Meyitlərdən dağ ucaldı,
Salur qazan [121, 184].
Əslində bu sözün ifadə etdiyi anlayış yas mərsiminin başlanması üçün əsas amildir. «Meyit» ərəb mənşəli sözdür, «cənazə, ölü, nəş» mənalarını bildirir [5, 243]. Yas mərasiminə aid olan dil vahidlərindən biri də «tabut» sözüdür. «Tabut» ərəb mənşəli olub,»cənazəni qoymaq üçün qutu; meyit qutusu» mənasındadır [5, 387].
O günəş ürəkli igid oğlanın
Tabutu üstündə Günəş gedirdi [123, 80]
Yas mərasiminin sonrakı mərhələsinə aid olan dil vahidlərindən biri də «baş daşı» sözüdür. «Daş» sözü ilə əlaqələnən bu ifadənin bildirdiyi əşyanın islamda rolu birmənalı deyildir.Belə ki,islam dini qaydalarına görə müsəlman qəbri torpaqla eyni səviyyədə olmalı, qəbir tədricən itib-getməlidir. Lakin bu qaydaların pozulma halları müsəlman xalqları içərisində, xüsusən də Şimal və Şimal-Qərb ölkələrində zaman keçdikcə özünü daha qabarıq göstərir. Qəbrin baş tərəfində qoyulan daş özünün tarixən kəsb etdiyi mənasını indi itirmişdir. Qədim türk adətlərinə görə dəfn olunmuş adamın baş tərəfində dirilik rəmzi olan su ilə dolu cam qoyulur. Bu adət-ənənə indi də qorunub saxlanır.
Müasir dövrdə müsəlman türklərinin məzarı üzərində ucaldılan baş daşı və abidələri dünyasını dəyişmiş adamın ruhunun rahatlığı və gələcəkdə diriləcəyinə inam simvolu kimi qəbul etmək düzgün olmazdı. Çünki bu semantika müasir dövrümüz üçün arxaikləşmişdir. Qəbirüstü abidələrin indiki kəsb etdiyi məna sağ qalan qohum və övladların mərhumun xatirəsinə ehtiram əlamətidir. Amma əslində baş daşı dəfn olunmuş adamın adı, soyadı, doğum və ölüm tarixləri yazılmaqla müəyyən bir dövr üçün tanınma, itib-getmənin qarşısının alınması məqsədini daşımışdır. Məhz bu semantikanı N.Xəzri bədiiləşdirərək öz yaradıcılığında üslubi məqsədlə istifadə etmişdir.
Deyirəm o, ölən
Şeirlərimə,
Qoy bir poemam da
Baş daşı olsun ! [123, 230]
«Yas» ərəb mənşəli söz olub,»ölən adam üçün ağlaşma, matəm» mənalarını ifadə edir:
Gəl, düşmən,
yasını görəcək aləm [123, 55].
Gəl ey səhər, keç ey zülmət,
sus ey matəm [121, 178].
«Yas» sözü semantik cəhətdən çoxşaxəli olduğu üçün Azərbaycan dilində müxtəlif istiqamətli məna strukturlarında işlənmişdir: «Yas içində olmaq», «yasa batmaq», «yas tutmaq», «yas saxlamaq», «yasdan çıxmaq» kimi ifadələr yalnız ölümlə bağlı deyil, həm də digər məqamlarla bağlı psixoloji vəziyyətləri də ifadə edir [kədərli olmaq, pərt olmaq, başqalarının uğurlarına paxıllıq etmək və s.].
«Ağı» – türk mənşəli söz olub,»yas mərasimi, yas mərasimində oxunan bayatı» mənasını bildirir:
Dedi göylər də ağı,
Rəngi rəngə qatdılar [123, 101].
Orxon-Yenisey abidələrində isə «ağı» sözü «bəxşiş, hədiyyə, xəzinə, sərvət» mənasında işlənmişdir [78, 345]. Bu sözün kökü uyğur dilində «göz yaşı» mənasında işlənən «ak» sözündəndir [110, 86-87]. «Ağı», «ağlamaq» sözlərinin «ak» kökündən yaranması ilə bağlı mülahizələrdə tədqiqatçılar arasında fikir ayrılığı yoxdur [44, 39].
«Ağı» sözü semantikasına görə omonimik məna kəsb edir. Müqayisə üçün-«ağı»-yas mərasimində oxunan bayatı, «ağı»-zəhər, acı və s. [5, 16].
