3.2.Hidrogeoloji şəraiti. Kür Araz ovalığında və o cümlədən Şirvan düzündə hidrogeoloji tədqiqatlar ilk dəfə M.F.Kalinin, S.A.Zaxarov, daha sonralar isə F.R.Savarenskiy, V.A.Priklonskiy tərəfindən aparılmışdır.
1946-1950- ci illərdə irriqasiya-meliorativ tədbirlərin həyata keçirilməsi ilə əlaqədar hidrogeoloji tədqiqatlar bir sıra alimlər tərəfindən daha da genişləndirilmiş və hidrogeoloji amillərin qrunt sularının rejiminə təsiri öyrənilmişdir.
Yer səthindən aşağıda ilk yeraltı su horizontu olan qrunt sularının hidrogeoloji şəraiti nisbətən yaxşı öyrənilmişdir. Bu sular ovalığın hər yerində yayılaraq Dördüncü dövrün çöküntülərinin üst qatlarında və müasir litoloji süxurlarının müxtəlif genetik tiplərində müşahidə edilir. Şirvan düzündə qrunt sularının yer səthindən olan dərinliyi hər yerdə eyni olmayıb və böyük hüdudda dəyişir. Şirvan düzünün əksər hissəsində qrunt sularının yer səthindən olan dərinliyi 0-20 m arasında dəyişir. Bu hal düzün qərb hissəsinin şərqdən fərqli olaraq daha çox suvarılması ilə əlaqədardır.
V.A.Priklonskiy Şirvan düzünün qərb hissəsinin gətirmə konuslarının kəsişən yerlərində qazılmış quyulara əsasən çayların qrunt suları hesabına qidalandığı qeyd edir. Şirvan düzünün cənub hissəsində qrunt sularının axın istiqaməti müxtəlifdir. Bu zonada qrunt suları Kür çayının infiltrasiya sularından əlavə, yerin ümumi mailliyindən asılı olaraq Qarasu çayı və cənub- şərq istiqamətində axan yeraltı sular hesabına qidalanır.
Burada şimaldan cənuba doğru, qrunt sularının yer səthindən olan dərinliyi kəskin surətdə azalır. Cənuba doğru qrunt sularının yatım dərinliyi Kür çayının təsir sferasına qədər uzanır. Kür çayına yaxınlaşdıqca qrunt sularının səviyyəsi yer səthinə yaxınlaşır. Burada qrunt sularının qalxması çaydan olan qidalanmadan əlavə suvarma ilə də əlaqədardır. Düzün qərb hissəsində yerləmiş Əlicançay ilə Türyançay çayarası zonada nisbətən dərində olan yeraltı sulara da rast gəlinir. Girdimançay və Ağsu çaylarının gətirmə konuslarında rast gəlinən qrunt suları şirin olduğu üçün (0,4-1,5 q/l) içməlidir. Gətirmə konuslarının ətraf hissələrində qrunt sularının minerallığı yerli amillərdən asılı olaraq dəyişir. Şirvan düzündə qrunt sularının minerallığı müxtəlif olub, 0,4 q/l- dən 30-50 q/l-ə qədər, bəzi yerlərdə isə hətta 100 q/l- ə qədər dəyişir.
Şirvan düzünün şərq hissəsində qrunt suları kəskin minerallaşaraq, Ləngəbiz, Böyük və Kiçik Hərəmi dağ silsilələrinin yamaclarında gələn prolüvial axın hesabına qidalanırlar. Bu sahədə qrunt sularının minerallığı 50 q/l- dən çox olub, qeyd olunan silsilələri təşkil edən süxuların yüksək duzluluğa malik olması ilə əlaqədardır.
Şirvan düzündə qrunt suları kimyəvi tərkibinə görə də kəskin fərqlənirlər. Bu ərazidə qrunt sularının üç əsas tipini ayrılmışdır: hidrokarbonatlı, sulfatlı və xlorlu. Hidrokarbonatlı sular dağətəyi düzənliklərdə, gətirmə konuslarında, Kür çayı və iri kanallar boyunca yayılmışdır, minerallığı 10 q/l-ə qədərdir. Sulfatlı sular düzənliyin dağətəyi zonasından sonrakı hissəsində inkişaf etmişdir, minerallığı bir qədər yüksəkdir, 10-20 q/l, bəzi yerlərdə isə minerallıq 20-40 q/l-ə qədər artır. Xlorlu suların minerallığı isə düzün şərq hissəsində və Xəzər dənizinə yaxın hissədə yüksəkdir, 20-50 q/l bəzi yerlərdə 100 q/l və daha yüksək olur. Şirvan düzündə qrunt sularının qidalanma mənbələri (cədvəl 3.2.1) verilmişdir.
Dostları ilə paylaş: |