq. Digər məsələyə yəni, abreviaturaların orfoepiyasına gəlincə isə, bəzi məsələlərin müəyyən edilməsi lazımdır. Lakin, 2021-ci ildə buraxılmış orfoqrafiya-orfoepiya lüğətində belə ixtisarların tələffüz qaydalarının kənarda qoyulması bu mövzuda rəy müxtəlifliyinə gətirib çıxarmışdır. İnisiallar abreviaturaların tələffüzü məsələsində əsas problem hesab olubur. Akronimlər bu problemlərdən azaddır. Yəni bilirik ki, akronimlər yazıldığı kimi oxunur və dilin sadə sözlərindən fərqlənmir. Təbii ki, mümkündür ki, akronimlərin tələffüzü zamanı da ortaya kiçik problemlər çıxsın. Amma bu problemlər dilimizin xüsusiyyətlərinə uyğun olaraq ortadan qaldırılır. Abreviatur haqqında bəhs olunan bütün kitablarda, məruzələrdə, mənbələrdə abreviaturaların orfoepiyası barədə müəyyən qədər məlumat verilmişdir. Amma bu qaydalar bütün inisiallar üçün hələ də ümumi hala salınmamışdır. Hətta onlar elə məhdud bir hala salınmışdır ki, yaranan istisna hallar araşdırılmamışdır. Məsələn, biz araşdırma obyekti olaraq Nadir Abdullayevin “Nitq Mədəniyyətinin Əsasları”adlı kitabını götürsək, bu mənzərə ilə qarşılaşarıq:
“Mürəkkəb qısaltmaların (abreviaturalarin) tələffüz qaydalari
Baş hərflərdən ibarət mürəkkəb qısaltmalar aşağıdakı şəkildə tələffüz olunur:
a) səslərin adı ilə oxunanlar: YAP (Yeni Azərbaycan Partiyası), ABŞ (Amerika Birləşmiş Ştatları), AVCİYA (Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası), ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), AŞPA (Avropa Şurası Parlament Assambleyası) və s.
b) hərflərin adları ilə oxunanlar: MSK (emseka)- Mərkəzi Seçki Komissiyası, MDB (emdebe), Müstəqil Dövlətlər Birliyi, BMT (beemte) Birləşmiş Millətlər Təşkilatı və s.
c) bütöv şəkildə, tərkibindəki sözlərlə oxunanlar, DYP (Dövlət Yol Polisi), KİV (Kütləvi İnformasiya Vasitələri), QDİƏ (Qara Dəniz İqtisadi Əməkdaşlığı), AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), ADPU (Azərbaycan Dövlət Pedaqoji Universiteti) və s.
ç) İxtisarla yazılan ad və ata adları (N.Ə.Abdullayev, Z.T.Məmmədov, T.İ.Tahirov və b.)bütöv oxunur.” (3,s158) Təbii ki, yazarın yuxarıda söz açdığı heç bir müddəa yalnış adlandırıla bilməz. Lakin, həm həcmcə həm keyfiyyətcə abreviaturalara çox az yer ayrıldığı da nəzərdən qaça bilməz. Fikrimizcə, abreviaturaların dil təcrübəsində ortaya çıxan müstəsna hallar üçün “yer qalmamışdır”. Bundan əlavə, “Azərbaycan dilinin qrammatikası” adlı qrammatika kitabında isə bunlar yazılır:
“1.Birləşməyə daxil olan sözlərin baş hərfləri birləşdirilir və bir söz kimi oxunur, məsələn: Azərbaycan Dövlət Universiteti-ADU, Azərbaycan Pedaqoji İnstitutu- APİ, Azərbaycan Tibb Universiteti- ATİ
2.Birləşməyə daxil olan sözlərin baş hərfləri alınır və əlifbadakı adlarına görə tələffüz edilir. Məsələn: ÜİK(b)P-üikabepe(Ümumi İttifaq Kommunist( bolşeviklər) Partiyası), SSRİ-eseseri(Sovet Sosialist Respublikalsrı İttifaqı)”.(4,s114-117.) Əgər biz bu iki mənbədən verilmiş məlumatları nəzərdən keçirsək, onların yaxınlığı gözümüzə çarpar. Bu iki mənbənin bir-birinə olan yaxınlığından əlavə, bizim üçün əhəmiyyətli olan, mənbədə qarışıq ixtisarların orfoepiyasının dərindən araşdırılması, tədqiq edilməsidir. Lakin, göründüyü kimi burada verilmiş misallar yalnız kombinə edilmiş inisiallardan ibarətdir.