Bu sözün ikinci mənası müasir dilimiz üçün köhnəlmiş hesab edilir. Çünki bu söz «ağu» sözü ilə əvəz olunmuşdur. Lakin buna baxmayaraq, omonim söz olan «ağı» sözünün ifadə etdiyi ayrı-ayrı mənaları arasında bir semantik yaxınlıq da vardır.»Sözlərin semantik yaxınlaşmaları onların semantik inkişafının qanunauyğunluqları sayəsində mümkün olur və bunlar eyni bir semantik [izosemantik] sıraya aid olunur» [4, 251-252]. Belə ki, istər müasir dilimizdə, istərsə də klassik ədəbi dilimizdə «ağı demək» – «ağrılamaq» fonetik tərkibində həm «dərdə şərik olmaq», həm də «ölünü oxşamaq» mənalarında işlənmişdir. «Ağı»nın «acı» və «ağı» informasiya hadisəsinin [ölümün] doğurduğu emosional vəziyyətlə bağlı olub, hər iki istiqamətdə sözün canına hopmuşdur» [72, 316].
Qeyd edək ki, qədim türklərdə ölünü oxşamaq üçün xüsusi ağı deyənlər dəvət olunar və ya vəfat etmişin yaxın qadın qohumları mərhumun yüksək insani keyfiyyətlərindən, yaxşı əməllərindən bəhs edən ağılar deyərdilər.
7. Musiqi və musiqi alətlərinin adları. Azərbaycan xalqının qədim musiqi alətləri içərisində qopuz və sazın özünəməxsus yeri vardır. «Tarixi materiallardan aydın olur ki, aşığın babası ozan olduğu kimi, sazın da ulusu qopuz olmuşdur» [20, 182]. Bunu xalqımızın möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanında da görürük. «Kitabi-Dədə Qorqud» boyları həmçinin o zamankı musiqi sənətinin inkişaf səviyyəsi, ictimai vəzifələri və təsir qüvvəsi haqqında da müəyyən təsəvvürlər oyadır, qədim çalğı alətlərinin, musiqi ilə bağlı maraqlı ifadə və deyimləri canlı şəkildə əks etdirir» [43, 160]. Qəhrəmanlıq eposu olan «Kitabi-Dədə Qorqud» tariximizin, milli mədəniyyətimizin, incəsənətimizin, xalqımızın etnoqrafiyasının öyrənilməsində möhtəşəm bir abidədir. Burada musiqişünaslıq terminləri də öz qədimliyi, milliliyi ilə nəzər diqqəti cəlb edir. «Dədə Qorqud» dastanı sanki musiqi ilə yoğrulub, musiqi onun hər sətrinə, hər misrasına qonub» [84, 152].
«Kitabi-Dədə Qorqud»un musiqi dünyası qopuz çalğı aləti ilə bağlıdır. Çünki qopuz oğuz ozanlarının əsas musiqi aləti olmuşdur. Qopuz Orta Asiya türklərində və qədim Azərbaycanda işlədilmiş saza bənzər musiqi alətidir. Qopuz şənliklərdə çalıb-oxumaq üçün istifadə olunan əsas çalğı alətidir» [59, 64]. «Ozanlar ozanı Dədə qorqud gəldi, sədəfli qopuzunu sinəsinə basıb, igidə belə ad qoydu» [12,547]. «Dədə Qorqud özü əlində qopuz Xəzər dənizindən Qara dənizə qədər bütün Oğuz elini gəzmiş, qopuzunu çalmış, musiqisini səsləndirmiş, oğuz igidlərinə öyüd-nəsihət vermiş, gənclərə etdikləri əməllərinə, göstərdiyi şücaətlərinə görə ad qoymuşdur. Dədə Qorqud qopuzu oğuz igidlərinin arasında müqəddəslik rəmzinə çevrilmişdi. Oğuz igidləri hətta düşmənin əlində qopuz görəndə,ona yaxın durmurdular,onu öldürmürdülər» [84,151]. Bu qədər ulu və möhtəşəm olan «Kitabi-Dədə Qorqud»a N.Xəzri də öz yaradıcılığında müraciət etmişdir. Bu haqda B.Budaqov yazır: «N.Xəzri görüşlərimizdən birində dedi ki,biz keçmişə – tarixə qayıtmalıyıq. Biz tarixi bu günə gətirməli və müasir düşüncə tərzimizdən ona baxmalıyıq. Bu səbəbdən də Nəbi Xəzri «Torpağa sancılmış qılınc» və «Burla Xatun» pyeslərini on üç əsr bundan öncədən bu günə – XX əsrin ikinci yarısına köçürmüşdür» [19,6-7]. Bu əsərləri yazmaqla N.Xəzri tariximizin ən şanlı səhifələrini bu günümüzə gətirərək öz yaradıcılığını daha da tamlaşdırmış və ona yeni həyat, yeni ruh vermişdir. Sözsüz ki, bu mövzuya müraciət edən Nəbi Xəzri yaradıcılığında Dədə Qorqud qəlbinin istək və arzularını ipək tellərilə xalqa çatdıran qopuz musiqi alətinin də adına rast gəlirik:
Səninki qılıncdır-mənimki qopuz! [121, 120]
Nümunə gətirdiyimiz bu misalda bir daha aydın olur ki, qopuz oğuz igidləri üçün təkcə musiqi aləti deyil, həm də onların «mənəvi silah»ıdır.
