Onomastik leksika
Dilçiliyin maraqlı bölmələrindən olan onomastika dilin lüğət tərkibində olan xüsusi adlardan bəhs edir. Şəxs, tayfa, xalq, millət, yer adları, səma cisimləri və heyvanlara verilən xüsusi adlar məhz onomastik leksikanın tərkibinə daxildir.
Hər bir xalq xüsusi sözlərin əksəriyyətini öz doğma dillərinin leksik vahidləri əsasında yaradır. Bunlar müəyyən əlamətin, hadisənin, keyfiyyətin və s. mahiyyətini ifadə edir. Dilçilikdə bu cür xüsusi adlar onomastik vahidlər kimi araşdırılır, onların leksik tərkibi, fonetik və qrammatik quruluşu, semantik xüsusiyyəti və s. tədqiq edilir. Onomastik vahidlərdən bədii ədəbiyyatda da geniş istifadə olunur. Dilçilikdə onomastik vahidləri bu istiqamətdə öyrənən sahə poetik onomastika adlanır. Burada, əsasən, bədii əsərlərə, oradakı surətlərə, hadisələrin təsvir olunduğu yerlərin adları, onların üslubi xüsusiyyətləri, əsərin ideya-bədii təsir qüvvəsini artırması və s. məsələlər araşdırılıb tədqiq edilir.
N.Xəzri yaradıcılığı dil cəhətdən çox maraqlıdır. Bu baxımdan şairin poeziyası özlüyündə onomastik mənbə funksiyası daşıyır. «Azərbaycan onomastikasının müasir elmi səviyyədə araşdırılması və tədqiqi üçün əldə istənilən qədər mənbə və məxəz vardır. Lakin hər hansı bir onomastik tədqiqat prosesində bunların hamısından eyni zamanda istifadə etmək həm düzgün, həm də mümkün ola bilməz» [61, 56]. Bu fikrə əsasən deyə bilərik ki, bütün onomastik vahidlərin eyni səviyyədə tədqiqə cəlb olunması mümkün deyil.
N.Xəzri yaradıcılığının özünəməxsus leksik–semantik xüsusiyyətləri, çalarları vardır. Burada sözlər müxtəlif məna məqamlarında işlənir, yerinə görə yeni üslubi çalar kəsb edir. «Sənətkarın üslubu hər şeydən əvvəl obrazlı dili ilə, yaratdığı obrazlar ilə başqalarından seçilir. Ümumiyyətlə, obrazlı dil müəllifin tendensiyalılığını müəyyənləşdirmə vasitəsidir» [3, 173].
N.Xəzrinin şeir dili leksik-semantik baxımdan sistem təşkil edir. Şairin üslubunun özünəməxsusluğunu göstərən başlıca amil onun hər bir hadisəyə fərdi yanaşma və sözdən istifadə tərzidir. Bu da öz növbəsində sənətkarın nəyə qadir olması, onun özünəməxsus düşüncəsini aydınlaşdırır.
Şairin yaradıcılığında apelyativ leksikanın da imkanları genişdir. Onun poeziyasında sözlərin poetikliyi, lakonikliyi fikrin emosionallığını daha da artırır. Bu da şairin xalq danışıq dilinin sadəliyini izləyib və bunu öz poeziyasında mümkün qədər qoruyub saxladığını göstərir. Sözün əsl mənasında poeziyada işlənən xüsusi adlar apelyativ leksikanın fəallığını və fikrin obrazlılığını artırmaqla bir daha göstərir ki, onomastik vahidlər şeirdə poetik vasitə rolunu oynayır.
Azərbaycan klassik ədəbiyyatında olduğu kimi, müasir bədii ədəbiyyatımız da onomastik vahidlərlə olduqca zəngindir. Məhz bizim dilçilik ədəbiyyatımızda onomastik vahidləri həmin istiqamətdə öyrənən sahə poetik onomastika kimi adlandırılır. Poetik onomastika dilçilik ədəbiyyatında onomastikanın üslubiyyatı kimi dəyərləndirilir. Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə istifadə olunan xüsusi ad yaradıcılığı dilçilikdə xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikası tam sistem halında tədqiq edilməsə də,müxtəlif onomastik vahidlərin üslubi imkanlarından bu və ya digər əsər və məqalələrdə bəhs olunmuşdur. Əksərən bu izahatlar şəxs adlarında öz əksini tapmışdır.Belə ki, həm şifahi, həm də yazılı ədəbiyyatda onomastik vahidlər leksik-semantik, üslubi cəhətdən bir-birindən fərqlənir. Şifahi xalq ədəbiyyatında bəzən uydurma şəxs adlarına da rast gəlirik.
N.Xəzri yaradıcılığında da həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyata xas onomastik vahidlərdən istifadə olunmuşdur.
Şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan dastanlarda diqqəti cəlb edən əsas cəhətlərdən biri qəhrəmanların qeyri-adi gücə və qüvvəyə malik olması həmin igidlərə verilən adda ümumiləşir.Belə hallar bütövlükdə folklorumuza məxsus olan keyfiyyət, igidlərimizə xas olan millilik kimi dəyərləndirilir. Ənənəyə sadiq qalan N.Xəzri poeziyasında belə nümunələr işlədilmişdir.
Dostları ilə paylaş: |