Zənnimizcə, Azərbaycan dilində abreviaturaların orfoepiyası ilə bağlı ən düzgün mənbə Əbdüləzəl Dəmirçizadənin adı ilə bağlıdır.Onun fikirlərindən, gəldiyi nəticələrdən istifadə edərək, abreviaturaların orfoepiyası məsələsində qarşımıza çıxa biləcək problemlərin həll yolunu tapmaq mümkündür. Ə.Dəmirçizadənin müasir Azərbaycan dilinin orfoepiyası haqqında monoqrafiyası və “Müasir Azərbaycan dili” kitabının bəzi paraqraflarının ixtisar sözlərin orfoepiyasının araşdırılmasında əsaslı mənbə olması ilə yanaşı, Məmməd Adilovun onun bu mənbələrinə etdiyi tənqidi şərhi də əhəmiyyətlidir. Elə onun həmin əsər üzərində verdiyi şərhlərlə ixtisar sözlərin orfoepiya qaydalarını müəyyən etməyə çalışacağıq.
Vurğulamaq lazımdır ki, qrafik abreviaturaların müstəqil səs tərkibi yoxdur. Bizə məlumdur ki, qısaltmalar sadə sözlərin ixtisar edilməsindən sonra qalmış bir “morfem parçası”dır. Və o normal olaraq, müstəqil səs tərkibinin bir “parçasını” qoruyub saxlayır. Qısaltma sözlər dilin digər sadə sözlərindən heç bir cəhətinə görə seçilmir.
Akronimlərin və hərf inisiallarının iştirak etdiyi qarışıq ixtisarların tələffüzü haqqında hər şeydən qabaq qeyd etmək lazımdır ki, bu növ abreviaturalar da bir leksik vahid kimi bir əsas vurğu altında deyilir. Tələffüzdə onun tərkibini öz elementlərinə parçalamaq olmaz.
İxtisar sözlərin tələffüzündə ortaya çıxan digər bir məsələ isə dalbadal gələn saitllərdir. Məsələn: AAİHƏT, AAUMHP və s. Amma belə cür abreviaturaların tələffüzünü asanlaşdırmaq üçün bəzi xüsusi prinsiplərdən istifadə olunur. Onların köməyi ilə qarşıda olan çətinliklər ortadan qaldırılır. Saitlərin dalbadal olduğu akronimlərin tələffüzündə qarşımıza çıxan problemləri ortadan qaldırmaq üçün dilimizdə olan müvafiq tələffüz üsullarından yararlanmaq olar. Bunlar eyni və ya müxtəlif saitin yan-yana gəldiyi sözlərin tələffüz üsullarıdır. Bu fikirləri ortaya atan elə Ə. Dəmirçizadənin özüdür. O bu müqayisəli qarşılaşdırma üsulundan istifadə edərək məsələnin elmi həllini göstərmişdir.
“1.Qoşa “a” sözün hər yerində bir uzun [a] kimi tələffüz olunmalıdır. Məsələn, maaş-[ma:ş], maarif- [ma:rif], saat-[sa:t] və s.
2.Qoşa “ə” hər yerdə bir uzun [ə] kimi tələffüz olunmalıdır. Məsələn: təəssüf- [tə:ssüf], əmtəə- [əmtə:] və s.
3.Qoşa “i” hərfi digər sait qoşalıqlarından fərqlənir. Bu sait qoşalığı sadəcə bir neçə sözün sonunda yazılır və araya artırılan [y] ilə qovuşmuş halda qısa [i] çalarlığında tələffüz olunur: bədii- [bədi.yi], təbii-[təbi.yi] və s.
4. Qoşa “o” son zamanlarda ədəbi dilə daxil olmuşdur. O bir sıra sözlərdə, həmçinin terminlərdə işlənir ki, çox vaxt iki çalarlıqda tələffüz oıunur:
a) Əgər qoşa “o”nun son hissəsi vurğuludursa, o zaman belə qoşa “o” bir uzun vurğulu [o] kimi tələffüz olunur: zooloq- [zo:loq] və s. (6, s204.) Ə.Dəmirçizadə bu gəldiyi qənaətləri yalnız adi qoşa saitli sözlərlə nümunələndirib. Heç bir abreviaturu nümunə olaraq göstərmədiyi görə sadəcə 4 qoşa saitin orfoepiyasını müəyyənləşdirməklə kifayətlənib. Lakin, qeyd etmək lazımdır ki, inisialların tərkibində qoşa u, ö, ü, e kimi saitlər də gələ bilər və onları da bir kəmiyyətdə yəni uzun sait kimi tələffüz etmək lazım gəlir.