«Qopuz bir çox xalqların musiqisində indi də mövcuddur, onun müxtəlif növləri yaşayır, səslənir. Bizdə daha sonralar aşıqların əsas aləti olan saz onu əvəz etmişdir» [84, 156]. Bu mənada T.Bünyadov yazır: «Ozanın aşıqla qaynayıb-qarışması, qopuzun da saza qovuşmasıdır. Aşığın sələfi ozan, sazın sələfi qopuzdur. Qopuzla saz arasında nə yarğan var, nə də uçurum. Bir-birinə cığır, keçid, körpü olan qopuzla saz bir-birinin inkarı yox, təsdiqi, təntənəsidir. Tamlığın, bütövlüyün cəmidi. Qopuz özüldü, başlanğıcdı, saz yetkinlik dövrüdür.Qopuz yaradandı, saz yaranandı, ərsəyə gətirəndir. Biri ömrün qürub çağı,biri oğlanlıq,ərgənlik dəmi. Qopuz müdrik,ulu,saz onun uğurlu yolu, ümidi, taleyi. Qopuz anadı, saz analar anası. Qopuz sirli-sehrli hikmətdi, saz hikmətlər hikməti. Qopuz dünya, saz dünyalar dünyası.
Sazın tarixi təxminən aşığın tarixi ilə bir dövrlə səsləşir. Sazın hərfi mənası sazlamaq, irahlamaq, nizamlamaq, qurmaqdır» [20, 184].
Ney. XVII əsrdə Azərbaycanda işlədilən nəfəsli musiqi alətləri içərisində neyin də adı çəkilir.
Orta əsrlərin bir sıra başqa şairləri də neyə müraciət etmiş,zərif, kövrək səsindən təsirlənmişlər. Cəlaləddin Rumi öz məsnəvisinin müqəddiməsində yazır:»Neyi eşit,gör nədən hekayət edir və ayrılıqdan necə şikayət edir.
Xalq arasında bəzən şümşad adlanan ney XIX–XX əsrlərdə də səslənmişdir» [20, 234-235].
Özündən əvvəlki sələfləri – Ə.Xaqani, İ.Nəsimi, M. Füzuli, S.Təbrizi, Q.Təbrizi kimi N.Xəzri də öz yaradıcılığında neyi özünəməxsus bir ustalıqla dilləndirir. O, aşiqin eşq atəşindən odlu köynək geyinərək ney tək nalə çəkib, fəryad qopardığını, ürək yaxdığını söyləyir:
Odlu köynək geyib eşq atəşindən
Ney tək ürək yaxır nalələrilə [123, 29]
Zurna, balaban. Xalqımızın ruhunu, estetik zövqünü oxşayan zurna və balaban hələ qədim zamanlardan Azərbaycanda geniş yayılmış nəfəslə çalınan musiqi alətləridir. «Zurna» sözü «Kitabi-Dədə Qorqud» dastanında «sırna» şəklində işlənmişdir.Bu da onu göstərir ki, «sırna» – «zurna» sözünün qədim fonetik şəklidir.
M.Fasmer «zurna» sözünün fars mənşəli olduğunu göstərir. O, bu fikirdədir ki, ilkin forması «surna» kimi olan bu söz sur [toy, qonaqlıq] və nay // ney [tütək] tərkibində müxtəlif mənalı iki sözün birləşməsindən əmələ gəlmişdir [72, 293]. Həm «zurna», həm də «balaban» sözləri N.Xəzri yaradıcılığında işlənmişdir.
Dostları ilə paylaş: |